“EUROVİSİON-2012” -  AZƏRBAYCANIN YÜKSƏLMƏSİNDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ROLU

 

“SƏS” qəzetinin redaksiyasında ənənəvi olaraq keçirilən və ölkəmizin ictimai-siyasi həyatında mühüm prosesləri və mövzuları əhatə edən dəyirmi masalar böyük ictimai marağa səbəb olub və olmaqda davam edir. Belə ki, dünən keçirilən dəyirmi masa da əhəmiyyətli bir hadisəyə - Bakıda keçiriləcək möhtəşəm “Eurovision-2012” beynəlxalq müsabiqəsinə həsr edilib. “Eurovision” öncəsi ölkədə ictimai-siyasi vəziyyətə, eləcə də, Azərbaycanın imicinin yüksəlməsində vətəndaş cəmiyyətinin roluna həsr olunmuş dəyirmi masada “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev, “VƏHDƏT” partiyasının sədri Tahir Kərimli, ASDP-nin sədri Araz Əlizadə, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov, AXCP (i) rəyasət heyətinin üzvü Məhəmməd Talıblı, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, AHV-nin sədri Təhmasib Novruzov, DADP sədri Məmməd Əlizadə iştirak edib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən “Səs” qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev ənənəvi olaraq keçirilən bu cür dəyirmi masaların cəmiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirdi. Qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında baş verən ən mühüm və aktual məsələlərlə bağlı “Səs” qəzetinin redaksiyasında artıq 4 ilə yaxındır ki, ictimaiyyət nümayəndələrinin, dövlət və hökumət rəsmilərinin, ayrı-ayrı vətəndaş cəmiyyətlərini təmsil edən şəxslərin bu dəyirmi masalarda müzakirə olunan mövzulara münasibətləri geniş oxucu auditoriyasına təqdim edilib. Bugünkü ““Eurovision-2012” Azərbaycanın imicinin yüksəlməsində rolu” dəyirmi masası məhz ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən mövzulardan birinə həsr olunub:  “İlk növbədə, Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq yerinə düşər. Çünki ölkəmizdə böyük bir tədbirə - “Eurovision-2012” adlı beynəlxalq müsabiqənin keçirilməsinə hazırlıq işləri gedir. Belə bir mühitdə ölkədə ictimai-siyasi vəziyyət və Azərbaycanın uğurlu inkişafının əldə olunması üçün atılan addımlar. Təklif edərdim ki, ilk öncə bu barədə həm də bir politoloq kimi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu öz münasibətini bildirsin”.

 

HİKMƏT BABAOĞLU: “1993-CÜ İLDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HAKİMİYYƏTƏ GƏLMƏSƏYDİ, AZƏRBAYCAN DA BELƏ BİR MƏDƏNİ, YÜKSƏK SƏVİYYƏLİ MÜSABİQƏNİN KEÇİRİLMƏSİNƏ  NAİL OLA BİLMƏZDİ”

 

- Sevindirici haldır ki, “Səs” qəzeti ənənəsinə sadiq qalaraq, özündə aktuallığını əks etdirən növbəti belə bir diskussiya aparır. Çünki bu mövzu mədəniyyətimiz, cəmiyyətimiz üçün çox əhəmiyyətli bir hadisəni özündə ehtiva edir. Bilirsiniz, mədəniyyət insanların düşündüyü unikal bir şeydir və mədəniyyət insanları tarixi inkişaf dövründə qətrə-qətrə əldə etdiyi, ünsiyyətlə davranış prosesində əldə etdiyi və olduqca qiymətli mənəvi bir dəyərdir. Amma eyni zamanda, bəşəriyyətin inkişaf tarixi həm də onu göstərir ki, mədəniyyət sabitlik və tərəqqi dövründə intişar tapan və əldə edilən bir mənəvi dəyərlər sistemidir. Buna görə də, hesab edirəm ki, deyilən sualda vurğulanan fikirlər dolğunluğu ilə öz əksini tapır. Heç şübhəsiz ki, ən yeni tariximizin ən gözəl səhifələrindən biri də 2012-ci ildə “Eurovision” hadisəsi olacaqdır. Amma bu dövrə qədər keçən proseslərə diqqət yetirsək, görərək ki, Azərbaycan xalqı və Azərbaycan mədəniyyəti də ölkəmizdə bərqərar edilmiş ictimai-siyasi sabitliyə borcludur. Belə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan da belə bir mədəni, yüksək səviyyəli müsabiqənin keçirilməsinə nail ola bilməzdi. Buna görə də, əsası 1993-cü ildə Ulu Öndər  tərəfindən qoyulan bu ictimai-siyasi sabitlik Azərbaycan cəmiyyətində yeni dəyərlərin formalaşmasına gətirib çıxardı. Bu dəyərlər həm əxlaqi, həm mədəni, həm siyasi platformada özünü büruzə verməyə başladı. Bu gün ictimai və siyasi ünsiyyətdə özünəməxsus siyasi dəyərlər və siyasi mədəniyyət formalaşıbdır. Burada aqressiya yox, kamil özünüifadəetmə var. Hesab edirəm ki, bu sabitlik Azərbaycanda istər siyasi, istər ictimai, istərsə də, ümumi mədəniyyətin formalaşmasında öz sözünü deyib. Bu gün belə bir əlamətdar hadisə ərəfəsində bir daha bu müzakirələrin keçirilməsi, məsələnin mahiyyətinin ictimaiyyət tərəfindən dərk edilməsinin göstəricisidir. Birinci hadisə odur ki, biz “Eurovision”da qələbə əldə etmişik. Bütünlüklə yenə də ictimai-siyasi sabitliyə borcluyuq ki, məhz Azərbaycan mədəniyyətini və musiqisini təmsil edə biləcək, onu Avropa ictimaiyyətinə təqdim edə biləcək gənclər yetişdirmişik. Hesab edirəm ki, bütün bu deyilənlərə əsaslanaraq, vurğulamaq lazımdır ki, bu, çox böyük tarixi hadisə, tarixi nailiyyətdir.

 

“Səs” qəzetinin əməkdaşı:

 

- Ümumiyyətlə, dünya praktikasında belə bir qayda mövcuddur ki, hər hansı bir dövlətdə hansısa bir hadisə baş verərkən həmin ölkədə iqtidar-müxalifət məsələsi kənara qoyulur. Ölkənin xeyrinə birlik nümayiş etdirilir. O cümlədən, Azərbaycanda da bü gün belə bir mötəbər bir tədbirin keçirilməsində iqtidar-müxalifət münasibətlərini bir kənara qoyub Azərbaycanın yüksək səviyyədə təqdim olunması üçün eyni mövqedən çıxış etmək mümkündürmü?

 

TAHİR KƏRİMLİ: “BURADA BİZ SÜBUT ETMƏLİYİK Kİ, ŞƏRQLİ KİMİ, EYNİ ZAMANDA, BİR MİLLƏT OLARAQ “EUROVİSİON”U ÖZÜMÜZÜN MƏDƏNİ VƏ İDEOLOJİ ASPEKTİMİZDƏ DƏ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRƏCƏYİK”

 

- İlk öncə, belə bir dəyirmi masaların keçirilməsinə görə sizə və kollektivinizə təşəkkürümü bildirirəm. Qaldı ki, məsələnin digər tərəfinə, bu zaman siyasi etika diqtə edir ki, iqtidar və ya müxalifət olmasından asılı olmayaraq, gərək heç bir zəmində fürsətçilikdən istifadə olunmasın. Ona görə də, siyasi mübarizədə şərtlərlə “Eurovision” ərəfəsində “mən mitinqlər keçirəcəyəm, küçə yürüşləri edəcəyəm” kimi fikirləri irəli sürmək siyasi mübarizəyə sığmayan qəbulolunmaz bir addımdır. Bu gün müxalifət çox rəngarəngdir. Belə ki, onun solçuları, sağçıları, radikalları və s. var ki, bunların məqsədləri də bəllidir. Götürək radikal müxalifətin nümayəndələrini. Onlar kimlərdir? Ümumiyyətlə, götürdükdə, müxalifət kimdir və onların məqsədləri nədir? Cəmiyyət artıq bunun izahını çoxdan müəyyən edib, lakin bu gün öz ambisiyalarını həyata keçirmək istəyən və özünü müxalifətçi adlandıranlar xilaskar kimi, cəmiyyəti ikiyə bölməyə çalışanlardır. Bu müxalifətin bünövrəsi əyri qoyulub. Əyri təməllər üzərində qurulan bu müxalifət daim uduzub, ucuzlaşıb və keçirmək istədiyi mitinqlərin də iştirakçıları sünidir. Bu baxımdan da öz süni və zəifliklərini konpensasiya etmək üçün “Eurovision” kimi böyük və ölkə üçün əhəmiyyətli bir tədbirdən sui-istifadə  etməklə hadisəni siyasiləşdirməyə çalışırlar.

Digər bir məsələyə də toxunmaq istərdim ki, əgər milliyyətçilik etnik kökə bağlıdırsa, millətçilik, həmçinin, etnik faktorunu nəzərə almaqla, mədəniyyətə də bağlıdır. Məsələn, Cənubi Amerikada 400 milyon insan portuqal, 450 milyon isə ispan dilində danışır. Bu insanlar nə portuqal, nə də ispanlıdırlar. Deməli, mədəniyyət əsas amildir. Düşünürəm ki, “Eurovision” tədbiri bizim bayrağımız altında, ən azı qırmızı  rəngin zəminində olduqca böyük bir tədbirdir. Burada biz sübut etməliyik ki, şərqli kimi, türk olaraq, eyni zamanda, millət olaraq “Eurovision”u özümüzün mədəni və ideoloji aspektimizdə də yüksək səviyyədə keçirəcəyik. Beləliklə də, “Eurovision” 150 milyondan 400 milyona yaxın insanın izlədiyi elə bir tədbirdi ki, onun uğurlu keçməsi üçün hər birimiz öz gücümüzdə birlik nümayiş etdirməliyik.

 

“Səs” qəzetinin əməkdaşı:

 

- Araz müəllim, mümkündürmü ki, bu tədbirin keçirilməsində biz siyasi mədəniyyət göstərib, vətəndaşlıq mövqeyindən çıxış edək?

 

ARAZ ƏLİZADƏ: “BƏDBƏXTÇİLİK ONDADIR Kİ, “EUROVİSİON”, AZƏRBAYCANDA KEÇİRİLMƏSİ İLƏ BAĞLI FİKİRLƏR ORTAYA ÇIXANDA, MÜXALİFƏT ÇIXIŞLAR EDİRDİ Kİ, BUNU BOYKOT ETSİN VƏ NƏTİCƏDƏ,  BOYKOTA ÇAĞIRAN QÜVVƏLƏRLƏ HƏMRƏYLİK GÖSTƏRƏN İSƏ MƏHZ ERMƏNİSTAN OLDU”

 

- Bilirsiniz, müxalifət dəyişdirmək deyil, müxalifət ayrı cür düşünən deməkdir. Bu gün cəmiyyət də eyni cür düşünə bilməz. O ki qaldı bu tədbirin Azərbaycanda keçirilməsinə, xüsusilə, vurğulamaq lazımdır ki, burada Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi var. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin də əməyi qeyd olunmalıdır. Əgər əvvəlki iştirakçılarımızın çıxışlarına diqqət yetirsək, daha güclü idilər, lakin o vaxtlar Azərbaycan o qədər də yaxşı tanınmırdı. Lakin bu gün Azərbaycan artıq inkişaf etmiş lider ölkə kimi dünyada tanınır. Lakin bədbəxtçilik ondadır ki, “Eurovision” Azərbaycanda keçirilməsi ilə bağlı fikirlər ortaya çıxanda müxalifət çıxışlar edirdi ki, bunu boykot etsin. Nəticədə isə boykota çağıran qüvvələrlə həmrəylik göstərən Ermənistan oldu. Burada qəribə bir məntiq ortaya çıxır. Deməli, müxalifət Ermənistanla eyni mövqedə imiş. Bu isə bir daha onu göstərir ki, bu insanlar hələ də inkişaf etməyib. Hər bir müsabiqə insan taleyini həll edən amildir və bu müsabiqəyə bir il hazırlaşır. Bu gün mitinq keçirmək istəyən müxalifət nostalji hisslərlə meydana atılır. Ancaq nostalji hissini yaradan qüvvələr orada yoxdur. Bu gün orada ön cərgədə 10-cu 11-ci sıralarda dayananlardır. Ancaq liderləri Əli Kərimli, İsa Qəmbər ön cərgədə görünmür. Allah rəhmət eləsin Mirzə Cəlilə: “Bəlkə də qaytardılar” fikri ilə yaşayan radikal müxalifət bilməlidir ki, heç bir şey geri qayıtmayacaq. Buna görə də, Azərbaycanda keçirilən ən böyük əhəmiyyətli və ölkəmizi dünyada tanıtdıran müsabiqəyə hər birimiz böyük sevinc və fərəh duymalıyıq. Əminəm ki, bu müsabiqə ölkəmizdə yüksək səviyyədə keçiriləcək.

 

“Səs” qəzetinin əməkdaşı:

 

- Bu gün qəribə bir mühit yaranıb. Özlərini müxalifət adlandıranlar bu gün “Azadlıq” qəzetində gedən materialları Ermənistan mətbuatı Azərbaycanın əleyhinə yönəldərək kampaniya aparır. Buna həm də İran və Almaniya mətbuatı da qoşulub. Ola bilməzmi ki, müxalifət bu məsələdə xalqla birlik nümayiş etdirərək, Ermənistana dəstək olmasın? Çünki Azərbaycanın imicini yüksəltmək üçün, sizcə, bu məsələdə birlik nümayiş etdirmək mümkünsüzdürmü?

 

MƏHƏMMƏD TALIBLI: “EVROVİSİON”UN ÜSTÜNLÜYÜ BÜTÜN AZƏRBAYCAN XALQININ UĞURU DEMƏKDİR”

 

- Həqiqətən də, “Eurovision”un Azərbaycanda keçirilməsi ölkəmizin hərtərəfli inkişafının təsdiqi deməkdir. “Eurovision”un üstünlüyü bütün Azərbaycan xalqının uğuru deməkdir. Bu müsabiqənin keçirilməsi üçün, sözsüz ki, maliyyə məsələsi də əsas faktordur. Lakin siyasi partiyalar olaraq bu məsələdə bizlərin iştirak etməsi də vacibdir. Yəni biz də bu məsələdə öz fikirlərimizi bildirmək istəyirik.

 

ARAZ ƏLİZADƏ: “BÜDCƏNİN, CİDDİ MALİYYƏ MƏSƏLƏLƏRİNİN MÜZAKİRƏSİNDƏ PEŞƏKAR EKSPERTLƏR İŞTİRAK EDİR”

 

- Deyilənlə razılaşmıram, çünki büdcənin, ciddi maliyyə məsələlərinin müzakirəsində peşəkar ekspertlər iştirak edir. Amma bu, o demək deyil ki, Azərbaycandakı “tarakanların hüquqlarının müdafiə komitəsi”nin sədri bu məsələyə dəvət edilsin və onun hüquqlarının necə qorunması ilə bağlı müzakirələr aparılsın. Lakin heç bir fakta əsaslanmadan böhtan xarakterli rəqəmlər irəli sürmək heç də iqtisadçı olmaq demək deyil.

 

MƏMMƏD ƏLİZADƏ: “BİR HƏQİQƏTDİR Kİ, BU GÜN AZƏRBAYCANDA ÖLKƏ BAŞÇISININ TAPŞIRIĞINA ƏSASƏN, RÜŞVƏT VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ GENİŞ SƏDD ALMAQDADIR”

 

- Burada belə bir fikir irəli sürüldü ki, millətin birləşməsində çox ümumi ortaq nöqtələr olmalıdır. Bu ortaq nöqtələr dövlətimizin, Azərbaycanımızın imicinin daha da yüksəlməsi üçün birlik nümayiş etdirmir. Yəni milli maraqlara, dövlətçilik maraqlarına söykənən məqamlara əməl etməliyik. Hesab edirəm ki, bir millətin güclü, qüdrətli olması üçün onun güclü müxalifəti də olmalıdır. Əks-təqdirdə, o ölkə, o məmləkət uğursuzluğa düçar olacaq. Ancaq bu gün müxalifəti güclü saymaq olarmı? Bu gün radikal müxalifət şüar kimi irəli sürür ki, ölkədə rüşvət var. Lakin bu bir həqiqətdir ki, bu gün Azərbaycanda ölkə başçısının tapşırığına əsasən, rüşvət və korrupsiyaya qarşı mübarizə vüsət almaqdadır. Əgər belədirsə, müxalifət hansı faktı ortaya qoyub və onu sübut edib? Bu gün ölkəmizdə keçiriləcək “Eurovision” ümummilli məsələdir. Burada millətin ümumi əxlaqi dəyərlərinə söykənən amillər orda nümayiş etdiriləcək. Lakin görünür, müxalifət bu həqiqəti görə bilmir. Çünki müxalifətin təfəkküründə heç bir dəyişiklik edilməyib. Bu gün də 88-ci ilin təfəkkürü ilə yaşayan müxalifət hələ də reallıqları anlamaq iqtidarına malik deyil. Ona görə də, yaxşı olardı ki, anlamadıqları və təfəkkürlərində yenilik edə bilmədikləri yoldan çəkinsinlər.

 

HİKMƏT BABAOĞLU: “İNTELLEKTUAL MİLLƏTÇİLİYİN ƏSASINI DA ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV QOYUB”

 

- Ümumiyyətlə, siyasətdə, mədəniyyətdə və həmçinin, ictimaiyyətdə də, yenilik etmək ən vacib amildir. Bir də hər hansı bir məsələ ilə bağlı predmetin düzgün müəyyənləşdirilməsi əsasdır. Bütün dünyada da belə qəbul olunub ki, “Eurovision” mədəniyyət abidəsidir, mədəniyyət müsabiqəsidir. Müxalifət “siyasi məhbus” fikrini hallandırmaqla öz düşüncəsini nəyə malik olduğunu sübut edib. Lakin bu gün müxalifət “siyasi məhbus” məhfumunun mənasını o qədər də dərk edə bilmir və bu fikri dönə-dönə hallandırır. Ona görə də, bu cür yanaşmalardan uzaq olmaq lazımdır. Və yaxud da xaricdən siyasi dairələr tərəfindən belə bir mövzu da ortaya atılır ki, “Demokratiya üçün mahnı”(?!) Lakin müxalifətin etdiyi tərcümə və təfəkküründə qüsurlar olduğu üçün yanlış fikirlər də yaranır. Beləliklə də, sizin təşkilatın siyasi mahiyyəti də itir və ünvanlamaq istədiyimiz siyasi auditoriyada irəli sürdüyünüz fikirlər çətin məqamlar yaradır. Ona görə də, siz “Eurovision”a, görünür, siyasi məsələ kimi baxırsınız. Deməli, siz Avropanın qəbul etdiyi milli dəyərlərdən çox-çox kənardasınız. Ona görə də sizin bu böyük bir müsabiqəni siyasiləşdirərək öz məqsədləriniz üçün istifadə etməyə haqqınız yoxdur.

Burada millətçilik məsələsinə də toxunuldu. Milliyətçilik hər nə qədər qloballaşma məntiqindən ziddiyyət təşkil etsə də, hesab edirəm ki, milli faktor olaraq milli dövlətlərin xilasedicisi də elə milliyyətçilikdir. Ancaq milliyyətçilik radikal milliyyətçilik deyil. Milliyyətçilik intellektual olmalıdır. İntellektual milliyyətçiliyin əsasını da Ümummilli Liderimiz Heydər Əliyev qoyub.

 

(Ardı var)

 

 

RƏFİQƏ KAMALQIZI,

 

RÖVŞƏN NURƏDDİNOĞLU

 

 Səs.- 2012.- 12 aprel.- S.8-9.