Azərbaycan
müsəlman dünyasında nadir
dünyəvi ölkələrindəndir
Azərbaycanın uğurları, əldə etdiyi
davamlı nailiyyətləri hər zaman, xüsusilə, son
vaxtlar dünya dövlətləri və nüfuzlu təşkilatlar
tərəfindən yüksək qiymətləndirilməkdədir.
Belə ki, ölkəmizdə aparılan quruculuq və
abadlıq işləri, eləcə də, həmin işlər
çərçivəsində daha qlobal layihələrin həyata
keçirilməsi, bütövlükdə, bir amala, bir məqsədə
xidmət edir: Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi
və xalqımızın daha firavan yaşaması,
bütün sahələri əhatə edən bu inkişaf
tendensiyası, təbii ki, buraya gələn xarici nüfuzlu
ictimai-siyasi xadimlərdə, qonaqlarda, media nümayəndələrində
xoş təəssüratlar bağışlayır, ölkəmizin
perspektivləri onlar tərəfindən yüksək dəyərləndirilir.
Azərbaycanın regionda liderliyi danılmazdır
Buna misal kimi, Fransanın “Alsazın son xəbərləri”
qəzetində ölkəmizə həsr edilmiş məqaləni
xatırlatmaq mümkündür. Mətbu nəşrdə
vurğulanır ki, Azərbaycan son illər bütün sahələrdə
irəliyə doğru böyük sıçrayış
etmiş, Cənubi Qafqaz ölkələri arasında lider
dövlətə çevrilmiş, Qərblə müsəlman
dünyası arasında körpü rolu oynayaraq, Avropa dəyərlərinə
inteqrasiya istiqamətində mühüm addımlar
atılmışdır: “Ərazisinin işğalına və
qaçqın və məcburi köçkünlərin
probleminə baxmayaraq, iqtisadi inkişafa görə Azərbaycan
bəzi Avropa ölkələrini arxada qoyub”.
Rusiyanın Avrasiya və beynəlxalq enerji siyasəti
üzrə “Naslediye” Fondunun aparıcı eksperti Ariyel Koyenin
fikrincə, isə tərəfdaşlıq münasibətlərini,
strateji mövqeyini nəzərə alaraq, Azərbaycan elə
bir dövlətdir ki, ABŞ ona öz hərbi-siyasi və
diplomatik dəstəyini genişləndirməlidir. Belə ki,
Azərbaycan həm də müsəlman dünyasında nadir
dünyəvi ölkələrindəndir.
O cümlədən, tanınmış İsrail
politoloqu Ariye Qut da bu barədə vurğulamışdır
ki, istər iqtisadi, istərsə də siyasi nöqteyi-nəzərdən
Azərbaycanın regionda liderliyi danılmazdır.
Bədxah qüvvələrin bəd əməlləri
reallaşdırılmamış qalır
Lakin təəssüflər olsun ki, bu kimi önəmli
hadisələrə kölgə salmaq istəyən bəzi
xarici və daxili qüvvələr də mövcuddur ki, həmin
qüvvələrin əsil məqsədləri onların
iç üzlərini dəfələrlə ifşa edib. Belə
ki, fevralın 28-də “Baku Expo” Mərkəzində “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunmuş konfransda çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev bu barədə vurğulayarkən,
qeyd etmişdir ki, ölkəmizin uğurlarına sevinənlərin
sayı kifayət qədər çoxdur: “Amma istəməyən
qüvvələr də, bədxahlar da vardır”.
Həmin bədxah qüvvələri bir neçə
qrupa bölən Prezident İlham Əliyev sözügedən
yanaşmasında bildirib ki, bizim əsas düşmənlərimiz
dünya ermənliyi və onların təsiri altında olan
riyakar, korrupsioner, rüşvətxor siyasətçilərdir.
Digər qrup Azərbaycanın müstəqil siyasətini
qəbul etməyənlərdir: “Biz müstəqil siyasət
aparırıq və aparacağıq. Azərbaycanın
müstəqil siyasəti Azərbaycan xalqının
maraqlarına xidmət edir”.
Buradan belə qənaətə gəlmək
mümkündür ki, bir sıra xarici və daxili qüvvələr
ölkəmizin müstəqil siyasətinə qarşı
zidd mövqe nümayiş etdirməklə, həmin müstəqilliyə
kölgə salmağa cəhdlər göstərirlər.
Lakin müstəqillik, bütövlükdə, xalqın
maraqlarını təmin etdiyinə görə, onların bəd
əməlləri reallaşdırılmamış qalır.
Üçüncü qrupa isə Azərbaycana
paxıllıq edənlərin aid olduğunu qeyd edən
dövlət başçısı vurğulayıb ki,
ölkəmizin BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi, keçmiş Sovet İttifaqından
ancaq Azərbaycanın “Böyük İyirmiliy”in tədbirlərinə
dəvət olunması, “Eurovision” yarışmasında
böyük uğur, “Standard Poors”, Davos İqtisadi Forumu və
digər nüfuzlu iqtisadi və maliyyə qurumlarının
yüksək qiymətləri bizi istəməyənləri
narahat edir: “Bizim haqqımızda böhtanlı məqalələrin
müəlliflərinə ən gözəl cavab bizim
reallıqlarımızdır, işimizdir, uğurumuzdur”.
RÖVŞƏN NURƏDDİNOĞLU
Səs.- 2012.- 12 aprel.- S. 3.