MİRZƏ FƏTƏLİ AXUNDZADƏ- 200

 

(Əvvəli ötən sayımızda)

 

E.Sultanovun müasirlərindən Əliqulu Sultanov yazır: “Eynəli Sultanovla məni yaxınlaşdıran Naxçıvan səhnəsi olmuşdur. O, olduqca tərəqqipərvər bir şəxs idi. Dövrün xüsusiyyətləri ilə əlaqədar olaraq səhnə aləmində çətinliklərə qarşı yorulmadan çalışır, əmələ gələn çətinlikləri, nəyin bahasına olursa-olsun, aradan qaldırırdı. O, bizə həm artistlik, həm də rejissorluq edirdi. Biz ondan çox şey öyrəndik”.

 Naxçıvanda tamaşaların oynanılması barədə “Qafqaz” qəzeti (1885) yazırdı: “Çərşənbə axşamı, avqustun 12-də məktəb səhnəsində gənc müsəlman müəllimləri cəmiyyəti üzvlərinin iştirakı ilə tatar (Azərbaycan-Ə.Q.) dilində tamaşa göstərilmişdir. Axundzadənin “Müsyö-Jordan” komediyası oynanılmış, tamaşadan  hasil olan pul yoxsul şagirdlərin xeyirinə sərf olunacaqdır”.

O dövrdə çar senzurası milli məktəblərin təsisinə, ana dilinin tədrisinə, milli dildə qəzet və jurnalların nəşrinə qadağa qoyurdu. Naxçıvanda da göstərilən müvəffəqiyyətli tamaşadan narahat olan çar çinovnikləri hər vasitə ilə onun göstərilməsinə mane olurdular. Lakin bütün maneələrə, qadağalara baxmayaraq, şəhərin açıqfikirli ziyalıları dilimizi, tarix və ədəbiyyatımızı geniş təbliğ edir, yeni üsullu məktəblər təsis edirdilər. 1887-ci ildə ziyalıların yaratdıqları “Xeyriyyə cəmiyyəti”nin təşəbbüsü və köməkliyi ilə Naxçıvanda “Üsuli- cədid” adlı məktəb açılır. Yoxsul şagirdlərə yardım etmək məqsədi ilə 1887-ci il sentyabr ayının 2-də Naxçıvan şəhər məktəbinin ana dili və şəriət müəllimi Mirzə Sadıq Qulubəyovun vəsatəti ilə “Müsəlman incəsənəti və dram cəmiyyəti”nin üzvləri Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” komediyasını Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyurlar. Bu tamaşada Cəlil Məmmədquluzadə-Molla İbrahim Xəlil, Mirzə Ələkbər (Bəyalı oğlu) Süleymanov - Şeyx Saleh, Məhəmməd Tağı Səfərəlibəyov - Molla Həmid, Mirzə Əliməmməd Xəlilov - Hacı Kərim Zərgər, Mirzə Əhməd Hüseynov - həkim Ağazaman rollarını oynayırlar. Tamaşa böyük müvəffəqiyyətlə keçir. Tamaşaya rejissorluğu Cəlil Məmmədquluzadə və Mirzə Əliməmməd Xəlilov, suflyorluğu isə Mirzə Sadıq Qulubəyov edir. Hacı Nəcəf Zeynalovun zalında oynanılan bu tamaşadan toplanılan 22 manat 50 qəpik pul Naxçıvan şəhər deputatları kassasına verilir. Bu tamaşadan sonra 1887-ci ilin sentyabr ayının 25-də şəhər deputatı Starova Mirzə Sadıq Qulubəyovun vəsadəti ilə raport verilir. Starov isə tamaşada fəal iştirak edənlərə  öz təşəkkürünü bildirir.

  1894-cü ildə Mirzə Cəlilin   M.T.Sidqinin təşəbbüsü ilə M.F.Axundzadənin “Molla İbrahim Xəlil Kimyagər” komediyasının tamaşaya qoyulması qərara alınır. Bu münasibətlə də İrəvan xalq müfəttişliyindən icazə almaq üçün 1894-cü ilin sentyabr ayının 16-da teleqram göndərilir. Teleqrama razılıq cavabı alındıqdan sonra C.Məmmədquluzadənin rejissorluğu ilə Naxçıvan şəhərində M.F.Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” komediyası tamaşaya qoyulur. Bu tamaşanı xarakterizə edərək, böyük ədib öz xatirələrində yazırdı: “Miladi tarixinin 1894-1895-ci illərdə Naxçıvanda mən də onların içərisində teatro oynayırdıq. Bu oyunun mənfəəti kasıb şagirdlər üçün idi... Naxçıvanda o vaxt səhnədə göstərilən pyeslər Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Müsyö-Jordan və Dərviş Məstəli şah”, “Molla İbrahim Xəlil kimyagər” komediyası barəsindədir ki, bu gün o pyesi biz həvəskarlar həmən səhnədə mövqeyi tamaşaya qoyduq. Tamaşa qurtarar-qurtarmaz ruhanilər teatro oyunlarının göstərilməsinin qadağan olunmasını yenidən tələb edirlər”. Beləliklə, “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin tamaşa göstərmək təşəbbüsü ruhanilərin müqaviməti nəticəsində  yenidən qadağan edilir. Bu gərgin müqavimət və təqiblərə rast gələn ziyalılar, hər hansı yolla olursa-olsun, teatr tamaşaları təşkil etmək üçün öz mübarizələrini davam etdirirlər. M.T.Sidqi, C.Məmmədquluzadə tamaşaların göstərilməsi üçün onlara köməklik göstərməsini Rəhim xandan xahiş edirlər. Əvvəlcə bu işə razılıq verməyən Rəhim xan onların qarşısında çox çətin bir şərt qoyur ki, xana məxsus olan zalı “yüngülcə” təmir etdirdikdən sonra yalnız bir dəfə onun nəzarəti altında tamaşa göstərilə bilər. Başqa çıxış yolu olmayan teatr həvəskarları xanın ağır şərtinə razı olurlar. 1895-ci ilin mart ayında M.F.Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyasını tamaşaya qoyurlar. Tamaşaya rejissorluğu M.T.Sidqi edir. Müsyö-Jordan rolunu - Cəlil Məmmədquluzadə, Dərviş rolunu qardaşı Ələkbər Məmmədquluzadə və Süleyman bəy rolunu Rzaqulu Nəcəfov oynayır. Sonralar həmin zalda bir neçə tamaşa da göstərilir ki, bu tamaşalardan yığılan pulun bir hissəsi, yəni 25 faizi Rəhim xana verilir. 90-cı illərdə teatr tamaşaları Rəhim xanın, Mirzə Əliməmməd Xəlilovun, Məşədi Əlibəy Zeynalovun və Mehdi ağanın xüsusi evlərində və Hacı Vəli ağanın karvansarasında təşkil olunur.

XIX əsrin 90-cı illərində M.F.Axundzadənin “Hacı Qara”, “Molla İbrahim Xəlil kimyagər”, “Dərviş Məstəli şah” komediyaları C.Məmmədquluzadənin, M.T.Sidqinin rejissorluğu ilə təkrarən nümayiş etdirilir. Bu tamaşalarda Cəlil Məmmədquluzadə - Müsyö Jordan, qardaşı Ələkbər Məmmədquluzadə - dərviş rollarında oynayır. M.F.Axundzadənin əsərlərinin o dövr səhnə taleyindən bəhs edən sənətşünaslıq namizədi Ədilə Əliyeva yazırdı: “Axundovun əsərləri XIX əsrin sonunda teatr sənətinin inkişafına təkan vermişdir. Ümumiyyətlə, 80-90-cı illər Axundov dramaturgiyasının təntənəsinə çevrilmişdir”.

M.F.Axundzadənin komediyalarının Naxçıvanda tamaşaya qoyulmasından  bəhs edən Rzaqulu Nəcəfov yazırdı: “Molla İbrahim Xəlil kimyagər”, “Sərgüzəşti-  vəziri - xani - Lənkəran” və “Müsyö Jordan” komediyaları 1894-1898-ci illərdə oynanılmış və Mirzə Cəlilin bu pyeslərdə baş rolları- Müsyö Jordan, Vəzir və Molla İbrahim rollarını oynaması xatırımdadır. Qadın rollarını, ümumiyyətlə, Mirzə Cəlil Mirzəyev (Şürbi), Sərvərxan, Məmmədəli xan, Ağa Tahirov və Mirzə Kazım bacarıqla oynayıb lazımi obrazlar yaradırdılar. Qafar ağa qrim ilə məşğul olardı və bu işdə məharəti var idi. Bu həvəskar aktyorlar içərisində qabiliyyətliləri az deyildi. Böyükxan və Yaqub Paşa öz amplualarına məxsus rolları xüsusi zövq və məharətlə oynayırdılar”.

Naxçıvan dram həvəskarları 1899-cu ildə yenidən M.F.Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyalarını tamaşaya qoyurlar. Bu tamaşalar haqqında M.T.Sidqi 10 aprel 1899-cu il tarixli məktubunda bildirir: “Naxçıvanda M.F.Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları oynanıldı. Hər tamaşadan “Tərbiyə” məktəbinin xeyrinə 80 manat toplanıldı.

 Göründüyü kimi, XIX əsrin ikinci yarısında meydana gəlmiş maarifçi-realist ədəbiyyat tənqidi mahiyyət daşıyır və demokratik fikirlərin təbliği işinə böyük kömək edirdi. Bu ədəbiyyat öz tənqid silahını feodal-patriarxal münasibətlərin hökm sürdüyü ictimai quruluşa və onun köhnəlmiş qayda-qanunlarına qarşı çevirmişdi; onun məqsədi ictimai inkişafa mane olan əngəlləri aradan qaldırmaq, xalq kütlələrini feodalizm buxovlarından azad olmasına kömək etmək idi. Axundzadə ədəbi məktəbinin davamçıları olan N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov və b. böyük dramaturqun yolunu davam etdirərək, dramaturgiyanın inkişafı yolunda çalışır, yeni əsərlər yaradırdılar. Bu dövrdə feodalizmin çürümə prosesinin şiddətlənməsi ilə əlaqədar vətənimizdə maarifçilik dünyagörüşü və ədəbiyyatı artıq təşəkkülə başlayır. Azərbaycan maarifçiliyinin təşəkkül və inkişafında M.F.Axundzadənin böyük rolu olmuşdur. Xalq şairi Səməd Vurğun “M.F.Axundov bizimlədir”, XX əsrin görkəmli Azərbaycan filosofu Heydər Hüseynov isə “Axundovun fəlsəfi görüşləri” məqalələrində o dövrün ictimai-siyasi vəziyyətini geniş xarakterizə edirlər.

Naxçıvanın mədəni dirçəlişində yaxından iştirak edən, həyatının əsas amalını vətənə və xalqa xidmətdə görən və bu məqsəd uğrunda mübarizə aparan M.T. Sidqi M.F.Axundzadə kimi xalqın maarifsizlikdən çəkdiyi əziyyəti görür, elmsiz, savadsız çadra örtən qız uşaqlarının halına yanırdı. Qız və qadınları zülmət “səltənətində” saxlayanları, onlara kölə-kəniz münasibəti bəsləyənləri, onların təhsili qeydinə qalmayanları tənqid edirdi. Qız və qadınların azadlığı məsələsini irəli sürən Sidqi 1896-cı ildə ilk “Qız məktəbi”ni də təsis edir. On nəfər qızın təhsili ilə məşğul olur. 

Naxçıvan ziyalılarının şöhrəti az bir vaxtda bütün Qafqaza yayılır. Teatrın fəaliyyəti haqqında “Şərqi rus” qəzetinin səhifələrindən məlumatlar götürən fransız şərqşünası Lüsyan Buva Parisdə nəşr olunan “Müsəlman aləmi” jurnalında  1903-cü ildə yazmışdı: “Naxçıvanda həvəskar artistlər tərəfindən tatar və rus dillərində tamaşalar göstərilir. Bu tamaşalara baxmaq üçün cəmiyyətin bütün təbəqələrinə mənsub olan adamlar gəlirdilər... Müsəlman qız məktəblərinə kömək məqsədi ilə tatarlarla rusların birgə iştirakı ilə Naxçıvan şəhərinin yay klubunda gözəl bir konsert verilmişdir”.

M.F.Axundzadənin pyeslərində çıxış edən aktyorlar nadanlığı, acgözlüyü, mənəvi çatışmazlığı kəskin tənqid atəşinə tuturdu. Onlar bütün bunları məişət xəttində deyil, ictimai aspektdə verirdilər. Teatrın əsas qayəsini cəmiyyətin əxlaqını yaxşılaşdırmaqda görən aktyorlar səhnə sənətində özünütərbiyəni, öz üzərində işləməni başlıca şərt sayırdılar. Onlar özlərinin həyatındakı rəftarına, davranışına yüksək etik normaları ilə yanaşır, səhnəyə məhəbbəti, bir-birinə qarşı köməyi hər şeydən üstün tutur, həyatda öz əxlaqları ilə nümunə göstərməyə çalışırdılar. O dövrdə göstərilən tamaşaların əsas qayəsi xalqı cəhalət, mövhumat və xurafatdan uzaqlaşdırmaq, feodal-patriarxal adət və qaydalarına qarşı mübarizə aparmaq, xalqı mədəniyyətə və maarifə cəlb etmək olmuşdur. Mütərəqqi adamları gözü götürməyənlər “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin mütərəqqi fikirli xadimlərini təqib və təhqir edir, tamaşaların göstərilməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Lakin bunlara baxmayaraq, cəmiyyətin üzvləri mütərəqqi fikir və çoşqun fəaliyyətlərini davam etdirirdilər.

1905-ci il hadisələri zülm və ədalətsizlik əsasında qurulmuş çarizm üsul-idarəsini kökündən laxlatmışdı. Bu illərdə  Naxçıvanın ictimai-siyasi və mədəni həyatında, onun tərəqqisində mühüm addımlar atıldı, mütərəqqi ziyalıların mədəni inkişafı sahəsindəki fəaliyyətləri xeyli gücləndi və milli azadlıq mübarizələri sürətləndi. Bu zaman Naxçıvanda yeni üsullu milli məktəblərin sayı artdı, qəzet nəşrinə təşəbbüs göstərildi. Zaman-zaman ictimai-ədəbi mühitdə teatrın əhatə dairəsi genişləndi və diyarın məktəblərində tamaşalar göstərildi. Teatr həvəskarları teatrın repertuarını dövrün tələbi səviyyəsində tərtib edərək, yeni məqsəd və qayələr uğrunda mübarizəyə başladılar. 

M.F.Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyası “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən 1910-cu ilin mayında Cəfərqulu xanın evində tamaşaya qoyulur. Məstəli şah surətini Böyükxan Naxçıvanski, Müsyö Jordan surətini isə Mirzə Qulam Qasımbəyov oynayırlar.

  Şəhər məktəbinin müəllimləri 1919-cu ildə “Ümid” adlı yeni bir dram cəmiyyəti də təşkil edirlər. “Ümid” dram cəmiyyətinin fəaliyyəti çox qarma-qarışıq bir dövrə təsadüf etdiyindən cəmisi iki tamaşa verə bildi.  Bu tamaşalar M.F.Axundzadənin “Hacı Qara” komediyası və Ü.Hacıbəyovun “Arşın mal alan” operettası idi. Naxçıvan ziyalıları sovetləşmənin ilk illərində böyük həvəslə teatr həvəskarlarını və məktəbliləri “Ümid” dram cəmiyyətin ətrafında toplayırlar. Onlar 1920-ci il avqustun 12-də M.F.Axundzadənin “Hacı Qara” pyesini yenidən oynayırlar. Bu tamaşanın təşkilinə maarif orqanları ilə yanaşı, gənclər təşkilatı da rəhbərlik edirdi.

 Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1938-ci il tarixli qərarına əsasən, böyük mütəfəkkir ədibin anadan olmasının 125 illiyi münasibəti ilə  Naxçıvan Dövlət Dram Teatrına Mirzə Fətəli Axundzadənın adı verilir. Dramaturqun “Hacı Qara” əsəri tamaşaya qoyulur. “Şərq qapısı” qəzeti 5 mart 1938-ci il tarixli nömrəsində “M.F.Axundovun 125 illiyi münasibətilə “Hacı Qara” pyesi tamaşaya hazırlanır” başlıqlı səhifə verilmişdir. Həmin səhifədə tamaşanın quruluşçu rejissoru İsa Musayevin “Sənətkar dramaturq haqqında”, Səməd Mövləvinin “Heydər bəy rolunu olduğu kimi yaradacağam”, Sadıq Həsənzadənin “Hacı Qara rolunu nöqsansız yaradacağam”, Firuzə Əlixanovanın “Tükəz rolu mənimdir”, Xədicə Qazıyevanın “Hacı Qara” əsərində Sona obrazı”, Rza Tumbullunun “Naçalnik obrazını olduğu kimi yaradacağam”, Əyyub Haqverdiyevin “İstismar olunan obrazı necə yaradacağam” adlı yazıları dərc olunmuşdur. Tamaşada Hacı Qara (Sadıq Həsənzadə), Heydər bəy (Səməd Mövləvi), Tükəz (Firuzə Əlixanova), Sona (Xədicə Qazıyeva), Naçalnik (Rza Tumbullu), Əsgər bəy (Firudin Sultanov), Səfər (Mirzə Ələkbərov), Kərəməli (Əyyub Haqverdiyev), Murov (Yaqub Şahtaxtlı) oynayırdılar. Əsərin bədii tərtibatını Nağı Nağıyev vermişdi.

Qeyd etmək lazımdır ki, M.F.Axundzadənin komediyaları Naxçıvan teatrının repertuarında populyarlıq qazanmış və dahi dramaturqun komediyaları sovet dönəmində də müxtəlif rejissorların quruluşunda və rəssamların bədii tərtibatında uğurla sənətsevərlərə təqdim edilmişdir. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra da görkəmli dramaturqun əsərləri Naxçıvan səhnəsinin bəzəyi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 aprel 2010-cu il tarixdə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi Sərəncamdan sonra, respublikanın bütün teatrlarında olduğu kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dramaturqun “Lənkəran xanının vəziri” (quruluşçu rejissor Kamran Quliyev) və “Hekayəti-xırs-quldurbasan” (quruluşçu rejissor Rövşən Hüseynov) pyesləri böyük  həvəslə tamaşaya hazırlanmışdır. Hazırda Şəfaət Mehdiyevin “Mirzə Fətəli” (quruluşçu rejissor Rövşən Hüseynov) dramı üzərində məşqlər davam edir. Çox əminliklə deyə bilərik ki, hazırlanan bu tamaşalar M.F.Axundzadə ilində (2012) böyük söz ustadının yubileyinə layiqli töhfə olacaqdır.

Bir sözlə, Naxçıvan teatrı ayaq tutduğu gündən, ilk addımlarından M.F.Axundzadənin əsərlərinə müraciət etmiş, maarifçilik ideyalarının carçısı olmuşdur.

 

 

 ƏLİ QƏHRƏMANOV,

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun musiqi və teatr

şöbəsinin müdiri, sənətşünaslıq

üzrə fəlsəfə doktoru, dosent

 

 

Səs.- 2012.- 13 aprel.- S. 13.