Ulu Öndər
Heydər Əliyevin hakimiyyəti illərində milli musiqi mədəniyyətimiz
və azərbaycançılıq
Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti
illərində, məhz bu böyük şəxsiyyətin
qayğısı nəticəsində milli ideyaların təcəssümü
olan dünya şöhrətli sənət əsərləri
yarandı. Bunlardan biri də Fikrət Əmirovun dünya
şöhrətli “Min bir gecə” baleti idi.
Sənətşünas Fərəh Əliyeva “Fikrət
Əmirov: Çağdaş milli və dünya musiqi mədəniyyətində
tarixi mövqeyi” məqaləsində Fikrət Əmirovu
dünya mədəniyyətinin nadir istedadlarından hesab edərək
yazır ki, “Üzeyir Hacıbəyovun yaradıcılıq
niyyətlərinin strateji xəttini davam etdirən Fikrət Əmirov
Azərbaycan milli məktəbinin parlaq nümayəndəsi
kimi qarşısına qoyduğu və yüksək peşəkarlıq
səviyyəsində həll etdiyi yaradıcılıq
uğurları ilə ümumi muğam-makam ənənəsinə
malik müsəlman Şərqinin musiqi irsini
çağdaş üslub və təfəkkür tərzi səviyyəsində
dünyaya tanıtdı. O, Qərb musiqi anımları və
stereotipləri sistemində sirli, ekzotik aləm kimi şərtiliklər
içində siması və qəlbi pərdələnən,
yalnız təsəvvürlərdə xülya kimi
yaradılan “Şərq musiqisi” obrazının
inhisarını əsaslı surətdə zəiflətmişdir.
Minillik ənənələrin özünəməxsus əsaslarının
“mühafizəkarlığı” haqqında köhnəlmiş
fikirləri alt-üst edən bəstəkar formaca, məzmunca
milli simfonik əsərləri ilə müasir dil, üslub
sistemilə həm özünü hifz edən, həm də
geniş inkişaf potensialına malik bir mədəniyyətin
“Şərq musiqi incəsənətinin təmsilçisi
oldu. Bu sərvətləri o, dünyaya Azərbaycan
musiqiçisi, azərbaycanlı bəstəkar kimi
tanıtdı. Fikrət Əmirov xalq musiqisinin zəngin
melodiya, məqam, ritm, formayapçısı
qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə
Avropa bəstəkarlıq təfəkkürünün məhsulu
olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət
daxilində formalaşmış simfonizm üslub-janr sistemində
yeni şaxə yaratdı. F.Əmirov əsərləri ilə
şifahi ənənəli musiqinin zəngin sərvətlərində
dayaqlanan milli melos və məqam dramaturgiyasının
özünəməxsus təşkili ilə şərlənən
yeni simfonik konsepsiyasının əsasını qoydu.
Rəngarəng janrlı və məzmunlu əsərlərdə
reallaşan bu konsepsiya Qərb simfonik ifadə vasitələri,
üslub-dil fondu, janr imkanları şəraitində məhz
milli sistemin qanunauyğunluqları və təfəkkür tərzinə
istinadən yaranmışdır. Azərbaycan
muğamını əzəli və ənənəvi “ifa məkanı”ndan
çıxarıb, simfonik orkestrin, simfonik janrın səlahiyyətinə keçirən Fikrət Əmirov
onun fəlsəfəsinin, “mənəviyyatı”nın təbii
mövcudluq formasını imkan daxilində
saxlamışdır. Simfonik muğamların
yazılmasında əsas məqsəd də elə bu idi: bəstəkar
Şərq və Azərbaycan musiqisinin incisini mümkün qədər
orijinala yaxın tərzdə qoruyub çağdaş “qiyafə”də
dünyaya tanıtdı. Eyni zamanda, ürəkləri fəth
edən simfonik muğamlar dahi Üzeyir bəyin
“Koroğlu”sundan sonra muğamın zəngin emosional
palitrasını, onun dramatizmini, zərifliyini, qüdrətli
qəhrəmanlıq nəfəsini, bir sözlə,
çoxçalarlı və rəngarəng “mən”ini yeni
boylarla, yeni üslub vasitələri ilə sanki yenidən kəşf
etdi. Bəstəkarın romantik səciyyəli üslubda
yazılmış əsərləri, adətən, bu istiqamət
üçün ənənəvi forma
yayğınlığı, orkestr yazısının
lüzumsuz dəbdəbəsindən uzaqdır. Əlvan, zəngin
musiqi dili bəstəkarın təbiətinə xas alicənablıq,
xüsusi mütənasiblik, ölçü hissi ilə
qovuşuqda təkrar emalı mümkün olmayan bir üslub
yaratmışdır. Bəstəkarın estetik
baxışlarını, üslub vasitələrinin daimiliyini
“mühafizəkarlıq”la izah edənlər də az deyil. Bu
daimiliyin kökünü isə bəstəkarın həyat
tərzində, psixologiyasında da axtarmaq lazımdır. Fikrət
Əmirov dövrünün üslub fondundan yalnız öz təbiətinə
uyğun olanını seçirdi.
F.Əmirovun yaradıcılığı Azərbaycan
və dünya musiqisinin ən maraqlı, ətraflı tədqiqini
gözləyən nadir sənət hadisələrindəndir.
Bəstəkarın üslubunun ətraflı öyrənilməsi
müasir musiqinin bir çox problemlərinin izahı və
işıqlandırılmasında müstəsna rol oynaya bilər.
Ulu Öndər Heydər Əliyev azərbaycançılıq
ruhu aşılayan bəstəkarların
yaradıcılığını yüksək dəyərləndirirdi: SSRİ
xalq artisti Hacıyev Rauf Soltan oğlu istedadlı bəstəkarlardan
biridir... əsərləri ... yüksək peşəkarlıqla,
incə lirizmlə və bədiiliyi ilə seçilir. R.S.Hacıyevin
əsərləri həm Sovet İttifaqında, həm də
xaricdə geniş tanınır”. 1982-ci ilin may ayında Q.
Qarayevin dəfn mərasimində çıxış edən
Heydər Əliyev deyirdi: “Qara Qarayevin... əsərləri...Azərbaycan
xalqının qədim musiqi mədəniyyətinin
bütün zənginliyini... özündə təcəssüm
etdirir”. O, daha sonra deyirdi: “Qara Qarayev Azərbaycan
xalqının zəngin tarixinə... neçə-neçə
ilhamlı səhifələr həsr etmişdir”.
Heydər Əliyev tanınmış isdedadlı bəstəkar,
böyük gələcəyinə inandığı Arif Məlikova
qayğı göstərir, onun “Məhəbbət əfsanəsi”
baletini Azərbaycan xalqının milli musiqisini dünyaya
tanıdan şah əsərlərdən biri hesab edirdi.
Ümumiyyətlə, 70-ci illərdə Azərbaycan bəstəkarları
üçün rejim bir dekorasiya idi. Onların əsərləri
musiqi mədəniyyətini zənginləşdirməklə
yanaşı, xalqda milli ruhu, özünə inam hissini
gücləndirirdi.
Ulu Öndərin bilavasitə qayğısı nəticəsində
ölkədə yeganə olan Mahnı Teatrını SSRİ
xalq artisti Rəşid Behbudov yaratdı. Azərbaycan milli
xoreoqrafiyası məşhurlaşdı.
Heydər Əliyev Azərbaycan musiqisinin dünya
miqyasında tanıdılması yönündə
böyük işlər görürdü. Onun hakimiyyəti
illərində Azərbaycan mədəniyyəti ölkə sərhədlərini
sürətlə aşaraq dünya miqyasına daha geniş
çıxırdı. Buna dair yüzlərlə misal
göstərmək olar. 1973-cü ilin payızında SSRİ
xalq artisti Rəşid Behbudovun rəhbərliyi altında
Mahnı Teatrı Latın Amerikası ölkələrində
uğurla konsertlər verdi. Bu barədə tanınmış
tənqidçi İlham Rəhimli yazırdı: “Rəşid
Behbudov oxuyanda günəşli Azərbaycan məlahətli səslə
sehrlənmiş nağıla çevrilir.
Xalqımızın əzəməti, Xəzərin
coşqunluğu, dağ çeşmələrinin
saflığı, laləli düzlərin ətri, bərəkətli
çöllərin, meyvəli bağların şirinliyi
mahnılarla könüllərə hopur. Rəşid Behbudov
Azərbaycanı tanıdıb. Səni tərənnüm edirəm,
Azərbaycan! Qüdrətli sənəti, odlu-alovlu mahnıları
ilə Azərbaycanı sönməz məşələ
çevirib”.
70-80-ci illərdə Azərbaycan mədəniyyəti
və incəsənətinin tərəqqisini hətta xarici
ölkələrin siyasətçiləri, alimləri,
diplomatları və jurnalistləri də etiraf edirdilər.
Professor
Musa Qasımlının qeyd
etdiyi kimi, ümumiyyətlə,
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan musiqisi yuksək inkişaf
səviyyəsinə çataraq sovet dövründə çiçəklənmə,
intibah mərhələsini yaşadı.
O, Azərbaycan bəstəkarlarına, müğənnilərinə
qayğı göstərir, qurultaylarında iştirak edir,
problemlərini operativ həll edir, yubileylərini keçirir,
yüksək dövlət mükafatlarına təqdim edir, klassik Azərbaycan bəstəkar
və musiqiçilərinin ev, xatirə
muzeylərini yaradır, milli musiqiyə, muğama, folklor musiqisinə,
bədii özfəaliyyət kollektivlərinin yaradılmasına,
aşıq musiqisinin dirçəldilməsinə çalışır, məşhur
aşıqların yubileylərini keçirir,
xatirələrini əbədiləşdirir, musiqinin
problemlərinə dair ictimai
və ciddi elmi
müzakirələr açdırır, gənc
istedadların üzə çıxmasına qayğı
göstərir və bu barədə mühüm qərarların qəbul edilməsinə
nail olurdu. Sonralar Heydər
Əliyev nitqlərinin birində deyirdi: “Əsrin
əvvəllərindən bu günədək
olan müddəti götürsək,
görərik ki, həmin dövrdə Üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,
Cövdət Hacıyev, Arif Məlikov, Tofiq Quliyev və Rauf Hacıyev kimi
görkəmli bəstəkarlar yetişmişdir.
Şərqdə ilk opera
Üzeyir Hacıbəyovun dühası ilə
yaranmışdır. Bir sözlə, Azərbaycan
da profesional musiqi mədəniyyəti təşəkkül
tapmışdır. Demək istəyirəm ki,
bu ictimai-siyasi quruluş, iqtisadi sistem xalqın mədəniyyətinə nəinki
zərər vura bilməmiş, əksinə,
bu sistemdə mədəniyyətimiz çox inkişaf etmiş və irəliləmişdir”.
Heydər Əliyevin bilavasitə
qayğısı sayəsində “Nəsimi” kinofilminin
bəzi kadrları dahi azərbaycanlı şairin edam edildiyi Hələb şəhərində
çəkildi.
“Babək” kinofilminin
çəkilişinin təşəbbüsçüsü
də bilavasitə Heydər Əliyev oldu.
Azərbaycan rəhbəri filmin
çəkilişini nəzarətdə saxlayır və
işlərin gedişi ilə yaxından
maraqlanırdı. Heydər Əliyev bu məsələnin
geniş müzakirəsini keçirərək
filmin daha yaxşı
alınmasından ötrü əlindən
gələni edirdi. MK bürosunun 1978-ci il 14 aprel tarixli iclasında “Azərbaycan
xalq kütlələrinin azadlıq hərəkatına
həsr edilmiş iki
seriyalı bədii filmin çəkilişinə
kömək göstərilməsi haqqında məsələ”
müzakirə olundu. Müzakirə
zamanı maliyyə çatışmazlığının olduğu fikri səsləndirildi.
Heydər Əliyevin göstərişi ilə “Azərbaycanfilm”
studiyasına əlavə maliyyə vəsaiti ayrıldı. Məsələnin
müzakirəsi zamanı çıxış edən Heydər
Əliyev deyirdi ki, mən
bu filmə çox böyük əhəmiyyət verirəm. Burada xüsusi olaraq nəzərə almaq
lazımdır, birinci, elmi
mötəbərlik, ikinci, ideya-bədii tərəf
və kinematoqrafiya dəyəri. Bu üç məsələ
tam əksini tapmalıdır, ona görə də bu film sıradan biri
olmamalıdır. Onu həqiqətən
elə etmək lazımdır ki, ittifaq ekranında ən yüksək səviyyədə
olsun.
Heydər Əliyevin tövsiyələri
və tələbkarlığı öz
bəhrəsini verdi. “Babək”
filmi böyük
ustalıqla çəkilərək 70-ci illərin sonunda ekranlara
çıxarıldı və geniş
tamaşaçı kütləsinin rəğbətini
qazandı. Kinofilm Azərbaycan xalqında
qəhrəmanlıq, milli mənlik,
özünə inam hisslərini yüksəldir,
işğalçılara qarşı qisas,
nifrət aşılayırdı. Filmin
çəkilişinin başa
çatması və böyük ekrana çıxması, heç
şübzəsiz, Azərbaycan kino sənəti
tarixində mühüm hadisəyə çevrildi.
Əvvəlki illərdə
“Kitabi-Dədə Qorqud” dastanına rəsmi
səviyyədə türkçü,
turançı damğası vurulmuşdusa,
Azərbaycan xalqına yad hesab
edilmişdisə, Heydər Əliyev bu
biabırçılığa cəsarətlə son qoydu. Onun
bilavasitə göstərişi ilə Azərbaycan xalqında
milli, tarixi köklərinə
hörmət, torpaq, vətən sevgisi hissləri aşılayan “Dədə Qorqud” filmi
yazıçı Anarın ssenarisi əsasında
yaradıldı və böyük
tamaşaçı rəğbəti qazandı.
Ümumiyyətlə,
milli tarixlə bağlı ən gözəl
bədii, sənədli filmlər bütün
sovet dövrü ərzində
məhz Heydər Əliyevin hakimiyyəti illərində cəsarət
və sevgi ilə yaradılaraq ekranlara çıxarıldı. Azərbaycan kinosunun ən gözəl nümunələri
olan “Babək”, “Nəsimi”, “Dədə
Qorqud”, “Ad günü”, “İstintaq”
və onlarla başqa
bədii filmlər yaradılaraq xalqın istifadəsinə verildi. R.Təhmasib, Ə.İbrahimov,
T.Tağızadə, H.Seyidbəyli, R.Ocaqov
və b. kimi quruluşçu-rejissorlar bütün
ölkə miqyasında məşhurlaşdılar. Belə bir cəhət də əhəmiyyətlidir ki, hətta uşaqlar üçün çəkilən cizgi filmləri də torpaq,
yurd sevgisi, milli ruh
aşılayırdı.
Professor Musa Qasımlı düzgün
olaraq yazır:
“Beləliklə, Azərbaycan incəsənəti
sovet hakimiyyəti illərində ilk dəfə olaraq ən
yüksək inkişaf mərhələsinə
məhz Heydər Əliyevin hakimiyyəti illərində, onun həyata keçirdiyi
tədbirlər nəticəsində çatdı. 70-ci illər-80-ci
illərin ortaları sovet dövründə
Azərbaycan incəsənətinin tərəqqisi illəridir.
Heydər Əliyevin bilavasitə səyləri və
qayğısı nəticəsində Azərbaycan musiqisi, teatrı, kinosu, rəssamlığı,
memarlığı, radio və teatrı inkişaf etdi. Həmin illərdə Azərbaycan musiqi
sənəti klassiklərinin xatirələri əbədiləşdirilir,
ən parlaq nümayəndələrinə
dövlətin orden və medalları, fəxri
adlar verilir, mənzil
və yaradıcılıq şəraitləri
yaxşılaşdırılır, əsərləri ölkə
və xarici dövlətlərin səhnələrində
oynanılır, xalq musiqisi
və folklor dirçəldilir, bədii
özfəaliyyət kollektivlərinin fəaliyyəti gücləndirilir,
aşıq musiqisinin inkişafına diqqət
verilirdi. Bəstəkarların
qurultaylarında iştirak edən Heydər
Əliyev onların problemlərini yerindəcə həll edirdi. O, Azərbaycanda kino sənətinin inkişafına xüsusi önəm verir,
kinostudiyanın maddi-texniki bazasını
möhkəmləndirir, milli tarixlə
bağlı ən yaxşı bədii filmlərin çəkilişini
tövsiyə edir, aktyorları dövlətin
ali mükafatlarına və fəxri adlara təqdim edir, Azərbaycan
kinosunun yubileyini keçirir, teatrın
inkişafına başlıca diqqət yetirir,
teatr xadimlərinin, milli
teatrın və digər teatrların yubileylərini keçirir, onlara fəxri
adların, dövlətin orden və
medallarının verilməsinə nail olur, milli tarixlə
bağlı əsərlərin səhnələşdirilməsini
tövsiyə edirdi. Azərbaycan incəsənət
xadimlərinə isti münasibət bəslənilməsi
azadlıq ideyalarını yayan, milli özünüdərki, özünə
inamı gücləndirən əsərlərin yaranmasına
kömək edirdi. Heydər
Əliyev onları xalqın tarixinə, gerçək həyatına
nüfuz etməyə səsləyir,
gözəl əsərlər yaratmağa
ruhlandırırdı. Heydər Əliyevin hakimiyyəti illərində
Bakının siması yeni memarlıq
binalarının tikilməsi ilə dəyişdi, onlarla yeni memarlıq abidələri,
heykəllər tikildi, Azərbaycan
memarları məşhurlaşdı, rəssamlıq sənəti
inkişaf etdi, sənətkarlar
dövlətin ən yüksək mükafatlarını
aldılar, radio və televiziya
inkişaf etdirildi. Bütün bunlar, heç şübhəsiz, Azərbaycan
xalqında milli hissləri, milli özünüdərki və özünə
inamı, o cümlədən, azərbaycançılığı
gücləndirirdi.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.-
13 aprel.- S. 14.