Sovet dövrü (20-60-cı illər) milli musiqi mədəniyyətimizdə azərbaycançılıq ideyalarının təbliği

 

Azərbaycan  milli musiqi mədəniyyəti XX  əsrdə-sovet dövründə özünün  yüksək inkişaf mərhələsinə çatdı. Bu mənada, tədqiqatçılar ilk mərhələ kimi, 20-30-cu illəri xüsusi qeyd edirlər. Bu dövr haqqında Elmira Abbasovanın müştərək əsəri çap olunmuşdur. İnna Semyonovanın fikrincə, bu mərhələ daxilində 1924-28-ci illəri xüsusi qeyd etmək olar: bu vaxt milli-professional musiqinin inkişaf yolları problemi ilk dəfə qəzet səhifələrində müzakirə mövzusuna çevrildi.

İkinci mərhələ bəstəkar yaradıcılığında daha məhsuldar dövrü, 1934-cü ildən müharibəyə qədərki illəri əhatə elir.

Azərbaycan musiqi mədəniyyətində keyfiyyətli dəyişikliklərin olması “Koroğlu”ya qədərki mərhələdir.  Məhz bu dövrdə Azərbaycanda Avropa ənənəli professional musiqi formalaşır. Müslüm Maqomayevin “Nərgiz”,  Reynqodl Qliyerin “Şah  Sənəm” operası və sairə. Bu başdan qeyd edək ki,  ikinci mərhələnin (bizim təklif etdiyimiz dövrləşdirmədə) sərhədləri bu vaxta qədər milli musiqişünaslığın qəbul edilmiş mövqelərindən fərqlənir.  Beləliklə,   bu vaxta qədər ikinci mərhələnin  sərhədləri 1920-ci ildən başlanır və 1932-ci Mərkəzi Komitənin məlum qərarlarına (ədəbi-bədii təşkilatların yenidən qurulması) uyğun olaraq,  bu ildə tamamlanırdı.  Musiqişünaslar, bu qərara əsaslanaraq,   1932-ci ili sərhəd ili hesab edirdilər. Lakin faktlara əsaslanaraq, qeyd etməliyik ki, bu mövqe Azərbaycanda musiqi mədənyyətinin inkişaf prosesinə təsir etmişdir.

 Bizim təklif etdiyimiz dövrləşdirmə musiqi prosesinin ictimai-sosial determinantlığı prinsipinə əsaslanır.  30-cu illərdə inkişaf edən və milli musiqi mədəniyyətinin yüksək professionallıq səviyyəsində olan simfonik musiqinin rolunu xüsusi qeyd etmək lazımdır.  Simfonik ifaçılıq mədəniyyəti Azərbaycan bəstəkarlarının orijinal simfonik əsərlərinin yaranmısına güclü təkan verdi. Məhz Z0-cu illər Azərbaycan   simfonik yaradıcılığının illəri kimi səciyyələnir.

Azərbaycan musiqisinin ilk iri simfonik əsəri A.Zeynallının 1931-ci ildə yazdığı “Fraqmentlər” oldu. Araşdırdığımız  dövrdə Ü.Hacıbəyovun “Azərbaycanın sovetləşməsinin 10 illiyinə himn” əsəri (1931-ci ildə Leninqradda Azərbaycan musiqisi konsertlərində ifa olunmuşdur), M.Maqomayevin “Azərbaycan çöllərində” (1931-ci il, Leninqradda ifa olunub),  “RV-8 marşı”(1935),  “28 Aprel marşı”,  Əfrasiyab Bədəlbəylinin “Bütün hakimiyyət Sovetlərə” orkestr lövhəsi, Niyazinin “Zaqatala” süitası (1934), gənc Cövdət Hacıyevin Bakıda,  1935-çı ildə, müəllifin dirijorluğu ilə Leninqrad simfonik orkestrinin ifa etdiyi simfoniyası aiddir. Bu illər Qara Qarayevin  “Şənlik poeması” “Könül nəğməsi” kantatası,  “Azərbaycan” süitası, Cövdət Hacıyevin “Sosialist Azərbaycanı”  və “Sibirə məktub” simfonik poemaları yaranır.

Qeyd etmək istərdik ki, yuxarıda adları çəkilən və simfoniyaya aid olan bu qərar yüksək, əsl simfoniyanın yaranmasına gətirib çıxardı: bu C.Hacıyevin 1935-1936-cı illərdə yazdığı           I simfoniyası idi.  Bununla əlaqədar deməliyik ki,  respulikamızda simfonik janrın xronologiyasına yenidən baxmaq zərurəti yaranır. Ümumi qəbul edilmiş fikrə görə, milli simfoniyaların yaranma dövrü 1944-cü ildə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə səslənmiş Q.Qarayevin, Ü.Hacıbəyovun, S.Hacıbəyovun I simfoniyaları ilə bağlıdır. C.Hacıyevin yeni tapılmış simfoniyası bu müddəaya yenidən baxmaq imkanı verir.

1934-1937-ci illər Azərbaycan musiqi mədəniyyətinin kulminasiya zirvəsi kimi qeyd olunmalıdır.   Çünki məhz bu illərdə R.Qliyerin “Şah Sənəm”(1934), M.Maqomayevii “Nərgiz”(1935), Ü.Hacıbəyovun “Koroğlu”(1937) operaları yaranır.

“Koroğlu” ənənələri Azərbaycan musiqisinin bütün janrlarında davam etdirilən ümumavropa tipli klassik opera kimi Azərbaycanda bütün musiqi prosesi inkişafının özünəməxsus zirvəsidir.  M.Qlinkanın “Ruslan və Lüdmila” operasının uvertürasında olduğu kimi,  “Koroğlu” operasının da uvertürasından Azərbaycan simfonizmi qidalanır. “Koroğlu” operası Azərbaycanda musiqi mədəniyyətinin inkişafına təkan vermiş böyük sənət xəzinəsidir. 

Sənətşünas Elmira Abbasova sovet dövrünün 30-40-cı illərini Azərbaycan musiqi tarixinin ən maraqlı səhifələrindən biri hesab edir.

M.Maqomayevin Azərbaycan kəndində Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparanların obrazlarını tərənnüm edən “Nərgiz”i tarixi-inqilabi mövzuda yazılmış ilk sovet operasıdır. Bu əsər bir də  ona görə mühümdür ki, Azərbaycan bəstəkarlarının ənənəvi Avropa operası formasında yazdığı ilk operadır. Xalq folklorunun xususiyyətlərini dərindən duyan Maqomayev həmin əsəri ilə əsil milli üslubda peşəkar Azərbaycan musiqisi yaradılması yolunda irəliyə doğru mühüm addım atmışdır.

E.Abbasova 1920-1932-ci illərdə keçid dövrü, bir çox cəhətdən ziddiyyətli dövr kimi  səciyyələndirilmişdir: “Musiqi sənətinin hələ əvvəllər möhkəm kök salmış formaları geniş xalq kütlələrinin hər gün artan mənəvi tələblərini artıq ödəmirdi, yeni formalar  isə çox yavaş-yavaş və tədricən yaradılırdı. Çünki peşəkar   Azərbaycai musiqisinin tarixi təcrübəsi çox böyük deyildi. Buna körə heç də təsadüfi deyildir ki, bnr-birinə zidd meyillər məhz həmin illərdə əmələ gəlmiş, incəsənətin istiqaməti uğrunda aparılan mübarizə kəskii mübarizəyə çevrilmişdir. Bəziləri keçmişdə yaranmış yaradıcılıq və ifaçılıq ənənələrinin toxunulmazlığını qoruyur, digərləri isə, əksinə, milli irsin bədii ziynətlərini ümumiyyətlə inkar edirdilər. Bu “nəzəriyyələrlə” ciddi mübarizədə Azərbaycan musiqisində əsil realist istiqamətin möhkəm əsasını qoyan yeniliyin və qabaqcıllığın cücərtiləri yaranırdı. Mütərəqqi fikirli sənətkarlar-Ü.Hacıbəyov, M.Maqomayev, sonralar A. Zeynallı ənənə ilə novatorluğun qırılmaz əlaqəsi uğrunda, xalq mahnıları əsasları ilə dünya musiqi sənətinin ən yaxşı nailiyyətlərinin üzvi birliyi uğrunda mübarizə aparırdılar. Azərbaycan bəstəkarları milli folklora istinad edərək sovet adamlarının gündəlik qaynar həyatını, istismar zülmündən azad olmuş Vətəni tərənnüm edirdilər. Bununla yanaşı, musiqi üslubunun özündə əsaslı dəyişikliklər əmələ gəlirdi. Folklor    nümunələrindən demək olar, başdan-başa istifadə etmək əsasında əsər yazmaq vərdişi aradan götürülürdü. Xalq musiqisinin vərdiş olmuş intonasiyalarından olduğu  kimi  istifadə etməkdən çəkinmək  cəsarəti də tətbiq olunurdu. Başqa xalqların, birinci növbədə rus xalqının, musiqi mədəniyyətlərinin nailiyyətləri əsasında  musiqidə təsir vasitələri əhəmiyyətli dərəcədə zənginləşdirilir, çoxsəslilik getdikcə daha üzvi surətdə tətbiq olunurdu.

Öz əsərlərində sözün mümkün qədər daha dürüst ifadə olunmasına səy edən A.Zeynallı bəzən milli lad əsasları haqqındakı ənənəvi təsəvvürləri belə pozaraq intonasiyanın adi dövrəsini yarıb keçir.

Musiqili teatr yaradıcılığı sahəsində hələ əsaslı dəyişikliklər olmamışdı. Bu illərdə Azərbaycan bəstəkarları bir dənə də yeni opera və musiqili komediya yaratmamışlar. Lakin R.M.Qliyerin “Şah Sənəm” operası (birinci redaksiyası 1926-cı ildə qurtarmışdı) musiqi sənətinin bu sahəsinin inkişafında mühüm rol oynamışdır. Bu operada il dəfə olaraq xalq mahnısının mövzusu inkişaf etmiş musiqili səhnə əsəri forması əsasında işlənmişdir. Təsadüfi deyildir ki, “Şah Sənəm” yaranandan az sonra M.Maqomayev “Şah İsmayıl” operasının yeni redaksiyasını yazır, muğamla yanaşı, müxtəlif opera formalarından (ariya, ariozo və s.) istifadə edir və öz əsərini zənginləşdirir.

1920-1932-ci illər Azərbaycanda instrumental musiqinin yaranması ilə də əlamətdardır. Simfonik musiqi səhnəsində ilk nümunələr meydana çıxır. Ü.Hacıbəyovun “Təntənəli marş” (Azərbaycan  işçi dram teatrının 10 illiyinə həsr olunmuşdur), M.Maqomayevin “Azərbaycan çöllərində”, “Azadlığa çıxmış Azərbaycan qadını rəqsi”, “RV-8 marşı”, Ə.Bədəlbəylinin “Sovet hakimiyyəti uğrunda”, “28 Aprel marşı” miniatürləri və orkestrlə ifa olunmuş digər miniatürlər simfonik musiqinin yaranmasına misal ola bilər. A.Zeynallının dram tamaşalarına bəstələdiyi musiqi əsasında yazdığı “Fraqmentlər” süitası böyük əsər hesab edilirdi.

Otuzuncu illərin əvvəllərində Ü.Hacıbəyovun xalq musiqi alətləri orkesri üçün yaratdığı iki fantaziya Azərbaycanın instrumental musiqisində mühüm yenilik oldu. Kamera-instrumental musiqi sahəsində Ü.Hacıbəyov (“Aşıqsayağı”) ilə yanaşı, A.Zeynallı (skripka, fortepiano üçün pyeslər fəaliyyət göstərirdi) Azərbaycan musiqisini yeni  inkişaf mərhələsinə yüksəltmişdir. Q.Qarayevin 1957-ci ildə yazdığı “İldırımlı yollarla” baleti Azərbaycan musiqisinin ən görkəmli nailiyyətlərindən biridir. Müasir dövrün aktual mövzusuna həsr edilmiş bu baletdə öz milli istiqlaliyyəti uğrunda müstəmləkə xalqlarının apardıqları mübarizə təsvir olunur. Sonralar Azərbaycanda bir sıra digər baletlər də yaradılmışdır. Məsələn, Niyazinin “Çitra”, Ə.Abbasovun “Çernuşka”, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletlərini göstərmək olar.

1953-cü ildə M.F.Axundov adına Opera və Balet Teatrı səhnəsində F.Əmirovun “Sevil” operası tamaşaya qoyulmuşdu. Bu, dövrümüzün həqiqi obrazını açıb göstərən ilk Azərbaycan lirik operasıdır. Digər bəstəkarlar -C.Cahangirov (“Azad”), R.Mustafayev (“Vaqif”), S.Ələsgərov (“Bahadır və Sona”), İ.Məmmədov  (“Tülkü  və alabaş”)  da opera yazmışlar.

Bu dövrdə Azərbaycan bəstəkarları musiqili komediya (S. Rüstəmovun “Rəisin arvadı”, Z. Bağırovun “Kəndimizin mahnısı”, H.Xanməmmədovun “Bir dəqiqə”, T.Quliyevin “Qızıl axtaranlar”, A.Rzayevin “Hacı Kərimin aya səyahəti” S.Ələsgərovun “Ulduz”, F.Əmirovun “Gözün aydın”, R.Hacıyevin “Romeo mənim qonşumdur” əsərləri üzərində daha səmərəli işləmişlər. Bəstəkarlardan Q.Qarayev, F.Əmirov, C.Cahangirov, S.Hacıbəyov, R.Quliyev və başqaları kinofilmlərə və dram əsərlərinə musiqi yazmışlar.

Azərbaycan simfonik musiqisi də xeyli zənginləşmişdir. C.Hacıyev özünün Dördüncü Simfoniyasını Leninin xatirəsinə həsr etmişdir. C.Cahangirovun “Dostluq mahnısı” vokal-simfonik süitası müasir mövzuda yazılmışdır. Q.Rzayevin “Babək” simfoniyası tarixi keçmişə həsr edilmişdir. Qeyri-proqram əsərləri də -S.Hacıbəyovun üverturası, R.Hacıyevin simfoniyası F.Əmirovun və E.Nəzirovanın ərəb mövzusunda yazdıqları skripka uçün konsert dinləyicilərin diqqətini cəlb edir. Son iki-üç il ərzində yaradılmış əsərlər-Q.Qarayevin “Don-Kixot”, F.Əmirovun “Azərbaycan kapriççiosu”, Ə.Abbasovun “Dramatik poema” əsərləri Azərbaycan bəstəkarlarının II qurultayında səslənmişdir.

Gənc bəstəkarlar da simfonik musiqinin inkişafına xeyli hədiyyə daxil etmişlər. Məsələn, A.Rzayevin orkestrlə skripka üçün “Birinci konserti” demokratik gənclərin Varşavada keçirilən V Ümümdünya festivalının beynəlxalq müsabiqəsində ikinci dərəcəli mükafata layiq görülmüşdür. Bəstəkarların Moskvada keçirilən plenumlarından birində N.Əliverdibəyovun “Balet süitası” eşidilmişdir. X.Mirzəzadə. A.Məlikov, V.Adıgözəlov, T.Bakıxanov və başqaları da simfoniya yaratmışlar. Gənclərin bir sıra simfonik əsərləri - V.Adıgözəlovun orkestrlə fortepiano üçün konserti, O.Zülfüqarovun “Mənim xalqım şadlanır” üverturası, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən süita, X.Mirzəzadə və M.Mirzəyevin simli kvartetləri bəstəkarların II qurultayının proqramına daxil edilmişdir. Xalq çalğı alətləri orkestri üçün maraqlı əsərlər yaradılmışdır: S.Rüstəmovun süitaları, H.Xanməmmədovun orkestrlə və simfonik əsərlə tar üçün konserti, F.Əmirovun, A.Babayevin və başqalarının orkestrlə fortepiano üçün konserti bu əsərlərdəndir.

C.Cahangirov (“Füzuli” kantatası, “Sabirin xatirəsi” oratoriyası), R.Mustafayev və başqaları xor musiqisi sahəsində də ciddi fəaliyyət göstərmişlər. S.Rüstəmovun, T.Quliyevin, Z.Bağırovun, Q.Hüseynlinin, Ş.Axundovanın, Ə.Abbasovun, S.Ələsgərovun, habelə, gənc bəstəkarlardan R.Mustafayevin, P.Quliyevin, F.Quliyevanın, T.Hacıyevin, N.Məmmədovun və başqalarının mahnıları geniş şöhrət qazanmışdır.

M.Qasımlının qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyev milli incəsənətin inkişafına xüsusi qayğı göstərirdi. O, belə hesab edirdi ki, milli incəsənətin dirçəldilməsi və tərəqqisi xalqın özünüdərkində, özünə inam hissinin güclənməsində əsaslı rol oynayır.

Azərbaycan rəhbərinin incəsənətə qayğısı bir neçə istiqamətdə həyata keçirilirdi: incəsənət xadimlərinin yubileylərini keçirir, dövlətin orden və medalları ilə təltif olunmalarına nail olur, xatirələrini əbədiləşdirir, musiqi ocaqlarının yubileylərini qeyd edir, bəstəkarların qurultaylarında iştirak edərək nitq söyləyir, respublikanın partiya və dövlət adamlarını klassik Azərbaycan musiqisini dinləməyə çağırır, gənc istedadların üzə çıxarılmasından ötrü festivallar keçirir, Azərbaycan musiqisinin problemləri barədə mətbuatda geniş müzakirələr açdırır, aşıq musiqisini təbliğ edir və tanınmış aşıqların yubileylərini keçirir, milli musiqi mədəniyyətinin ölkə daxilində və xaricdə tanınması üçün səylər göstərirdi. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan incəsənəti respublikanın və ölkənin hüdudlarını aşaraq, dünyada daha geniş tanınmağa başladı.

Heydər Əliyev ziyalılarla söhbət edər, onların düşüncələrini, xalqın istəklərini öyrənər, suallar verər, sonra isə təhlil edərək, təkliflərini irəli sürər, real olaraq həyata keçirərdi.

Xarakterinə görə yaradıcı, qurucu və birləşdirici şəxsiyyət olan Heydər Əliyev milli incəsənətin inkişaf etdirilməsindən ötrü bəstəkarlar arasında normal yaradıcılıq mühitinin formalaşmasına çalışırdı. O, hələ 20-30-cu illərdən sovet orqanlarının bəstəkarlar arasında yaratdığı  intriqalar mühitinin aradan qaldırılmasına çalışırdı.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 14 aprel.- S.14.