“Dəli bir ağlamaq keçir könlümdən”

 

Aprelin 13-də Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə istedadlı telejurnalist Alı Mustafayevin 60 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Nizami rayon icra hakimiyyətinin nümayəndəsi, milli qəhrəman Alı Mustafayevin ailə üzvləri, hərbi jurnalist Şəmistan Nəzirli, tələbə yoldaşı Mirzə Hüseynoğlu, Bakı şəhər Kitabxanalar üzrə Direktorlar Şurası, Nizami rayon MKS-nin kollektivi, kitabxananın fəal oxucuları, Nizami rayon 272, 70, Xətai rayon 165 saylı orta məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MKS-in direktoru Ş.Qəmbərova açıb. O, Alı Mustafayevin professional jurnalistikada özünəməxsus yer tutduğunu, zəhmətsevərliyi, xüsusi ədəbi-bədii istedadı, güclü hissiyyatı ilə fərqləndiyini vurğulayaraq, diqqəti qələm sahibinin keçdiyi mənalı ömür yoluna və yaradıcılığına yönəlib: Onun başqa jurnalist həmkarlarından seçilən novatorluq keyfiyyətləri, ekstremal jurnalist olmağı, hələ ötən əsrin 70-90-cı illərində cəmiyyətdə böyük maraqla qarşılanmışdı. Qarabağ müharibəsi başlanan gündən Alı Mustafayev gördüyü zorakılıq və vəhşilikləri ifşa edirdi. Elə bəlkə də ona görədir ki, onun torpağa olan bu diqqəti Qarabağ torpağında da başa çatdı”.

Bundan başqa, tədbirdə Alı Mustafayevin keçdiyi həyat yolunu əks etdirən, geniş sərgi, şeirlərinə həsr olunmuş rəsm əsərləri, onun həyatı və jurnalist fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət slayt və videofilmlər nümayiş etdirilib. Tədbir iştirakçıları milli qəhrəman Alı Mustafayev haqqında geniş məlumat veriblər. Kiçik yaşlı oxucuların iştirakı ilə Alı Mustafayevin şeirləri və ona həsr olunmuş kompozisiya təqdim edilib. Tədbirin əsas məqsədi Azərbaycan xalqının igid və mərd oğullarını, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərini, vətən torpaqlarının müqəddəsliyini, doğma el-obaya bağlılığı, patriot duyğuları oxuculara çatdırmaqdan ibarət idi.

 

 

Zümrüd

 

          Səs.- 2012.- 14 aprel.- S. 12.