Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əlaqələr genişlənir

 

Azərbaycanda turizm sahəsində gedən dinamik proseslər bu sahənin inkişafını sürətləndirir. Yaşadığımız yüzilliyin əvvəlindən Azərbaycanda turizmlə bağlı aparılan islahatlar köklü surətdə dəyişikliklərlə nəticələndi. Bütün münasibətlərin tənzimlənməsi Avropa standartlarına, universal dünya standartlarına uyğunlaşdırıldı.

Azərbaycan 2001-ci ildə BMÜTT-yə üzv edildi və bu təşkilatın nizamnaməsinə uyğun onun Baş Assambleyasının və digər beynəlxalq təşkilatların qərarlarını tanıdı. QUAM, İƏT, QDİƏT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlər quruldu. Bütün bunlar, həm Azərbaycanın turizm sahəsində daha uğurlu addımlar atmağa, həm də turizm xidmətlərinin səviyyəsini qaldırmağa imkan  verdi. Ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycan turizm sənayesində böyük təcrübəsi olan dövlətlərlə əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərdi.

Turizm sənayesinin inkişafı üçün Azərbaycanın geniş imkanları müasir dövrdə dünyanın bir sıra dövlətləri ilə turizm sahəsində əməkdaşlığı daha da genişləndirdi. Beynəlxalq turların təşkili, konfrans və seminarlarda iştirak, eləcə də, ölkəmizdə bu və ya digər tədbirlərin keçirilməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə zəmin oldu. Bu proses bu gün də geniş bir sferada məqsədli şəkildə həyata keçirilməkdədir. Paytaxtımızda keçirilən ənənəvi AİTF beynəlxalq sərgisi turizm sahəsinin mütəxəssisləri üçün illik görüş yerinə çevrilməklə yanaşı, regionun bu sahədə əhəmiyyətli tədbirləri sırasındadır. Artıq ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır. Əgər bu tədbirin ilk dəfə başlandığı 2001-ci ildə sərgidə cəmi 5 ölkədən 20 şirkət iştirak etmişdisə, aprelin 12-də start görürən builki sərgidə dünyanın 32 ölkəsinin 200 şirkət və təşkilatı iştirak edir. Bu sərgidə Bolqarıstan, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Hindistan, Kipr, Ukraynanın Krım Muxtar Respublikası, Litva, Malayziya, Sloveniya, Türkiyə, Çexiya, Dubay Əmirliyi, Rusiyanın Stavropol, Xorvatiya kimi dövlətlər təmsil olunur. Onu da qeyd edək ki, bu sərgiyə maraq ilbəil artır. Hər il AİTF-in iştirakçılarının siyahısına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələri sırasındadır.  Bakıda keçirilən “AİTF 2012” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan ilə San Marino Respublikası arasında hökumətlərarası sazişin imzalanması əməkdaşlıq sahəsində növbəti addımdır. Azərbaycan San Marino Respublikası ilə əlaqələrin genişlənməsində maraqlıdır. Belə ki, bu sənəd San Marino  ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafına öz təsirini göstərəcək. San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi bu sənədin turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətli olduğunu bildirib. Onu da bildirək ki, San Marinonun kiçik dövlət olmasına baxmayaraq, böyük turizm potensialı vardır.

Bununla yanaşı, AİTF-2012 sərgisi çərçivəsində  Azərbaycan Respublikası ilə BMÜTT arasında  “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı konfransa dair sazişin imzalanması da beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq İpək Yolunun üzərində yerləşməsi bu layihənin həyata keçirilməsinin əhəmiyyətini daha da artırır. Sazişə əsasən, bu il sentyabrın 6-7-də Bakıda “İpək Yolunun dadı” adlı layihə reallaşacaqdır.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Dünya Turizm Təşkilatı (DTT) arasında kulinariya, mədəniyyət və turizm üzrə beynəlxalq konfransın təşkilinə dair də saziş beynəlxalq təşkilatla birgə həyata keçirilən ilk tədbirdir. Layihə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycana artan marağın təzahürüdür və ölkəmizin beynəlxalq aləmdə tanınması, Dünya Turizm Təşkilatı ilə əlaqələrimizin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sərgi Azərbaycana olan marağın daha da artmasına səbəb olacaq. Belə ki, təqdim olunan Azərbaycan ekspozisiyası sərgidə son illərdə ölkəmizdə bu sahədə baş vermiş müsbət inkişaf dinamikasını əks etdirir. Ölkəmizin stendinin milli motivlərlə zəngin olması Azərbaycanın bütün dünyada məşhur olan qonaqpərvərliyini əks etdirir. Azərbaycanın əlverişli, coğrafi mövqeyi, tarixi, iqlimi, zəngin mədəniyyəti turistlərin buraya səfər etməsinə yol açır.

    

 

Nəzakət ƏLƏDDİNQIZI

 

 Səs.- 2012.- 14 aprel.- S.6.