Azərbaycançılıq
və milli musiqi mədəniyyətimizin tarixi inkişaf mərhələləri:
XIX əsr və XX əsrin əvvəlləri
Azərbaycançılıq ideyaları qədim
dövrlərdən başlayaraq orta əsrlər, yeni
dövr, XIX-XXI əsrlərdə milli musiqi mədəniyyətimizdə
müxtəlif formalarda təbliğ olunmuş, öz təzahürünü
tapmışdır. Orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin
bir çox cəhətləri Nizami, Məhsəti, Nəsimi,
Füzuli və başqa Azərbaycan klassiklərinin əsərlərində
geniş şəkildə öz əksini tapmışdır.
Bu musiqi mədəniyyəti haqqında orta əsrlərin
görkəmli alimlərindən
İraqəddin Urməvinin, Əbdülqadir
Marağayinin, Nurəddin Marağayinin, Mirzə bəyin və
başqalarının musiqi traktatlarında verilmiş zəngin
məlumatlar musiqi elminə böyük töhfədir.
Milli musiqi mədəniyyəti dövrləşdirilməsi
ilə əlaqədar tədqiqatçı İnna
Semyonovanın fikirləri maraq doğurur: “Azərbaycan
musiqisinin inkişaf tarixində uzun illər mövcud olmuş
dövrləşdirmə müəyyən dərəcədə
rus-sovet mövqelərindən təkan alırdı. Bizə
elə gəlir ki, bu dövrləşmədə bəzi dəyişikliklər
edərək, onu bir qədər fərqli mövqedən şərh
etmək olar. Azərbaycan
musiqişünaslığında sabitləşmiş
münasibət adətən bütün musiqinin inqilaba qədərki
və inqilabdan sonrakı dövrlərə bölünməsi,
həmçinin, ictimai-siyasi hadisələrlə bağlı
olan ümumsovet bölümləri bizim fikrimizcə,
sünidir.
Azərbaycan xalqının incəsənətə,
tarixi kökləri ilə çox qədim zamanlara gedib
çıxır. Odlar Yurdunun çoxəsrlik tarixi-müstəqillik,
azadlıq və mədəniyyət uğrunda mübarizə
çoxəsrlik ənənələrə əsaslanır.
O, eyni zamanda, professional incəsənətin təşəkkülündə
əhəmiyyətli yeniliklərlə səciyyələnən
yeni dövrə- XIX əsrin axırı XX əsrin əvvəllərinə
gətirib çıxarır. Bu dövr Azərbaycanda musiqi mədəniyyətinin
inkişafında mühüm rol oynamaqla yanaşı, cəmiyyətin
iqtisadi, ictimai-siyasi, mənəvi həyatında ciddi və dərin
dəyişikliklərlə səciyyələnir.
Bakının tədricən
dünya miqyaslı sənaye mərkəzlərindən birinə
çevrilməsi milli mədəniyyət və incəsənətin
inkişafını şərtləndirirdi. Dünya ictimaiyyətinin
mütərəqqi ideyaları o dövrün Azərbaycan
ziyalılarına çox böyük təsir göstərmişdir.
M.F.Axundovun ardınca Azərbaycanın bədii və mədəni
həyatında maarifçi alim, pedaqoq Həsən bəy Zərdabi,
dramaturqlardan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf
bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Mirzə
Şəfi Vazeh, Cəlil Məmmədquluzadə kimi görkəmli
xadimlər və başqaları böyük rol
oynamışdır.”
Ümumən Azərbaycan
tarixində olduğu kimi, milli ideyaların yaranmasında, eləcə
də, milli musiqi mədəniyyətimizin inkişafında XIX
əsr xüsusi yer tutur. Sənətşünas Ə.İsazadənin
qeyd etdiyi kimi, Azərbaycan xalq melodiyalarının ilk not
fiksiyası XIX əsrdən başlanır. Bu musiqi haqqında
yeni elmi əsərlər də həmin dövrdən
yazılır. Bu proses həm də Zaqafqaziya xalqlarının
Rusiya ilə qarşılıqlı mədəni əlaqəsinin
genişlənməsi istiqamətində gedir. Belə ki, Azərbaycan
xalq musiqisinin not yazısı nümunələri xüsusilə
“Asiya musiqi jurnalında”, “Fars xalq poeziyası nümunələri”
kitabında, “Kafkaz” qəzetində, “İllüstrasiya”
adlı jurnalda və “Qafqaz xalqlarını və ərazisini
təsvir edən materiallar” məcmuələrində rast gəlinir.
Görkəmli Azərbaycan
maarifçi Həsən bəy Zərdabi tərəfindən
nəşr edilmiş “Türk nəğmələri” məcmuəsi
də olduqca maraqlıdır. Azərbaycan xalqının
qabaqcıl mədəniyyətə qovuşmasında
mahnının tərbiyəvi roluna həsr edilmiş bir
sıra qəzet məqalələri də məhz ona məxsusdur.
“Bizim nəğmələrimiz” məqaləsində o
yazır: “Bizim Qafqaz müsəlmanlarına heç bir
yazı və dil ilə deyilən söz o qədər əsər
etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus
nəğmələr ki, xoş sövt ilə oxunur.”
Bu məcmuəyə səkkiz
mahnı daxildir. Mahnıların mətni kütləvi xalq
mahnılarından götürülmüşdür. Məzmundan
göründüyü kimi, mahnılar üçün mətnlər
seçilməsində H.Zərdabini bədiilikdən daha
çox, sözlərin mənası maraqlandırırdı.
Bu, onunla izah edilir ki, həmin mahnılar uşağın
qavraya bilməsi üçün nəzərdə tutulmuşdur.
Bütün məcmuəni iki
hissəyə bölmək olar. Mətnin birinci hissəsi məktəblərin
bilik mənbəyi haqqında, ikinci hissəsi isə elmin və
biliyin tərifinə həsr edilmişdir. Elə bir elmin ki,
xalqı oyatmaq, onu qaranlıqdan işığa
çıxarmaq, azadlıq və xoşbəxtliyin yoluna
görə xalq mahnı yaradıcılığı ilə
ümumilik təşkil edirlər.
Şagirdlərin diqqətini cəlb etmək və onların
hafizəsində dərin iz buraxmaq üçün bəzi mətnlərdə
bu və ya başqa fikir, məna vurğu halında xüsusi nəzərə
çatdırılır. Empirik yolla ifa olunan bu
mahnıların not yazısı olmadığından
onların musiqisindən danışmağın
qeyri-mümkünlüyünə baxmayaraq, həmin məcmuənin
əhəmiyyəti çox böyükdür. O, elə bir
tarixi sənəddir ki, orada böyük maarifçinin Azərbaycanın
musiqi mədəniyyətinə olan münasibəti parlaq surətdə
əks olunmuşdur. İnna Semyenova Azərbaycan musiqi mədəniyyətinin
inkişafında XIX əsri “yeni mərhələ kimi səciyyələndirmişdir.
Öz inkişaf tarixində Azərbaycan musiqi mədəniyyəti artıq
1873-cü ildə yeni mərhələyə qədəm
qoyur. Məhz bu ildə ilk dram teatrı açılır. Bu
milli musiqi teatrının, xüsusilə, operanın
yaranmasında müəyyən əhəmiyyətə malik
hadisə idi.
Dramatik tamaşalarda musiqinin oynadığı rol da bunu
sübut edir. Bu dövrdə ifaçılıq mədəniyyəti
daha böyük əhəmiyyətə malik idi. Məhz bu illərdə
Bakıya görkəmli ifaçılar-F.Şalyapin, L.Sobinov,
həmçinin, bəstəkar S.Raxmaninov qastrol səfərinə
gəlir. XIX əsrin axırı - XX əsrin əvvəllərində
Azərbaycanda simfonik musiqi mədəniyyəti yaranma
başlayır. Simfonik ifaçılıq Bakıda məhz
maarifçilik fəaliyyətinin deyil, həm də Azərbaycan
musiqi mədəniyyətinin mühüm inkişaf
formalarından biri idi. Azərbaycanda
peşəkar musiqi yaradıcılığının təşəkkülündə
Şərq konsertləri də böyük əhəmiyyətə
malik idi. Bakının musiqi həyatının
inkişafında kamera konsertləri də böyük rol
oynamışdır.
Azərbaycan mədəniyyətinin inkişafında
1936-cı il yeni tarixi mərhələnin
başlanğıcıdır. 1980-ci il yanvarın 25-də
Tağıyev teatrının səhnəsində ilk milli opera
“Leyli və Məcnun” tamaşaya qoyulmuşdur. Bu gün milli
operanın, eləcə də, bəstəkar yaradıcılığının
yarandığı gün hesab olunur. Operanın dərin təhlili,
ona yeni tarixi mövqelərdən baxış Azərbaycan
musiqi mədəniyyətinin mövcud dövrləşdirilməsinə
də yenidən baxmaq imkanı verir. Əsrin əvvəllərində
Ü.Hacıbəyov tərəfindən yaranmış opera ənənəsi
1920-ci ilə qədərki (yəni Azərbaycanda Sovet
hökumətinin qurulması ilinə qədər) dövrə
hazırlıq mərhələsi kimi baxılması
mövqeyinin əsaslı surətdə dəyişdirir. Musiqi
inkişafının tarixi prosesinin ümumi mənzərəsinə
üzvi surətdə daxil olan bu mərhələ Azərbaycanın
mənəvi həyatında, bizim üçün isə əsas
olan musiqi mədəniyyətində mühüm mərhələdir.
Bu faktlar musiqi fəaliyyətinin yeni kütləvi dəyişiklikləri,
musiqi təhsilinin ilk ocaqları, folkloristikanın
yaranmasını şərtləndirmiş ictimai-siyasi fəallıq
ilə təsdiq olunur. Azərbaycan musiqisinin tarixində
mühüm mərhələ olan əsrin əvvəlləri,
o cümlədən, bir sıra yeni janr və formaların mənimsənilməsi,
ifaçılıq sənətinin intensiv inkişafı ilə
səciyyələnən 23-33-cü illərdən bu vaxta qədər
ən az tədqiq edilmiş sahələrdən biridir.
Əlimizdə olan mənbələrdən məlum olur
ki, 20-30-cu illərdə Bakı keçmiş ittifaqın
konsert həyatında xüsusi
zənginliyi, rəngarəngliyi ilə seçilən
milli musiqi sahəsində ifaçılığın fəallaşması,
digər tərəfdən isə dinləyicilər
arasında klassik musiqinin çətin sahəsində işlərin
intensivləşməsi- o dövrün mühüm
tendensiyası idi. Azərbaycan musiqisinin 20-ci illərdə əsaslı
dəyişikliklərə məruz qalması da, yeni cizgilərlə
hələ XIX əsrin sonundan
başlayan, mövcud olan ənənələrinə əsaslanan
simfonik və kamera ifaçılığı
inkişafını davam etdirir. Bu illərdə dinləyicilər
arasında maarifçilik musiqisi özünəməxsus
formaları ilə səciyyələnir: konsert-mitinqlər, təbliğat
konsertləri, fəhlə, əsgər auditoriyasında
konsertlə təşkil edilir. Beləliklə də, yeni əsrin
20-ci illəri Azərbaycan mədəniyyəti tarixində
obyektiv səbəblərlə özünəməxsus yeni mərhələdir.
Deyildiyi kimi, 1908-ci il milli operanın yaranması ilə əlamətdar
oldu. 1936-cı ildə “Molla Nəsrəddin” jurnalı
çapdan çıxdı, dram teatrı isə 1883-cü ildə yaranmışdı.
1901-ci ildə Bakı da RMC-nin şöbəsinin
açılışı ilə konsert həyatı xeyli
canlanır.
XX əsrin əvəllərində azərbaycançılıq
ideyalarının, xalqın milli birliyinin təşəkkülündə
mühüm rol oynayan milli maraqlar yarandı. A.Bayramoğlu
1999-cu il sentyabrın 24-də “Ədəbiyyat qəzeti”ndə
“Yusif Vəzir Çəmənzəminlinin çağırışına
Üzeyir bəyin cavabı, yaxud “Milli Marş” haqqında məqaləsində
göstərilir ki, 1971-ci il dekabrın 17-də “Açıq
söz” qəzetində görkəmli yazıçı və
ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin çap
etdirdiyi “Zəruri məsələlər” adlı
yazısı və həmin məqaləyə cavab olaraq dahi
Üzeyir Hacıbəyovun “Açıq söz” qəzetinin 22
dekabr 1971-ci il tarixli sayında dərc olunmuş “Milli marş”
adlı çox qiymətli məqaləsi xüsusilə diqqəti
cəlb edir. O illərdə
Yusif Vəzir Çəmənzəminli milli istiqlal mübarizəsində
xalqın vətənpərvərlik və qəhrəmanlıq
duyğularını yüksəldən, onu istiqlala, müstəqilliyə,
azadlığa səsləyə bilən milli marşlara olan
böyük ehtiyacdan danışarkən “Zəruri məsələlər”
məqaləsinin “Milli şərqi” bölümündə
yazırdı: “Hər bir millətin özünəməxsus
bir milli nəğməsi var. O nəğmə oxunduqda, millət
fərqlərinin ruhu ucalır. Mübarizə edib öz
xalqını mühafizə etmək xahişi artır. Bizimsə
bu nəğməmiz yoxdur.
Göründüyü kimi, Yusif Vəzir burada Azərbaycan
xalqını milli birliyə, Vətənin və millətin
taleyi üçün mübarizəyə, qəhrəmanlığa
səsləyən milli marşların yaradılması vəzifəsinin
şairlərin, ilk növbədə, bəstəkar Üzeyir
Hacıbəyovun üzərinə düşdüyünü
xüsusi vurğulayaraq, fikrinə belə yekun vururdu: “Bizə
milli şərqi lazımdır. Bu da saatın məsələsidir.
Milli şərqi bizim yatmış milli hisslərimizi oyadar. Bu
şərtlə məzmunu və havası ayıq olsun,
oxunduqda “Segah” kimi ruhumuzu boşaltmasın. Milli şərqi əmələ
gətirmək üçün şairlərimiz və
musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları
çalışmalıdırlar.”
Çox maraqlıdır ki, Yusif Vəzirin
qaldırdığı bir taleyüklü məsələ-milli
marş yaratmaq zəruriyyəti dahi Üzeyir Hacıbəyovun
diqqətini cəlb edir və ona dərhal cavab verir. Azərbaycan
xalqının milli iftixarı Üzeyir bəy “Milli marş” məqaləsində
milli marşın-milli himnin yaradılmasının
xalqımız üçün əhəmiyyətindən
danışaraq yazırdı: “Möhtərəm
“Açıq söz”ün keçən nömrəsində
Yusif Vəzirov əfəndi “Milli şərqi” lüzumunda bəhslə
əzcümlə mana dəxi müraciət etmişdi. Əlbəttə,
hər bir millətin milli marşları və himnləri
vardır və bu növ nəğmələrin həyatı-milliliyə
üzərindəki gözəl təsirləri sübut
edilmiş bir həqiqətdir. Baxuz bu zamanda bizim dəxi buna
böyük ehtiyacımız vardır. Milli bir qəsidə
(himnə qəsidə desək, şərqi sözündən
daha düz olar) yazmaq haqqında bən bir müddətdir ki,
çalışaram. Hələlik, bir milli marş
yazmışam ki, sözlərini burada dərc etməgi
lüzumsuz bilmədim.”
Üzeyir Hacıbəyovun hələ 1917-ci ilin
sonlarında sözlərini və musiqisini yazdığı,
həmin il dekabrın 23-də H.Z.Tağıyev teatrında
özünün məşhur “O olmasın, bu olsun” əsərinin
tamaşasından əvvəl orkestr tərəfindən ifa
edilmiş “Mili marş”ın, sonralar elmi ədəbiyyatda “Azərbaycan
milli marşı” adı ilə tanındı.
Bu iki əsərin Türkiyədə məşhur
olması haqqında Misir Mərdanov və Əsgər Quliyev
yazırlar: “Fikrimizcə, Üzeyir Hacıbəyovun
yaratdığı hər iki marş görünür, ilk
olaraq, tanınmış türk bəstəkarı Osman Zəki
Üngörün əlinə düşmüş, uzun illər
onun şəxsi arxivində qorunub saxlanmış, nəhayət,
onun yaxın qohumu (hələlik, bu münasibəti tam
aydınlaşdırmaq mümkün olmadı). Etem Üngör tərəfindən
dahi Üzeyir bəyin ölümündən (1948) xeyli sonra
(1966) Ankarada çap edilmiş, bununla da Azərbaycan musiqi mədəniyyətinin
iki nadir incisi, böyük bəstəkarımızın iki
tarixi əsəri uzun ayrılıqdan sonra yenidən xalqımıza
qaytarılmışdır. Bu da maraqlıdır ki,
Cümhuriyyət illərində Üzeyir bəy Türkiyədə
də görkəmli musiqişünas kimi tanınırdı.
Onun Əhməd Cavadın Birinci Dünya müharibəsi illərində
yazdığı “Çırpınırdı Qara dəniz,
baxıb türkün bayrağına!.. misraları ilə başlanan
məşhur şeirinə 1918-ci ildə bəstələdiyi
mahnı Türkiyədə o zaman da, indi də dillər əzbəridir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 17 aprel.- S. 12.