Bakı qonaqları qarşılamağa hazırdır

 

Ölkəmizin sosial-iqtisadi inkişaf potensialının getdikcə daha da artması həm paytaxt Bakının, həm də digər bölgələrin, regionların mənzərəsini əhəmiyyətli dərəcədə dəyişir. Bu gün paytaxtda və bölgələrdə sosial-iqtisadi infrastruktur yenidən qurulur, çəkilən yollar, tikilən böyük, çoxmənzilli yaşayış evləri, xidmət, iaşə obyektləri, enerji, su təchizatının bir qədər də yaxşılaşdırılması əhalinin rifahını, güzəranını yüksəldir. Bəlli olduğu kimi, Azərbaycanın bütün bölgələrinin, regionlarının, eyni zamanda, paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı bir sıra mühüm dövlət proqramları, strateji xarakterli inkişaf konsepsiyaları qəbul edilir və uğurla icra olunur. 

Bəlli olduğu kimi, Bakı və ətraf qəsəbələrin inkişaf etdirilməsi ilə bağlı 2009-2013-cü illəri əhatə edən ayrıca Dövlət Proqramı qəbul edilib. Bu proqramın icrası çərçivəsində Bakının su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, xidmət infrastrukturu nəzərəçarpacaq dərəcədə genişlənib, müvafiq göstəricilər keyfiyyət meyarları baxımından, ən yüksək tələblərə cavab verir. Azərbaycanı “Eurovision-2011”-də müvəffəqiyyətlə təmsil edən Nigar Camal - Eldar Qasımov duetinin birincilik qazanmasından sonra Bakıda həyata keçirilən abadlaşdırma, yenidənqurma tədbirləri daha geniş vüsət alıb. Belə ki, ötən bir il ərzində “Eurovision-2012”-yə ev sahibliyi etməyə hazırlaşan Bakının siması daha da gözəlləşib. Tikilib istifadəyə verilən müasir obyektlər, otellər, 10 minlərlə qonağı qarşılamaq üçün görülən hazırlıq Xəzər sahilində ən böyük şəhər olan Bakını bu dəfə Avropanın mədəniyyət mərkəzinə çevirib.

Qeyd edək ki, paytaxtın abadlaşdırılması 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan mühüm məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 2009-2013-cü illəri əhatə edən müvafiq proqram isə Bakıda mühüm fəaliyyət sahələrinin, xidmət sferasının, sosial infrastrukturun yenidən qurulmasını əhatə edir. Bu Proqramın icrası nəticəsində paytaxtımız dizayn, üslub, arxitektura baxımından, ən modern, müasir şəhərlərlə rəqabət apara biləcək səviyyəyə çatıb. Bu mənada, hazırkı Proqram paytaxtımızı dünyanın sivil ölkələrindən birinə çevirmək məqsədi daşıyır. Artıq bu istiqamətdə vacib və zəruri iş planları həyata keçirilir, Bakının Baş Planı hazırlanır, şəhərin inanılmaz dərəcədə gözəlləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir.

Paytaxtımız elə böyük sürətlə yenilənir, dəyişir, inkişaf edir ki, cəmi bir neçə ay Bakıda olmayanlar yenidən paytaxta dönəndə, onu az qala, tanıya bilmirlər.  Sözün həqiqi mənasında, Bakı son illər əsrarəngiz bir möhtəşəmlik libası geyinib. Salınan müasir, geniş və keyfiyyətli yollar, tikilən xidmət obyektləri, genişləndirilən ərazilər, gülüstana çevrilən park və istirahət guşələri, daha neçə-neçə xidmət müəssisələri Bakını canlı salnaməyə çevirir, dəyəri milyardlarla dollar vəsaitlə ölçülən canlı bir tablo təsiri bağışlamasına zəmin yaradır.

Paytaxt Bakı iyirmi il əvvəlin Bakısından müasir görünüşü, keyfiyyətli xidmət infrastrukturu ilə əhəmiyyətli dərəcədə fərqlənir. Şəhərin istənilən yerində son dərəcə müasir işlər görülür, yeni hündürmərtəbəli binalar - göydələnlər tikilir. Göy Xəzərin mavi sularını nura qərq edən Bakı artıq dünya ölkələrinin diqqət mərkəzindədir və hər gün, demək olar ki, şəhərimizə yüzlərlə, minlərlə turist təşrif buyurur.

Görülən quruculuq-abadlıq tədbirləri sayəsində Bakı şəhəri gözəllik kəhkəşanında tayı-bərabəri olmayan bir məkan təsiri bağışlayır. Ölkə rəhbərinin şəhərin abadlaşdırılması istiqamətində verdiyi sərəncamlar öz müdhiş nəticələrini verməkdə davam edir.

Bakıda köhnə yaşayış sahələrinin müasir görkəmli binalarla, yeni yaşayış massivləri ilə əvəz olunması şəhərimizdə abadlıq işlərinin geniş vəsət aldığını təsdiqləyir. Bu zaman paytaxt sakinlərinin daha müasir evlərlə təmin olunması, məskunlaşdıqları ərazilərdə isə müasir standartlara uyğun hündür və yaraşıqlı binalar tikilməsi bir faktor olaraq quruculuq işinin sivil zərurətidir. Bu zərurət gələcək illərdə də paytaxtın baş planında öz təsdiqini tapacaqdır.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müxtəlif istiqamətlərdə fəvvarələrin tikilməsi də davam etdirilir. Park və xiyabanların, prospekt və küçələrin yenidən qurulması, təmiri işləri də bu prosesin tərkib hissəsi kimi özünü göstərir.

Paytaxtda tarixi əhəmiyyətli binaların dam örtüklərinin və fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması işləri də dövlətin qarşısında duran əsas məsələlərdən hesab olunur.

Prezident İlham Əliyevin Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında göstərilir ki, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işləri davamlı xarakter almalıdır. Bu səbəbdən son illər ölkəmizin paytaxtı Bakı şəhərində genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri davamlı xarakter alıb və məqsədyönlü, sistemli şəkildə həyata keçirilir.

Dövlət başçısının tez-tez paytaxt Bakıda aparılan abadlıq işləri və yolların tikintisi ilə tanış olması, görülən işlərlə ciddi maraqlanması həm cavabdeh şəxslərin məsuliyyət hissini, görülən işlərin keyfiyyətini artırır, həm də paytaxtın daha da gözəlləşməsinə səbəb olur. Nəticə etibarilə, Bakı şəhərinin əsas magistrallarından biri olan Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri bu yolda avtomobillərin rahat və sürətli hərəkətinə imkan yaradılmasına, tıxacların aradan qaldırılmasına, piyadaların təhlükəsizliyinin təmin edilməsinə imkan verib. Burada görülən genişmiqyaslı işlər ən müasir standartlara cavab verir. Bu da şəhərin abadlaşdırılması və mümkün resursların yenidənqurma işlərinə cəlb edilməsi faktı ilə təzahür edir.

Bakının simvolu sayılan Qız Qalasında, Şirvanşahlar sarayında, İçərişəhərdə, sahilətrafı ərazilərdə, ictimaisosial obyektlərdə, teatr binalarında, fərdi evlərdə və s. aparılmış abadlıq işləri günün reallıqlarına söykənməklə, ənənə, tarixi-mədəni irsimizlə müasir dəyərlərimiz arasında özünəməxsus harmoniya, sintez yaradır.

Ümumilikdə, abadlıq və quruculuq işləri hazırda yalnız paytaxt Bakıda deyil, bütün Azərbaycanda geniş vüsət alıb. Paytaxtın kənd və qəsəbələrində həyata keçirilən yenidənqurma işləri, tikilən və qurulan yeni infrastruktur isə abadlaşma faktorunu özündə birmənalı ehtiva edir.

 

 

Ədilə Ağayeva,

BDU-nun V kurs tələbəsi

 

 Səs.- 2012.- 17 aprel.- S. 5.