Azərbaycançılıq
və milli musiqi folkloru
Azərbaycançılıq milli musiqi folklorunda təzahür
edir. Azərbaycan
musiqi folkloru dedikdə, xalqımızın
yaratdığı əmək, epik, məişət, qəhrəmanlıq,
lirik və satirik mahnılar, rəqs melodiyaları və eləcə
də, sintetik aşıq yaradıcılığı,
emosional-obrazlı məzmunu ilə fərqlənən klassik
muğam sənəti nəzərdə tutulur. Azərbaycan
musiqi folklorunun yaranmasında mahir xalq müğənniləri,
aşıq və xanəndələr, xalq musiqisi
ifaçıları əsas rol oynamışlar. Ümumxalq
incəsənətinin formalaşmasında mühüm rol
oynamış bu görkəmli sənətkarlar xalq
arasında milli ideyaların təbliğatçısı və
tərənnümçüləri kimi də
çıxış etmişlər. Böyük Azərbaycan
bəstəkarı Fikrət Əmirov musiqinin tərbiyə
vasitəsi olduğunu qeyd edirdi: “Musiqini sevməyən adam
tapılmaz. Xususilə, gənclik dövründə musiqini
dinləməyə böyük həvəs oyanır və
bu, olduqca təbii bir haldır. Lakin bəzi adamlar musiqiyə
bir əyləncə vasitəsi kimi baxırlar. Bu, qətiyyən
düz deyildir. Musiqi yalnız əyləndirmir. O, xəyalları
coşduran, fikirlərə qanad verən ən yüksək
duyğularla insanın qəlbini fəth edir. Görkəmli sənətkarlar
həmişə öz əsərlərində bəşəri
hissləri, dövrün, həyatın mühüm və
ciddi məsələlərinə cavab verən böyük
ideyaları tərənnüm etmişlər. Məhz
uşaqları, yeniyetmələri və gəncləri elə
tərbiyə etmək lazımdır ki, musiqi onların həyatından
ayrı olmasın: həyata, mübarizəyə səsləsin,
çətin anlarda bir kömək vasitəsinə
çevrilsin. Bir sözlə, bizim yeni nəsli yüksək
zövqlü, nəcib ruhlu adamlar kimi yetişdirməkdə
musiqinin müstəsna rolundan geniş istifadə etmək
lazımdır”.
Ə.İsazadə xanəndələrin
Azərbaycan musiqi folklorunun inkişafında mühüm rol
oynadığını xüsusi qeyd edir: “Onların Azərbaycan
xalq mahnı yaradıcılığının - mərasim, əmək,
məişət, lirik, qəhrəmanlıq, yumoristik, satirik və
s. müxtəlif nümunələrinin qorunub
saxlanılmasında və kütlələr içərisində
yayılmasında böyük xidmətləri olmuşdur. Xalq
müğənnilərinin bir çoxu el
mahnılarını ifa etmək və onları ideya-bədii
baxımdan zənginləşdirməklə yanaşı, məişətdə,
zavod və fabriklərdə, əkinçilikdə və
pambıqçılıqda kommunist əməyinə həsr
edilən yeni gözəl mahnılar da yaratdılar.
Bütün bu mahnılar, hər şeydən əvvəl,
öz ideya-emosional məzmununa və
obrazlılığına, şən əhvali-ruhiyyəsinə
və gələcəyə nikbin baxışlarına görə
fərqlənir. Burada kütlələrin müasir hadisələrə
canlı münasibəti, yüksək yaradıcılıq fəallığı
öz ifadəsini tapır”
Sovet hakimiyyəti illərində
Azərbaycanda bir sıra məcmuələrdə musiqi folkloru
toplanmışdır. Bakıda 20-ci illərdə “Nəğmə
kitabçası” 1927-ci ildə “Azərbaycan türk xalq
mahnıları”, həmin ildə “Azərbaycan rəqs
havaları”, 1936-cı ildə “Rast”, “Zabul” və “Dügah” dəstgahlarının,
həmin ildə “50 Azərbaycan xalq mahnısı”, 1938-ci ildə
“Azərbaycan aşıq mahnıları”, 1954-cü ildə
“Azərbaycan xalq mahnıları” məcmuələri
çapdan çıxdı. Bu cür məcmuələr sonralar da yenidən
nəşr olunmaqdadır və bu proses bugünədək
davam etdirilir.
Bu illərdə yeni
mahnıların ifası ilə yanaşı, qədim tarixi
mahnılar da geniş surətdə oxunurdu. Bu mahnıların
ifası zamanı onların mətni çox vaxt müasir həyat
hadisələrini əks etdirirdi. Mətnin dəyişilməsi,
əsasən, onunla izah edilir ki, xalq sənəti sahəsində
hər hansı tarixi mahnıların yaranmasına səbəb
olan hadisələr sonra gələn nəsil tərəfindən
yaddan çıxırdı, melodiya ifaçıların yeni
nəsli tərəfindən yenidən dərk edilərək,
sanki yeni inkişaf dövrü keçirirdi.
B.V.Asafyevin qeyd etdiyi kimi, “Bu,
musiqi düşüncəsinin, şübhəsiz,
artmasına dəlalət edir: musiqi xalqın hiss və
düşüncəsinin ifadəçisi olur, o yüksək
ideya-sintetik mərhələyə keçir.
Öz-özlüyündə təbiidir ki, bununla
yanaşı, əvvəlki ifadə forması onun
üçün darısqal olur”.
Qeyd etmək lazımdır ki,
mahnı-folklor janrındakı bu transformasiya prosesi Azərbaycan
xalq musiqi mədəniyyəti
üçün səciyyəvi hal idi.
Ə.İsazadə yazır ki,
Azərbaycan musiqi folklorunun öyrənilməsində bədii
özfəaliyyət kollektivlərinin fəaliyyəti zəngin
mənbədir. Onlar cəmiyyətin mənəvi həyatının
tərkib hissəsi olmaqla, adamların ideya-estetik
formalaşmasında zəruri amillərdən biridir. Xalq
istedadları olimpiadalarda, müsabiqələrdə,
festivallarda çıxış edərək xalq
yaradıcılığının ayrı-ayrı növləri
və janrlarının inkişafını nümayiş
etdirir, onun repertuarını zənginləşdirir, özfəaliyyət
sənətinin ideya-bədii səviyyəsini yüksəldirlər.
İstedadların iki turdan ibarət
böyük təntənəli baxışı
respublikanın bütün rayon və şəhərlərində
keçirilmişdir. Burada milyondan artıq adam iştirak
etmişdir. Bu baxışda “Sən bizim mahnımız oldun,
yoldaş fəhlə”, “Oxu, tar”, “Çal-oyna” və başqa
müsabiqələr aparıcı rol oynayırdı.
Festivala hazırlıq və
onun keçirilməsi dövründə xalq incəsənətinin
bütün növləri geniş yayılmış, mindən
çox yeni kollektiv yaranmışdır. Burada xüsusilə
Salyan rayonundakı milli nəfəsli alətlər orkestrinin,
“Cəngi” folklor ansamblının adını xüsusi qeyd etmək
lazımdır. “Cəngi” ansamblında hər şey qeyri-adi,
orijinaldır.
Özfəaliyyət artistlərinin
repertuarı və ümumiyyətlə, onların yenidən bərpa
edib çaldığı bir çox qədim musiqi alətləri
özünəməxsus nadir keyfiyyətlərə malikdir.
Xalq rəqs və mahnı melodiyaları həvəskarların
ifasında yeni səpkidə səslənirdi. “El
yallısı”, “Bahar”, “Şüştər rəngi”, “Tello”,
eləcə də, Azərbaycan musiqi folklorunun bir çox
başqa nümunələri özfəaliyyət artistlərinin
səyi ilə dinləyicilər üçün ənənəvi
ifada yenidən canlanmışdı.
Azərbaycan musiqisinə olan
böyük marağı ilk qrammofon yazılarından da
görmək olar. Burada Azərbaycan musiqi folklorunun
çoxsaylı nümunələri “Qrammofon”, “Sport-rekord” və
“Ekstrafon” səhmdarlar cəmiyyəti tərəfindən məşhur
müğənni və çalğıçıların
ifasında istehsal edilirdi.
Bütün bu işlərin və
yazıların əhəmiyyətini azaltmayaraq qeyd etmək
lazımdır ki, XIX əsrin ikinci yarısında Azərbaycan
xalq musiqi yaradıcılığının tədqiq və təbliği
qeyri-mütəşəkkil şəkildə,
ayrı-ayrı şəxslərin və xüsusi
sahibkarların təşəbbüsü ilə
keçirilirdi. Xalq musiqisinin hərtərəfli və
müntəzəm öyrənilməsi Azərbaycanda Sovet
hakimiyyətinin qurulması ilə başlanır. Bu dövrdə
SSRİ xalqlarının milli mədəniyyətinin əsil
inkişafı üçün bütün şərait
yaranmışdır. Musiqi sənəti, o cümlədən,
xalq yaradıcılığı haqqında əsil
qayğını Sovet Azərbaycanının mövcud
olduğu ilk günlərdən respublika hökumətinin qəbul
etdiyi dekret və qərarlardan görmək olar.
Azərbaycan musiqi mədəniyyətinin
xarakterinə, istiqamətinə, genişliyinə, inkişaf
sürətinə təsir edən həlledici amillərdən
biri də Bakı şəhərinin gözəl inqilabi ənənələrə
malik olmasıdır. Doğma musiqinin və dünya musiqi mədəniyyətinin
zəngin sərvətlərinə qovuşmaq, bu sərvətləri
dərk etmək və mənimsəmək səyi mədəni
inqilab vəzifələrinin həllini asanlaşdırır və
sürətləndirirdi. Yeni sovet dinləyicisi və tamaşaçısı
musiqiyə ciddi, böyük maraqla, yüksək tələbkarlıqla
yanaşır və bunu mühüm mədəni-tərbiyəvi
iş hesab edirdi.
Bütün bunlar musiqi xadimlərinin
dünyagörüşünə öz təsirini göstərməyə
bilməzdi. Bu sosial-mədəni proseslər incəsənət
xadimlərini tərbiyələndirir və onların maarifləndirici
fəaliyyətində məsuliyyəti artırırdı.
Artıq iyirminci illərdə
Ü.Hacıbəyovun, M.Maqomayevin və Z.Hacıbəyovun
dövri mətbuatda çap olunmuş məqalələri
xalqda böyük maraq oyadırdı. Bu məqalələrdə
Azərbaycan xalq musiqisinin milli xüsusiyyətlərinin
geniş öyrənilməsi, professsional bəstəkar
yaradıcılığında musiqi folklorunun əhəmiyyəti
məsələsi irəli sürülürdü.
Ü.Hacıbəyov “Azərbaycanda
musiqi-maarif məsələləri” məqaləsində bu
haqda yazır: “Bu istiqamətdə olan ciddi və vicdanlı
iş (Azərbaycan musiqi folklorunun öyrənilməsinə
dair-Ə.İ.), şübhəsiz, ona gətirib
çıxaracaq ki, Avropa musiqisi ilə yanaşı, Şərq
musiqisi özünə layiq şərəfli yer tutacaq və
bütün bəşəriyyətin inkişafına köməklik
göstərən qüdrətli amillərdən birinə
çevriləcəkdir”.
Xalq musiqisi həmişə
Ü.Hacıbəyovun diqqət mərkəzində
olmuşdur. Xalq musiqisinə və bu musiqinin inkişaf problemlərinə
daim maraq göstərməsi böyük bəstəkarın
xalq yaradıcılığına dərin məhəbbətinin
ifadəsidir. Bu məhəbbət onun qəlbində hələ
Şuşada uşaq yaşlarında yaranmışdır.
Xalq musiqisi Ü.Hacıboyovun
özünün də yaradıcılığında
böyük əhəmiyyət kəsb edirdi. Bu, bəstəkarın
yaşadığı inqilabi-tarixi dövrlə şərtlənirdi.
Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəlindəki
sosial-mədəni oyanma, mütərəqqi ideyaların tərəqqisi
və milli şüurun inkişafı qabaqcıl
ziyalılarda xalq yaradıcılığına yüksək
maraq oyadırdı.
Ü.Hacıbəyov və
M.Maqomayev musiqi folklorunu hələ Qori seminariyasında
oxuduqları illərdə nota salıb, toplamağa və
öyrənməyə başlamışdılar. Bu barədə
onların Azərbaycan xalq mahnılarını ilk dəfə
nota yazmış olduqları musiqi albomları məlumat verir.
Bu işlə onlar iyirminci illərdə daha geniş məşğul
olmuşlar. Ü.Hacıbəyov Azərbaycan xalq musiqisinin əsaslarını
öyrənməyə başlayır. M.Maqomayev isə xalq
mahnı və rəqslərinin melodiyalarını nota
köçürür. Öz ilk müşahidələrini
onlar “Azərbaycan türk xalq mahnıları” məcmuəsində
əks etdirirlər.
Bu, o zaman idi ki, xalq musiqi
yaradıcılığının toplanması və öyrənilməsi
zəruriliyi kəskin forma almışdı. Sovet musiqisinin xəlqilik
və realizm yolu ilə inkişaf etdiyi şəraitdə
folklora olan maraq da tədricən elmi xarakter almağa
başlayırdı. M.Maqomayev yazırdı: “Xalq mahnı
yaradıcılığının toplanılması və
öyrənilməsinə xüsusi əhəmiyyət vermək
lazımdır. Bu məsələ bizdə hələ
donmuş nöqtədən düşmür. Bununla
yanaşı, türk (Azərbaycan - Ə.İ.)
harmoniyasının üzə çıxması, demək
olar ki, bütünlüklə bu işdən
asılıdır”.
Bu məsələ
Ü.Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları”
əsərində daha geniş və dərin surətdə irəli
sürülmüşdü: “Azərbaycan məqamlarının
müntəzəm sistemi və melodiyalar əmələ gətirməyin
ciddi qanunları çoxsəsli musiqi yaranmasına nəinki
mane olur, əksinə, bunlar quru cansız qammalar əsasında
(Matteson tərəfindən dəfn edilmiş qammalar) deyil, Azərbaycan
xalq musiqisinin canlı və həyati məqamları əsasında
böyük formalı, çoxsəsli musiqi əsərləri
üçün möhkəm bir bünövrədir”.
“Azərbaycan türk xalq
mahnıları” məcmuəsi Böyük Oktyabr sosialist
inqilabının 10 illiyinə həsr edilmişdir. Məcmuəyə
Ü.Hacıbəyov və M.Maqomayev tərəfindən
yazılmış xalq mahnıları daxil edilmişdir. Bu məcmuə
Azərbaycan musiqi folklorunun ilk nəşri idi. Məcmuəyə
daxil olan 33 mahnıdan ikisini Ü.Hacıbəyov özü bəstələmiş,
19 mahnı Azərbaycan musiqisinin gözəl bilicisi, xanəndə
Cabbar Qaryağdı oğlunun ifasında nota
salınmışdır. Qalan mahnıları isə
Zülfüqar Hacıbəyov toplamış, Ü.Hacıbəyov
ilə M.Maqomayev nota salmışlar. Məcmuədə xalq
mahnılarının ən müxtəlif növləri - əmək
və məişət, rəqs və lirik mahnılar
vardır. Onlardan bir hissəsi təksəsli verilmiş,
çoxu isə Ü.Hacıbəyov və M.Maqomayev tərəfindən
işlənib harmonizə edilmişdir. Bu işləmələr
xalq yaradıcı təfəkkürünə həssas
münasibətlə, mahnıların incə xüsusiyyətinin
nəzərə alınması ilə, onların lad əsasının
saxlanılması, melodikliyi və ritmik boyaları ilə fərqlənirlər.
Bütövlükdə, məcmuə yalnız elmi deyil, həmçinin,
böyük bədii qiymətə malikdir.
Professor P.Fridolinin
yazdığı müqəddimədə deyilir ki, “Bu məcmuə
yalnız bir başlanğıcdır, lakin elə
başlanğıcdır ki, Sovet Azərbaycanı musiqi həyatına
yeni şəfəq gətirmişdir”. Həqiqətən, bu
məcmuə Azərbaycanda səmərəli musiqi folklor
işinin başlanğıcıdır.
M.Maqomayevin əlyazmaları
arxivində üç yüzdən artıq Azərbaycan xalq
musiqi əsərləri nümunəsi saxlanmışdır.
Bu yazıların bir hissəsi qaralama şəklindədir.
Xalq mahnı və rəqs musiqisinin yüz nümunəsi “Azərbaycan
xalq yaradıcılığı” (əlyazması) məcmuəsinə
daxil edilmişdir.
Tematik və janr xüsusiyyətinə
görə məcmuə çox müxtəlifdir. Burada məişət
və əmək mahnıları da vardır. Lakin “Gözəlim”,
“Durna”, “Küçələrə su səpmişəm” kimi lirik
melodiyalar daha çoxdur.
Bu məcmuədə “Rast”
muğamının nota salınması diqqəti cəlb edir.
Həmin muğam görkəmli Azərbaycan tarzəni Qurban
Pirimovun ifasında nota yazılmışdır.
Xalq
yaradıcılığını öyrənmək
üçün zəngin material verən bu məcmuə
böyük səylə tərtib olunmuş və qeydlərdə
bu və ya digər yazının harada, nə vaxt və kim tərəfindən
aparıldığı haqqında maraqlı faktik məlumatlar
verilmişdir.
Musiqi folklorunun nota
yazılmasında, tədqiqində və nəşr edilməsində
növbəti böyük addım 1932-ci ildə
atılmışdır. Bu dövrdə Bülbülün rəhbərliyi
altında Azərbaycan konservatoriyasının nəzdində
elmi-tədqiqat musiqi kabinəsi (ETMK) fəaliyyətə
başlayır.
Azərbaycan rəhbəri
olmuş, Ulu Öndər Heydər Əliyev folklorun muğam
irsinin dirçəldilməsi barədə göstəriş
verir və bundan ötrü lazım olan bütün əlverişli
şəraiti yaradırdı. 70-80-ci illər Azərbaycan
folklor musiqisinin inkişafında keyfiyyətcə yeni bir
dövrdür. Bu da bilavasitə Heydər Əliyevin fəaliyyəti
nəticəsində baş vermişdi. Həmin illərdə
Azərbaycanda müxtəlif sahələr üzrə yüksək
ixtisaslı kadrlar hazırlanır, xalq musiqisinin tarixi-nəzəri
məsələləri müzakirə edilərək həll
olunur, xalq mahnıları, muğam, oyun havaları ilə bərabər
ənənəvi muğam sənətinin və aşıq
musiqisinin özünəməxsusluqları
araşdırılırdı. Xalq musiqisinin pərdə
sistemi, muğam və aşıq sənətinin əsasları
və şəkilləri tədqiq olunurdu.
Heydər Əliyev Azərbaycan
musiqi ifaçılığı sənətinin
inkişafına xüsusi diqqət yetirir, istedadlı
uşaqların müsabiqəsinin keçirilməsi barədə
göstərişlər verirdi. Bilavasitə onun təşəbbüsü
ilə 1977-ci ilin sentyabr ayında Azərbaycan KP MK “Respublikada
musiqi ifaçılığı sənətinin vəziyyəti
və onu daha da yaxşılaşdırmaq tədbirləri
haqqında” qərar qəbul etdi. Azərbaycan xalq musiqisinin
inkişafında yeni mərhələnin əsasını
qoyan bu qərar istedadlı ifaçıların üzə
çıxarılmasında müstəsna rol oynadı. Heydər
Əliyev həmin qərarın yalnız qəbul edilməsi
ilə kifayətlənmədi. O, Azərbaycan xalqının qədim
irsini, tarixi keçmişini özündə saxlayan, milli
ruhunu qoruyan xalq musiqisini dirçəldir, təşviq edir,
istedadlı xalq musiqisi ifaçılarının üzə
çıxarılmasına nəzarət edir, onların
konsertlərinə gedirdi. Belə möhtəşəm tədbirlərdən
biri 1982-ci ilin iyun ayında Bakıda keçirildi. Azərbaycanın
müxtəlif rayonlarından olan gənc istedadların
konsertində Heydər Əliyevin iştirakı bu məsələyə
onun diqqət və qayğısının nümunəsi idi.
Ulu Öndərin layiqli siyasi
varisi ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycan
musiqi folklorunun təbliğ etdiyi azərbaycançılıq
ideyasını inkişaf etdirir.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 18 aprel.- S. 14.