Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
1983-cü ildən 18 aprel tarixi “Beynəlxalq Abidələr
və Tarixi Yerlər” Günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin
və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri
üzrə Beynəlxalq Şurasının qərarı əsasında
qeyd olunan bu günün başlıca məqsədi dünya
ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin
qorunmasına yönəltməkdir.
YUNESKO-nun təşəbbüsü ilə
keçirilən bu gün Azərbaycanda da qeyd olunur. Qeyd edim
ki, respublikamızın ərazisində 6308 daşınmaz tarixi
və mədəniyyət abidələri var. Bunun 2034-ü
ölkə, 4209-u yerli, 65-i isə dünya əhəmiyyətlidir.
Bəzi abidələr qoruq strukturlarında mühafizə
edilir. Hazırda Azərbaycanda 15 tarixi-memarlıq,
tarixi-arxeoloji, tarixi-mədəni və tarixi-etnoqrafik qoruq vardır.
Bir sıra arxeologiya, şəhərsalma və memarlıq abidələrinin
əhəmiyyətini nəzərə alaraq, onları
mühafizə və təbliğ etmək məqsədilə
Mədəniyyət Nazirliyi 2002-ci il ərzində 4 yeni qoruq təşkil
etmişdir. Bunlar Şabran ərazisində tarixi-arxeoloji
qoruğu, Qax rayonunun İlisu kəndi əsasında tarixi-mədəni
qoruğu, Naxçıvanın Ordubad rayonunda qədim
qayaüstü rəsmlərlə zəngin olan Gəmiqaya
tarixi-bədii qoruğu, Naxçıvanın Şərur
rayonunda Arpa çayı vadisində arxeoloji abidələrlə
zəngin olan ərazidir.
Xatırladaq ki, 1990-cı illərin əvvəllərində
Azərbaycan Respublikasına qarşı əsassız ərazi
iddiaları irəli sürüb, beynəlxalq hüquq
normalarını kobudcasına pozaraq Birləşmiş Millətlər
Təşkilatına üzv olan bütün dövlətlər
tərəfindən ölkəmizin rəsmən
tanınmış ərazisinin 20 faizini hərbi təcavüz
yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri
milli mədəniyyət abidələrimizi qəddarcasına
uçurub dağıtmışlar.
Hərbi təcavüz nəticəsində
işğal olunmuş Azərbaycan ərazilərdə olan bir sıra abidələr bu
gün nəzarətdən kənardır. İlk insan məskənlərindən
olmuş məşhur Azıx və Tağlar mağaraları,
Qaraköpək, Üzərliktəpə kurqanları
hazırda hərbi məqsədlərlə istifadə edilərək
qəsdən dağıdılır. Xocalı, Ağdam,
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı
kurqanlarla yanaşı işğal olunmuş Şuşa,
Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan,
Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar,
türbələr, məzarüstü abidələr, məscidlər,
məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr
və digər milli abidələrimiz məhv edilir. Təkcə
Şuşa tarixi memarlıq qoruğunun ərazisində
işğalçı vandallar Aşağı və
Yuxarı Gövhərağa, Köçərli, Mərdinli,
cümə məscidlərini, dahi bəstəkar Üzeyir
Hacıbəyovun, Bülbülün ev muzeylərini, alim Mir
Mövsüm Nəvvabın evini, ümumiyyətlə qoruq
şəhərin Şərq memarlığı xüsusiyyətlərini
əks etdirən milli üslubda inşa edilmiş əksər
yaşayış evlərini məhv etmişdir. Buradakı qədim
qəbiristanlığı, böyük Azərbaycan şairi,
Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini,
Ağdamda Pənah xanın imarətini, cümə məscidini,
eləcə də, daş heykəlləri, qədim qəbirləri,
kurqanları, tarixi abidə olan yaşayış
binalarını dağıtmış, daşınması
mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana
aparmışlar.
Erməni təcavüzkarlarının qarət etdikləri
muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti
ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq
əsərləri, dünya şöhrətli Azərbaycan
xalçaları, xalça məmulatları, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin xatirə əşyaları,
digər qiymətli materiallar olmuşdur.
İşğal zonalarında maddi mədəniyyət
yadigarlarımızın dağıdılması prosesi indi də
davam edir. İşğalçılar genişmiqyaslı,
qeyri-peşəkar arxeoloji qazıntı işləri
aparır, kurqanları dağıdır, qarət etdikləri
tapıntıları Ermənistana daşıyırlar. Erməni
terrorçuları tərəfindən zəbt olunmuş qədim
Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona
bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6
memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji)
və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji,
23 bağ, park, monumental və xatirə abidələri, 15
dekorativ sənət nümunəsi) tarix və mədəniyyət
abidələri qalmışdır.
Bunlarla yanaşı, işğal olunmuş ərazilərdə
40 mindən artıq əşyanın toplandığı 22
muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2
konsert müəssisəsi, 8 mədəniyyət və istirahət
parkı,4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd
mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20
ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi
və qadın geyimləri, 40 komplekt səsgücləndirici,
25 iri və 40 kiçik həcmli attraksion işğal
altında qalmışdır.
Dəyərini müəyyən etmək mümkün
olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən
başqa respublikamıza dəymiş ümumi zərərin məbləği
23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ
dolları təşkil edir.
Keçmiş SSRİ-də yeganə olan Ağdam
Çörək muzeyi şəhərin bombardmanı
zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli
Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək,
Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən
çox qiymətli və nadir əşyası Ermənistana
daşınmışdır.
Azərbaycan xalqının mədəni irsi bəşər
mədəniyyətinin ayrılmaz tərkib hissəsi
olduğundan Azərbaycanın ərazisində
xalqımızın çoxəsrlik tarixi keçmişindən
yadigar qalmış tarix və mədəniyyət abidələrinin
mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən
bir problemdir.
Azərbaycanın işğal olunmuş ərazilərində
erməni işğalçılarının
özbaşınalığı tarix və mədəniyyət
abidələrimizin dağıdılması və qəsdən
korlanması “Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa
Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci
il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii
irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il
konvensiyasına ziddir.
Zümrüd
Səs.- 2012.- 18 aprel.- S.12.