Azərbaycan
rəssamlıq məktəbinin görkəmli nümayəndəsi
Azərbaycan mədəniyyət və incəsənəti
tarixin müxtəlif dövrlərində inkişaf yolu
keçərək, bu gün təkmilləşmiş,
dünya miqyasında sözünü deyə biləcək səviyyəyə
yüksəlmişdir. Bu dəyərlərin, amillərin
inkişafı onun yaradıcılarının, istedadlı
xadimlərin əməyi, zəngin bədii təxəyyülünün
nəticəsidir.
Belə irsi
yaradan, zəngin mədəniyyəti
formalaşdıran simalar müasir
dövrümüzdə ölkə rəhbərliyi tərəfindən
diqqətdə saxlanılır. Bir-birinin
ardınca imzalanan sərəncamlar məhz
mədəniyyət xadimlərinin əməyinə,
onların irsinin, məktəbinin geniş bir məkanda təbliğinə
yönəlib. Bu günlərdə Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən Azərbaycan
rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olan Bəhruz
Şirəlibəy oğlu Kəngərlinin
120 illiyinin keçirilməsi ilə
bağlı imzaladığı Sərəncam da məhz milli mədəniyyətimizə,
incəsənətimizə göstərilən dövlət
qayğısının, diqqətin nəticəsidir.
Azərbaycan təsviri sənətində
realist dəzgah
boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının
formalaşmasında böyük rolu olan Bəhruz Kəngərli
1892-ci il yanvarın 22-də
Naxçıvanda anadan olub.
Uşaq ikən ciddi xəstəlik
keçirən Kəngərli ağır eşitdiyindən
ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa
meyil göstərmişdir. Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin
nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq
Məktəbində oxumuşdur. Onun rəssam kimi püxtələşməsində
Cəlil Məmmədquluzadənin və “Molla
Nəsrəddin” jurnalının böyük
rolu olmuşdur.
B.Kəngərlinin
yaradıcılığının ilk
dövründə müəllimi - mollanəsrəddinçi
rəssam O.Şmerlinqin və tələbə
yoldaşı L.D. Qudiaşvilinin portretlərini
çəkmiş, karikatura və satirik rəsmlər, mənzərə və məişət
səhnələrini əks etdirən rəsm, akvarel
və boyakarlıq əsərləri yaratmışdır. (“Qoca kişi”, “Toy”, “Elçilik” və s.). 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi
və orada göstərilən rəsmləri
həmyerlilərini heyran etmişdi.
O vaxt “İqbal” qəzeti
yazırdı: “Cavan rəssamımız gələcəkdə
iftixarımız olacaqdır”. Bu gün bizə Kəngərlinin
zəngin bədii irsi qalmışdır.
Cəmi 7 il
yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal
tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm
əsəri yaratmışdır. O, realist
ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə
diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort
çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə
adamların portretləri mövzu aktuallığına və ideya məzmununa görə bu
günün ictimai-siyasi
hadisələri ilə səsləşən
“Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı,
reallığı və psixoloji ifadəliliyi
ilə fərqlənir. Rəssamın yaradıcılığında
mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində
təbiət gözəllikləri əks etdirən “Şəlalə”,
“Dağlıq mənzərə”, “İlanlı dağ ay
işığında”, “Günəş batarkən”,
“Ağrı dağı”, “Köhnə qala”,
“Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol”
və s. əsərləri, mədəniyyət
abidələri olan “Möminə xatın türbəsi”, “Əshabi-kəhf
dağı”, “Nuhun qəbri”, ilin fəsilləri
ilə bağlı olan “Payız”, “Bahar” əks olunmuşdur.
Bəhruz Kəngərli
1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda
törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və
Naxçıvana pənah gətirmiş azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə
əsərlər yaratmışdır. Bu silsilədən
olan “Qaçqınlar”, “Qaçqın
qız”, “Qaçqın oğlan”,
“Qaçqın qadın”, “Yurdsuz ailə”,
“Qaçqın Gümşün”,
“Ayaqyalın qaçqın oğlan” və
s. onlarla
qaçqının portretləri təkcə sənətkarlıq
səviyyəsinə görə deyil, tarixi sənəd kimi
də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə
bilmişdir. Rəssam təsvir
etdiyi qaçqın uşaqların hər
birinin simasında didərgin
düşdükləri ata-baba
ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə
qonmuş qüssə və kədəri
özünəməxsus ustalıqla əks etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz
Kəngərli yaradıcılığını davam etdirərək, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq
sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün
xüsusi dərnək açır, fərdi
sərgilərini təşkil edirdi.
1921-ci ildə Azərbaycanda açılan ilk
böyük sərgidə Kəngərlinin
500-dən çox əsəri nümayiş etdirilmişdir.
Əsərləri R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində,
Naxçıvan Dövlət Tarix Muzeyində,
Moskva Dövlət Tarix
Muzeyində və şəxsi kolleksiyalarda
saxlanılır.
Kəngərli
həm də milli teatr
rəssamlığının banilərindəndir. 1910-cu illərdə
Naxçıvan teatrında Cəlil Məmmədquluzadənin
“Ölülər”, Mirzə Fətəli Axundzadənin
“Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” tamaşalarına bədii
tərtibat və geyim eskizləri vermişdir. A.Babayevin
“Yarımçıq şəkil” pyesi Kəngərliyə
həsr olunmuşdur. Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin
adının əbədiləşdirilməsi haqqında” sərəncamına əsasən, rəssamın
Naxçıvan şəhərində muzeyi
yaradılmış, qəbirüstü abidəsi
ucaldılmışdır.
Bəhruz
Kəngərli 1922-ci il fevralın 7-də 30 yaşında
ikən Naxçıvanda vəfat etmişdir.
Zümrüd
Səs.- 2012.- 18 aprel.- S.12.