Eurovision - 2012” Mahnı Müsabiqəsinə hazırlıq işləri daha da sürətlənib

 

“Eurovision-2012” Mahnı Müsabiqəsinə zaman yaxınlaşdıqca ölkəmizə diqqət daha çox cəmlənir. Yarışın təşkili ilə bağlı görülən işlərin sürəti daha da artıb. Müxtəlif səpgidə keçirilən tədbirlər, reallaşan layihələr Azərbaycanda Mahnı Müsabiqəsinin təşkilinin hansı səviyyədə davam etdiyini göstərir. Bazar günü Fan Klub, MotoBaku və digər moto-klubların üzvləri, Bakı şəhər Dövlət Yol Polisinin dəstəyi ilə Bakı şəhərində təşkil olunan moto-yürüş də mahnı müsabiqəsinin diqqətdə olduğunu göstərən tədbirlər sırasındadır.

Bu yürüş mahnı yarışmasını xatırlatmaq və müsabiqəyə qarşı marağı artırmaq məqsədi daşıyır. İçərişəhər Qoşa Qalanın qarşısından start götürən yürüş Əziz Əliyev, Neftçilər prospekti, Yusif Səfərov və Heydər Əliyev prospekti ilə hava limanı istiqamətini əhatə edib. “Eurovision-2012” Mahnı Müsabiqəsinin şüarını birlikdə səsləndirən yürüş iştirakçıları fəallıq göstəriblər. Müsabiqə ərəfəsində bu cür aksiyalar davamlı olacaq. Moto-klub üzvləri Azərbaycanda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinə dəstək xarakterli istənilən aksiyaya qoşulacaqlarını vurğulayıblar. Onu da qeyd edək ki, “Eurovision”un Azərbaycandakı rəsmi Fan Klubu, ilk dəfə olaraq, “Muğam” adlı layihəni də reallaşdırıb. Belə ki, paytaxtımızdakı ticarət mərkəzlərinin birində keçirilən aksiyada xalq artisti Arif Babayevin tələbələri iştirak edib. Gənc xanəndələr ətrafdan onları maraqla izləyənlər üçün “Qarabağ şikəstəsi”ni ifa ediblər.  Xatırladım ki, “Eurovision”un Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb. Hal-hazırda Azərbaycanın beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyi “Eurovision 2012”-yə dəstək istiqamətində fəaliyyəti davam etdirir.

   

Xarici vətəndaşlara sadələşdirilmiş şərtlərlə vizaların  verilməsinə başlanılıb

 

“Eurovision-2012” Mahnı Müsabiqəsi ərəfəsində rəsmi dəvət əsasında gələn xarici ölkə vətəndaşlarına, o cümlədən, müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə də star verilib. Vizalar aprelin 15-dən iyunun 1-dək, mayın 10-dan iyunun 1-dək veriləcək. Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Azərbaycandakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. “Eurovision-2012” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə vizalar 2012-ci il aprelin 15-dən iyunun 1-dək veriləcək. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fan-klub üzvləri, habelə, “Eurovision-2012” Mahnı Müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslərə isə mayın 10-dan iyunun 1-dək veriləcək.

 

Azərbaycanın “Çay dəstgahı” Eurovision.tv-də

 

Eurovision.tv-də “Azərbaycana səyahət” bölümündən növbəti reportajda Azərbaycanın “Çay dəstgahı” nümayiş olunub. Azərbaycan barəsində yayımlanan silsilə reportajların növbətisində  milli mədəniyyətimizin vacib məqamlarından birinə həsr edilib. Tamaşaçılar bu dəfə Azərbaycanın “Çay dəstgahı” ilə tanış olub. “Eurovision Mahnı Müsabiqəsi Bakı 2012” İşçi Qrupunun təqdim etdiyi reportajda çay süfrəsinin hazırlanmasından süfrəyə verilməsinədək olan proses maraqlı və zəngin kadrlarda əksini tapıb.

Bu kadrlarda ölkəmizin milli adət-ənənələri, çay süfrəsinə məxsus olan elementlər yerləşdirilib. Süfrəmizin zənginliyi, qonaqlara xidmət bu reportajda açıq-aydın göstərilir. Milli mətbəximizə məxsus olan paxlava, şəkərbura kimi şirniyyat növləri süfrəni bəzəyir. Samovardan armudu stəkana süzülən çay ölkəmizin zənginliyini, özünəməxsusluğunu ifadə edir. Bu kadrlar ölkəmizə səfər edəcək hər bir iştirakçı dövlətdə ölkəmizlə bağlı zəngin təəssüratı formalaşdıracaq.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2012.- 18 aprel.- S. 10.