Azərbaycançılıq
və xalq mahnıları
Azərbaycançılıq ideyaları milli
varlığımızın ayrılmaz tərkib hissəsi
olan xalq mahnıları ilə də sıx bağlı olan
ideyadır. Xalq mahnıları Azərbaycan xalq musiqisinin əsas
hissəsini təşkil edir və bu musiqi irsi müxtəlif
tarixi şəraitdə öz şəklini bu və ya
başqa dərəcədə dəyişmiş,
formalaşmış və inkişaf etmişdir. Xalq
mahnılarında xalqın yüksək mənəviyyatı-onun
ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları
tərənnüm olunur. Bədii-estetik gücünə və
tez qavranılmasına görə xalq mahnıları ən
geniş yayılmış bir janrdır. Mahnı sözü
müxtəlif dövrlərdə dilimizdə saya, soy, nəğmə,
hava, şərqi kimi ifadə olunmuşdur.
R.İsmayılzadə yazır ki, Azərbaycan xalq
mahnıları rəngarəng mövzu və məzmununa,
aydın və konkret xüsusiyyətlərinə, eləcə
də, ictimai motivlərinə görə bir-birindən fərqlənir.
Bu baxımdan onları dörd janr qrupuna bölmək
olar:
I. Əmək mahnıları,
II. Mərasim mahnıları,
III. Məişət mahnıları,
IV. Tarixi mahnılar.
Qeyd etmək lazımdır ki, bunlar da, öz növbəsində,
müxtəlif növlərə ayrılır. Mahnılarda Azərbaycan
xalqının əməyə, təbiətə, sevgi, ailə
və uşağa münasibəti, ənənə və adətləri,
istək və mehribanlığı, igidlik və qəhrəmanlığı
tərənnüm olunur.
I. Əmək mahnıları xalq mahnı
yaradıcılığının ən qədim
janrıdır. Əldə olan qədim nümunələrin təhlili
göstərir ki, onlar əsasən iki qrupa bölünür: kişi əməyi ilə
bağlı olan və qadın əməyi ilə
bağlı olan mahnılar.
Xalqın təsərrüfat həyatı və
mövsüm mərasimləri ilə bağlı
mahnıları çoxdur. Maldarlar arasında ən geniş
yayılmış sayaçı mahnıları quzulama,
qırxım və sağımla əlaqədardır. Əkinçiliklə
məşğul olanlar arasında isə ən geniş əmək
mahnıları holavarlar
olmuşdur. Bu mahnılar
şumlama, səpin, biçin, döyüm və s. kimi əmək
prosesi ilə bağlı olaraq yaranmışdır.
Sayaçı mahnılar, əsasən, maldarların,
çobanların nəğməsidir. Bunlarda adətən maldarlıq həyatının istər
kişi və istərsə
də qadın əməyi ilə əlaqədar bir çox
sahəsi əks olunmuşdur. Rus musiqişünası
V.İ.Krivanov 1936-1938-ci illərdə Azərbaycana gəlmiş,
musiqi folklorumuzu toplayaraq, onlardan bəzilərini nota
salmışdır.
Qədim mahnı növlərindən biri də əkinçiliklə
əlaqədar yaranan əmək mahnılarıdır.
Bunlardan ən məşhuru holavarlardır. Holavar cüt
sürülən zaman hodaqçı tərəfindən
oxunan mahnıdır. Buna qədim holavar mahnıları “Çək
şumla yeri” və “Şum nəğməsi” misal ola bilər.
R.İsmayılzadə qeyd edir ki, beləliklə, hələ
çox qədimlərdən, ibtidai icma quruluşu
dövründən belə qabaqlar əmək prosesində
yaranmış və izləri bu günə kimi xalq şifahi
poeziyasında və musiqi folklorunda qalmış əmək nəğmələri
əməkçi xalqın həyatını, onun mübarizəsini,
ictimai münasibətlərini,
dünyagörüşünü, hiss və həyəcanlarını,
istək və arzularını əks etdirir.
II. Mərasim mahnıları da, əmək
mahnıları kimi, Azərbaycan xalq mahnı
yaradıcılığının qədim növlərindən
biridir. Bu mahnılar başlıca olaraq iki qismə
bölünür.
1) təsərrüfatla əlaqədar yaranan mərasim
mahnıları,
2) ailə və məişətlə əlaqədar
yaranan mərasim mahnıları.
Qədim dövrlərdə Azərbaycan
xalqının təsərrüfat həyatı ilə əlaqədar
bir sıra mərasimlər yaranmışdır ki, bunlar
kütləvi mahnı oxumaqla müşayiət olunmuşdur.
Belə ənənələrdən və mərasimlərdən
ən geniş yayılmışı mövsüm mərasimləri olmuşdur.
Ailə məişətlə əlaqədar
yaranmış mahnılar isə ənənəvi toy, bayram və matəm
mahnılarından ibarətdir. Xalqın təsərrüfat həyatı
ilə əlaqədar ənənəvi mahnılardan ən qədimi
hələ əsatiri mahiyyət daşımayanı “Günəşi
dəvət” mərasim nəğməsidir. Qədim Azərbaycanda
müqəddəs hesab edilən Günəşin
çıxmasını qarşılamaq mərasimləri
olmuşdur. Bu mərasim daha çox əsatiri mahiyyət
daşıyıb. Müəllif düzgün olaraq göstərir
ki, Azərbaycan xalqının istər çox qədimlərə
aid olub, hələ əsatiri mahiyyət daşımayan, istərsə
də, sonralar xalqın şüurunda əsatiri mahiyyət
alıb onun gündəlik həyatı müşayiət edən
ənənəvi mövsüm mərasimlərinin və bu mərasimlərdə
xalq tərəfində icra olunan mahnıların tədqiqi
göstərir ki, bu mahnılar öz poetik məzmununa və
melodik quruluşuna görə xalq
yaradıcılığının ən qədim
növüdür və sonrakı daha inkişaf etmiş musiqi
forma və janrları musiqi üslubu cəhətindən öz
başlanğıcını buradan
götürmüşdür. Qədim mövsüm mərasimlərində
oxunan mahnıların poetik mətnlərindən məlum olur
ki, bu mahnılar kütləvi şəkildə ifa olunmuş
və onların musiqi məzmununu çox təkrar olunan
qısa melodiyalar təşkil etmişdir. Bu nəğmələrin
mətni üçün isə sadə bəhrli bayatı
forması səciyyəvi olmuşdur.
Azərbaycan xalq mahnı
yaradıcılığının müəyyən bir hissəsini
də matəm mərasimlərində ifa olunan nümunələr
təşkil edir. Belə nümunələrə yas mərasimlərində
çağırılan ağılar, bayatılar, oxşama və
s. ədəbi-musiqi formaları daxildi.
III. Məişət mahnıları Azərbaycan xalq
mahnı yaradıcılığının böyük bir
hissəsini təşkil edir. Bu mahnılar mətninə, məzmununa,
bədii formasına, ifadə etdiyi hisslərə və surətlərinə
görə çox müxtəlifdir. Məişət
mahnıları 4 növə bölünür; 1. Uşaq
mahnıları; 2. Lirik mahnılar; 3. Yumorlu mahnılar; 4.
Satiralı mahnılar.
R.İsmayılzadə Azərbaycan məişət
mahnılarının rus bəstəkarlarının da diqqətini
cəlb etdiyini diqqətə çatdırır. Məşhur
rus bəstəkarı M.M.İppolitov-İvanov hələ
1930-cu ildə simfonik orkestr üçün yazdığı
“Türk fraqmentləri” əsərində ninni
melodiyasından, bir mövzu kimi istifadə etmişdir ki, bunun
da əsasını loq-deyişmə şəklində ifa
olunan mahnılar təşkil edir. Musiqi folklorunun bu gözəl
inciləri-dialoq mahnılar müxtəlif məzmunlu olduğu
kimi, müxtəlif surətlər tərəfindən də
ifa olunur. Burada, adətən, sevgi və öyüd-nəsihət
məzmunlu mahnılara rast gəlirik ki, onlar ana ilə qız, ata ilə,
qız, nişanlı oğlanla qız arasında ifa olunur. Yüngül
yumor, səmimiyyət, zərif lirika bu mahnılar
üçün səciyyəvidir.
(“Getmə bulaq başına”, “Dəsmal”, “Qızım” və
s.).
Azərbaycan milli ideyası ilə bağlı
olanı daha çox tarixi mahnılardır. Tarixi mahnılar
içərisində qəhrəmanlıq mahnıları əsas
yer tutur. Bu cəhətdən də R.İsmayılzadənin
fikirləri maraq doğurur: “IV. Tarixi mahnılar. Azərbaycan
xalq mahnı irsinin bir hissəsini hələ qədim dövrlərdən
yaranmağa başlamış tarixi mahnılar təşkil
edir. Bunlar xalqın həyatında baş vermiş hər
hansı tarixi hadisəyə və ya ölkənin
ictimai-siyasi həyatında görkəmli rol oynamış
xalq qəhrəmanlarına həsr edilmiş
mahnılardır. Bu mahnılarda başlıca olaraq xalqın
xarakteri, vətən məhəbbəti, qəsbkarlara
qarşı amansızlıq, müstəqillik, səmimilik
kimi xüsusiyyətləri əks olunmuşdur.
Qəhrəmanlıq mahnıları da öz poetik və
musiqi məzmununa, ifa üslubuna görə iki qrupa
bölünür: birincisi, şifahi xalq poeziyasında,
aşıq musiqisində öz gözəl əksini
tapmış xalq qəhrəmanı Koroğlu və onun “dəlilərinə”
həsr olunmuş aşıq mahnıları, ikincisi isə
X1X əsrin ikinci
yarısında yerli feodalların, bəy və xanların
ağır zülmünə qarşı Azərbaycanda
başlamış olan kəndli hərəkatına, onun
başçılarına, xalq intiqamçıları
qaçaqlara həsr olunmuş mahnılardır.
Koroğlu haqqında tam bir silsilə təşkil edən
qəhrəmanlıq mahnılarında onun özü ilə bərabər
sevgilisi Nigarın, mübariz yoldaşları dəlilərin məişəti
və mübarizəsi,
Qıratın vəfa və sədaqəti əks olunur.
“Koroğlunun təlimi” mahnısında Koroğlunun öz
elindən-obasından, Nigardan və dəlilərindən
ayrı düşməsi lirik musiqi dili ilə tərənnüm
edilir. Mahnıda Koroğlu göydə uçan durnalara
müraciət edərək onlardan el-obası, Nigar və dəliləri
haqqında soraq istəyir. “Koroğlunun
atlandırılması” mahnısında Koroğlu
Qıratı tərifləyib, vuruş meydanında
özünə möhkəm arxa olmasından bəhs edir.
“Koroğlu əfşarısı” mahnısında isə
Koroğlu dəlilərə müraciət edərək,
onları düşmənlə mübarizəyə
çağırır. Aşıqlar tərəfindən əsrlərdən
bəri ifa olunaraq şifahi halda nəsildən-nəslə
keçən qəhrəmanlıq mahnıları silsiləsinə
“Qaytarma Koroğlu”, “Cəngi Koroğlu”, “Koroğlunun zil
qaytağısı”, “Döşəmə Koroğlu”,
“Atlı Koroğlu”, “Piyada Koroğlu”, “Koroğlunun cəngisi”,
“Koroğlunun sürütməsi”, “Koroğlunun Çənlibeli”
və s. kimi aşıq mahnıları daxildir. Bütün bu
mahnılarda Koroğlu cəsur döyüşçü,
bacarıqlı sərkərdə, gözəl aşıq və
nəğməkar kimi göstərilir.
Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal
Nağı, Bozalqanlı Tanrıverdi, Dəli Alı,
Qaçaq Qorxmaz, Qaçaq İsmayıl və
başqaları X?X əsr kəndli hərəkatının fədakar
başçılarındandır. Xalq şifahi ədəbiyyatında,
mahnı və musiqisində bu qəhrəmanlar haqqında bir
çox dastan və mahnılar yaranmışdır. “Gedən
gəlmədi” xalq mahnısında isə amansız xanlarla
mübarizənin ağırlığı tərənnüm
olunur.
Qaçaq Kərəm haqqında xanəndə və
aşıqlar müxtəlif poetik və musiqi formalı
başqa mahnılar da qoşmuşlar ki, bunlardan “Qaçaq Kərəm”,
“Kərəmxan sərtib” müxəmməslərini misal
göstərmək olar. Azərbaycan xalq mahnıları Azərbaycan
bəstəkarlarının diqqətini cəlb etmişdir”.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov
1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları”
adlı fundamental əsər yazmış, not yazısı S.Rüstəmov,
F.Əmirov, T.Quliyev və Bülbülün tərtib etdiyi
ikicildlik “Azərbaycan xalq mahnıları” 1954 və 1956-cı
illərdə nəşr olunmuş 1960-cı ildə
M.İsmayılov “Azərbaycan xalq musiqisinin janrları” əsərini,
1960-cı ildə isə D.Məmmədbəyovun tərtib
etdiyi “Azərbaycan xalq lirik mahnıları”, Z.Ələkbərov
1966-cı ildə “İgidliyə çağıran musiqi” əsərini,
Ə.İsazadə, N.Məmmədov, 1975-ci ildə “Xalq
mahnıları və oyun havaları” nəşr olunmuşdur.
Azərbaycan bəstəkarları Fikrət Əmirov
“Musiqi aləmində” kitabında mahnının milli və
ümumbəşəri ideyalar təlqin etməsinə
toxunaraq yazırdı: “Xalqın ən çox sevdiyi,
oxuduğu, həmişə eşitməyə ehtiyac
duyduğu kütləvi musiqi janrlarından biri və bəlkə
də birincisi mahnıdır. Mahnı adi məişət məsələlərindən
tutmuş, ta yüksək humanist, beynəlmiləl, fikirlərə
qədər çox geniş bir sahəni, əhatə edə
bilən ən demokratik, ən operativ janrdır. Ulu Öndər
Heydər Əliyev Azərbaycan xalqının bütün
milli-mənəvi dəyərləri kimi azərbaycançılığın
təcəssümü olan xalq mahnılarının qorunub
saxlanması və gələcək nəsilləri keçməsinin
qayğısına qalmasıdır. Bu ənənə Ulu
Öndərin layiqli siyasi varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə
də, ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva tərəfindən
uğurla davam etdirilir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 21 aprel.- S. 14.