Qara
Qarayev və azərbaycançılıq
Qara Qarayevin bir bəstəkar və vətəndaş
kimi formalaşmasında milli-mənəvi dəyərlərimiz,
azərbaycançılıq ruhu əsas rol
oynamışdır. Məlum olduğu kimi, Qara Qarayev
böyük Üzeyir musiqisindən dərs almış,
sonralar mütərəqqi dünya və zəngin rus
musiqisinin, o cümlədən, böyük Şostakoviç
sənətinin incəliklərinə yiyələnərək,
xalqımızın ən görkəmli, kamil bəstəkarlarından
biri səviyyəsinə yüksəlmişdir.
Hər iki ölməz sənətkar haqqında, bu iki
böyük müəllimi haqqında Qaranın söylədiyi
ürək sözləri onun
yaradıcılığının, əsasən, hansı
simaların təsiri altında formalaşdığını
doğru-düzgün təsəvvür etməyə
etibarlı material verir. Qara bir məqaləsində etiraf edir
ki, bu gün Azərbaycan bəstəkarlarının
yaşlı nəslini təmsil edən biz hamımız xalq
musiqi yaradıcılığını Üzeyir Hacıbəyovdan
öyrənmişik. Tərbiyə etdiyi tələbələrin
hər birinə ayrıca yanaşmaqda xüsusi həssaslığa
malik olan bu istedadlı pedaqoqun sinfində Azərbaycan bəstəkarlarının
əksəriyyəti sadə-təbii lirik xalq
mahnılarının məlahətliliyi, muğam
strukturasının zərifliyi arxasında təkcə eststik
yox, həm də məntiqi qaydaların diqqətlə
düşünülmüş sistemi və gözəlliyi
gizləndiyini ilk dəfə dərk etdik. Elə onda müəllimimizin
dərin və müdrik mülahizələrinin təsiri
altında, həmçinin, Hacıbəyovun öz
yaradıcılığının timsalında xüsusilə
aydın gördük ki, folklor milli bəstəkarlıq
üslubunun qaynağı olmaq etibarilə nəhayətsiz,
tükənməz imkanlara malik imiş. Bizim bir çoxumuzun
qarşısında yeni aləm - cəsarətli
axtarışlar, gələcək novator kəşflər aləmi
açıldı...
Başqa bir müəllimini - D.D.Şostakoviçi də
Qara eyni məhəbbətlə xatırlayır: “Mənim
musiqi həyatımın otuz üç ili Dmitri
Dmitriyeviçin həm yaradıcılığı, həm də
şəxsiyyəti ilə sıx təmasda keçmişdir.
Bu geniş ürəkli, həssas, xeyirxah insan kömək etməyə
həmişə hazır idi.
Yaradıcılığımızdakı və şəxsi
həyatımızdakı çətin anlarda Dmitri
Dmitriyeviçdən aldığımız əvəzsiz,
müdrik məsləhətlər bizə çox şey
vermişdir.
Şostakoviç öz şagirdlərini incəsənətə
məsuliyyətsiz münasibət təzahürlərinə
qarşı barışmazlıq ruhunda tərbiyə
etmişdir. Dmitri Dmitriyeviçin bütün həyatı
insanlıq, yaradıcılıq cəsarəti və yüksək
kommunist əxlaqı keyfiyyətlərinə parlaq nümunədir”.
Azərbaycanın görkəmli bəstəkarlarından
biri Fikrət Əmirov “Xoşbəxt sənətkar” adlı məqaləsində
Qara Qarayev haqqında yazmışdır: “Qara Qarayevin
yaradıcılığına siz necə
baxırsınız?” - sualını mənə çox
veriblər. Əvvəla, bu, sual ilk baxışda nə qədər
sadə görünsə də, əslində, mən deyərdim,
bir o qədər də mürəkkəbdir. Sadədir ona
görə ki, Qaranın bir çox əsərləri nəinki
Vətənimizdə, eləcə də, ölkəmizin sərhədlərindən
çox-çox uzaqlarda da tanınır və sevilə-sevilə
dinlənilir. Mürəkkəbdir ona görə ki, bu
tanınma və sevilməyə layiq olan musiqi nümunələri
bəstəkarın ciddi axtarışlarının məhsuludur.
Həm də Qara bu yaradıcılıq
axtarışlarını ilk müstəqil addımlardan
etibarən aparır. Bu aramsız axtarışlarda o, nəticə
etibarilə müvəffəqiyyət tapmışdır. Ona
görə ki, Qara öz yaradıcılığına
başqalarından daha artıq tələbkarlıqla
yanaşır və dövrümüzün müxtəlif
istiqamətli musiqi cərəyanları ilə üzləşərkən,
o, ancaq on yaxşı cəhətləri mənimsəməyə
çalışır. O özü özünü
lazımınca tənqid etmək bacarığı ilə
başqalarından seçilir. Məhz buna görədir ki,
Qaranın əsərlərində ciddi məsuliyyət hissindən
irəli gələn lakoniklik, fikir yığcamlığı
hakimdir; onun musiqisində artıq, yaxud əskik taktlara rast gəlməzsiniz.
Ümumiyyətlə, Qara Qarayevin əsərləri, belə
demək mümkünsə, yaranışından bütöv
olur; yarımçıqlıq onlara yaddır. Bu əsərlərin
bəzisini tam halda qəbul etməyə bilərsən, lakin
“yarımçıqdır, “səliqəsizdir” deyə bilməzsən.
Bu həqiqəti Qara ilə ən çox
yaradıcılıq mübahisəsi aparanlar da təsdiq edirlər.
Şəxsən mən belə hesab edirəm ki, Qara
ilə sənət yarışına çıxmağın
özü də adama mənəvi həzz verir. Qüvvətli
qələm yoldaşı ilə yaradıcılıq yarışı
sənətkarı həmişə, necə deyərlər,
formada saxlayır, onu yeni-yeni yaradıcılıq nailiyyətlərinə
səfərbər edir.
Mən Qaranın “Don Kixot”, “Alban rapsodiyası”
partituralarını və başqa bu kimi əsərlərini
yüksək qiymətləndirir və hər dəfə
böyük həvəslə dinləyirəm. Onun “Yeddi
gözəl”, “İldırımlı yollarla” baletləri sovet
musiqisinin ən gözəl nümunələrindəndir. Qara
Qarayevə milli məhdudluq həm mahiyyət etibarilə, həm
də mövzu etibarilə yaddır. O, Azərbaycan ədəbiyyatının
ölməz klassiki Nizaminin (“Yeddi gözəl”), eyni zamanda,
dünya klassik ədəbiyyatının qüdrətli
nümayəndəsi Servantesin (“Don Kixot”)
yaradıcılığına eyni dərəcədə
böyük məhəbbətlə müraciət edir”.
Fikrət Əmirov daha sonra yazır: “Qaranın əsərləri
dünyanın ən böyük musiqi salonlarında səslənir
və pərəstişkarlarının sayını get-gedə
artırır. Qara Qarayev yaradıcılığının
geniş şöhrət tapmasından təbliğindən
danışarkən ədalət naminə bir məsələni
də qeyd etməyi lazım bilirəm: o da Qara musiqisinin nəinki
Vətənimizdə, həmçinin, bir sıra xarici ölkələrdə
də ləyaqətlə təbliğ olunmasında Niyazinin
bir dirijor kimi göstərdiyi böyük xidmətidir. Mən
elə hesab edirəm ki, bu gün də Qara musiqisinin ən
gözəl ifaçısı Niyazidir.
Qara Qarayev bir müəllim kimi də neçə-neçə
gənc bəstəkar tərbiyə etmişdir. Onun təkcə
əsərlərinin yaradıcılıq sirlərindən
deyil, bilavasitə, Konservatoriyada söylədiyi mühazirələrindən
öyrənən istedadların sayı ildən-ilə
çoxalır. Bu istedadların bəzilərinin, hətta
ümumittifaq miqyasında tapınması da bir daha təsdiq
edir ki, Qara Qarayev, həmçinin, görkəmli bir pedaqoq
kimi də musiqimizin gələcək inkişafı
üçün çox iş görür.
Ümumiyyətlə, Qara Qarayev sənəti əzəmətli
Azərbaycan musiqi sarayının ən müəzzəm
sütunlarından biridir və bu musiqinin dünya şöhrətində
onun rolu böyükdür. Qara Qarayevin müasir musiqi
savadı, intellektual hazırlığı, ciddi
yaradıcılıq nailiyyətləri onu, istər-istəməz,
müasir dünya musiqisinin müxtəlif cərəyanları
ilə maraqlanmağa, üz-üzə gəlməyə, bu cərəyanları
saf-çürük etməyə sövq edir. Şəxsən
mən bu qənaətdəyəm ki, Qara belə cərəyanlarla
rastlaşarkən, onlara ilk təmasdaca rəğbət bəsləmir;
o, bu cərəyanları öz milli zəminində möhkəm
dayanmaqla arayıb-araşdırır və öz
zövqünə, fikri istiqamətinə uyğun gələnlərini
bəyənib, ondan yaradıcı şəkildə
faydalanır. Belə olmasaydı, Qaranın ən yaxşı
əsərlərinin hazırkı müvəffəqiyyətinin
əsil səbəbini izah etmək xeyli çətinləşərdi”.
F.Əmirov sonda fikirlərini yekunlaşdıraraq belə
qənatətə gəlmişdir ki, Qaranın bir sənət
yoldaşı kimi, səciyyəvi cəhətlərindən
biri onun müxtəlif sənət söhbətlərində
həmkarı ilə yüksək səviyyəli polemikaya girmək
istedadı sənət görüşlərini yüksək
səviyyədə müdafiə edə bilmək, əsaslandırmaq
istedadıdır. O, yaradıcılığı hamar, rahat
yol deyil, enişli-yoxuşlu, mübahisəli, yaxşı mənada
sözlü-söhbətli bir aləm hesab edir. Çünki
o da bu fikirdədir ki, həqiqət mübahisələr
zamanı üzə çıxa bilər. Qara Qarayev yüksək
səviyyəli müsahib olduğu üçün onunla
mübahisə etməyin özü də adamda daxilən bir
razılıq hissi oyadır. Nəhayət, onu da deyim ki, bədii
yaradıcılıq təkcə nəzəri hazırlığa,
mükəmməl texniki savada sahib olmağı deyil, həm də
böyük yaradıcılıq istedadına sahib
olmağı tələb edir. Qara Qarayevdə bu sonuncu və ən
mühüm keyfiyyət vardır və buna görə də
o, xoşbəxt sənətkardır.
Tədqiqatçı Arif Quliyev Qara Qarayevin Azərbaycan
musiqi folkloru ilə, o cümlədən, azərbaycançılıqla
bağlı olduğuna işarə edərək göstərir
ki, musiqi folkloru Q.Qarayevin bir bəstəkar kimi
formalaşmasında və inkişafında xüsusi keyfiyyət
və məna kəsb etmişdir. Xalq musiqisindən inamla
istifadə etməyi bacarması onun musiqi təfəkkürünün
ən mühüm xüsusiyyətlərindən birini müəyyənləşdirmişdir.
Onu cəsarətlə özünün yaradıcılıq
fikrinə, niyyətinə tabe edir, əsərlərinin əsasına,
məğzinə elə daxil edir ki, o, tamamilə bəstəkarın
xüsusi, fərdi musiqi fikri kimi mənimsənir. Buna görə
də bəstəkarın musiqi folkloruna münasibəti və
ondan istifadə prinsipi həmişə ciddi maraq
doğurmuşdur.
Q.Qarayev hələ gənc yaşlarından
xalqının musiqi sərvətini mümkün qədər ətraflı
mənisəməyə böyük həvəs göstərmişdir.
Təsadüfi deyildir ki, bu həvəs onu 1937-ci ildə Azərbaycan
rayonlarına gedən folklor ekspedisiyasının rəhbəri
səviyyəsinə yüksəltmişdir. Ekspedisiya
zamanı gənc bəstəkar xalq musiqisinin ona aydın
olmayan bir çox sahələri ilə tanış olur. Bu
musiqinin bəzi nümunələrini nota
köçürür. Səfərdən qayıtdıqdan
sonra musiqi folklorunu necə mənimsədiyini sınamaq
üçün “Şur” dəstgahını
bütünlüklə nota salır, altı xalq
mahnısı və üç təsnifi səs və
fortepiano üçün işləyir. Bununla yanaşı,
o, Ü.Hacıbəyovun rəhbərlik etdiyi sinifdə xalq musiqisinin
nəzəri əsaslarını öyrənməsi, dahi bəstəkarın
yaradıcılıq irsini folklordan istifadə etməyin, əvəzsiz
örnəyi kimi qəbul etməsi onun folklora münasibətini
və sənət meyarını müəyyənləşdirmişdir.
Bəstəkarın istedadının milli təbiəti
əsərlərinin melodik dilində daha qabarıq şəkildə
özünü göstərir. Bu, hər şeydən əvvəl,
onunla əlaqədardır ki, bəstəkarın
yaradıcılığında obrazlı melodik təfəkkürün
mənbəyini əsasən klassik Azərbaycan
muğamları təşkil edir. Muğamlar isə
xalqımızın mənəvi xəzinəsinin ən mühüm
və qiymətli hissəsidir. Muğamlarda xalq qəlbinin
genişliyi və təmizliyi, xalq idrakının hüdudsuz
üfüqləri, xalqın düşüncə tərzi,
intellektual-mədəni səviyyəsi və s. yüksək məziyyətləri
son dərəcə zəngin və orijinal ahəngdə əks
etdirilmişdir. Muğamların fəlsəfi əzəmətini,
ülvi gözəlliyini, şairanə nəfəsini duyub
varlığına hopdurduğundan Q.Qarayev onu müdrik sənət
adlandırıb. Musiqisinin potensial qüdrətini genişləndirmək
üçün o, muğamların əsərlərinin milli
dayaq sütunu etmişdir. Bəstəkar muğamların ən
səciyyəvi intonasiyaları və spesifik ifadə vasitələrindən
böyük bədii cəsarət və yüksək
zövqlə istifadə etmək nəticəsində fəlsəfi
fikirlə zəngin hisslərin parlaq ifadəsi olan yenə
keyfiyyətli dövri melodiyalar yaratmışdır.
Akif Quliyev daha sonra göstərir ki, bəstəkarın
yaradıcılığında xalq mahnı və rəqsləri
də böyük əhəmiyyətə malik
qaynaqlardandır. O, populyar xalq rəqslərinin
ayrı-ayrı nümunələrindən çox maraqla
istifadə edir. Belə ki, “Yeddi gözəl” baletindəki “Təlxəklərin
rəqsi”ndə “Brilyant” xalq rəqsindən istifadə
etmişdir. Bəstəkar bu rəqsin bütün
simasını kəskin şəkildə dəyişib, ona
yeni gözlənilməz ekspressiv surət verib. Bəstəkar
rəqsi xromatikləşdirib, ladını başqa ladla əvəz
edib, onu başqa registrə köçürüb, yeni
müşayiət verib, diapazonunu genişləndirib, kulminasiya
səsini xüsusi nəzərə çarpdırıb, bu və
ya digər səsə fasiləsiz qayıtmaqdan imtika edir.
Böyük bütövlük və inkişaf
üçün eyni, yeknəsək, oxşar melodik
kadansları aradan çıxarıb onları variant halına
salmışdır. Nəticədə, rəqs əhəmiyyətli
dərəcədə dəyişib zənginləşmiş
və böyük ifadəlilik kəsb etmişdir. Belə ki,
rəqs rəqsvarılıqdan çıxıb məzhəkəli
xarakter almışdır.
Bəstəkar təsirlənib bəhrələndiyi
qaynaqlardan biri kimi aşıq musiqisinə də çox meyil
göstərir. İlk böyük həcmli əsəri olan
“Ürək nəğməsi” kantatasından sonuncu əsəri
olan III simfoniyasınadək Q.Qarayevin bütün əsərlərində
aşıq musiqisi intonasiyaları özünü aydın
göstərir. Onun harmonik dili sekunda, kvarta və kvinta
ardıcıllığı ilə zəngin olan aşıq
harmoniyası ilə sıx əlaqədardır. Bu təsir bəstəkarın
musiqisinin milli koloritində fərdi xüsusiyyət kəsb
etməsinə imkan vermişdir. Bəstəkar aşıq
musiqisinə xas olan cəhətlərə daim dövrün
yeni tələbləri ilə yanaşmış və həmin
tələblər səviyyəsində inkişaf etdirib zənginləşdirmişdir,
cilalamışdır. Bu cəhəti simfonik janrda
yazdığı əsərlərdə də aydın
görmək olar. Məsələn, II simfoniyanın ikinci hissəsindəki
aşıq musiqisindən istifadə ilə müqayisə
etdikdə, bəstəkarın bu sahədə sürətli və
səmərəli inkişafının şahidi oluruq.
Q.Qarayev balet musiqisində də aşıq musiqisindən
çox fəal, təsirli, obrazlı ifadə vasitəsi kimi
geniş istifadə etmişdir. Qarayevin
yaradıcılığında aşıq musiqisinin vokal və
instrumental ifadə vasitələrindən istifadə etməsə
də, baletlərində bu musiqinin instrumental
ifaçılıq ənənələrindən gələn
təsir xüsusilə güclü və dərindir.
Məlum həqiqətdir ki, hər hansı bəstəkarın
musiqisinin milli təbiəti, hər şeydən əvvəl,
onun melodiyasından - musiqi tematizminin əsasında təzahür
edir. Əsərlərin təhlili göstərir ki, Qarayevin
melodiyasında musiqi folklorunu xarakterizə edən çox fərqləndirici,
tanıdığı işarələr - lad və
ölçü dəyişkənliyi, variantlı inkişaf
prinsipi, opevaniye, kvarta həddində kadans, sekvensiya və s.
var. Azərbaycan musiqi folkloru ilə möhkəm əlaqə
bir tərəfdən bəzi melodik frazaların
uyğunluğunda, digər tərəfdən isə
“ümumiləşmiş milli intonasiyalar” ilə
doldurulmasındadır. Buna görə də Q.Qarayevin
melodiyasının sintetikliyi haqqında danışarkən
burada mahnı və rəqs, muğam və aşıq musiqisi
elementlərinin üzvi vəhdətdə birləşdiyini
qeyd edə bilərik. Fikrimizi açıqlamaq
üçün “Yeddi gözəl” baletində “Buynuzla rəqs”ə
müraciət etsək, xalq rəqs musiqisinin təsiri, “Rast”
muğamının “Hüseyni” rənginə yaxınlıq,
müşayiətdə isə aşıq harmoniyasından əsas
ifadə vasitəsi kimi istifadə etmə aydın nəzərə
çarpır.
Ulu Öndər Heydər Əliyev hələ sovet
dövründə sağlığında dünya
şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevə
qayğı göstərmiş, onun yubileylərini
keçirmiş, bəstəkara Sosialist Əməyi Qəhrəmanı
fəxri adı verilməsində xüsusi rol
oynamışdır.
Vahid ÖMƏROV
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 24 aprel.- S. 14.