Azərbaycan kino sənətinin
Gəray bəyi
24 aprel sənətkarın
doğum günüdür
Mənalı
ömrünü Azərbaycan milli teatr və kino sənətinin
inkişafına həsr etmiş bu məşhur aktyorun - Həsənağa
Turabovun teatr və kino tariximizdə
silinməz izləri var. O, klassik və müasir aktyor sənəti
ənənələrindən bəhrələnərək
öz yolunu, öz məktəbini yaradıb.
Belə bir sənətkarın - Həsənağa
Turabovun bu gün doğum günüdür. O,
1938-ci il aprelin
24-də Bakı şəhərində
anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət
İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini
başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında
aktyor kimi fəaliyyətə başlayıb
və ömrünün
sonuna qədər bu teatrda çalışıb.
Həsənağa Turabov 1987-2001-ci illərdə
teatrın direktoru və bədii rəhbəri vəzifələrində
işləyib.
Səhnə fəaliyyətinə
başladığı ilk illərdən
lirik-psixoloji üslubu
ilə seçilən
Həsənağa Turabov
qısa müddətdə
Azərbaycan və dünya dramaturqlarının
əsərlərində baş
rolların ifaçısı
kimi teatrın aparıcı sənətkarlarından
birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə
davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və
yüksək səhnə
mədəniyyəti sayəsində
yaratdığı rəngarəng
və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox
əsərlərin qəhrəmanlarına
səhnə həyatı
verərək ədəbiyyatın
daim diqqət mərkəzində olan insan problemini bütün çalarları
ilə tamaşaçıların
yaddaşına həkk
edib. Aktyorun böyük məharət
və sənətkarlıqla
yaratdığı obrazlar
sənətsevərlər tərəfindən
daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.
Həsənağa Turabovun gəncliyindən yaratdığı
rollar teatrsevərlərin
qəlbinə asanlıqla
yol tapmışdı. Dramatik aktyor idi.
Yaratdığı obrazlarda həmişə
bütövlük olardı.
Adətən, baş rolları
ifa edərdi. 1960-ci ildən Akademik
Milli Dram Teatrında çalışırdı. Kimlərlə işləməmişdi:
Ağasadıq Gəraybəyli,
İsmayıl Dağıstanlı,
İsmayıl Osmanlı,
Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə
qüdrətli sənətkarlarla
tərəf-müqabil olmuşdu.
Həsən Turabovun yaradıcılığında
qəribə özünəməxsusluq
var idi. “Mahnı dağlarda
qaldı” tamaşasında
Kamran onun ifasında necə də gözəl görünürdü. Gözəl diksiyası,
səhnə hərəkətləri,
obrazı özününküləşdirmək
qabiliyyəti onu sevdirmişdi.
Həsənağa Turabovun səhnədə yaratdığı
rolları sadalamaqla qurtaran deyil. “Kəndçi qızı”nda Vahid, “Yaxşı adam”da Azər, “Hamlet”də
Hamlet, “Orman qızı”da
Lioneli, “Ölülər”də
İsgəndər, “Xəyyam”da
Xəyyam və s. Bu obrazların hər biri teatrın tarixində öz yeri, öz mövqeyi
olan əsərlər
və rollar idi. Həsənağa Turabov 60-80-ci illər
Azərbaycan teatrına
yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda
qəribə nikbin bir ruh hakim olardı,
tamaşaçı axıra
kimi onun qəhrəmanlarının aqibətini
gözləyərdi. Çılğın aktyor idi. Səsində də bir özünəməxsusluq duyulurdu.
Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü
məşqlərdə, çəkilişlərdə,
radio-televiziya verilişlərində
işləməkdən yorulmazdı.
Azərbaycan kinematoqrafiyasının
inkişafında da Həsənağa Turabovun
xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o
cümlədən, televiziya
filmlərində yaratdığı
maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının
böyük bir hissəsini təşkil edib və yüksək
sənətkarlıq bacarığını
bariz şəkildə
nümayiş etdirib.
Onun iştirakı ilə çəkilmiş filmlər
tamaşaçılar tərəfindən
həmişə böyük
maraqla qarşılanıb
və Azərbaycan kinematoqrafiyasının qızıl
fonduna əbədi daxil edilib.
Kinoda da özgə
bir aləm yaradıb. “Yeddi oğul
istərəm” filmində
Gəray bəyin misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından
biridir. Həsənağa Turabov bu rolundan söz düşəndə həmişə
təvazökarcasına - “bu
rejissorun seçimidir”,
- deyərdi.
Onunla səhnəyə, yaxud kamera qarşısına
çıxan aktyorlar
həmişə ehtiyatla
hərəkət edərdilər. Çünki onun sənəti
məktəb idi.
Xalq artisti idi, xalq
onu sevirdi. Hansı əyalətdə, hansı
şəhərdə olurdusa,
görüşünə minlərlə
tamaşaçı yığılırdı.
Kinonu da teatr qədər
sevirdi. Hətta mənfi rolları
da ustalıqla oynayırdı. O, müsbət
rollarını sevdirə
bildiyi qədər də mənfi obrazlara tamaşaçıda
kəskin nifrət hissi yarada bilirdi.
Həsənağa Turabovun “Axırıncı
aşırım”, “Ürək...
Ürək...”, “Sevinc
buxtası”, “Çarvadarların
izi ilə”, “Qəm pəncərəsi”
və başqa filmlərdəki rolları
da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin
yubileyi”) özgə bir gözəlliklə yaradıb. Gəray bəy nə
qədər çılğın,
enerjili, hirsli-hikkəli
obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır.
O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox
məharətlə yaratmışdı.
Hətta
rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda
rejissor rolunda çəkilmişdi. “Qaçaq
Nəbi”ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun
yaradıcılıq xüsusiyyətləri
aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovun
“Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.
Həsənağa Turabovun Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə
əsaslanaraq, gənclərin
bu nəcib, eyni zamanda, mürəkkəb
sənətin incəliklərinə
yiyələnməsi və
Azərbaycan teatrının
ənənələrini davam
etdirə biləcək
sənətkarların yetişdirilməsi
işində əlindən
gələni edib.
O, həm də gözəl təşkilatçı
idi. Son illər
Akademik Milli Dram Teatrına rəhbərlik
etmişdi. Böyük bir
kollektivin dərin rəğbətini qazanmışdı.
Onun rəhbərliyi dövründə
teatr əsaslı təmir edildi, neçə-neçə klassik
və müasir əsərlər səhnəyə
qoyuldu. Axır vaxtlar xəstəliyi
ona məhsuldar işləməyə imkan
vermirdi. İşləmək istəyirdi, müsabiqələr,
görüşlər təşkil
etmək arzusunda idi. Bir də Əbdürrəhim
bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsində baş rolu oynamaq istəyirdi.
Ömür vəfa etsəydi,
hələ teatrımız,
kinomuz üçün
Həsənağa müəllim
böyük işlər
görəcəkdi.
Zümrüd
Səs.- 2012.-
24 aprel.- S. 12.