Üzeyir Hacıbəyov və azərbaycançılıq

 

Azərbaycançılıq ideyalarının təbliğində və tərənnümündə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun xüsusi xidməti olmuşdur. Dünya şöhrətli bəstəkar öz musiqi və publisistik əsərlərində azərbaycançılıq mövqeyini müdafiə etmişdir. Üzeyir Hacıbəyov yaradıcılığında türkçülük və azərbaycançılıq, eləcə də, millilik və ümumbəşərilik vəhdət təşkil etmişdir. Fikrət Əmirov  göstərir ki, Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir. İlk operamızın, operettamızın, xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın... yaranışı onun adı ilə bağlıdır.

“Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları və qiymətli sənət kəşfləri ilə zəngin bir yoldur. Burada onu qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının məhz Füzulinin “Leyli və Məcnun” poeması əsasında yazılması da mənalı faktdır. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürməkdədir. Bədii dilimizin banisi Füzulinin ədəbiyyatımızda gördüyü vəzifəni, mənə elə gəlir ki, musiqimizdə böyük Üzeyir həyata keçirmişdir. Səməd Vurğun çox doğru olaraq Üzeyirə “Ey  Füzuli şeirinin bir bəstəkar qardaşı!” deyə müraciət edir.

Uzun illər apardığı axtarışların nəticəsi olaraq meydana çıxan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri Üzeyir Hacıbəyovu, həmçinin, qüdrətli musiqi nəzəriyyəçisi, tədqiqatçısı kimi də tanıtdı. Bəstəkarın musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir. Onu da qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyov bədii yaradıcılığı ilə nəzəri fikirləri arasında ziddiyyət olan sənətkarlardan deyil. Onun musiqisi sözünü, sözü də musiqisini tamamlayır.

Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq musiqisinə münasibət məsələsidir. Bəstəkarın demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun. Onun bu məsələyə yetirdiyi çox böyük diqqət təsadüfi deyildi. Ü.Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” kitabının 1945-ci ildəki  ilk nəşrinə yazdığı ön sözdə həmin mövzunu necə işlədiyindən danışarkən, qeyd edirdi ki, Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair bir ədəbiyyat və xüsusi elmi əsər olmadığına görə mən ancaq öz şəxsi müşahidələrimlə apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum...

Beləliklə, bu sətirlər də aydın təsdiq edir ki, ölməz sənətkar xalq musiqimizin elmi əsaslarını işləmək, ona layiq olduğu yüksək qiyməti vermək və lazımınca tanıtmaq, sevdirmək üçün nə qədər gərgin tədqiqat işi aparmış və vətəndaşlıq qeyrəti göstərmişdir. Üzeyir Hacıbəyov musiqi folklorumuzu toplamağın, xalq musiqimizi bütün incəliyi ilə araşdırmağın vacib olduğunu təkrar-təkrar xatırladarkən bu zəngin xəzinədən heç də passiv istifadəni, yerli-yersiz sitatlar gətirməklə istifadəni nəzərdə tutmurdu. Bəstəkarın qəti qənaəti belə idi ki, musiqi folklorundan xalqın arzu və düşüncələrini, həyata, dünyaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan yaradıcılıqla faydalanmaq lazımdır. Əks təqdirdə, bəstəkar xalq musiqisinə heç nə əlavə edə bilməz, onu daha da zənginləşdirmək əvəzinə, ancaq təkrar etməli olar ki, bunun da əsil sənətkarlıqla, əlbəttə, əlaqəsi yoxdur. Xoşbəxtlikdən, böyük Üzeyir bu məsələdə də Azərbaycan musiqisində nümunə göstərdi. Onun dühasının parlaq məhsulu olan “Koroğlu” yarandı. Üzeyir Hacıbəyov bu barədə yazırdı: “Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən “Koroğlu” operasını yazdım”.

Fikrət Əmirov bunu xüsusi qeyd edir: “Bu, çox qiymətli etirafdır. Həqiqətən, “Koroğlu” bizim üçün böyük sənət proqramı əhəmiyyətində olan bir məxəzdir. Bu opera bizdə hələ lazımi dərinliklə araşdırılıb tədqiq olunmamışdır. Halbuki Üzeyirin bədii irsi ilə nəzəri irsi arasındakı əlaqəni geniş, ətraflı öyrənmək baxımından “Koroğlu”nun diqqətlə, mövzuya yaxından bələdliklə təhlili çox zəruridir.”

Bakıda Koroğlunun heykəlinin açılışı münasibətilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək bildirdi: “Hörmətli cənab Prezident! Bakımızın minillik tarixində şəhərimizdə ilk dəfə atlı heykəl ucaldılıb. Bu, xalqımızın əfsanəvi qəhrəmanı Koroğlunun heykəlidir. Burada artıq deyildi, Koroğlu həm qəhrəman, həm də sənətkar, aşıq, şair idi. Bir əlində Misri qılınc idi, bir əlində saz. Koroğlu dastanın həm iştirakçısı, həm yaradıcısı idi.

Koroğlu obrazı əsrlər boyu xalqımızın yaddaşında, qəlbində yaşayıb, bizim böyük sənətkarları ilhamlandırıb. Ölməz Üzeyir bəy “Koroğlu” operasını yaradıb. Tahir Salahov rəssamlıqda “Koroğlu” obrazını yaradıb. “Koroğlu” filmi vardır. Bu gün bizim başqa bir görkəmli sənətkarımız Tokay Məmmədov Koroğlunu heykəltəraşlıqda təcəssüm etdirib.

Koroğlu Azərbaycan xalqının ruhunu, igidliyini, qəhrəmanlığını ifadə edən bir şəxsiyyətdir. Bakıda onun heykəlinin ucalması vətənpərvərlik ruhunun daha da inkişafına yardım edəcəkdir. Əfsanəvi Qıratın belində Koroğlunun Misri qılıncı qaldırması bizi torpaqlarımızı azad etməyə çağırır, bizi qəhrəmanlığa, Koroğlu ruhunu yaşatmağa çağırır”.

Üzeyir Hacıbəyovun dahiliyi ondadır ki, xalqın qəhrəmanlığını, vətənpərvərliyini, milli qürurunu, azərbaycançılığını musiqi dili ilə ifadə etmişdir. “Koroğlu” operası azərbaycançılıq ideyasını daha dərindən təcəssüm etdirmişdir. Üzeyir Hacıbəyov özü “Koroğlu” haqqında belə yazır: “Koroğlu” operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki “Koroğlu” operası xalqın doğma musiqi dilində yazılmışdır. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm”.

Fikrət Əmirov Üzeyir Hacıbəyovun milli və ümumbəşəri ideyaları vəhdətdə təqdim etməsini qeyd edir: “Böyük müəllimimiz belə hesab edirdi ki, xalq ilə onun anladığı dildə danışmaq istedadından məhrum olan hər hansı bəstəkar dövrümüzə layiq, yüksək qiymətli əsərlər yaratmaqda da aciz qalacaqdır.

Üzeyir Hacıbəyov belə bir əqidəyə birdən-birə gəlməmişdi. Əvvələn, dediyimiz kimi, o, uzun illər boyu xalq musiqimizi yorulmadan toplamış, öyrənmiş, saf-çürük etmiş, mühüm elmi nəticələr çıxarmışdır. İkincisi də, o, təkcə xalq musiqimizi tədqiq etməklə kifayətlənmirdi, xüsusən, rus və dünya xalqlarının ən görkəmli bəstəkarlarının yaradıcılığını ardıcıl izləyir, müvafiq nəticələrə gəlirdi. Ü.Hacıbəyov dünya şöhrəti qazanmış bəstəkarların sənətkarlıq sirlərini, onların böyük müvəffəqiyyətlərinin səbəblərini daim arayıb-axtarır, dərindən-dərinə öyrənirdi. Yeri düşdükcə, ayrı-ayrı məqalə və çıxışlarında həmin məsələyə toxunmağı da vacib bilirdi.

“Biz hamımız Üzeyir məktəbindən çıxmışıq” deyən Fikrət Əmirov göstərir ki, “Koroğlu”nun bu qədər xəlqi əsər, milli əsər olması müəllifin yalnız-mövzunu folklordan götürməsilə izah edilə bilməz. Həmin operada xarici işğalçılara qarşı, azadlıq uğrunda aparılan qanlı vuruşmalarda Babəklər, Koroğlular yetirmiş xalqın misilsiz mübarizə əzmi ifadə olunub. Bir sözlə, burada xalq ruhu, azərbaycançılıq ruhu öz əksini tapıb.

Üzeyir Hacıbəyovun yaradıcılığına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyevin göstərişilə hələ 1975-ci il noyabrın 20-də Üzeyir Hacıbəyovun ev muzeyi açıldı. Professor Musa Qasımlının qeyd etdiyi kimi, bu, Azərbaycanda ilk ev muzeyi oldu. Ev muzeyin açılışında Heydər Əliyev iştirak edərək, parlaq nitq söylədi. Onun nitqi Azərbaycan musiqi mədəniyyətinə sevgi və qayğının təzahürü idi. Heydər Əliyev hesab edirdi ki, belə ev muzeyləri incəsənət xadimlərinin yaradıcılığını təbliğ edir, böyük tərbiyə və mədəniyyət ocağıdırlar. Ev muzeylər, həm də daha geniş məna daşıyaraq gələnlərdə, xüsusən, məktəblilərdə özünə inam, milli kökə bağlılıq, milli hisslər və müstəqillik düşüncələrini oyadırdı.

Heydər Əliyev Ü.Hacıbəyovun əsərlərinin Azərbaycan xalqının istiqlal fikrinin inkişafında, milli kimliyinin dərk edilməsində oynadığı rolu yüksək dəyərləndirir və belə hesab edirdi ki, onun yaradıcılığı milli musiqi mədəniyyətində yeni bir dönəmin başlanğıcını qoyduğu üçün qiymətlidir.

Üzeyir Hacıbəyovun böyüklüyü ondadır ki, özümüzü, azərbaycançılığımızı dərindən dərk etməyi vacib sayırdı. Dahi bəstəkar “Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri” əsərində göstərirdi ki, Avropa alimləri qədim Şərq musiqisini və musiqi alimlərinin bizdən daha gözəl bilirlər.

Fikrət Əmirov “Üzeyir məktəbi” məqaləsini onun dünya şöhrəti qazanmasının səbəbini xalqa bağlılığında, azərbaycançılığında görürdü. Üzeyir Hacıbəyovun elmi-nəzəri irsi içərisində el mahnılarımızın toplanması və işlənməsinə, aşıq sənətinin layiqincə qiyməiləndirilməsinə, ifaçılığa və başqa mühüm yaradıcılıq məsələlərinə dair qiymətli mülahizələr vardır. Həmişə öyrənməyə can atan və bizi də həmişə öyrənməyə çağıran böyük sənətkarın özünün elmi, ədəbi və bədii irsi xüsusilə Yaxın Şərq və ərəb ölkələri musiqisinin inkişafı üçün çox əhəmiyyətlidir. Onun hər bir musiqi əsəri və hər bir musiqi fikri həyatiliyi, xəlqiliyi və dərin elmiliyi ilə fərqlənir.

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Qara Qarayev SSRİ Bəstəkarlar İttifaqının V qurultayındakı nitqində deyirdi: “Azərbaycanın müasir bəstəkarlıq... məktəbinin kökləri... Azərbaycanın böyük klassik bəstəkarı, alim və pedaqoqu Azərbaycanda professional bəstəkarlıq sənətinin banisi Üzeyir Hacıbəyovun irsi və ənənələri ilə bağlıdır”.

Ulu Öndər Heydər Əliyev Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan bəhs edərək demişdir: “Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun M.Maqomayevlə və bir neçə silahdaşı ilə birlikdə uzun müddət çox böyük çətinlikləri aradan qaldırmağa və güclü müqaviməti qırmağa məcbur olduğunu xatırlayanda musiqi mədəniyyətimizin bir neçə onillik ərzində keçdiyi diqqətəlayiq yol gözümüz qabağında xüsusilə qabarıq şəkildə canlanır.

Bu gün Azərbaycan professional musiqisi banilərinin, ilk növbədə, Üzeyir Hacıbəyovun fəaliyyətini böyük minnətdarlıq və iftixarla xatırlayırıq. Onlar xalqa nəinki gözəl musiqi əsərləri bəxş etmiş, həm də Azərbaycanda bəstəkarlıq məktəbinin təməlini qoymuş və bu məktəbi yaratmışlar”.

Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev dahi Üzeyirin “Koroğlu” operasındakı azərbaycançılıq ruhunu yüksək dəyərləndirir. Koroğlunun abidəsinin açılışı münasibətilə nitqində cənab İlham Əliyev demişdir: “Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur. Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq”.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 25 aprel.- S.14.