Unudulmaz alim - Mir Cəlal Paşayev

 

 XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur.

“Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda, onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” çap olunmuşdur. Lakin o bundan sonra 1930-cu illərdən etibarən hekayələr yazmışdır. O dövrün “Şərq qapısı”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” hekayələrini çap etdirmişdir. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunmuşdur. Mir Cəlalın bütünlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyatı məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, böyük Sabirin şeirini oxuyanda, Mirzə Cəlili oxuyanda, satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Mir Cəlalın ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdı ki, “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdır. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdi. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilmişdir. Mir Cəlal Paşayevin nəşr olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır.  “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunmuşdur. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-1968), “Seçilmiş əsərləri” (2 cilddə 1986-1987) hekayələr və povestlərindən ibarət “Səfərdən qayıdanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrindən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” 1974 və sair. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunmuşdur.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas, nəzəriyyəçi-alim kimi də müstəsna və özünəməxsus yer tutmuşdur. Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olmuşdur. Mir Cəlal müəllim 1936-cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fənndən mühazirələr oxumuşdur.

Mir Cəlalın tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Əməkdar elm xadimi Mir Cəlal XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcəkdir. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi. 1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan, böyük şəxsiyyət kimi tarixləşmiş əziz müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaqdır.

Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin 100 illik yubileyindən sonra əsərləri çap olunaraq maraqla oxunur. “YUNESKO-nun 2008-2009-cu illərdə körkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Onu da qeyd etməliyəm ki, ADPU Mir Cəlal Paşayevin 100 illik yubileyini 23 aprel 2008-ci il tarixdə qeyd etmişdir. Mən əziz müəllimimə dərin hörmət və ehtiramımı bu yubileydə “Mir Cəlalın şəxsiyyəti və yaradıcılığı” adlı elmi məqalə ilə çıxış etməyimlə bildirmişəm. Mənim 30 illik zəhmətim bu yubileydə öz əksini tapmışdır. Yubileydən əvvəl “Səs” qəzetində həmin məqaləm dərc olunmuşdur. Buna görə də qəzetin baş redaktoru Bəhruz Quliyev və onun işgüzar kollektivinə həyatım boyu minnətdaram.

2008-ci ilin noyabrında Parisdə YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim, müəllim Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmli dəyərin təzahürüdür.

 

 

Ofelya Mürsəlova,

ADPU-nun pedaqogika

kafedrasının baş müəllimi

 

Səs.- 2012.- 25 aprel.- S.12.