Azərbaycanın timsalında “Eurovision 2012” Mahnı Müsabiqəsi dünyaya nümunə olacaq

 

 Ümumavropa şousuna ilk dəfə ev sahibliyi edəcək Bakı yarışmaya  start veriləcəyi günü səbirsizliklə, həyəcanla gözləyir. Bir ilin nə zaman sona yetməsi gərgin, həyəcan dolu zamanda sürətini artırıb, çaparaq keçdi. Yarışmanın il ərizində diqqətdə qalması, ətrafında müxtəlif fikirlərin dolaşması, hazırlıq işləri, keçiriləcək məkanın inşası və s. bu zamanın ixtiyarında baş verdi. “Eurovision 2012” Mahnı Müsabiqəsi çərçivəsində həyata keçiriləcək tədbirlər, görülən işlər, yarışmaya hazırlığın səviyyəsi, bu və ya digər  suallarla Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevə müraciət etdik.

  - Artıq bir neçə gündən sonra “Eurovision-2012” Mahnı Müsabiqəsinə start veriləcək. Bakı yarışmaya tam hazırdırmı? Ümumilikdə, hazırlıq prosesinin keyfiyyətini necə qiymətləndirmək olar?

- Azərbaycan beynəlxalq musiqi yarışması ərəfəsindədir. Belə bir möhtəşəm beynəlxalq layihənin ölkəmizdə təşkili əlamətdar  hadisədir. “Eurovision-2011” Mahnı Müsabiqəsində qalibiyyət, Azərbaycan təmsilçilərinin dünya məkanında birinciliyi əldə etməsi tarixi qələbəmizlə nəticələndi. Ümumavropa, eləcə də, dünyanın müxtəlif qitələrini əhatə edən “Eurovision” yarışması özünün 57 illik tarixində Bakıda keçirilməsinə vəsiqə aldı. Bu uğur Azərbaycan mədəniyyət və incəsənəti sahəsində atılan addımların bəhrəsidir. Onu da vurğulayım ki, Azərbaycan təmsilçilərinin uğurlu çıxışları milli mədəniyyətimizin Avropaya inteqrasiyasında böyük addımdır. Bu gün, həqiqətdir ki, Bakı dünyanın nəzər nöqtəsindədir. Yarışma dünya xalqlarının bir-birinin mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı yaradır. Əlbəttə ki, bu yarışmada qalib gələn ölkə mədəniyyətini, incəsənətini Avropada, eləcə də, dünya məkanında tanıtmaq imkanını əldə edir. Bu səpkidə görülən işlər nəinki “Eurovision” yarışması, eləcə də, Azərbaycanın mədəniyyət siyasəti dövlətin tanıdılmasında mühüm amillərdəndir. Azərbaycan mədəniyyətinin dünya məkanında tanıdılması Azərbaycan Prezidenti Cənab İlham Əliyevin, o cümlədən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin gerçəkləşməsinin məntiqi nəticəsidir.

Bu gün dövlət tərəfindən, müsabiqənin Təşkilat Komitəsi tərəfindən görülən işlər nəticəsində, Bakı “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsinə tam hazır vəziyyətdədir. Nəinki Bakı, hətta Azərbaycan belə müsabiqəyə hazırdır. Ölkəmizə gələcək hər bir qonaq, eləcə də, ölkə təmsilçilərinin diqqət və qayğı ilə qarşılanması, onlara isti münasibətin göstərilməsi istiqamətində bütün tədbirlər görülüb. Azərbaycan xalqına məxsus olan milli-mənəvi dəyərlər, qonaqpərvərlik yüksək səviyyədə təqdim ediləcək. Ona görə də, qətiyyətlə deyə bilərik ki, hazırlıq işlərinə başlanılan zaman çərçivəsində hər bir şey vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib. Azərbaycanın timsalında yarışma bütün dünyaya nümunə olacaq. Müsabiqə sona yetdikdən sonra ölkəmizin reytinqi daha da yüksəyə qalxacaq.

- Paytaxtımızın mədəniyyət müəssisələrinin həmin günlər çərçivəsində qonaqlara təqdim edəcəkləri tədbirlər zamanı milli dəyərlərimizin əhatəsində hansı amillərə daha çox üstünlük veriləcək? Azərbaycan teatrları, muzeyləri və digər mədəniyyət müəssisələri yarışmaya necə hazırlaşıb?

- Mədəniyyət ocaqlarında hazırlıq işləri davamlı olaraq aparılıb. Bütün muzeylər, teatr müəssisələri, eləcə də, digər mədəniyyət müəssisələri yarışma vaxtı tam işlək vəziyyətdə olacaq. Müxtəlif səpkili tədbirlərin təşkili planlı şəkildə hazırlanıb. Azərbaycanın tanınmış və istedadlı rəssamlarının əl işlərindən ibarət sərgilər təşkil ediləcək. Bütün konsert salonlarında zəngin repertuarlar əsasında konsertlər keçiriləcək. Əgər adi günlərdə mədəniyyət müəssisələri müəyyənləşdirilmiş iş saatında işləyirdisə, bu çərçivədə iş saatları uzadılacaq. Belə ki, əgər muzeylərdə iş saatı 18:00-a qədər təyin edilibsə, həmin günlərdə 20:00 və yaxud 24:00-a qədər də fəaliyyətdə olacaqlar. Paytaxtımızın qonaqları milli mədəniyyətimizlə tam asudə şəkildə yaxından tanış ola biləcəklər. Mən deyərdim ki, bu yarışma Azərbaycanın tanıtım məqsədi də daşıyır. Açıq havada belə tədbirlərin keçirilməsi, konsertlərin verilməsi, sərgilərin təşkili və s. qonaqların Azərbaycan mədəniyyətinin mənimsənilməsinə xidmət edəcək. Onların asudə vaxtının təşkili üçün hətta mədəniyyət abidələrinə gəzintilər də nəzərdə tutulub. Sözsüz ki, gələn qonaqlara tur paketləri veriləcək. Belə ki, kitabçada tarixi abidələrin gəzintisi, maşrutundan tutmuş bütün gəzinti nöqtələri və təyin olunan saatlar tur paketlərdə əksini tapıb. Asudə vaxtın təşkili qonağın öz seçimindən asılı olacaq.

- “Eurovision-2012” Mahnı Müsabiqəsinin paytaxtımızda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirərdiniz?

- İlk növbədə, qeyd etdiyim kimi, bu müsabiqənin əhəmiyyəti Azərbaycanın dünyaya inteqrasiya olunmasıdır. Azərbaycanı dövlət olaraq dünya miqyasında təkcə nefti ilə deyil, milli mədəniyyətimiz, incəsənətimizlə tanıtmışıq və nailiyyətlər bizi müşayiət edib. Məhz dünya miqyasında təbliğ etdiyimiz və uğur qazanan mədəniyyət və incəsənəti gələn qonaqlar öz məkanında görəcəklər. Onun özəyini görmək istəyində olanlar üçün bu, çox maraqlıdır. Azərbaycan milli rəqsinin yaranması zamanı məşqlərə tamaşa etmək, sözsüz ki, marağa səbəb olacaq. Demək, bu dəyərləri yerində öyrənmək baxımından da əhəmiyyətlidir. Azərbaycan mədəniyyətinin inkişaf templəri mövcuddur. Bakı günü-gündən gözəlləşir, müasirləşir. Bu yeniliklərlə tanışlıq mütləqdir. Sözsüz ki, belə tanışlıq və təmasdan sonra dünya məkanında Azərbaycanı tanıyanların və ölkəmiz haqqında yüksək fikirdə olan insanların sayı daha da artacaq. 30-50 min turistin gələcəyi “Evrovision” yarışmasından sonra ölkəmizə baxışlar dəyişəcək. Ölkəmizə gələcək qonaqlar tamaşaçılardır. Amma həmin tamaşaçılar hansı sahələrdə işləyir, bunu bilmirik. Sözsüz ki, müxtəlif sahələrdə çalışan qonaqların baxışları da əhəmiyyət kəsb edəcək. Qonaqlar sırasında siyasətçilər, siyasi qurum, təşkilatların nümayəndələri də təmsil olunacaq. Bu da dövlətimizə qarşı olan siyasi baxışların formalaşmasına gətirib çıxaracaq. Bir qisim şəxs ölkənin inkişaf tempinə, sürətinə, dövlətin dünya məkanında layiqli yer tutmasına nə qədər qısqanc yanaşsa belə, reallıqlarla barışmaq məcburiyyətindədir. Azərbaycanın bu tempdə inkişafı, sürəti istənilən əlaqələrin yaradılmasında önəm kəsb edib və davamlılığına şübhə oyatmır. İnanıram ki, müsabiqədən sonra Azərbaycan Avropa evinə daha da yaxın olacaq və qarşılıqlı münasibətlər fondunda davam edəcək. İnandırım sizi ki, bu yarışmadan sonra turistlərin sayı 1-in 2-yə nisbətində artacaqdır. Həm iqtisadi, həm tanıtım, həm mədəniyyət, həm də inkişaf baxımından çox önəmli bir layihədir ki, paytaxtımızda baş tutacaq. Mən “Evrovision-2012” Mahnı Müsabiqəsinin Bakıda keçirilməsinə görə 2012-ci ili Azərbaycan üçün əhəmiyyətli il hesab edirəm.

- Mədəniyyət hadisəsi olan yarışmaya siyasi meyardan yanaşma mədəni münasibətlərə və bu cür layihələrə necə təsir göstərir?

- Mədəniyyət aləmində baş verən hadisədən hansısa siyasi məqsəd üçün istifadə etməyin əleyhinəyəm. Bəli, dövlətin mədəniyyət siyasəti yürüdülür. Bu müsabiqə mədəniyyət siyasətində böyük qələbəmiz olacaq. Amma onu siyasiləşdirmək və don geydirib başqa rakursdan yanaşmaq, ictimai-siyasi həyatla əlaqələndirmək düzgün deyil. Nəyə görə biz buna siyasi don geydirməliyik? Nəyə görə, bəzi insanlar “Eurovision-2012”-nin yaxşı tərəflərini sadalamır, əksinə, qarayaxmalarla məqsədinə xidmət göstərir? O qüvvələr Azərbaycanı sevməyənlərdir. Bu beynəlxalq şouda heç bir siyasət yoxdur, yalnız Azərbaycanın mədəniyyət siyasəti özünü büruzə verir. Qarşıya qoyduğumuz məqsədləri biz Avropaya təqdim edirik. Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri çıxışında müsabiqədən siyasi məqsədlər üçün istifadə edilməsi məsələsinə də toxunub. Cənab İlham Əliyev qeyd edib ki, bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik və bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Prezidentin dediyi kimi, bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar.

Radikal qüvvələrin artıq bəhanələri, gedişləri tükəndiyindən anti-təbliğata əl atıblar. Radikal addımların atılması heç də bu müsabiqəyə mənfi təsirini göstərə bilməz. Bu, beynəlxalq mahiyyətli mədəniyyət yarışmasıdır və birləşib gələn qonaqların qarşısında milli dəyərlərimizi lazımi şəkildə təqdim etmək məsuliyyətini daşıyırıq. Dövlət tərəfindən atılan hər addım Azərbaycanın inkişafına söykənir. Şəxsi ambisiyaların ortaya qoyulmasını mən ən azı mədəniyyətsizlik kimi qəbul edirəm. Ən adi vətəndaş belə xarici turistə mədəniyyətini göstərməlidir. Məlum olduğu kimi, müsabiqə artıq 57 illik tarixini yaşayacaq. 56 illik tarixi yolda hansı bir dövlətdə yarışmaya siyasi don geyindirilib və şəxsi ambisiyalarından istifadə etmək istəyi ilə çıxış edilib? Buna zənnimcə, heç bir ölkədə təsadüf olunmayıb. Azərbaycan mətbuatında, eləcə də, xarici mətbuatda dərc olunan məqalələrdə bizim işlərimizə kölgə salmaq cəhdləri heç bir fakta söykənmədiyindən, reallaşa bilmir. Azərbaycan dövlətinin müvafiq qurumlarının, təşkilat komitəsinin bir istəyi var. Bu müsabiqəni yüksək səviyyədə başa çatdırmaq. Biz buna əminik ki, istəyimiz baş tutacaq və heç bir siyasi qurum və təşkilatların cəhdləri buna mane ola bilməyəcək.

- Müsabiqə ərəfəsində ən vacib və diqqətdə olan məsələlərdən biri də turistlərin yerləşdirilməsidir. Maraqlıdır, bu istiqamətdə hansı işlər görülüb?

- Azərbaycanda turizm sahəsində gedən dinamik proseslər bu sahənin inkişafını sürətləndirir. Müasir dövrümüzdə Azərbaycan turizmi Avropa standartlarına, universal dünya standartlarına uyğunlaşdırılıb. Bu baxımdan da turistlərin yerləşdirilməsi narahatçılıq doğurmur. Müsabiqədə iştirak edəcək qonaqların yerləşdirilməsi məsələsi həllini tapıb. Onların nəqliyyat, dil və s. problemləri diqqətdə olduğundan, artıq xüsusi turlar təşkil edilib. Ölkəmizdə olan otellər tam hazır vəziyyətdədir. Hər bir otelə xüsusi işçilər cəlb olunub. Hətta yemək mədəniyyətinin təbliği belə diqqətdə saxlanılır. Dünyanın müxtəlif ölkələrindən gələcək qonaqların hər dəqiqəsinin təşkili nizamlanıb. Viza rejiminin sadələşdirilməsi, aeroportda onların qarşılanması və s. məsələlər də həllini tapıb. Azərbaycanda, Bakıda olan otellər var qüvvəsi ilə buna çalışacaq. Hansısa mətbuat və yaxud da fərd reytinqini qaldırmaq məqsədilə bu pərdə altında gizlənib şəxsi ambisiyalarına xidmət etmiş olsa belə, möhtəşəm layihənin keçirilməsinə zərrə qədər də olsa xələl gətirə bilməz. “Sarı mətbuat” reallıqlarla mübarizədə zəif və gücsüzdür. Azərbaycanda mətbuat azaddır, senzura yoxdur. Hansısa jurnalistin fərdi düşüncəsi meyar  deyil. Xarici dövlətlərin də “sarı mətbuatı” həmin dövlətin mövqeyini əks etdirmir. “Eurovision” yarışmasından sonra xaricdə fikir formalaşdırmağa çalışan qüvvələr də əks təbliğat aparmaqda çətinlik çəkəcəklər. Çünki Azərbaycan gerçəklikləri ilə tanış olduqdan sonra dövlətimiz ətrafında gəzən bəzi xoşagəlməz fikirlərin məqsədli olduğu bəlli olacaq. Əgər Azərbaycanda 8 ay ərzində “Bakı Kristall Zalı” tikilib istifadəyə verilibsə, bu, artıq dövlətin gücünün ifadəsidir.

Bir daha vurğulayım ki, bu müsabiqə yüksək səviyyədə keçiriləcək, dünyada əks-səda doğuracaq və tarixə düşəcək.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

 Səs.- 2012.- 25 aprel.- S. 7.