Mədəni-siyasi
uğurumuz
“Eurovision” Mahnı Müsabiqəsinin
başlanmasına 1 aydan az vaxt qalıb. Bu ərəfədə
Azərbaycan əleyhinə dünya mətbuatında qərəz
xarakterli fikirlər qeyd olunur. Dünya mətbuatında qeyd
olunanları araşdırarkən, heç öz daxilimizdəki
bəzi qüvvələrin də onlardan fərqli
olmadığını görürük. Belə ki,
çıxışları və fikirləri ilə
düşmən mövqeyini xatırladan bəzi müxalif
qüvvələrin məlumatları sadəcə Azərbaycanın
dünyaya yanlış təqdim edilməsinə hesablanıb.
Bütün bu məsələlərlə bağlı
sualları Səs Tv-də yayımlanan “Gündəm”
verilişinin qonaqları-“İki Sahil” qəzetinin baş
redaktoru, Mətbuat Şurasının reket jurnalistlərə
qarşı mübarizə komissiyasının sədri
Vüqar Rəhimzadə, Mətbuat Şurasının
şikayətlər komissiyasının sədri Müşfiq Ələsgərli
cavablandırıb.
- “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində
Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətlə
bağlı nə deyə bilərsiniz?
Vüqar Rəhimzadə:
-İlk olaraq, qeyd etmək istərdim
ki, hazırda Azərbaycanda bayram əhvalı yaşanır. Dünyada da böyük əhəmiyyətə
malik olan belə bir mötəbər tədbirin Azərbaycanda
keçirilməsi son dərəcə əlamətdar
hadisədir. Çoxları tərəfindən başqa cür
qarşılansa belə, bu tədbir
dünyanın Azərbaycana olan diqqətinin
göstəricisidir. Ölkəmizdə gedən ictimai-siyasi proseslərə gəldikdə isə,
bu gün Azərbaycanda
kifayət qədər möhkəm əsaslara malik
ictimai-siyasi sabitlik hökm sürür. Hər
halda belə bir
müsabiqənin ölkəmizdə keçirilməsi də buna sübutdur. “Eurovision” Mahnı Müsabiqəsinə Azərbaycanın
ev sahibliyi etməsi
ölkəmiz üçün mühüm hadisədir. Bu,
bizim həm tarixi uğurumuz, həm mədəni və siyasi nailiyyətimizdir. Təbii ki, bu cür
mədəniyyət hadisəsinin bəzən siyasiləşdirildiyi
kimi hallarla da rastlaşırıq və bunu
birmənalı şəkildə dəstəkləmirik. Çünki hər kəs bu
müsabiqənin əhəmiyyətini dərk etməli və
buna uyğun çərçivədə
başa düşülməlidir.
Müşfiq Ələsgərli:
-Cəmiyyətimiz bir sıra sferalardan ibarət
olsa da, mən ilk olaraq, ümumi
dəyərləndirmə aparmaq istərdim.
Belə ki, nikbinlik doğuran ən önəmli amil
müsabiqənin keçirilməsində cavabdehlik
daşıyan qurumların bu müsabiqəyə
hazır olmasıdır. Bu müsabiqənin hazırlığı ilə məşğul
olan dövlət strukturları, Azərbaycanın
milli elitası, media
qurumları kifayət qədər ciddi tədbirlər
həyata keçirirlər və artıq, demək olar ki, hazırlıqlar tam başa çatmaq
üzrədir. Televiziyalarda ölkəmizdəki
hazırlıq işləri ilə bağlı kifayət qədər
məlumat verilir və bütün
bunlara əsaslanaraq, ictimaiyyətimizin bu müsabiqəyə tam
hazır olduğunu deyə bilərəm.
Azərbaycan xalqı bu məsuliyyətli
nailiyyətin öhdəsindən layiqincə gələcək
və müsabiqə öz simamızı
dünyaya
çatdırmağımıza kömək edəcək. Digər
tərəfdən isə, “Eurovision”
özlüyündə çox əhəmiyyətli
hadisədir. Bildiyimiz kimi,
postsovet məkanında Rusiya
istisna olmaqla, başqa ölkələrdə keçirilməyən
bu müsabiqənin indi
Azərbaycanda keçirilməsi, ölkəmizin belə bir məsuliyyəti öz
üzərində götürməsi çox
dərin mənaları ifadə edir. Bu fakt Azərbaycanın
beynəlxalq əhəmiyyətli tədbirlər keçirmək
imkanına malik olduğunu
göstərir. Cəmiyyətin aparıcı hissələrinin,
dövlət nümayəndələrinin bu
məsələyə hazır olduğu göz qabağında olsa
da, təbii ki, bayaq da qeyd
etdiyimiz kimi, cəmiyyət
müxtəlif sferalardan ibarətdir. Məsələn,
bu uğurumuzu ləkələməyə,
gözdən salmağa
çalışan həm yerli qüvvələr,
həm də bir sıra xarici
təşkilatlar mövcuddur. Lakin biz bütün
bunların qarşısının alınması üçün gərəkli tədbirlər
həyata keçiririk. Mətbuat
Şurası, qeyri hökumət təşkilatları
və bir sıra digər qurumlar
ölkəmizdə gedən proseslərin aydın
işıqlandırılması üçün
lazımi tədbirləri görürlər.
- Bəzi xarici
mətbuat orqanlarında Azərbaycanın müsabiqəyə
hazır olmaması ilə bağlı qərəzli fikirlər
səsləndirilir. Sizcə, burada əsas
məqsəd nədir?
Vüqar Rəhimzadə:
-İlk olaraq, onu qeyd
edim ki, bu müsabiqə yüksək səviyyədə
hazırlanıb və uğurla da başa
çatdırılacaq. Azərbaycanın iqtisadiyyatı, daxili-xarici siyasətinin gücü
və bir sıra digər amillər regional deyil, beynəlxalq
layihələrə ev sahibliyi
etməyə hazır olduğunu sübut edir. Tarixən
ölkəmiz imza atdığı bütün məsuliyyətlərin öhdəsindən
layiqincə gəlib və bu da növbəti uğurumuzda
bir daha özünü təsdiqləmiş olacaq. Azərbaycan bu gün bütün sahələrdə
dinamik inkişafı ilə seçilən
ölkədir. Ona görə də,
uğurlarımızı, nailiyyətlərimizi qısqanan, bunun qarşısını müxtəlif maneələrlə
almağa çalışan bir sıra dövlətlər mövcuddur.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, burada həm beynəlxalq, həm də daxili qüvvələrin rolu
var. Yəni beynəlxalq aləmdə
qısqanılmağımız bəlkə normal
qəbul oluna bilər, lakin
öz daxilimizdə belə halların baş verməsi, təbii ki,
baş ucalığı gətirən hal deyil. Fikir
versəniz, görərsiniz ki, bu cür insanlar
daima şəxsi maraqlarını dövlət
maraqlarından üstün tutanlardır. Tarixi mövqlərinə nəzər salsaq, bu insanların
yalnız öz şəxsi maraqlarına
xidmət etdiyini görmək çətin
deyil. Ona görə də
bu insanlar ölkəmizin
uğurlarını öz uğurları kimi görə bilmirlər. Onlar
üçün Azərbaycanın nailiyyətləri
faydasız və mənasızdır. Onlar
sadəcə özlərinə sərf edəni etməyə
çalışır, sərf etməyənlər isə
dövlətin milli maraqlarını ifadə
edən həqiqət də olsa,
qarşısını almağa can atırlar. Azərbaycanın müxalifətyönlü
qəzetlərinə nəzər saldıqda, burada
“Azadlıq” qəzetinin adını xüsusilə qeyd etmək istərdim. Bu
qəzet aqressiv və düşmən mövqeli çıxışları ilə bir növ Azərbaycanın
uğurlarını qısqanan dövlətlərin, əsasən
də, düşmən Ermənistanın dəyirmanına su tökür. Bu cür addımlarla çirkin niyyətlərini həyata
keçirməyə çalışan müxalifət
nümayəndələri bilməlidirlər ki,
bu absurd niyyətlərdir.
Lakin müxalifətin bu
cür məsələlərə şərait
yaratması, hansısa xarici təşkilatlardan
gələn qrant hesabına dövlət
maraqlarını öz şəxsi
maraqlarına satmaları olduqca ürək
ağrıdan və nifrət hissi oyadan hadisədir. Onların niyyətlərindən
nəsə güdmələri isə, sadəcə, öz arzuları olaraq qalacaq.
- BBC kanalında “Eurovision-2012”
Mahnı Müsabiqəsi ilə bağlı bir
sıra məlumatlar və antitəbliğat aparılır.
Sizcə, bütün bunlar
nəyə işarədir?
Müşfiq Ələsgərli:
-Təbii ki,
bu gün
dünyanın ictimai rəyinin
formalaşmasında yaxından iştirak
edən bir sıra transmilli
korporasiyalar mövcuddur.
Bəli, BBC ilə bağlı verdiyiniz sual hazırda gündəmi məşğul
edən məsələlər sırasındadır. Lakin mən ilk olaraq qeyd
etmək istərdim ki, bunu
məhz BBC-nin Azərbaycana qarşı
apardığı kampaniya kimi
qiymətləndirmək lazım deyil. Çünki bir sıra tarixi hadisələrə nəzər yetirsək,
rahatlıqla görərik ki, bu transmilli korporasiya
yanlış informasiyalara söykənərək,
dəfələrlə həqiqətdənkənar məlumatlar
yayımlayıb. Məsələn, 2000-ci illərdə İraqda xüsusi kəşfiyyat
orqanları tərəfindən kimyəvi silahların
tapılması ilə bağlı xəbər yayan BBC-nin bu
yanlış məlumatı bu günə
qədər də qalmaqal yaratmaqda
davam edir. Digər bir misal yenə BBC
kanalının ictimai rəyi
çaşdırması ilə bağlıdır. Yaxın keçmişdə Liviyada
baş verən hadisələr zamanı həmin
transmilli korporasiya Liviyada insan cəsədlərindən
ibarət məzarlıq olduğu ilə
bağlı xəbərlər yaymışdı. Lakin artıq Liviyada
hakimiyyət devrilib və hadisələr
demək olar ki, başa çatıb, belə bir məzarlıq isə tapılmayıb. Yenə
məlum olur ki, BBC
kanalı ictimai rəyi
çaşdırır və bəzən yanlış informasiyalar yayır. Sayı onlarla
olan bu cür
misalların sırasına indi də bizim ölkəmizin adı daxil
edilmək üzrədir. BBC kanalı bu gün Azərbaycan haqqında yanlış kampaniya aparır. Lakin “Eurovision” qabağı belə bir
kompaniyanın onlara qazandıracağı
heç nə olmayacaq.
Çünki insanlar bütün həqiqətləri öz gözləri ilə görəcəklər.
Lakin burada yenə məsuliyyət
Azərbaycan cəmiyyətinin üzərinə düşür. Belə ki,
biz bir cəmiyyət olaraq bütöv formada öz
simamızı təqdim etməyə
çalışmalıyıq. Bu prosesdə
də bizə mane olmaq
istəyən daxili qüvvələrin
qarşısını almaq üçün əlimizdən gələni
etməli, onları ictimai qınaq obyektinə
çevirərək, bu məsələdən
kənarlaşdırmalıyıq.
- Azərbaycan müxalifətinin
belə bir ərəfədə ölkəmizin
maraqlarına zidd çıxışlar
etməsi nə məqsəd güdür?
Onlar Azərbaycanda söz
azadlığının olmadığını iddia edirlər. Söz
azadlığı olmadığındanmı müxalifət
nümayəndələri ermənilərin informasiya
mənbəyinə çevrilib?
Vüqar Rəhimzadə:
-İlk olaraq, qeyd edim
ki, Azərbaycanda söz
azadlığı model olaraq
bir çox dünya ölkələrinə nümunə
göstərilə bilər. Bu gün Azərbaycan mətbuatının
inkişaf etdirilməsi üçün
dövlət tərəfindən təqdirəlayiq addımlar
atılır və bütün bunlar göz
qabağında baş verir.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti
Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişaf Dövlət Dəstəyi
Konsepsiyasının yaradılması və 2009-cu ildə həmin
fondun yaradılması bütövlükdə
Azərbaycan mətbuatının inkişafına ciddi təsir edib. Bu gün Azərbaycanda
jurnalistlərin sosial rifahının
yaxşılaşdırılması, peşəkarlıqlarının
artırılmasında bir sıra
addımlar atılır. Ona görə də,
bu gün Azərbaycan
mətbuatında söz
azadlığını müzakirə etmək heç bir
düşüncəyə sığmır. Azərbaycanda söz azadlığının
olmadığını iddia edənlərə
demək lazımdır ki, söz
azadlığı olmasa mətbuatda bu cür radikal
fikirlər səsləndirilə bilərmi? Qətiyyən yox! Ona görə də həmin
insanların bu cür
çıxışlar edərək, çərçivəni
bu qədər keçməsi sadəcə
onların milli hisslərində olan problemlə əlaqəlidir. Onlar sadəcə öz milli vətənpərvərlik hisslərini itirmiş insanlardır. Onlar
üçün vətən anlamı yoxdur. Təsəvvür edin
ki, bu gün
erməni mətbuatında Azərbaycan müxalifətinin məlumatları
yerləşdirilir. Bu cür
insanlar ictimaiyyətin qınağına tuş gəlməlidir. Onlar
şansından uzaqlaşdırılmalıdırlar.
GÜNAY MƏMMƏDOVA
Səs.- 2012.- 26 aprel.- S. 7.