Hər kəsə örnək olan ana, alim və gözəl qadın

 

Dünən YAP Sabunçu rayon təşkilatının qərargahında görkəmli oftalmoloq Zərifə Əliyevanın 89-cu ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbaycan tibb elminin dünya miqyasında tanınmasında, ölkəmizin elm xəzinəsinə sanballı töhfələrin bəxş edilməsində görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın əməyinin böyük olduğunu bildirdi. Qeyd etdi ki, beynəlxalq miqyasda böyük nüfuz qazanan məhsuldar və yorulmaz fəaliyyəti ilə tibb elminin, səhiyyənin inikişafına qayğısını əsirgəməyən görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın adı Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu kimi tibb tarixi salnaməsinə böyük hərflərlə yazılıb.

 M.Abasquliyeva görkəmli alimin təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsil vətəndaş kimi yaddaşlara əbədi həkk olunduğunu vurğuladı: “Zərifə xanım Əliyeva, Ümummilli Lider,  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Eyni zamanda, fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik olan görkəmli akademik Zərifə Əliyeva tibb sahəsi ilə yanaşı, musiqi təhsili də alaraq, fortepianoda dəyərli əsərləri ifa etmişdir” deyən M.Abasquliyeva akademik Zərifə xanım Əliyevanın ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də, məğrur Azərbaycan qadını kimi xalqımızın qəlbində daimi yaşayacaq”.

“Zərifə xanım bütün analara, qadınlara  örnək ola biləcək bir ömür yolu keçmişdir” söyləyən Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova isə vurğuladı ki, baharda dünyaya göz açıb, baharda da həyata “əlvida” deyən  səhiyyəmizin korifeyi özündən sonra  həqiqi mənada bir xəzinə, zəngin miras qoyub: “Həmkarları Zərifə xanımı həmişə xeyirxahlıq mələyi kimi xatırlayır. “Əvəzolunmaz insan, peşəsinin vurğunu” ifadəsi sanki onun üçün deyilmişdi. Azərbaycanda milli oftalmologiya elmi ONUN adı ilə bağlıdır. Uşaqlıqdan Əziz Əliyev kimi həkim, ictimai xadim ailəsində böyüdüyündən  həyat yolunu seçməkdə çətinlik çəkməyən gənc Zərifə ədəbiyyata,  musiqiyə və incəsənətə  nə qədər bağlı olsa da, elmə olan həvəsi, peşəsinə vurğunluğu onu daim qaliblər zirvəsinə yüksəldirdi”. 

Milli Məclisin deputatı Kamilə Əliyeva bildirdi ki, həyat fəlsəfəsi, elmi fəaliyyətini tamamlayan Zərifə xanım Əliyevanın həyat yolu müdriklik, kamillik, mənəviyyat məktəbidir: “Bu məktəbdən hər kəs  ibrət götürə,  gələcəyini  müəyyənləşdirə, mətinliyin, səbrin tək insanın özünə deyil, ətrafındakılara da  fayda verməsi həqiqətini aydın hiss edər”.

Akademikin silahdaşı, yaxını, həkim Zərifə Quliyeva Zərifə xanımın elmi fəaliyyətinin daha çox diqqətçəkən məqamlarına aydınlıq gətirdi. Onun işdə olduğu kimi, ailədə də cəfakeş, diqqətli bir ana, sədaqətli həyat yoldaşı olduğunu bildirdi: “Zərifə xanımın oftalmologiya elminə gətirdiyi yeniliklərin hər biri özlüyündə bir məktəb, tədqiqat mövzusudur.  60-cı illərdə  ölkəmizdə, xüsusilə,  rayon və kəndlərdə geniş yayılmış traxoma əleyhinə mübarizədə onun göstərdiyi fədakarlıq əsil vətəndaşlıq yanğısı idi. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə” adlı elmi əsəri ona elmlər namizədi adını qazandırdı. Daim axtarışda olan gənc alim kimi  qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində elmi işini davam etdirdi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti kimi oftalmologiyada həkimləri düşündürən problemlərin həllində gördüyü işlər, təcrübə və  tədqiqatları sayəsində əldə etdiyi nailiyyətlər bu gün də aktuallığını saxlayır, geniş tətbiq olunur.”

Professor Rəna Rzazadə çıxşında qeyd  etdi ki, xalq arasında belə yüksək  etimadı qazanmaq o qədər də asan deyildi: “Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib tərbiyə etməlidir. Bunun üçün isə qadın  fiziki cəhətdən sağlam olmalıdır. Sadə,  xeyirxah insan kimi  həkimlik fəaliyyətinə vətəndaş mövqeyindən yanaşan Zərifə xanım çalışdığı kollektivdə olduğu kimi,  zavodda işləyən  qadınların da hamisi idi. O, diqqət çəkmədən  hər kəsin problemləri, ailə vəziyyəti, yaşayış tərzi ilə maraqlanır, onlara yardım göstərirdi.  Kiminsə dərdinə şərik olduğu, tələbatını, ehtiyacını ödədiyi  günü həyatının mənalı anları hesab edirdi. Zərifə xanım Əliyeva həm də cəfakeş həyat yoldaşı idi. Çətin və məsuliyyətli sahələrdə çalışan, çekistlik məktəbinin  yetirməsi kimi,  Azərbaycana rəhbərliyinin bütün dövrlərində dövlət, siyasi xadim kimi xalqına sədaqətlə xidmət edən Ümummilli Lider Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq asan deyildi. Zərifə xanım sədaqətli ömür-gün yoldaşı kimi,  Ulu Öndərə həmişə mənəvi dayaq olurdu. Heydər Əliyev-Zərifə Əliyeva sədaqətini bu gün davam etdirən Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqı, dövləti üçün göstərdikləri xidmətlər məhz belə təməldən, vətəndaşlıq mövqeyindən qaynaqlanır”.

Sonda bir qrup fəal ictimaiyyətçilərə Sabunçu rayon icra hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı tərəfindən hədiyyə, diplom və fəxri fərmanlar verildi.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2012.- 26 aprel.- S. 6.