Elektron Azərbaycan” layihəsi

 

Elektron hökumət (və ya e-hökumət) - hər hansı bir ölkənin dövlət strukturları barədə məlumatların hər bir vətəndaş üçün açıq olan elektron şəbəkədə yerləşdirilməsini nəzərdə tutur. Bu yerləşdirmə, eyni zamanda, informasiya təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsini, zəruri konfidensiallıq, məxfilik tələblərinin gözlənilməsini vacib şərtlər kimi ortaya qoyur. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, yeni informasiya-kommunikasiya texnologiyalarına yiyələnmə və onlardan səmərəli istifadə dövlətin, cəmiyyətin qarşısında duran strateji prioritetlərdəndir.

 

Ölkəmiz öz fəaliyyətini uğurla şaxələndirir

 

Müasir şəraitdə həm dövlətin, həm də cəmiyyətin həyatını modern sosial texnologiyalarsız təsəvvür etmək mümkün deyil.  Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində “elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökumətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunur. Bu istiqamətdə görülən işlər yalnız bununla məhdudlaşmır. Belə ki, Azərbaycan digər fəaliyyət sahələrində olduğu kimi, bu istiqamətdə də öz fəaliyyətini uğurla şaxələndirir və genişləndirir. Artıq Azərbaycanda “Elektron hökumət” internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib. Müvafiq internet portalı “bir pəncərə” prinsipi ilə işləyəcək. Portal vasitəsilə əhaliyə göstərilməli olan elektron xidmətlərin təxmini siyahısı hazırlanaraq Nazirlər Kabinetinə göndərilib və birinci mərhələdə təsdiqdən keçib. Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadə edə biləcək. Bu ilin aprel ayına qədər portala 15 dövlət qurumu qoşulub və onlar 60-a yaxın elektron xidmət göstərirlər. Həmin qurumlar Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil və Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondudur. Dövlət qurumlarının “Elektron hökumət” layihəsinə qoşulması portal istifadəyə verildikdən sonra da davam etdirilir. Son nəticədə, bütün mərkəzi icra orqanlarının elektron xidmətləri bu portalda əks olunacaq. Ümumilikdə isə, 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.

 

“Elektron imza” vacib şərtdir

 

Portaldan istifadə edə bilmək üçün “elektron imza” kartına sahib olmaq vacib şərtdir. Burada 3 il müddətinə verilən “elektron imza” kartı fərdi şəxslərə 20-30, dövlət hakimiyyəti orqanları üçün 135, hüquqi şəxslər üçün isə 168 manata təklif olunur. Bu, o deməkdir ki, hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək.

Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Ölkəmiz informasiya texnologiyalarının mənimsənilməsinə görə, regionun lider dövlətlərindən sayılır. “Elektron hökumət”in qurulmasına hazırlıq işlərinin 2008-ci ildə tamamlanıb və son dörd ildə artıq müvafiq layihənin mərhələli şəkildə həyata keçirilməsinə başlanılıb. Elektron hökumət - hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

 

“Elektron hökumət”in təsisatlaşmasının beş mühüm mərhələsi...

 

E-hökumət probleminin tədqiqatçıları dövlət idarəetmə orqanlarının veb-nümayəndəliklərinin inkişafını 5 mərhələyə ayırmağı məqsədəuyğun hesab edirlər:

1. Baza saytının yaradılması və istifadəyə verilməsi: Bu mərhələdə internetdə dövlət idarəetmə orqanı haqqında ilkin informasiya yerləşdirilir. Adətən, bu cür saytlarda idarəetmə orqanının strukturu, funksiyaları, vəzifəli şəxsləri haqqında minimal informasiyalar verilir.

2. İnformasiyanın yerləşdirilməsi, dərc olunması və yayılması: İkinci mərhələdə dövlət idarəetmə orqanlarının saytları informasiya ilə doldurulur, onların strukturu mürəkkəbləşir, digər əlaqədar veb-resurslara keçidlər meydana gəlir. Lakin informasiya mübadələsi imkanlarının olmamasına görə, informasiyaların birtərəfli xarakter daşıması bu mərhələdə məhdudiyyət kimi qalır.

3. Qarşılıqlı əlaqələrin inkişafı: Bu mərhələnin əsas xüsusiyyəti saytın istifadəçiləri ilə informasiya mübadiləsi mexanizminin yaradılmasıdır. İnteraktiv elementlərə poçt formasını, ictimai rəy sorğularının təşkilini, forumları və diskussiya mərkəzlərini aid etmək olar. İstifadəçilərdə elektron vasitələrin köməyilə dövlət-idarəetmə orqanlarından müəyyən informasiya xidmətlərini əldə etmək imkanı yaradır. Beləki, saytda, məsələn, müxtəlif sənədlərin yüklənib götürülməsinin təşkili göstərilir.

4. Transaksiyaların inkişafı: Daxili informasiya infrastrukturu və onun e-hökumətin veb-interfeys ilə inteqrasiyası istifadəçilərə real zaman rejimində müxtəlif transaksiyaları həyata keçirməyə imkan verir. Bu cür əməliyyatlara vergilərin, qeydiyyat və lisenziya rüsumlarının, cərimələrin ödənilməsini, sosial vəsaitlərin alınmasını və s. aid etmək olar.

5. Tam inteqrasiya: Sonuncu mərhələ hökumət portalının köməyilə bütün hökumət xidmətlərinin birləşmiş informasiya bazasına və tam e-xidmətlər kompleksinə vahid çıxış nöqtəsinin yaradılmasını nəzərdə tutur. Sutkanın 24 saatı və ilin 365 günü “vahid pəncərə” prinsipi üzrə işləyən birləşmiş hökumət portalı vətəndaşların informasiya və xidmətlərə çıxışını təmin edir.

 

İKT sektoru genişlənir, modernləşir

 

“Elektron hökumət”in formalaşdırılması İKT sektorunun inkişafı ilə bilavasitə bağlıdır.  Hazırda həm dünyada, həm də Azərbaycanda yeni texnologiyaların tətbiqi geniş vüsət alıb. Belə bir şəraitdə, Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda İKT sahəsi genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verir. İnformasiya-kommunikasiya sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən ardıcıl, məqsədyönlü addımlar atılır. Rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə genişlənir. Təkcə 2004-2010-cu illərdə bu sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək, ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlayıb.

Azərbaycan kimi gənc, müstəqil ölkə üçün bu çox uğurlu, layiqli göstəricidir. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artıb. Həmin dövrdə özəl sektorun İKT bazarında payı daha da genişlənərək, 80 faizə çatıb. 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu illə müqayisədə 12 faiz artıb. Dünya ölkələri müvafiq orta artım göstəricisi cəmi 6 faiz təşkil edir ki, bu da Azərbaycanda İKT sahəsində inkişaf tempinin ümumdünya göstəriciləri ilə müqayisədə azı 2 dəfə çox olduğunu təsdiqləyir.

 

Azərbaycan ən dinamik inkişaf edən 10 ölkədən biridir

 

Ölkəmiz “İKT Qiymət Səbəti” göstəricisi üzrə 2009-cu ildə 161 ölkə arasında 99-cu yeri paylaşırdısa, 2010-cu ilin qiymətləndirmələrinə görə, 46 pillə irəliləyərək, 165 ölkə arasında 53-cü yerə yüksəlib. Ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Ötən il sözügedən sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulub. Həmçinin, hesabat dövründə internet istifadəçilərinin sıxlığı 65, genişzolaqlı üzrə isə 30 faizi ötüb. Hər iki göstəriciyə görə ölkəmiz ümumdünya orta göstəricilərindən iki dəfədən çox irəlidədir. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşüb.

Ölkəmizdə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, uğurlu sosial-iqtisadi strategiya, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırır, möhkmləndirir. Davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizdə biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması ölkəmiz qarşısında duran strateji prioritetlər kimi dəyərləndirilir.

 

İKT-nin inkişafına görə, ölkəmiz 9 pillə irəliləyib

 

Təcrübə göstərir ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) daha çox tətbiq olunduğu, iqtisadiyyatın diversifikasiyasına və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına nail olunduğu ölkələrdə sosial-iqtisadi böhranın, geriləmənin baş verməsi ehtimalı çox aşağıdır. Hər hansı neqativ sosial-iqtisadi təmayülün yaranması ehtimalı ortaya çıxdıqda, onunla effektli şəkildə mübarizə aparmaq, mənfi tendensiyalara çoxölçülü proqnozlarla irəlicədən səmərəli şəkildə neytrallaşdırmaq mümkün olur. Burada elm, təhsil və İKT-nin əlaqəli inkişafı vacib şərtlərdən biri kimi dəyərləndirilir və dövlət səviyyəsində bu məsələ xüsusi olaraq, diqqət mərkəzində saxlanılır.

Ümumdünya İqtisadi Forumunun (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global İnformation Technology Report 2012) dair açıqladığı yeni hesabatı da deyilənləri təsdiq edir. Bu il Azərbaycan dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb. Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı, MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.

Bütün bunlar ölkəmizin sivil, demokratik tərəqqiyə, rifaha xidmət edən qabaqcıl texnologiyaların tətbiqinə, İKT-nin inkişafına xüsusi əhəmiyyət verdiyini əyani şəkildə təsdiqləyir. Hazırkı şəraitdə, bu, ölkəmizin pozitiv inkişafını şərtləndirən mühüm amillərdən birinə çevrilir.

 

 

Naib NİFTƏLİYEV

 

 Səs.- 2012.- 27 aprel.- S. 7.