Azərbaycan
2020: gələcəyə baxış
Son illər ərzində Azərbaycanın dinamik,
davamlı inkişafı ölkəmizdə strateji hədəflərə
yönələn mühüm dövlət
proqramlarının, müvafiq konsepsiyaların gerçəkləşdirilməsini
daha da aktuallaşdırır. Ölkəmizdə əldə
edilən makroiqtisadi sabitlik, büdcə gəlirlərinin əhəmiyyətli
dərəcədə artması, sosial-iqtisadi infrastrukturun
modernləşməsi yenidən qurulması, müstəqil
dövlətçiliyimizin bərpasından, möhkəmlənməsindən
sonra formalaşan milli kadr potensialı dövlətimiz
qarşısında duran strateji məqsədlərin
reallaşmasına əlverişli zəmin yaradır.
Rifaha, firavan gələcəyə olan
inam
Prezident İlham Əliyev Azərbaycanın strateji
inkişaf prioritetlərini xüsusi olaraq, diqqətdə
saxlayır və dövlət başçısının
bilavasitə təşəbbüsü ilə ölkəmizin
tərəqqisinə, rifahına, təhlükəsizliyinə,
layiqli, sivil, demokratik inkişafına yönələn
mühüm layihələr, dövlət proqramları,
müxtəlif fəaliyyət sahələrini əhatə edən
inkişaf konsepsiyaları qəbul olunur, müvəffəqiyyətlə
həyata keçirilir.
Bütün bunlar strateji fəaliyyət
yönümündə əldə edilən böyük
nailiyyətlərdir və ölkəmizin hərtərəfli
sosial-iqtisadi inkişafını, qlobal təhlükəsizlik
sistemində aparıcı mövqe tutmasını, dövlətin,
cəmiyyətin, bəşəriyyətin rifahına, firavan gələcəyinə
olan inamı şərtləndirir.
Bu baxımdan, Prezident İlham Əliyevin “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması barədə təşəbbüsü,
gözlənildiyi kimi, cəmiyyətdə, ictimai rəydə
çox müsbət reaksiya, pozitiv münasibət doğurub.
Mühüm dövlət
proqramlarının, strateji konsepsiyaların məntiqi
davamı
Bəlli olduğu kimi, bir müddət əvvəl,
dövlət başçısı müvafiq Sərəncam
imzalayıb və müvafiq konsepsiyanın ictimai müzakirələrin
nəticələri, bütün adekvat səmərəli təkliflər
nəzərə alınmaqla 2012-ci ilin sonunadək tam,
dolğun şəkildə hazırlanıb başa
çatdırılması və qəbul edilməsi nəzərdə
tutulur. Prezident İlham Əliyev təşəbbüsü ilə
hazırlanmaqda olan və çoxşaxəli sosial-iqtisadi, mədəni-mənəvi
fəaliyyət istiqamətlərini əhatə edən bu
konsepsiya birmənalı şəkildə Azərbaycanda əldə
edilən iqtisadi uğurlara, yüksək, dinamik inkişaf
tempinə söykənir və əhalinin rifahına, elmin, təhsilin
inkişafına yönələn dövlət
proqramlarının, konsepsiyaların məntiqi
davamıdır. Bu mənada, hazırlanacaq müvafiq
inkişaf konsepsiyasının başlıca müddəaları
indiyədək ölkəmizin çoxcəhətli
inkişaf göstəriciləri sahəsində əldə
etdiyi mühüm nailiyyətlərə, yaxın gələcək
üçün reallığa çevrilən böyük
inkişaf potensialını əks etdirir.
Mövcud resursların səmərəli
idarə olunması baxımından, təqdirəlayiq nəticə
Dövlət başçısının
vurğuladığı kimi, müvafiq konsepsiyanın
gerçəkləşdirilməsini mümkün edən,
reallığa çevirən başlıca amil son onillikdə
Azərbaycanda əldə olunan makroiqtisadi sabitlik, dinamik
iqtisadi artımdır. Bu dövrdə yoxsulluğun
azaldılmasında və əhalinin sosial rifahının
yüksəldilməsində ciddi uğurlar nailiyyətlər əldə
edilib, yoxsulluq səviyyəsi 5 dəfədən artıq
azalaraq, 7 faiz həddinə düşüb. Digər
inkişaf edən ölkələrlə müqayisədə
bu çox uğurlu, yüksək göstəricidir və
insan resurslarının səmərəli idarə olunması əhalinin
sosial-iqtisadi rifahını daha da yaxşılaşdırmaq
baxımından, əldə olunan təqdirəlayiq nəticədir.
Müasir, qloballaşan dünyada inkişaf pozitiv
dinamika ilə, rasional, səmərəli fəaliyyətlə,
konseptual yanaşma ilə sıx bağlıdır. Bu gün qlobal cəmiyyət səviyyəsində
sosial-iqtisadi, siyasi, mədəni həyatda kəskin
diferensiallaşma, geniş şaxələnmə
müşahiədə edilir. Eyni zamanda, müxtəlif strateji
fəaliyyət istiqamətlərinin yaxınlaşması,
bir-birinə nüfuz etməsi baş verir.
Ən səmərəli, doğru,
optimal seçim
Bu mənada, əldə olunan kifayətlənmək
mümkün deyil və mövcud nailiyyətlər, əldə
olunan, yaradılan uğurlu təməl əsasında, yeni
inkişaf təmayüllərini mənimsəmək,
inkişafa söykənərək, tərəqqiyə,
inkişafdan-inkişafa doğru getmək ən səmərəli,
doğru, optimal seçimdir. Bu gün ölkəmizdə
sosial-iqtisadi islahatların əsas mərhələsi
uğurla başa çatıb, ölkədə çoxminli
azad sahibkar zümrəsi, sabitliyin, inkişafın dayaq
sütunu sayılan geniş orta təbəqə
formalaşıb. İnsanların sahibkarlıq fəaliyyəti,
səmərəli iqtisadi, elmi, mədəni-kütləvi təşəbbüsləri
dövlət səviyyəsində ciddi müdafiə və
himayə edilir. Bütün bunlar azad bazar iqtisadiyyatı
institutlarının yaranmasına, möhkəmlənməsinə
səbəb olub. Sahibkar təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması,
iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
sayəsində yüz minlərlə yeni iş yerləri
açılıb, əhalinin məşğulluq səviyyəsi,
güzəranı, rifahı əhəmiyyətli dərəcədə
yüksəlib.
Növbəti 8 ili əhatə edəcək
strateji konsepsiya
Bütün bunlar ölkəmizin gələcək
inkişafı üçün geniş imkanlar, yeni
üfüqlər yaradır. Belə şəraitdə Azərbaycanda
növbəti 8 ili əhatə edəcək strateji inkişaf
konsepsiyasının hazırlanması təşəbbüsünün
ortaya atılması, müvafiq təşəbbüsün
ictimai səviyyədə geniş, hərtərəfli şəkildə
müzakirə olunması bütövlükdə Azərbaycan
cəmiyyətini yeni, mütərəqqi, sosial
rifahını, iqtisadi fəallığa yönələn
müsbət dinamikaya, hər kəs üçün
faydalı dəyişikliklərə kökləmək deməkdir.
Bu konsepsiyanın digər mühüm dövlət
proqramlarından, sosial yönümlü strateji konsepsiyalardan
mühüm fərqi onun nisbətən daha geniş müddəti
- 8 ili əhatə etməsidir. Müvafiq müddət
heç də təsadüfi seçilməyib. Dövlət
və cəmiyyət qarşısında 8 ili əhatə edən
konseptual vəzifələrin qoyulması onu göstərir ki,
Azərbaycan bu gün mütərəqqi, sivil, demokratik
inkişaf yolu seçən dövlət kimi yeniliyə,
inkişafa, tərəqqiyə hər zaman hazırdır.
Ölkəmizin bu istiqamətdə başlıca hədəfi
inkişaf etmiş dövlətlər sırasına
çıxmaqdır. Bu prosesdə dövlət-cəmiyyət
harmoniyası mühüm əhəmiyyət kəsb edir.
Mühüm əhəmiyyət kəsb
edən yeni prioritetlər
Bu mənada, Azərbaycan yeni, qlobal əhəmiyyət
kəsb edən prioritetlərlə üz-üzədir, məzmunca,
mahiyyətcə, əsas prinsiplər etibarı ilə daha
çevik, rasional yanaşma tələb edən yeni inkişaf
mərhələsinə qədəm qoyur. Dövlət
başçısının vurğuladığı kimi, bu
mərhələnin əsas hədəfi çoxşaxəli,
səmərəli və innovasiya yönümlü
iqtisadiyyatın formalaşdırılması, sosial sahədə
önləyici inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə,
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Aydındır ki, belə mühüm
konsepsiyanın hazırlanması nisbətən geniş vaxt,
eləcə də, ictimaiyyətçilərin, peşəkar,
ixtisaslı, yüksək kvalifikasiyalı mütəxəssislərin
prosesdə fəal iştirakını tələb edir. Bu
konsepsiya, ümumilikdə, Azərbaycanın perspektiv
inkişaf hədəfi və istiqamətlərinin müəyyən
edilməsi məqsədi daşıyır və 2020-ci ilədək
olan dövrü əhatə edir. Müvafiq layihənin
hazırlanmasına nisbətən geniş müddətin
- bir ilə qədər
vaxtın ayrılması “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının xüsusi əhəmiyyəti
ilə bağlıdır.
İnkişaf, tərəqqi istiqamətində
yeni perspektivlər
Bəlli olduğu kimi, müvafiq İnkişaf
Konsepsiyası layihəsinin hazırlanmasına ümumi rəhbərlik,
təşkilati və əlaqələndirici səlahiyyətlərin
həyata keçirilməsi dövlət
başçısının müvafiq Sərəncamı ilə
Azərbaycan Prezidentinin Administrasiyasına həvalə edilib və
bununla bağlı indiyədək rəsmi və ictimai təşəbbüslər
səviyyəsində ziyalıların, elm xadimlərinin,
ictimaiyyət nümayəndələrinin geniş tədbirlər,
səmərəli müzakirələri keçirilib.
Bütün bunlar ölkəmizin inkişaf perspektivi
baxımından, əhalinin, vətəndaşların ictimai
təşəbbüskarlığını artırır,
ölkəmizin dünyada inkişaf səviyyəsinə
görə, aparıcı, qüdrətli dövlətlərdən
birinə çevrilməsi istiqamətində yeni perspektivlər
yaradır.
“Səs” Analitik Qrupu
Səs.- 2012.-
27 aprel.- S.5.