Azərbaycan böyük enerji potensialına malikdir

 

Hazırda Azərbaycan öz davamlı inkişaf sürətinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrini qabaqlayır. Ölkəmizdə həyata keçirilən hərtərəfli, şaxələndirilmiş, davamlı inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatın ən müxtəlif sahələrində böyük tərəqqiyə nail olub. Uğurla gerçəkləşdirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində digər iqtisadi sahələrlə yanaşı, energetika, xüsusən, elektroenergetika sferası da genişlənir, inkişaf edir.

 

Energetika sistemi yeni inkişaf mərhələsində

 

Tam əminliklə söyləmək olar ki, indi Azərbaycanın elektroenergetika sistemi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də enerji resurslarından səmərəli istifadə etmək baxımından, əldə edilən mühüm, əhəmiyyətli bir nəticədir.

Enerji sektorunda, bilavasitə, energetika sferasında əldə olunan pozitiv dəyişikliklər “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008) müvəffəqiyyətli icrası ilə bilavasitə bağlıdır. Bu proqram çərçivəsində gerçəkləşdirilən çoxşaxəli tədbirlər, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, müxtəlif enerji resurslarından səmərəli istifadə üçün tətbiq olunan və böyük effekt verən, müasir texnologiyalara söykənən layihələr energetika infrastrukturunda xüsusi canlanmaya gətirib çıxarıb. Bu, həm kəmiyyət, həm də keyfiyyət baxımından ciddi irəliləyiş deməkdir. İndi Azərbaycan elektrik enerjisinə olan tələbatını tam ödəməklə yanaşı, hasil olunan elektrik enerjisinin mühüm bir qismini də ixrac edir.

 

Daha çox enerjinin hasil edilməsi mühüm sosial-iqtisadi prioritetlərdəndir

 

Başqa sözlə, ölkəmizdə digər enerji resursları ilə yanaşı, elektrik enerjisinin də geniş infrastrukturu, böyük ehtiyatları və alternativ hasilat mənbələri yaradılır. Elektrik enerjisinin müasir şəraitdə sosial-iqtisadi infrastrukturun, eləcə də, istehsal sahəsinin mövcudluğu, inkişafı üçün həyati əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Hər kəsə bəllidir ki, bu gün elektroenergetikasız insanların həyatını təsəvvür etmək mümkün deyil.

Bu baxımdan, elektroenergetika şəbəkəsinin genişlənməsi, alternativ enerji mənbələrinin səmərəli istifadə yolu ilə əlavə enerji hasilatı həm insanların sosial rifahını yüksəltmək, həm də geniş istehsalat, hasilat strukturunu inkişaf etdirmək baxımından, çox önəmlidir. Bu məqam  regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2011-2015-ci illəri əhatə edən II Dövlət Proqramında da ciddi şəkildə nəzərə alınıb. Bu mənada, elektroenergetikanın inkişafı, getdikcə əlverişli şərtlər daxilində daha çox enerjinin hasil edilməsi mühüm sosial-iqtisadi prioritetlərdən hesab edilir.

 

Enerji istehsalı sahəsində əhəmiyyətli nailiyyətlər

 

Enerji sisteminin gücünün artırılması ilə bağlı genişhəcmli tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycan qısa müddət ərzində çox əhəmiyyətli göstəricilərə nail olub. Cəmi bir neçə il ərzində enerji hasilatı və ölkənin elektrik enerjisi ilə yüksək səviyyədə təchiz olunması ilə bağlı sistemli, planlı tədbirlər öz bəhrəsini verib. Bu gün Azərbaycan özünün elektrik enerjisinə olan tələbatını tamamilə yerli istehsal hesabına ödəyir.

Son bir neçə il ərzində Azərbaycanın müxtəlif bölgələrində - 2006-cı ildə Astara, Şəki, Xaçmaz rayonlarında və Naxçıvan şəhərində hər birinin gücü 87 MVt, 2007-ci ilin fevral ayında Bakı şəhərində 105 mvt gücündə elektrik stansiyaları tikilib istismara verilib. Enerji sistemində maksimal pik gücünə olan zəruri tələbatın tam ödənilməsi üçün Abşeron yarımadasının cənubunda Səngəçal qəsəbəsinin yaxınlığında ümumi gücü 300 mvt olan generasiya mənbəyi 2008-ci ilin dekabr ayında istifadəyə verilib. Qusar rayonu ərazisində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi ilə təmin edilməsi və həmçinin, şimal bölgəsinin enerji təchizatının daha da yaxşılaşdırılması məqsədilə gücü 105 meqavat olan “Şahdağ” elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilərək, elektrik enerjisi hasil etməyə başlayıb. 2009-cu ildə Sumqayıt şəhərində gücü 525 mvt olan buxar-qaz elektrik stansiyası respublikanın ümumi enerji sisteminə qoşulub.

 

Elektrik stansiyalarının tikintisi davam etdirilir

 

Bu müddət ərzində Azərbaycan istilik elektrik stansiyasının enerji blokları yenidən qurulub. Azərbaycan İES-də qalan 5-ci blokun yenidən qurulması sayəsində isə 2010-cu ildə 450 mvt-yə yaxın əlavə elektrik enerjisi hasil olunub. Müvafiq yenidənqurma işləri başa çatdırıldıqdan sonra Azərbaycan İES-in hasilat gücü 800 mvt təşkil edir. Respublikanın elektroenergetika sisteminin ümumi istehsal gücü 2003-2009-cu illərdə 2000 mvt-dən artıq olub. Ötən 8 ildə həm  mövcud elektrik stansiyalarının gücünün təxirə salınmadan bərpa edilməsi, yenilərinin tikilməsi, həm də ən müasir modultipli stansiyaların quraşdırılması elektroenergetikada əsaslı dönüş yaradıb. 2004-cü ildən indiyədək ölkəmizdə 12-dən çox elektrik stansiyası tikilib, yenidən qurulub və istifadəyə verilib. Müvafiq stansiyaların fəaliyyətə başlaması nəticəsində elektrik enerjisinin hasilatı əhəmiyyətli dərəcədə artıb, enerji sisteminə əlavə olaraq, 1700 meqavat elektrik enerjisi daxil edilib.

Hazırda hökumət investisiya proqramına uyğun olaraq yeni elektrik stansiyalarının tikintisini davam etdirir. Burada başlıca məqsəd yeni enerji güclərinin dövriyyəyə cəlb olunmasıdır. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun inşası, bu baxımdan, xüsusilə diqqəti cəlb edir. Gücü 409 meqavat olan bu stansiya respublikamızın enerji sistemində ən iri layihələrdən biri hesab edilir. Layihənin reallaşırılması Azərbaycanın elektroenergetika - elektrik enerjisinin hasilatı sahəsində potensialını daha da artıracaq.

 

Elektrik təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb

 

Bu mənada, “Şimal” ES-in ikinci fazasının gerçəkləşməsi Azərbaycanın uğurlu, strateji hədəflərə hesablanan enerji siyasəti həyata keçirməsinin əyani təzahürüdür. Stansiyanın birinci bloku “Şimal-1” 2002-ci ildə istifadəyə verilib və ölkəmizdə ən güclü ES-lərdən biri hesab edilir. “Şimal-1”-in istifadəyə verilməsi Azərbaycanın enerji sistemində ciddi dəyişikliklərə, elektrik təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdu.

Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə inşa edilən “Şimal-1” ES-in istifadəyə verilməsindən sonra ölkəmizin enerji təsərrüfatına 400 meqavat (mvt) güc əlavə olundu. Bu, tələbatın yerli istehsal hesabına ödənilməsində böyük rol oynadı.  O zaman bu stansiyanın inşası ölkəmizin enerji təhlükəsizliyi müstəsna əhəmiyyət kəsb edirdi. 2013-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulan “Şimal-2”-nin fəaliyyətə başlaması Azərbaycanın energetika sektorunda əhəmiyyətli dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır.

 

Enerji ixracı stimullaşdırılır

 

“Şimal-2”-nin istifadəyə verilməsi hasil olunan elektrik enerjisinin həcmini nəzərəçarpacaq dərəcədə artıracaq. Müvafiq artım ölkəmizin xarici dövlətlərə elektrik enerjisi ixrac etməsini stimullaşdıran amil kimi dəyərləndirilir.

Yaxın illər ərzində “Şimal-2” ilə yanaşı, bir neçə digər elektrik stansiyasının inşa edilməsi də nəzərdə tutulur. Qarşıdakı 2 il müddətində “Şimal-2” ilə yanaşı, güclü “Cənub” elektrik stansiyasının inşası,  “Şirvan İES” buxar-qaz qurğusunun tikintisi, “Mingəçevir SES”-in yenidən qurulması, “Tovuz” və “Ordubad” SES-lərin inşasının başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanda əlavə 1300 meqavat elektrik enerjisinin əldə olunması deməkdir. Eyni zamanda, hökumət generasiya və pik güclərinin artırılması məqsədilə, su-elektrik stansiyalarının tikintisi ilə bağlı  sistemli layihələr də həyata keçirir ki, bu da energetika infrastruktunun daha da genişlənməsi, təkmilləşməsi, möhkəmlənməsi deməkdir.

 

İstehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunur

 

Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, ölkəmizdə energetika ilə bağlı aparılan siyasət öz mühüm nəticələrini göstərməkdədir və respublikamızda bütün istehlakçılar və əhali 24 saat fasiləsiz, etibarlı şəkildə elektrik enerjisi ilə təmin olunurlar: “Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, başqa ölkələrə də elektrik enerjisini ixrac edir. Azərbaycan qonşu dövlətlərə elektrik enerjisini nəql edir və getdikcə nəql ediləcək enerjinin həcmi artacaqdır. Bu məqsədlə, yeni ötürücü xətlər tikilir. Necə ki, bu gün biz neftimizi, qazımızı, neft məhsullarımızı dünya bazarlarına ixrac edirik, eyni zamanda, elektrik enerjisini daha böyük həcmdə dünya bazarlarına ixrac etmək fikrindəyik. Bu illər ərzində yaradılmış enerji potensialımız Azərbaycanın bugünkü inkişaf vəziyyətinə uyğundur. Hətta bizdə istehsal edilən enerji tələb olunan enerjidən daha da çoxdur və beləliklə, ixrac yaranır”.

 

3000 MVt-a yaxın yeni     güclər işə salınacaq

 

Bununla yanaşı, yaxın illər ərzində Azərbaycanda 3000 MVt-a yaxın yeni güclər işə salınması nəzərdə tutulur ki, bu da ildə 40 milyard kilovat saatdan artıq elektrik enerjisi istehsal etməyə əlverişli zəmin yaradır. Hazırda respublikamız Gürcüstan, Rusiya və İrana elektrik enerjisi ixrac edir. Yaxın perspektivdə Türkiyə və bir sıra Avropa, Asiya ölkələrinə müvafiq enerjinin ixrac edilməsi gözlənilir. Belə vəziyyətdə Azərbaycanın enerji ixracının coğrafiyası bir qədər də genişlənəcək.

Azərbaycan energetikasının son 16 illik inkişaf göstəriciləri bu sektorda yüksək artım üçün böyük potensialın mövcudluğunu əyani şəkildə təsdiqləyir. Azərbaycan ötən əsrin sonlarından başlayaraq, enerji təsərrüfatının inkişafı ilə bağlı məqsədyönlü proqramlar həyata keçirməklə, respublikamızın  enerji güclərinin bir neçə dəfə artmasına nail olub. Hazırda dünya enerji bazarında elektroenergetika sektoru xüsusi əhəmiyyət kəsb edir. Bu sahə investisiya tutumluluğuna görə, neft-qaz sektorundan sonra ikinci yerdə dayanır. Bir sıra Avropa ölkələrinin əsas invesitisiya bazarında energetika daha önəmli yer tutur. Elektrik enerjisi daha çox sosial məzmun və mahiyyət kəsb etməklə yanaşı, sivilizasiyanın inkişafını, iqtisadi tərəqqini şərtləndirən mühüm amillərdən sayılır, müasir texnologiyaların dinamik inkişafını, energetik təminatını, sosial-iqtisadi həyata daha fəal, səmərəli tətbiqini şərtləndirir.

 

 

“Səs” Analitik Qrupu

 

 Səs.- 2012.- 28 aprel.- S. 6.