Akademik Zərifə
xanım Əliyeva -
ziyalılığın zirvəsi
Bu gün oftalmologiya elminin inkişafında müstəsna
xidmətləri olan, ANALIQ, İNSANLIQ, ZİYALILIQ zirvəsində
dayanan akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 89-cu
ildönümüdür. Alimin
keçdiyi həyat yolunun fəlsəfəsi bizi səhifələri
vərəqləyib bir ömürdə abidəsini qəlblərdə
yaşadan fərdin mənəvi dünyasına yaxın
olmağa sövq edir.
Azərbaycan oftalmologiya
elminin inkişafındakı xidmətləri, zəngin bəşəri
irsi, elmi aləmi Onun, həqiqətən də, çoxcəhətli
fəaliyyəti ilə bağlı həqiqətləri subuta
yetirir. Zərifə xanım yaddaşlarda və yazılı
nümunələrdə fitri istedada malik novator alim, pak və
nadir bir insan kimi əksini tapıb. Onun yaşadığı
dərin mənalı ömrü, şərəfli həyat
yolu hər bir Azərbaycan vətəndaşı, hər bir
alim və həkim üçün həyat və mənəviyyat
dərsi, kamillik və müdriklik məktəbi kimi dəyərləndirilir.
Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəsə
örnək olan yüksək mənəvi keyfiyyəti
haqqında çoxsaylı məqalə, kitab və əsərlər
yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın
zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri
üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Məlumdur ki,
akademik Zərifə xanım Əliyeva
oftalmologiyanın aktual mövzularına həsr
edilmiş çoxsahəli tədqiqatlar
aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin
müalicəsində əmək sərf etmişdir.
Bu gün Zərifə xanım Əliyevanın
adını daşıyan Milli Oftalmologiya Mərkəzində Onun
məktəbinin davamçıları fəaliyyət göstərir
və Onun elmi nailiyyətlərindən
bəhrələnirlər. Çox zəngin
və əhatəli elmi fəaliyyəti
dövründə Zərifə xanım Əliyeva
oftalmologiyanın aktual mövzularına həsr
edilmiş tədqiqatlar aparmış və
dəyərli elmi-tədqiqat işləri yazmışdır.
Müxtəlif göz xəstəliklərinin
müalicə və profilaktika təbdirlərinin
işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım tədqiqat işlərini
zəruri və tələb olunan məsələlərin
öyrənilməsinə həsr etmişdir.
Azərbaycan
oftalmologiyasını dünya səviyyəsində
tanıdan akademik Zərifə xanım Əliyeva
təbabətdə dəst-xətti olan novator bir alim
idi. O, elmi-pedaqoji
fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat
işləri aparmaqla kifayətlənməmiş,
yüksək ixtisaslı gənc alim
kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin
ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
Zərifə xanım Əliyeva oftalmologiya
elminin anası kimi qəbul
edilir. Bu sahənin
mütəxəssisləri Onun məktəbinin
davamçılarıdır. Zərifə xanım Əliyeva uzun illər traxoma ilə
mübarizə sahəsində çalışmış və
namizədlik və doktorluq
dissertasiyalarını məhz traxomaya həsr
emişir. Onu da qeyd edək ki, Zərifə xanımın ilk
elmi işi ekologiyaya həsr edilmişdir.
O, elə bir alimdir ki, yaşadığı zamanda
hansı məsələnin, problemin həllinə
zərurət yarandığını dərk edib,
elmi fəaliyyətini bu
sahəyə istiqamətləndirmişdir. Bildiyiniz
kimi, o illərdə əhalinin
bir qismi traxoma xəstəliyindən əziyyət
çəkirdi. Onun müasirləri olan oftalmoloqlar Azərbaycan
rayonlarına ezam olunur
və geniş yayılmış
traxomanını qarşısının alınması üçün yollar
arayırdılar. Zərifə xanımın elmi
nəticələri və axtarışları traxomanın
qarşısının alınmasında bilavasitə təsirə
malik oldu. Traxoma xəstəliyi elə bir
xarakterə malikdir ki,
o insanların korluğu
ilə nəticələnirdi. SSRİ məkanında
yaşadığımız illərdə respublikalar
sırasında bu xəstəlik daha çox Azərbaycanda
yayılmışdı. Ona görə də,
Azərbaycanda daha çox
bu sahə ilə məşğul olunur, onun törətdiyi
fəsadlar araşdırılırdı.
Zərifə xanım Əliyeva
Bakı Kondisioneri zavodunda
yaradılmış laboratoriyada elmi axtarışlarını davam
etdirərək, ətraf mühitin insan orqanizminə təsirini müşahidə
edib və elmi dəlillərlə
təcrübəsinə istinadən gəldiyi qənaətləri
təqdim edirdi. Onun elə
doktorluq müdafiəsi də bu məhz ətraf mühitin
insan orqanizminə təsirinə həsr olunmuşdur. Həmin zaman
məsafəsindən illər keçsə də, dərk edirik ki, ətraf mühitin, ekoloji mühitin insan orqanizminə,
xüsusilə də, gözə nə dərəcədə
təsiri var. Zərifə xanımın
araşdırığı problemlər aktuallığı
ilə səciyyələnir.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən
biri gözün oftalmoloji, histomikroskopik və
histokimyəvi tədqiqinə həsr edilmişdir.
Bu istiqamətdə
apardığı elmi-tədqiqat işlərinin nəticələri
onun “Yaşla əlaqədar
gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji
xarakteristikası” adlı monoqrafiyalarında geniş
və ətraflı şəkildə öz
əksini tapmışdır.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən
biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır
ki, onların da nəticələri
həkimlər üçün
yazılmış dərs vəsaiti və monoqrafiyalarda
cəmləşmişdir. Bu əsərlər arasında “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”,
“Qlaukoma və gözün
hipertenziyası”, “Görmə orqanının zədələnməsi”,
“Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli
diabetdə göz xəstəlikləri”,
“Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və
b. oftalmoloji
elmi-ictimaiyyət və praktik həkimlər
tərəfindən böyük rəğbətlə
qarşılanmışdır.
Ümumiyyətlə, Zərifə
xanım yaxşı həkim olmaqla
yanaşı, gözəl İnsan idi. Həyati reallıqlara əsaslanıb deyə
bilərik ki, Zərifə xanım olduqca ziyalı xanım idi.
Zərifə xanımda insanlıq anlayışı ilə həkimlik
sənəti bahəm olub. Olduqca
sadə, təvazökar, ziyalı xanım idi.
Hər xəstəyə öz
yaxını kimi yanaşır, onların
qayğısına qalırdı. Ülvi
keyfiyyətlərə malik olan akademik Zərifə
xanım Əliyeva öz elmi
fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə
xüsusi yer vermişdir. O, bu mövzuya dair
baxışlarını oftalmoloji ictimaiyyət
və praktik həkimlər tərəfindən
böyük rəğbətlə
qarşılanmış “Həkimin yüksək vəzifəsi”
və “Oftalmologiyanın aktual problemləri”
monoqrafiyalarında ətraflı
işıqlandırmışdır. Zərifə
xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun
“Həkimin əxlaqi tərbiyəsi, deontologiya,
tibbi etika və əxlaq
məsələləri” əsərində daha
ətraflı şəkildə əks olunmuşdur.
Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin
birbaşa əlaqəsi müalicənin əhəmiyyətini
yüksəldir, xəstəyə ümid
verir, orqanizmin xəstəliyə
qarşı müqavimətini artırır və bəzən
dava-dərmandan da güclü
təsir göstərir. Zərifə
xanım həkim və xəstənin qarşılıqlı
münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində
aparıcı rolunu göstərmiş, bütün tibb
işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. O, hətta
yardıma ehtiyacı olan xəstələrə
belə maddi cəhətdən yardım edirdi. Böyük ürəyi,
Analıq hissiyyatı Onun bacarıqlı
həkim olmasına gətirib çıxarmışdı.
Zərifə xanım təkcə
Azərbaycanda deyil, beynəlxalq aləmdə
də tanınan ziyalıdır. Belə ki,
O, təkcə həkimlik fəaliyyəti ilə deyil, ictimai vəzifə
daşıyan ziyalı kimi də geniş sferada
tanınırdı.
Zərifə xanım Əliyeva
yüksək ixtisaslı səhiyyə kadrların
hazırlanmasına böyük əmək
sərf etmişdir. O, Ümumittifaq
Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin, Sovet Sülhü
Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya
Cəmiyyəti İdarə Heyətinin, “Vestnik
oftalmologiyi” (Moskva) jurnalı
redaksiya heyətinin üzvü
idi. Bu gün Zərifə
xanımın yaratdığı və inkişaf
etdirdiyi elm sahəsinin
davamçıları, hər bir oftalmoloq məhz onun zəngin
irsindən, elmi nailiyyətlərindən
bəhrələnir, təbabətdə qoyduğu
izləri daim müşyiət edirlər.
Yaşından asılı olmayaraq,
hər bir həkim məhz bu
səpgidə Onun fəaliyyətinə
yanaşır, hər il onun
doğum günü
ilə bağlı böyük tədbirlər
keçirilir və mütəmadi olaraq, beynəlxalq konfrans
təşkil olunur. Beynəlxalq aləmdə
Zərifə xanımın irsinə maraq böyükdür.
Həmişə insanlara yaxın olan Zərifə
xanım heç zaman
özünü ölkənin birinci katibinin
xanımı kimi göstərməyib, əksinə,
daha səmimi münasibəti ilə
qayğıkeşliyi ilə ətrafdakı insanların məhəbbətini
qazanıb. Bütün bunlar
Zərifə xanımın Böyük İnsan, Qayğıkeş Ana,
zamanın yetişdirdiyi Alim
olduğunu sübuta yetirir.
Bu əsaslardan
bəlli olur ki, Zərifə
xanım hərtərəfli insan kimi öz izlərini
salıb. Gözəl Həyat Yoldaşı, Gözəl Ana, Gözəl Nənə kimi
xatırlanır. Müasir həyatımızda bu
ömrü davam etdirən,
yaşadan insanlar
ölkənin ictimai-siyasi həyatında sözünü deyən, bitkin,
kamil İnsanlardır. Hər birinin əməli dünyanın uzaq məkanlarından belə əks-səda verir. Bu ocaqda
insanlara nümunə ola
biləcək Şəxsiyyətlərin tarixi
sənədə çevrilən tərcümeyi-halları
yazılır.
ZÜMRÜD
Səs.-
2012.- 28 aprel.- S. 3.