Vətən sərhəddən başlayır

 

Dövlət Sərhəd Xidmətinin yaranmasından 10 il ötür

 

Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra Azərbaycanda milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı.

Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra Azərbaycanda milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı. Lakin 1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı.

 Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi. Bu dövrdə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ermənistan silahlı qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək də qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahları komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırdı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğulartexniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Azərbaycanın varlığını qoruyub saxlamaq üçün Sərhəd Qoşunlarını təcili formalaşdırmaq, əməliyyat şəraitinə, sərhədin mühafizəsinə nəzarət edə biləcək bir hərbi quruma çevirmək lazım idi. Sovet sərhədçilərinin milli qüvvələrlə əvəz edilməsi prosesindən aqressivləşən, əldə edilmiş sazişi pozaraq hərbi texnikanı, silah-sursatı imkan düşdükcə aradan çıxarmağa çalışan sovet sərhədçiləri şimala doğru üz tutdular.

 

Əsl qəhrəmanlıq şücaəti

 

Bu istiqamətdə nəzarəti gücləndirmək zərurəti meydana çıxdı və DSMK 1992-ci ilin iyun ayının 13-də “Yalama” ƏNBM-in fəaliyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri baş leytenant Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar (Respublikaya gəlib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fəaliyyətə başlayan kiçik bir post sonradan inkişaf edib nizam-intizamı və dövlət sərhədinin etibarlı mühafizəsində nümunəvi xidməti ilə fərqlənən Xudat Sərhəd Dəstəsinə çevrildi).

Dağıdılmış zastavaları, bərbad hala salınmış kazarmaları, sıradan çıxarılmış mühəndis-texniki və rabitə qurğularını gərgin və ağır şəraitdə bərpa etmək böyük iradə tələb edirdi. Sərhədçilərimiz bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldilər.

Respublikamızda ordu quruculuğu, o cümlədən, Sərhəd Qoşunlarının yaranma prosesi müxtəlif siyasi qüvvələrin hakimiyyət ehtiraslarının qızışdığı dövrlə üst-üstə düşmüşdü. Erməni təcavüzünə məruz qalan ölkəmizdə daxili siyasi vəziyyətin də qeyri-sabit olması, siyasi hakimiyyətdəki qüvvələrin naşılığı, bacarıqsızlığı Sərhəd Qoşunlarımızın formalaşmasına mane olur, sərhədlərimizin mühafizəsi işinin təşkili üçün əsaslı tədbirlərin həyata keçirilməsinə imkan vermirdi. 1992-ci il oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.

Hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin həmin dövrlərdəki şücaəti Azərbaycan sərhədlərinin qorunmasında ilk qəhrəmanlıq addımlardan biri kimi qiytmətləndirilməkdədir. Bu gün general-leytenant  Elçin Quliyevin DSX-yə rəhbərliyi onun tabeçiliyində olan qurumun müasirləşməsini, modernləşməsini yüksək səviyyədə təmin edir.

 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı

 

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürəkkəb dövründə ictimai, siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də böyük işlər görməyə nail oldu. Heç təsadüfi deyildir ki, uzaqgörən dövlət xadimi Ali Məclisin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci ilin sentyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradılması barədə qərar verdi. Belə bir qərar qəbul etməklə uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı. Bu proses çox çətin şəraitdə başlasa da, incə siyasətlə və böyük məharətlə həyata keçirilirdi. Şəraiti çətinləşdirən amillərdən biri də bu idi ki, o zaman respublikaya rəhbərlik edənlər ölkənin maraqlarını qorumağa qadir deyildilər və buna görə də Ulu Öndər Heydər Əliyevin Naxçıvanda bütün Azərbaycanın mənafelərini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idi. O vaxt qəbul edilmiş həmin müstəqil qərarlar sonralar müstəqillik tariximizin şanlı səhifələri kimi qürur mənbəyinə çevrildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan ərazisində yerləşən hərbi hissələrin texnika və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi və sovet sərhədçiləri Naxçıvandan yola salındı.

 

İlk andiçmə mərasimi

 

1992-ci ilin oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Öndər Heydər Əliyev sərhədçiləri təbrik edərək, bu sözləri dedi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim sovet ordusuna, sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olubindi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan, ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir.

Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik...”

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Dahi Şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.

Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də, rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Bu işdə Dahi Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında xidmətə daxil oldular. 2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək, sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Prezident İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevral ayının 18-də Prezidentin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. 2005-ci ilin dekabr ayının 27-də “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. 2007-ci ilin iyun ayının 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd - buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin “Yuxarı Zeyxur” sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını ordenmedallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılmışdır.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 31-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan Prezidentinə DSX-nin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib. Dövlətimizin başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış olub.

Azərbaycan Prezidentinə Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə də geniş məlumat verilib.

Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxış keçirib. Ali Baş Komandan bildirib ki, müasir təchizat sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə ikmkan verir: “Qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir”.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizamadöyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2012.- 1 avqust.- S. 8-9.