Qəbələdən əsrlərin nəfəsi gəlir

 

Mehriban xanım Əliyeva: “Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir

 

Son illər Azərbaycan mədəniyyətlərarası dialoqa töhfələrini verir. Bu, Azərbaycan mədəniyyət diplomatiyasının təntənəsidir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır.

Son illər Azərbaycan mədəniyyətlərarası dialoqa töhfələrini verir. Bu, Azərbaycan mədəniyyət diplomatiyasının təntənəsidir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır. Beynəlxalq səviyyəli tədbirlərin burada keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə ayrılan rəğbətin də göstəricisidir. Müxtəlif məzmunlu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün fərəhləndirici məqamdır. Ölkəmizin durmadan artan beynəlxalq nüfuzu, mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Qloballaşan bugünkü dünyada belə tədbirlərin təşkili əhəmiyyətlidir. Azərbaycanın artan iqtisadiyyatı, turizm potensialı, sosial-mədəni həyatdakı irəliləyişlər dünyanın müxtəlif məkanından ölkəmizə səfər edən insanların diqqtətindədir. Bu yaxınlarda paytaxtımızda keçirilən möhtəşəm “Eurovision -2012” Mahnı Müsabiqəsi Avropanın deyil, bütün dünyanın mədəni hissəsinin diqqət mərkəzində oldu. Dünyanın 42 dövlət təmsilçisinə Azərbaycan böyük məsuliyyətlə milli dəyərlərimizi, dövlətin tarixini, mədəniyyətini təqdim etdi. Çiçəklənən ölkəmizin firavan həyatı ölkə nümayəndələrinin diqqətindən kənarda qalmadı.

Belə təbirlərinin miqyasının genişlənməsində və təşkilində Heydər Əliyev Fondunun da müstəsna yerini vurğulamaq vacibdir.  Milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, Bakıya toplaşan bütün insanları mədəni əlaqələr birləşdirir. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu beynəlxalq tədbirlər artıq gözəl bir ənənəyə çevrilərək, Azərbaycanın nüfuzunu ildən-ilə daha da artırır. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələri ilə dünyada əks-səda doğurub. Son illərdə bir-birinin ardınca fondun dəstəyi ilə həyata keçirilən tədbirlərin miqyası genişlənib. Belə ki, Beynəlxalq Muğam Müsabiqəsi, “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı, Pianoçuların Beynəlxalq Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli  Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Mstislav Rostropoviç Festivalı və onlarla belə möhtəşəm tədbirlər Azərbaycanın milli dəyərlərinin təbliğində önəmli faktordur.

Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə start götürən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı dünyanın müxtəlif qitələrindən olan musiqiləri ölkəmizə cəmləşdirib. Artıq 2009-cu ildən başlayaraq, ardıcıl təşkil olunan festivala ABŞ, Rusiya, İngiltərə, Fransa, İtaliya kimi dövlətlərin istedadlı musiqiçilər səfər edib. Ölkəmizin dilbər guşələrindən birində - Qəbələdə keçirilən festivalda unudulmaz tarixi anlar yaşanılır. Dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ hər bir dövrün, mədəniyyətin izini daş yaddaşına həkk edən məkandır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sözləri ilə desək, “Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir”. Artıq dörd ildir ki, müxtəlif xalqların musiqiçilərini bir amil - musiqi burada birləşdirir.

YUNESKO-nun baş direktoru xanım İrina Bokova beynəlxalq festival üçün Qəbələnin möhtəşəm səhnə olduğunu vurğulaması da əbəs deyil. Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqisinin ruhunu özündə yaşadır. Gələcəkdə qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha da möhtəşəm xarakter alır. Bu musiqi festivalı musiqimizin inkişafına, beynəlxalq aləmdə tanıdılmasına verilən töhfə olmaqla yanaşı, şəhərimizi dünyanın musiqi paytaxtına çevirib. Dünyanın hər yerində Qəbələ ilə bağlı məlumatlar yayılır. Azərbaycan xalqının zənginliyi ilə bağlı fikirlər dünyanın müxtəlif qitələrinə ötürülür.

Avqustun 5-dək davam edəcək festivalda 10 ölkənin 350 musiqiçisi arasında məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir.

Belə möhtəşəm musiqi festivalının ölkəmizdə keçirilməsi ənənəvi hal aldığını əsas götürərək, deyə bilərik ki, xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi baxmından da əhəmiyyətlidir. Gözəl bir incəsənət bayramına çevrilən festival çərçivəsində xarici qonaqlar musiqimizlə yanaşı, ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri də yaxından tanış olurlar.

   

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Sə.- 2012.- 2 avqust.- S. 4.