Atropatena
və Roma imperiyası
Roma imperiyası
yarandığı dövrdə öz hərbi gücünə
görə ən qüdrətli imperiya idi. Bu imperiya Atropatenanı da öz ərazisinə daxil
etmək üçün işğalçılıq
müharibəsinə başlamışdı. Abdulla
Fazili yazır: "Tarixən özünün füsunkar təbii-coğrafi
şəraiti ilə şöhrətlənmiş Atropatena ərazisi
yadelli işğalçıların nəzər-diqqətini
daima özünə cəlb etmişdir.
Bu ərazinin məhsuldar
torpaqları, qiymətli metal mədənləri və
maldarlıq, xüsusən atçılığın
inkişafına bilavasitə şərait yaradan zəngin
otlaqlarda, əlverişli və hərbi-strateji mövqeyə
malik olması böyük dövlətlər tərəfindən
onun işğal edilməsi amillərindəndir. Bu səbəbə görə də, bir müddət
Əhəməni imperiyası, sonralar Selevkilər,
parfiyalılar və nəhayət, romalılar oranı
işğal etməyə səy göstərmişlər".
Strabonun
yazdığına görə, ilk dəfə Pompey
Mitridatı təqib edən zaman Kür çayına qədər
gəlib alban tayfaları ilə vuruşdu. Strabonun qeyd etdiyinə görə, romalılarla
vuruşda albanlar o zaman böyük qüvvə - 60 min piyada,
22 min süvari çıxarmaq iqtidarına malik idilər.
Onlar düz qılınclarla, nizələrlə,
cidalarla, yay və oxlarla silahlanmış və zirehli paltar
geymişdilər. Silahlanma səviyyəsinə
görə albanlar iberlərdən geri qalmırdılar.
Plutarx
"Antoni" əsərində göstərir ki, Roma
imperiyası sərkərdə Antonii ilə Avqust arasında
bölüşdürüldükdə, Şərqi Roma
imperiyası Antoninin payına düşmüşdü.
O, İranı işğal etmək məqsədilə 100 min
nəfərlik qoşunla Atropatenaya soxuldu. Bu vaxt
Parfiya dövlətinin daxilində hakimiyyət uğrunda
çəkişmə gedirdi.
Antonin 100 min nəfərlik
ordu ilə Qafqaza hücum etdi. Antoninin bu səfərində
Statyanusun başçılıq etdiyi 10 min nəfərlik əsgəri
qüvvə və qalauçuran alətlər də
olmuşdur. Antoni Atropatena
hökmdarlarının qış iqaməti yerləşən
Verranı hücumla aldıqdan sonra Frasspaya tərəf hərəkət
etməyə başladı.
Geridə qalan
Statyanusun orduları parfiyalıların ağır zərbələrinə
məruz qalıb darmadağın edilməklə özü də
onlar tərəfindən öldürüldü. Antoni Atropatenanın dağlıq hissəsi ilə
deyil, düzənliklərdə Fraaspa şəhərinə
yaxınlaşırdı. Frasspa coğrafi
möhkəm və əlverişli strateji mövqeyə malik
olan ərazidə yerləşirdi. Son
zamanlarda müasir Təxt-e Süleymanda aparılan arxeoloji
qazıntılar nəticəsində atropatenalıların yay
iqaməti yerləşən Fraaspa şəhərinin yerində
möhkəm bir qalanın divarları aşkar edilmişdir.
Antoni atropatenalılar tərəfindən məhz
bu qala ətrafında məğlub edilmişdir. Antoni Fraaspa şəhərini mühasirə etdi.
Şəhərin uca hasarlarına
yaxınlaşdıqca mühasirə alətlərinin,
mancanaqları özü ilə gətirmədiyinə
peşman oldu. Şəhərin
divarları ətrafında çoxlu səngər tikdirdi ki, bəlkə
şəhəri mühasirədə saxlayıb, onu fəth edə
bilsin.
Abbaspur Məmmədəli
Şuştəri göstərir ki, yeni hakimiyyətə
keçmiş Parfiya şahı IV Fraat böyük bir
qüvvə ilə Statyanusun 10 min nəfərlik ordusunu
darmadağın etdikdən sonra Antoni izləyirdi. Şəhərin Antonii tərəfindən
alınması uzanırdı. Havalar get-gedə
soyumağa başlayırdı. Digər tərəfdən
Antoninin 100 min nəfərlik ordusunun azuqə ehtiyatı
qurtarmaq üzrə idi. Artavazd Antoninin bu səfərdə
müvəffəqiyyət qazana bilməyəcəyini əvvəlcədən
bilirdi. Ona görə də, onun Atropatena
üzərinə payız fəslində hücum etməsi əleyhinə
idi. Digər tərəfdən Fraaspa şəhərinin
atropatenalılar tərəfindən möhkəm müdafiə
edildiyini və parfiyalıların düzənlikdə göstərəcəyi
hərbi məharəti qabaqcadan dərk edirdi. Nəhayət, Antoni məğlub edildikdə, ölkəsinin
gələcək müqəddəratı onu
düşündürməyə bilməzdi. Antoni azuqənin azaldığını nəzərə
alıb süvari dəstələrinin bir hissəsini
atlarını otarmaq və piyada hissələrinə azuqə
əldə etmək məqsədi ilə Frasspaya
birgünlük yol olan otaqlara göndərmişdi. Bu dəstə otaqlara çatmamış
parfiyalıların hücumlarına məruz qaldı. Parfiyalıların şiddətli ox
yağdırmalarını görən Antonii piyada əsgərlərə
hücum etmək əmrini vermişdi. Bu
zaman parfiyalılar adətləri üzrə qəsdən
qaçmışlar. Bu hadisəni görən
Antonii sevinmişdi. Lakin parfiyalılar geri
qayıdaraq, Antoninin dəstələrinə təkrar
hücum etmiş, onların Fraaspa ətrafında olan səngərlərə
dolmalarına mane olmuşlar. Belə bir vəziyyəti
müşahidə edən atropatenalılar (şəhərin
müdafiəçiləri) Fraaspanın qapılarını
açaraq romalılar üzərinə hücumlarını
görən romalılar ağır tələfat verdikdən
sonra qaçmağa məcbur olmuşlar. Bu məğlubiyyətdən
qəzəblənən Antoni bütün ordunun toplanması və
onların 12-12 sıraya düzülməsi hər 12 nəfərdən
birinin "püşük atmaqla" öldürülməsi
əmrini vermişdir. Antoni geri çəkilən
zaman düzənliklə deyil, dağ yolu vasitəsilə
canını qurtarmağa səy göstərmişdir. Lakin dəhşət içərisində
özünü itirən Antoni yolu tapmadığına
görə, bir nəfər mardlı bələdçilik
edib onu Araz çayı sahilinə
çıxarmışdır. Antoni Fraaspa
ətrafından Araz çayına qədər olan məsafəni
27 gün ərzində qət edə bilmişdir. Bir sıra tarixçinin yazdığına görə,
Antoni Atropatena vuruşmasında 20 min piyada və 4 min
süvari itirmişdir.
Plutarxın
yazdığına görə, Antoni Atropatenada 10 min nəfərlik
döyüşçü itirmişdir. Romalılar
Fraaspa şəhərini mühasirə edib, ala bilmədilər.
Qışın yaxınlaşmasını
görən Antoni qələbə ümidindən əl
çəkərək, danışıqlar aparmağa və
geri çəkilməyə məcbur oldu. Bu məqsədlə
Antoni öz elçilərinə demişdir: "Mən
Fraaspadan parfiyalılar tərəfindən ələ
keçirilmiş Roma baytarları və əsirlərdən
başqa heç bir şey istərəm". IV
FRAAT isə Antoninin bu təklifini rədd etmişdir. Lakin Fraat Roma ordusu geri çəkilən zaman onlara
mane olmayacağını bildirmişdir. Bu
vədə baxmayaraq, Roma orduları geri çəkilən
zaman Atropatena və Parfiya orduları romalıları təqib
etməyə başlamışlar.
Dion Kassinin
yazdığına görə, Antoni ilk hücumunu Beynəlnəhreyndən
Krassın gəldiyi yol ilə başlamaq istəyirdi. Lakin o, e.ə. 37-ci ildə Fərat
çayının sahilinə yetişdikdə, parfiyalılar
hazırlıq işlərini görürdü. Artavazd öz qızı Yutapanı Antoninin oğlu
İsgəndərə ərə verir. Beləliklə,
Roma ilə Atropatena arasında olan iqtisadi-siyasi əlaqələr
bir daha möhkəmlənir.
E.ə. 35-ci ildə
Antoni Ermənistan çarı Artavazda məktub göndərir.
Bu vaxt Ermənistan çarı Artavazd tamamilə
parfiyalıların təsiri altında idi. Buna görə də, o, Antoninin məktubuna cavab
vermir.
E.ə. 34-cü ildə
Antoni yeni ordu ilə qəflətən Ermənistan ərazisinə
daxil olur. Ermənistan çarı cürət
edib, müqavimət göstərə bilmədiyi
üçün Antoninin yanına gedir. Antoni
isə onu həbs edir. Antoni Atropatena
şahının qızını oğluna alıb toy etdikdən
sonra Atropatena şahı Artavazdı götürüb Ermənistan
ərazisini qarət edir, sonra isə özü Misirə
Kleopatranın yanına qayıdır. Antoni
e.ə. 32-ci ildə yenidən Araz çayına qədər
gəlib Atropatena şahı Artavazd ilə dostluq müqaviləsini
təzələmişdir. O, ikinci dəfə Atropatena sərhədindən
uzaqlaşdıqdan sonra IV Fraast Ermənistan şahının
oğlu Artakezyas ilə birlikdə Atropatenaya hücum
etmişdir. Birinci döyüşdə məğlub
olmasına baxmayaraq, IV Fraast ikinci vuruşda Atropatena
şahı Artakezyas da Ermənistanı ələ
keçirib, orada olan Roma ordularını
dağıtmışdır. Beləliklə,
e.ə. 32-ci ildə Atropatena yenidən parfiyalılara vergi verməli
olmuşdur.
Lakin bu hadisə
uzun sürməmiş, IV Fraast hakimiyyətdən əl
çəkdikdən sonra atropatenalılar parfiyalılara vergi
verməkdən boyun qaçırıb, yenidən müstəqil
siyasət aparmışlar. Eramızın 2-5-ci illərində
anası parfiyalı, atası isə atropatenalı olan III
Artaban hakimiyyət başına keçdikdən sonra Atropat nəslindən
olan bütün İrana şahlıq etmiş qardaşı
Pakoru isə Atropatena hökmdarı təyin etmişdir. Beləliklə, Artabandan etibarən Parfiya hakimiyyəti
Atropat sülaləsinə keçmişdir. Atropatena hökmdarları parfiyalılarla romalılar
arasında gedən çəkişmələrdən məharətlə
istifadə edib, öz ölkələrinin iqtisadi-siyasi və
mədəni müstəqilliyini qoruyub saxlaya bilmişdilər.
Digər tərəfdən atropatenalılar bir
çox hallarda qonşuları olan ermənilərlə də
qohumluq və diplomatik əlaqə yaratmışdılar.
Mənbələrin
verdiyi məlumatlardan aydın olur ki, e.ə. I və eramızın I əsrində baş
vermiş mühüm tarixi hadisələrdə Atropaten
Midiyası, habelə, Böyük Midiya böyük rol
oynamışlar. Eramızdan əvvəl I
əsrin hadisələrində parfiyalılarla romalılar
arasında gedən müharibələrdə Atropaten
Midiyası mühüm rol oynamışdır. Belə
ki, eramızdan əvvəl 36-cı ildə Antoninin Atropatenaya
hücumu zamanı Qazaka şəhərinin atropatenalılar tərəfindən
qəhrəmancasına müdafiəsi və bu müharibədə
Antoninin 100 min nəfərlik ordusunun məğlub edilməsi
romalıların parfiyalılarla aparacaqları müharibənin
planını alt-üst etmişdir.
Ümumiyyətlə,
Atropatena hökmdarları öz müstəqilliyini qoruyub
saxlamaq xatirinə böyük qüvvələrin ilk növbədə
Selevkilər, sonralar isə parfiyalılar və romalılar
arasında gedən şiddətli çəkişmələrdən
daima istifadə etmişlər.
Atropatenalılar Parfiyanı, bəzi
hallarda isə Romanı müdafiə edirdilər. Atropaten müəyyən vaxtlarda Roma intriqaları
bir sıra hallarda müvəffəqiyyət qazana bilmişdir.
Belə ki, I Artavazd Antoni ilə IV Fraast arasında olan
müharibələrdə, ilk növbədə, Fraatın tərəfində
olub Antoniyə qarşı vuruşmuşdu, sonralar qənimətin
bölüşdürülməsi üstündə IV
Fraastdan inciyib Antoninin tərəfinə keçmişdir. Bununla əlaqədar IV Fraast Atropatenaya hücum edib I
Artavazd isə bu hadisədən sonra Antoniyə müraciət
etmiş, həm də onunla qohumluq əlaqəsi
yaratmışdır. Antonidən sonra
Kiçik Asiyaya gələn Avqust I Artavazdın xidmətlərini
bəyənmiş, onu Atropatenadan başqa, həm də Ermənistan
hökmdarı təyin etmişdir. I
Artavazd vəfat etdikdən sonra Avqust Atropatena
hökmdarlığını onun oğlu Aryabarzana
tapşırır. Eramızın 20-30-cu
illərində II Artabarzan romalıların səyi ilə
şahlığa çatmasına baxmayaraq, o,
parfiyalılardan asılı vəziyyətə
düşmüş və onlara xərac verməyə məcbur
olmuşdu.
Atropatın nəsli
Artavazdan sonra Atropaten Midiyası ilə yanaşı,
bütün İrana və ona tabe olan əyalətlərdə
də hökmranlıq etmişlər.
Antik müəlliflərin Midiya və Atropaten
Midiyasının sonrakı dövrləri haqqında olan məlumatlarında
ancaq alanların həmin əraziyə iki hücumuna təsadüf
edilir. Alanlar eramızın 72-74-cü illəri
arasında Xəzər dənizi sahilində olan əyalətlərə,
o cümlədən, Atropatenaya basqın etdilər. Alanlar bu zaman geniş ərazidə
yaşayırdılar. Arşakilərin nəslindən
olan Atropaten Midiyasının hökmdarı Pakor da alanların
hücumlarının qarşısını ala bilməmişdi.
Parfiya çarı Balagez (Balaş) əlacsız
qalaraq bu böyük təhlükənin qarşısını
almaq üçün parfiyalılara düşmən olan Roma
imperatoru Vespasiana müraciət edib, kömək istədi.
Romalılar parfiyalıların müraciətinə
mənfi cavab verib, alanlar əleyhinə vuruşmada onlara
kömək etmədilər. Valagezin
müraciətinin romalılar tərəfindən rədd edilməsinə
baxmayaraq, romalılarla parfiyalılar bir müddət sülh
şəraitində yaşadılar. İki
böyük dövlət arasında olan sülh şəraitində
yaşadılar. İki böyük
dövlət arasında olan sülh uzun müddət davam etmədi.
Romalılar parfiyalıların Fərat
çayı hövzəsində olan tam
hökmranlığı ilə razılaşmayıb,
Araşkilər üzərinə hücum etmişdilər.
Bu müharibələrdə
Araşkilər Atropaten Midiyasının strateji mövqeyindən
istifadə edirdilər.
Araşkilərin
kiçik qolu II Artabanın oğlu Vanondan başlayaraq, III
Artaban və sonra gələn hökmdarlar Atropaten
Midiyasının hərbi nöqteyi-nəzərindən
gücləndirməyə səy göstərmişlər.
Bu hökmdarlar qüvvətli ölkələrlə
iqtisadi-ictimai, bəzi hallarda isə, diplomatik əlaqə
yaradırdılar.
Atropatena
hökmdarları (e.ə. 250-ci ildən eramızın
224-cü ilinə qədər) Araşkilər hakimiyyət
başına gələndən onların sonuna qədər
öz müstəqilliyini qoruyub saxlaya bilmişlər.
Lakin Atropaten Midiyasının şahları bəzi hallarda
parfiyalılara az miqdarda da olsa, xərac
verirdilər. Müharibə zamanı isə
öz orduları ilə düşmənlə vuruşmalı
oldular. Bunun müqabilində parfiyalılar
atropatenalıların daxili işinə qarışmır və
Atropaten Midiyasının daxili qayda-qanunlarına toxunmurdular.
Atropaten Midiyasının şahları öz
müstəqilliyini qoruyub saxlamaq məqsədi ilə
parfiyalılar əleyhinə romalılarla qohumluq əlaqəsi
yaradıb, həm də diplomatik müqavilələr də
bağlayırdılar.
Ümumiyyətlə,
Atropatenada hökmranlıq edən Arşakilərin kiçik
qolu dövründə bu dövlətin istər daxili və
istərsə xarici siyasətində parfiyalıların tam
nüfuzu qabarıq formada özünü göstərdi.
Bundan sonra atropatenalıların romalılara rəğbət
bəsləmələri gözə çarpmır.
Beləliklə,
Arşakilərin kiçik qolu III Artabandan başlayaraq
Atropatena ilə birlikdə bütün İran əyalətlərində
hökmranlıq etmişdir.
Vahid
Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 28 avqust.- S.14.