Azərbaycan   dünya dövlətləri sırasında nüfuz və mövqeyini ildən-ilə, aydan-aya möhkəmləndirən müstəqil bir dövlətdir

 

Müsahibimiz Mədəniyyət və turizm nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyevdir 

 

- Vaqif müəllim, yəqin siz də təsdiq edərsiniz ki, hazırda sürətlə və ən əsası məzmunca yeniləşən Azərbaycan haqqında danışarkən hansısa xəyali istəklərdən, hətta görsənməyə başlayan hansısa konturlardan söhbət gedə bilməz. Daimi yeniləşmə, sabit iqtisadi-siyasi-sosial məkanda dinamik irəliləyiş müasir ölkəmizin təbiətindədir. Belə bir şəraitdə mənəvi, mədəni proseslərin xüsusi çəkisinin artması, intellektual şərtlərin xalq həyatına güclü təsiri heç şübhəsiz ki, qanunauyğun olur. Əlbəttə, bütün zamanlarda olduğu kimi mədəni intibah daha çox həcmdə sərmayələr, idarəetmə sahəsində qarşıya qoyulan vəzifələrə yaradıcı münasibət, daha böyük enerji və işgüzarlıq tələb edir. Sizcə, mədəniyyət və turizm sahəsinin geniş miqyaslı inkişafının və bu sahələrin cəmiyyətə təsirinin güclənməsinin əsasında hansı amillər dayanır?

- Sualınızın məğzi ilə dərhal razılaşıram ki, cəmiyyətlərin inkişaf mərhələlərində səbəbsiz nəticələr olmur. Biri-birinə sıx bağlanan (bu proses ildən ilə dərinləşir) iki sahə - ölkəmizin mədəniyyət və turizm həyatı son bir neçə ildə tamamilə yeni keyfiyyətlər kəsb etmişdir. Biz yekunda real nəticələr doğuran canlanmanın şahidləri və iştirakçılarıyıq. Həqiqətən də mədəniyyət və turizm mühiti xalqımızın gündəlik həyatının ayrılmaz parçasına çevrilmiş, ildən-ilə yüksələn rifahın, dolğun həyat tərzinin önəmli göstəricilərindən biri olmuşdur. Əlbəttə, mədəni intibahın dinamikasını, miqyasını və artım tempini müəyyənləşdirən və təmin edən çoxsaylı şərtlər var, onların barəsində söhbət açmaq üçün konkret misallar kifayət qədərdir. Çünki mədəniyyət yaradıcılıq, turizm enizuazm mahiyyətlidir, burada inkişafın mənbəyi saysız hesabsız yaradıcı insanlara və kollektivlərə, yaratdıqlarından nəinki maddi imkanlar əldə edən, həm də zövq alan iş adamlarına bağlıdır. Bununla belə dövlətin hər iki sahənin yüksəlişinə xüsusi diqqət yetirməsi mən deyərdim ki, istinad nöqtəsidir. Artıq bizdə milli mədəniyyətin inkişafı həyati zərurətdir, çünki o ümummilli tərəqqinin tərkib hissəsi, strateji məqsədlərdən biridir. Bir məqamı məxsusi vurğulamaq istədim: əslində hazırki möhtəşəm yüksəlişin başlıca səbəbi budur ki, Azərbaycan yaranmış tarixi şəraitdən düzgün bəhrələnən, bütün dünyada bənzəri nadir olan bir dinamika ilə irəliləyən, dünya dövlətləri sırasında nüfuz və mövqeyini ildən-ilə, aydan-aya möhkəmləndirən müstəqil bir dövlətdir. Təcrübələr dönə-dönə sübut edir ki, iqtisadi-sosial və mədəni dəyərlərin çiçəklənməsi müstəqil yaşamın atributlarıdır. Fikrimi müasir Azərbaycan təcrübəsi baxımından bir az da konkretləşdirə bilərəm: əslində bu gün yalnız mədəniyyət və turizm kontekstində deyil, ümumən bütün istiqamətlərdəki nailiyyətlər ulu öndərimiz, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin irəli sürdüyü “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir” tezisinin mərhələlərdən keçərək daha da möhkəmlənməsi və reallıq kəsb etməsi ilə bağlıdır.

- Uzun illər Azərbaycanda idman həyatının canlanmasına və yeni dövrün tələblərinə uyğun yenidən qurulmasına əmək sərf etmiş rəhbər şəxslərdən biri olmusunuz. İdmançıların sevdiyi bir deyim var: “estafet etibarlı əllərdədir”. Bu ifadəni bizim çağdaş reallığa şamil etsək, söhbətin axarında daha nələrdən danışmalı olardınız?

- Bu sualı yalnız mən yox, ölkəmizin qaynar, yaradıcı həyatında üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək çalışan milyonlarla insan birmənalı cavablandıracaq. Heydər Əliyevin xalq üçün, dövlət üçün, mövzumuzdan çıxış etsək, milli mədəniyyətimizin inkişafı naminə elədikləri nə qədər möhtəşəm və dəyərli olsa da artıq həmin nailiyyətlər ən yaxındakı şərəfli tarixdir. Heydər Əliyevin ən böyük arzusu onun tərəfindən başlanan işlərin layiqincə davam etdirilməsi idi. Xalqın arzu və istəyinə arxalanaraq ulu öndərin irsinə böyük dəyər verən, onun yolunun alternativsiz olduğunu dönə-dönə dilə gətirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son on il ərzində bilik və zəkası, yorulmaz əməyi, daha yaxşı gələcəyə inamı ilə yaratdığı müasir Azərbaycan həqiqəti Heydər Əliyevin xatirəsinə ən dəyərli töhfə, ən layiqli ehtiramdır. Biz bu gün elm və təhsil, ekologiya və səhiyyə, idman, o cümlədən mədəniyyət və turizm sektorlarında, xalqın gündəlik həyatı ilə bağlı olan tikinti və quruculuq, ictimai iaşə, xidmətlər sahələrində qazanılmış böyük nailiyyətlərlə, insanların rifahını təmin edən bütün bu üstqurumdakı uğurlarla ona görə fəxr edə bilərik ki, məhz hörmətli Prezident dövlət siyasəti olaraq iqtisadi inkişafın sosial istiqamətini müəyyən etmiş və qanunauyğun olaraq gənc dövlətin bu təcrübəsi özünü doğrultmuşdur.

- Hər bir məsələyə dövlətçilik baxımından kompleks yanaşma və daim perspektivləri nəzərə almaq milli mədəniyyətin yüksəlişində hansı rolu oynamasıdır?

- Bəli, düz hiss etmisiniz. Bu gün dövlətimizin mədəniyyət siyasətində göydəndüşmə və təsadüfi olan hər hansı bir göstərişdən söhbət gedə bilməz. İllər üzrə baxsanız, görəcəksiniz ki, mədəniyyət və turizmin inkişafına (o cümlədən digər sosial-intellektual istiqamətlərin) dövlət tərəfindən ayrılan vəsaitlər ildən ilə artırılır. Sözümün canı odur ki, ölkədəki hər hansı bir inkişafın dövlət tərəfindən təmin edilən iqtisadi rıçaqları vardır, yoxsa hər hansı bir nəticə ot kimi, göbələk kimi özbaşına yerdən çıxa bilməz. Atalar gözəl deyib ki, halva-halva deməklə ağız şirin olmur. Hər işdə bu belədir.

- İctimaiyyət həyata keçirilən tədbirlərdə fundamentallığı və miqyas genişliyini xüsusi dəyərləndirir...

- Elədir. Çünki kompleks yanaşma lokallığı aradan qaldırır, bir növ zəngin həyat panoramı yaradır. Bayaq mən misal çəkəndə yalnız bir mərkəzi icra orqanına ayrılan vəsaiti qeyd etdim. Bu gün Azərbaycanda gedən proseslər geniş miqyaslıdır. Məsələn, paytaxt Bakının abadlaşdırılması, mədəni həyatdakı qaynarlıq yalnız paytaxtın coğrafiyası ilə məhdudlaşmır. Ölkədə sosial-mədəni inkişafdan kənarda qalan ucqar ərazi yoxdur. Sosial-mədəni inkişafın iqtisadi təminat mənbələri kifayət qədər çoxdur və bu, yerli təşəbbüslərin cavablanmasına imkan yaradır.

- Mətbuat mütəmadi olaraq mədəniyyət və turizmə aid dövlət proqramlarının icrası haqqında yazır, zəhmət olmasa bu barədə bir neçə kəlmə danışın.

- Azərbaycan Respublikasının Prezidenti təqribən 9 il ərzində mədəniyyət və turizmin inkişafını təmin edən zəruri sərəncamlar vermiş, Dövlət Proqramlarını təsdiq etmişdir. Bu Dövlət Proqramları mədəniyyətin ən mühüm istiqamətlərini – teatr, kino, kitabxana-informasiya, turizm və s. sahələrini əhatə edir. Mühüm rəhbər sənədlərin icrası mədəniyyət və turizm ictimaiyyətinin başlıca vəzifəsidir. Dövlətin qarşıya qoyduğu tələblər tam şəkildə yerinə yetirilir.

- Vaqif müəllim, sahənin maddi texniki bazasının möhkəmləndirilməsi və yenidən qurulmasını əks etdirən konkret misallar çəkə bilərsinizmi?

- Bir qədər əvvəl inkişafın mənzərəsini ümumi şəkildə qeyd etdik. Konkret misallar o qədər çoxdur ki, yalnız ad siyahısı neçə-neçə iri formatlı qəzet səhifəsini tuta bilər. Son illərdə cənab Prezidentin sərəncamları ilə A.Şaiq adına Kukla Teatrının, Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Nizami Beynəlxalq Kino Mərkəzinin, Akademik Milli Dram Teatrının, Heydər Əliyev Sarayının müasir dünya standartlarına uyğun təmiri və yenidənqurulması paytaxtımızın həyatında iri həcmli quruculuq tədbirlərindən hesab edilə bilər. Yaşıl Teatr və Mahnı Teatrı da gözəl təmir edilib tamaşaçıların istifadəsinə verilmişdir. Beynəlxalq Muğam Mərkəzinin, Xalça Muzeyinin yeni tikintiləri milli memarlığın növbəti örnəkləridir. Heydər Əliyev Mərkəzinin dünyada misli olmayan inşaat-memarlıq keyfiyyətləri və fəaliyyət təyinatı, Şahdağ qış-yay idman turizm Kompleksinin yaradılması o qədər də asan başa gələn işlər deyil və bu obyektlərdəki bütün işlər cənab Prezidentin ciddi nəzarəti altında görülmüşdür. Nazirliyə tabeçiliyi olmasa da milli mədəniyyət-təbiət abidələrindən olan Dənizkarı Bulvarın indiki görkəmi Bakıya xüsusi yaraşıq verir. Çoxsaylı otellərin, yerlərdə yeni muzeylərin, istirahət və turizm mərkəzlərinin yaradılması, tarixi abidələrin, mədəniyyət evlərinin təmiri, parkların yenidən qurulması mədəni xidmət imkanlarını əsaslı şəkildə genişləndirmişdir. Yeri gəlmişkən, yeni görkəm qazanaraq xalqın istifadəsinə verilən sözügedən mədəniyyət ocaqlarının əhəmiyyətini nəzərə çatdırmaq üçün Nazirliyin təşəbbüsü ilə “Yenilənən mədəniyyət, yenilənən məkanlar” nəşr layihəsi icra olunmağa başlamışdır. Konkret desəm 5 mədəniyyət ocağı haqqında nəfis tərtibatlı, yüksək poliqrafiyalı kitablar nəşr edilmişdir. Unikal Qala Qoruğu Muzeyinin tikintisi, yeni ərazilərdə dövlət qoruqlarının təşkili Azərbaycan dövlətinin mədəni irsə verdiyi xüsusi dəyərin bariz nümunəsi hesab edilə bilər.

Mədəni irsin qorunması və bütün dünyada tanıdılmasından söz düşərkən Heydər Əliyev Fondunun, xüsusi ilə Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ümumən milli mədəniyyətin inkişafına verdiyi böyük töhfəni nümunə göstərmək lazım gəlir. Məhz onun təşəbbüsü, şəxsi himayəsi ilə xalça sənəti, aşıq-ozan yaradıcılığı, muğam sənəti YUNESKO-nun irs siyahısında Azərbaycan xalqına məxsus yaradıcılıq fəaliyyəti olaraq qeyd edilmişdir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün çox zəhmətlər çəkmişdir.

- Vaqif müəllim heç şübhəsiz ki, mədəniyyət və turizmin maddi texniki bazasının yenidən qurulması, onların tam şəkildə tərtibatı zamanı ümumdünya meyarlarına üstünlük verilməsi mədəni fəaliyyətin məzmununa, yeni keyfiyyətlərin əldə edilməsinə imkan yaradır, elədirmi?

- Şübhəsiz. Zahirən zövqlü interyeri olan tarixi binalar – teatr-konsert tikintilərini nəzərdə tuturam – daxilən də yenilənmişdir. Orada hazırda mövcud olan səhnə imkanları ən mürəkkəb kompozisiyalı tamaşa və konsertləri hazırlamağa yetərlidir, təki istedad olsun, təki yaradıcı əmək sərf edilsin. Siz yəqin xatırlayırsınız hörmətli Mehriban xanım Əliyevanın birbaşa təşkilati dəstəyi ilə yüksək səviyyədə reallaşan “Avrovision” mahnı müsabiqəsinin keçirildiyi “Büllur saray”dakı təntənə, səs, işıq effektləri, möhtəşəm bir genişlik, səhnə tərtibatı… Bu əsl bayram idi, dünyanın həsəd apardığı bir bayram. Və indi hər birimiz fəxrlə deyirik ki, böyük bir mahnı yarışmasının ev sahibi Azərbaycan, Bakı olmuşdur. Artıq bu fakt ölkəmizin mədəniyyət tarixinə yazılmışdır və hələ bundan sonar neçə-neçə nəsillər bu böyük hadisəni yada salıb xoş ovqat duyacaqlar.

- Müşahidə edirik ki, hətta bəzən tədbirlər, mədəniyyət layihələri mövcud teatr-konsert qurğularının divarları arasına sığmır.

- Düz deyirsiniz, sualınızı iki baxış bucağından cavablandıra bilərəm, bu izah elə indicə ağlıma gəldi. Həqiqətən də sözün müstəqim mənasında artıq bir çox mədəniyyət proqramları dar çərçivədən çıxır. Məsələn, yenə də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə baş tutan Qəbələ Beynəlxalq Musiqi Festivalları, habelə Rastropoviç Musiqi Festivalı, Caz Festivalı, Üzeyir Hacıbəyli Xalq Musiqisi Festivalı, Teatr mövsümünün açılışı, Kino gününün qeyd edilməsi, hətta İçəri şəhər və Bulvarda keçirilən Novruz Bayramı şənlikləri konsert solonlarının divarlarını aşan tədbirlər hesab edilə bilər.

Rəmzi mənada göstərdikdə isə, bu gün Azərbaycan Respublikasının mədəni əlaqələri elə yüksək səviyyədədir ki, milli incəsənətimizin yayıldığı məkan az qala planetin ərazisinə bərabərdir. Azərbaycan musiqisi, rəsm əsərləri, kino, teatr tamaşası, ədəbi əsərləri, rəqs, kollektivlərini, çox sayda ifaçıları dünyanın hər yerinə gedərək Azərbaycan xalqının milli, mənəvi-mədəni dünyası, estetik zövqü haqqında əsl gerçəkliyi dünya xalqlarına çatdırırlar. Ankara, Əl-Füceyra, Tehran, Moskva, Perak (Malaziya), Berlin, Paris, Kişineu, Amsterdam, Belqrad, Roma, London, Turin, Venesiya, Milan, Sankt-Peterburq, Vyana, Kiyev, Odessa, Astana, Tibilisi, İstanbul... Yalnız 2012-ci ilin 6 ayı ərzində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının qastrollara, sərgilərə yollandığı şəhərlərin adlarıdır. Yeri gəlmişkən, bir məqamı da qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan müasir dünya mədəniyyətinin nailiyyətlərinin izlənə bildiyi maraqlı məkanlardan biridir. Yer kürəsinin şöhrətli sənətkarları böyük məmnuniyyət hissi ilə Odlar yurduna gəlir, maraqlı konsertlər, sərgilər gətirir, kitab yarmarkalarına qatılırlar. Mədəniyyətlərarası dialoq Azərbaycanda ona görə rahat alınır ki, milli mədəniyyətimizin mahiyyətində tolerantlıq, böyük humanizm qərarlaşmışdır. Əslində bu dövlətimizin yaratdığı beynəlxalq mədəni əməkdaşlığa dair hüquqi, elmi- nəzəri baza sayəsində mümkün olur.

- Vaqif müəllim, son bir-iki ildə dövlət başçısı tərəfindən Azərbaycan klassik ədəbi irsinə dair çox sayda sərəncamlar imzalanmışdır. Bu barədə nə deyə bilərsiniz.

- Son bir-iki il deyəndə yəqin ki, möhtərəm Prezidentin Sərəncamı ilə keçirilən yubileyləri nəzərdə tutursunuz. Əslində bu özünə çoxdan vətəndaşlıq hüququ qazanmış ənənənin müasir dövrdə davamıdır. Bir faktı deyim, ötən ilin sonunda, daha doğrusu, hörmətli Prezidentimizin 50 illik yubileyi ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Vətənin İlhamı –Ömürdən reportaj” adlı çox dəyərli bir kitab hazırlandı. O kitabın əsas qayəsi Heydər Əliyevin mədəni sərvətlərin qorunması, yayılması, yeni əsərlərin yaradılması proseslərinə göstərdiyi xüsusi qayğını və bunun yeni dövrdə layiqincə davam etdirilməsini oxucuların diqqətinə çatdırmaqdır. Kitabda bu ənənənin yaradılması, vacibliyi, bugünkü inkişafı düzgün əks olunub. Sözümün canı odur ki, mədəniyyətin inkişafına diqqət və qayğı Azərbaycan dövlətçiliyinin daimi ənənəsidir, təcrübə göstərir ki, bu, olduqca dəyərli bir ənənədir. Siz təsəvvür edin, İlham Əliyev ilk dəfə prezident seçildikdən dərhal sonra latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncam imzaladı. Demək olar ki, bütün milli, dünya xalqlarının ədəbiyyatı, elmi əsərlər yüksək tirajla, latın qrafikası ilə çap olunaraq ölkənin kitabxanalarına hədiyyə edildi. Sözügedən ənənənin onillikləri əhatə etdiyini sübuta yetirən belə misallar kifayət qədərdir.

Məsələn, bu il hörmətli prezidentimizin sərəncamları ilə Mirzə Ələkbər Sabirin, Nizami Gəncəvinin, Hüseyn Cavidin, Mirzə Fətəli Axundovun, Xurşidbanu Natəvanın, Məmməd Səid Ordubadinin, Xəlil Rza Ulutürkün, Mirvarid Dilbazinin, Əhməd Cavadın yubiley tədbirləri keçirilməkdədir.

- Mədəniyyət sahəsinə aid bir sıra məsələlərə qısa da olsa toxuna bildik. Şübhəsiz ki, Nazirliyin müvafiq strukturları tərəfindən turizmin inkişafı da diqqət mərkəzində saxlanılır.

- Hər iki mövzu kifayət qədər maraqlıdır və burada baş verən proseslər elə zəngin, əldə edilən nəticələr elə çoxdur ki, saatlarla danışa bilərik. Azərbaycanın turizm potensialı haqqında çox yazılıb, çox deyilib. Mədəniyyət sahəsində olduğu kimi, bu sahədə də Azərbaycan dövləti tərəfindən bütün şərait və imkanların yaradıldığını qeyd etməliyik. Bilirsiniz ki, hazırda “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” mərhələlər üzrə icra olunmaqdadır. Beynəlxalq turizm əlaqələrinin daha da möhkəmlənməsi üçün zəruri sazişlər, müqavilələr uğurla yerinə yetirilir. Ötən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Turizm ili” elan olunmuş, bununla əlaqədar xüsusi tədbirlər planı yerinə yetirilmişdir.

Bu gün ölkəmizin turizm imkanları dünyanın ən nüfuzlu turizm sərgilərində nümayiş etdirilir. Azərbaycana maraq göstərib səfər edənlərin sayı ildən-ilə artır. Artımı sadəcə Azərbaycanın zəngin təbiəti ilə bağlamaq düzgün olmazdı. Hesab edirəm ki, başlıca səbəb ölkəmizdə turizm mühitinin dolğunlaşmasıdır. Burada sahəni idarə etməyi bacaran kadr hazırlığı (bu məqsədlə Turizm İnstitutu yaradılmış və 2010-cu ildə bu təhsil ocağının ilk buraxılışı olmuşdur), xidmət çeşidlərinin və keyfiyyətinin yüksəlməsi, yeni otellərin açılması (onların sayı 320-dir), turizm şirkətlərinin çoxalması (sayı 193) və sair şərtlər mühüm rol oynayır.

- Yəqin ki, işinizdə bir sıra çətinliklər və problemlər də yox deyil.

- Əməl, iş çətinliklərindən keçərək, problemləri həll edərək reallıq qazanır. Həyatda başqa variant olmur. Əsas odur ki, Azərbaycan mədəniyyəti və turizmi düzgün inkişaf yolundadır. Heç şübhəsiz istedadlı yaradıcı insanların, ədəbiyyat, mədəniyyət, incəsənət ictimaiyyətinin, turizm sahəsində fəaliyyət göstərən iş adamlarının birgə səyləri, vətənimizin inkişafına verdikləri töhfələrlə daha böyük uğurlara imza atacaqlar. Azərbaycan elə bir diyardır ki, burada istedadlı insanlar həddən artıq çox, onlara verilən meydan kifayət qədər genişdir.

 

yap.org.az

 

 

Səs.- 2012.- 31 avqust.- S.5.