Azərbaycan
müəyyənləşdirdiyi hədəflərə
qısa müddət ərzində çatmaq
əzmindədir
Müsahibimiz Milli Məclisin Sosial
siyasət komitəsinin sədr müavini, YAP Siyasi
Şurasının üzvü Musa Quliyevdir
- Musa müəllim, hazırda ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətləri haqqında nə deyə bilərsiniz? Sosial siyasətin nəticələri cəmiyyətdə necə qarşılanır?
- Azərbaycanın dövlət quruculuğu prosesində, iqtisadi və hüquqi sistemdə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Təbii ki, bu amil sosial sahədə də islahatların aparılmasına əsaslar və zəminlər yaradır. Məhz bu iqtisadi bazanın kifayət qədər möhkəm olması dövlətimizə imkan verir ki, sosial sahədə də islahatlar sürətləndirilsin və əhalinin sosial müdafiəsi gücləndirilsin, xüsusilə Azərbaycanın sosial dövlətə çevrilməsi istiqamətində müəyyən uğurlarımız ildən-ilə artsın. Ümumiyyətlə, cənab Prezident İlham Əliyev həmişə ölkə əhalisinin sosial müdafiəsi ilə bağlı tədbirlərə önəm verir, harada müəyyən problem yaranıbsa, o problemlərin həlli üçün göstərişlərini verir və bütün bunlar da əhali tərəfindən minnətdarlıqla qarşılanır. Bu ilin mart ayında sovet dövründən qalan əmanətlərin əhaliyə qaytarılması haqda dövlət başçısının imzaladığı fərmanı da vətəndaşlar böyük sevinclə qarşıladılar. Bilirsiniz ki, bu əmanətlərin qaytarılması prosesində hökumətimiz insanların maraqlarını maksimum təmin etməyə çalışır. Təsadüfi deyil ki, bu baxımdan MDB məkanında əmanətlərin qaytarılmasında ən yüksək göstərici Azərbaycana məxsusdur.
Eyni zamanda, bu siyasətin davamlı xarakter alacağı və daha da inkişaf edəcəyi ilə bağlı cənab Prezidentin mövqeyi əhalidə tam bir əminlik yaradır ki, Azərbaycan artıq sosial dövlətə çevrilməkdədir, iqtisadiyyat ilk növbədə ölkənin əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Məhz uğurlu siyasətin nəticəsidir ik, son 10 il ərzində ÜDM 10 dəfə, dövlət büdcəsi 20 dəfə artıb. 2001-ci ildə yoxsulluğun səviyyəsi 49 faiz idisə, indi bu göstərici 7,8 faizə düşüb. Avro və dolların zəifləməsinə rəğmən manatın alıcılıq qabiliyyətinin güclənməsi də çox vacib məqamdır. Eləcə də, iqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektoru sürətlə inkişaf edir. Həmçinin, Azərbaycanın kosmik sənayenin yaradılması, süni peykimizin orbitə buraxılması ölkəmizə əhəmiyyətli dərəcədə dividentlər gətirəcək.
Bilirsiniz ki, bizim 2020-ci ilədək strateji hədəflərimiz müəyyənləşib. Bununla əlaqədar inkişaf konsepsiyasının bu ilin sonuna qədər təsdiq olunması gözlənilir. Əsas məqsədimiz Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaqdır. Ümumiyyətlə, dünyada inkişaf etmiş dövlətlər sırasına 13 ölkə daxildir. 1945-ci ildən bu yana onların sırasına heç bir dövlət daxil edilməyib. Biz inanırıq ki, uğurlu siyasət nəticəsində Azərbaycan bu hədəfə çatacaq və dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulacaq.
Onu da vurğulamaq istəyirəm ki, ölkəmizdə bir çox sosial və humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondu xüsusi rol oynayır. Fondu bu istiqamətdəki fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən çox yüksək qiymətləndirilir.
Bir sözlə, Azərbaycanın iqtisadi potensialı gündən-günə yüksəlir, neft kapitalının insan kapitalına çevrilməsi prosesi realdır və qeyri-neft sektorunun inkişafı bizim regionlarımızın inkişafına gətirib çıxarır. Azərbaycan bir tərəfdən, öz enerjisi ilə dünyanı təmin etməkdə, digər tərəfdən isə dünyanın marağını özünə cəlb etməkdədir. Artıq ölkəmiz təkcə regionda deyil, bütövlükdə dünya çapında lider dövlətlər sırasındadır. Azərbaycanın iqtisadi, siyasi qüdrətinin artması Heydər Əliyev siyasətinin nə qədər müdrik, alternativsiz siyasət olduğunu və xalqımıza uzun illər xidmət edəcək və uğurlar gətirəcək bir siyasət olduğunu göstərir.
- Ölkəmizdə ardıcıl olaraq əməkhaqları və təqaüdlər artırılır. Azərbaycanın iqtisadi potensialının güclənməsi gələcəkdə bu istiqamətdə növbəti addımların atılmasına nə dərəcədə zəmin yaradır?
- Bildiyiniz kimi Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə ifadə edib. Yəni, dövlətimiz insanların sosial müdafiəsinin gücləndirilməsini prioritet kimi qarşıya qoyub. Xüsusilə əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinin - pensiyaçıların, məşğulluğu təmin olunmayan insanların, büdcədən maliyyələşən təşkilatlarda çalışanların, müəllimlərin və həkimlərin əməkhaqlarının mütəmadi olaraq artırılır. Bu proses davamlıdır.
Eyni zamanda, pensiya sistemində Azərbaycanda indiyə qədər mövcud olan çox böyük fərqin aradan qaldırılması üçün ciddi əsaslar yarandı. Məsələ burasındadır ki, 2006-cı ildə biz pensiyaların təyin olunmasının və ödənilməsinin yeni sisteminə keçdik. Sovet dövrünün məhsulu olan həmrəylik prinsipindən sığorta prinsipinə keçid bazar iqtisadiyyatına əsaslanan və buna xas olan pensiya ödənişi sistemidir. Dünyanın bütün mütərəqqi ölkələri artıq bu sistemlə fəaliyyət göstərir. Yəni hər bir işləyən adam işlədiyi vaxtlarda sosial sığorta haqları ödəməklə öz pensiyasını formalaşdırır. Ancaq bir sistemdən başqa bir sistemə keçərkən müəyyən problemlər də ortaya çıxır. Xüsusilə 2006-cı ilə qədər pensiyaya çıxanlarla həmin ildən sonra pensiyaya çıxanların təqaüdləri arasındakı kifayət qədər ciddi fərqin yaranmışdı. Bu fərqin indiyə qədər mövcud olması həmin pensiyaçılarda haqlı narazılıq doğurması bir fakt idi.
Prezident İlham Əliyev bu problemin həll olunması üçün müvafiq qərarlar qəbul etdi və bu məsələdə sosial ədalət prinsipi bərpa olundu. Bu, əslində hökumətin böyük maliyyə riskini öz üzərinə götürməsidir. Onu da deyim ki, bir sistemdən başqa sistemə keçən ölkələrin heç birində belə addım atılmayıb. Yəni müxtəlif dövrlərdə təqaüdə çıxmış insanların aldığı məbləğ arasında yaranmış fərqi heç bir dövlət öz büdcə vəsaiti hesabına ödəməyib. Bu əslində, Azərbaycan Prezidentinin çox humanist siyasətinin bariz nümunəsidir və əhalinin sosial müdafiəsinin qorunmasının Azərbaycanda dövlətin strateji məsələsi, priortiet istiqamətli siyasəti olmasının əyani təsdiqidir. Bununla da, Azərbaycanda pensiyaların orta aylıq məbləği 150 manatadək yüksəldi. Belə ki, ölkədə orta aylıq əməkhaqqı ilə orta aylıq pensiyanın nisbəti 40 faizi üstələyib. Bununla da, Azərbaycan dünya birliyində sosial dövlət statusunu bir az da mökəmləndirəcək.
- Musa müəllim, bəs Azərbaycanda ünvanlı sosial yardım sisteminin tətbiq olunmasının dövlətimizin sosial siyasətində önəmi haqqında nə demək olar?
- «Ünvanlı sosial yardımlar haqqında» qanun 2006-cı ildə qəbul olunub və 2007-ci ildən tətbiq edilir. Bu qanunun qəbulu Azərbaycanda yoxsulluğun aradan qaldırılması və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların dövlət tərəfindən birbaşa ünvanlı sosial yardım almasını təmin edən və həyata keçirən çox mühüm bir layihədir. Bu, Azərbaycanın sosial müdafiə sistemində yeni bir istiqamət idi. Belə ki, qısa müddət ərzində ölkədə on minlərlə ailəni əhatə edən bir ünvanlı sosial strategiya həyata keçirilir. Bu gün ölkədə mütləq yoxsulluq həddində olan insan yoxdur. Yalnız 7,8 faiz yoxsul vətəndaş var ki, onlar ünvanlı sosial yardım alırlar. Amma bu qanunun da daha çevik forması yoxsul ailələrin sosial reabilitasiya proqramıdır ki, bu proqram artıq müxtəlif rayonlarda həyata keçirilir. Yəqin ki, bu layihə tədricən daha da genişlənəcək. Əsas mahiyyətisə bundan ibarətdir ki, yoxsul ailələrə aylıq müavinətlər əvəzinə yoxsulluqdan çıxmaqdan ötrü onlara birdəfəlik peşə öyrədilməsi və ya fərdi kiçik sahibkarlığın, təsərrüfatlarının qurulması üçün dövlət dəstəyinin verilməsidir ki, bu sahədə də uğurlu iş aparılır.
- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Sizcə, bu proqram əhalininn sosial müdafiəsində nə dərəcədə rol oynayır?
- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də 2004-cü ilin fevralında imzalanan «Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» oldu. Bu istiqamətdə iki dövlət proqramı qəbul edilib-biri 2004-2008-ci illəri, ikinci proqram isə 2009-2013-cü illəri əhatə edir. Bu dövlət proqramlarının qəbulu da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində təsiredici amillərdən biri oldu. Regionlarda, xüsusilə infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlı idi. 2003-cü ildə möhtərəm Prezidentimiz seçkiqabağı kampaniyada belə bir vədlə çıxış etdi ki, biz beş il ərzində Azərbaycanda 600 mindən çox yeni iş yeri açacağıq. Cənab Prezidentin proqram xarakterli irəli sürdüyü bu müddəa qısa müddət ərzində çox uğurla həyata keçdi. Bu günə qədər Azərbaycanda 1 milyona qədər yeni iş yerləri açılıb ki, onun da 800 mindən çoxu daimi iş yerləridir. Məhz məşğulluq siyasətinin strateji baxımdan planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üçün cənab Prezidentin sərəncamı ilə 2006-2015-ci illər üçün Azərbaycanda məşğulluq strategiyası qəbul olundu və bu gün də bu strategiya uğurla həyata keçirilir.
- Perspektivdə Azərbaycan gənclərinin qarşılaşdığı sosial xarakterli məsələlərin həlli yönündə nə kimi addımların atılması gözlənilir?
- Cənab Prezidentin siyasətində önəmli yer tutan prioritet istiqamətlərdən biri də gənclərlə bağlı siyasətdir. Ölkə Prezidenti daim gəncliyin inkişafı, hərtərəfli tərəqqisi üçün konkret işlər görür. Şübhəsiz ki, Azərbaycanda idman, olimpiya hərəkatının böyük vüsət alması, respublikanın bir çox yerlərində olimpiya komplekslərinin tikilməsi bir tərəfdən əhalinin sağlamlığının qorunmasına xidmət edən amildirsə, digər tərəfdən gənclərin öz asudə vaxtlarını daha səmərəli keçirməsini, idman sahəsində uğurlar qazanmasını şərtləndirən amillərdən biridir.
Xaricdə təhsil üzrə dövlət
proqramına əsasən minlərlə gəncimiz
dünyanın nüfuzlu ali
məktəblərində oxuyurlar.
Şübhəsiz ki, bu
amil neft
kapitalının insan kapitalına
çevrilməsində xüsusi rol oynayır. Nəzərə alsaq ki, həmin gənclər
daha çox ölkəmiz
üçün vacib
olan sahələr üzrə təhsil
alırlar, onların Azərbaycanın gələcək
inkişafına verə biləcəyi töhfələr böyükdür. Ölkə
başçısının vaxtaşırı gənclərlə
görüşməsi, onların problemlərini dinləməsi
və bu problemlərin həlli istiqamətində
göstərişlər verməsi böyük
əhəmiyyətə malikdir. Xüsusilə gənclərin məşğulluğunun
təmin olunması, onların təhsil imkanlarının
genişlənməsi, gənc və istedadları kadrların
dövlət qulluğuna irəli çəkilməsi
ilə bağlı tövsiyələri şübhəsiz ki, Azərbaycan gəncliyinə ölkə
başçısının böyük
qayğısının ifadəsidir.
yap.org.az
Səs.-2012.- 31 avqust.- S.6.