Albaniyanın siyasi sərhədləri qədim xəritələrdə
Bütün
Qafqaz xalqlarının, o cümlədən, Albaniyanın
siyasi sərhədləri qədim xəritələrdə
öz əksini tapıb. Məlumdur ki, er. əv. III əsrdə
Albaniyanın şimal sərhədləri Böyük Qafqaza,
Samur sıra dağlarının şimal ətəklərinə
qədər, şimal-qərbdə İori və Alazan
çaylarının yuxarı axarına, şimal-şərqdə
isə müasir Dərbəndə qədər gedib
çatırdı. Ayrı-ayrı vaxtlarda isə bu sərhədlər
Sulak çayına və bir az da uzaqlara çata bilərdi.
F.Məmmədova yazır ki, VII-VIII əsrə aid olan yerli mənbələrin,
yəni alban tarixçisi Musa Kalankatlının və erməni
müəllifi Movses Xorenlinin sinxron mənbələrinin məlumatları,
eləcə də, o dövrdən qalmış tarixi
gerçəkliklər bizi əmin edir ki,
araşdırdığımız dövrdə Albaniyanın
cənub sərhədi Araz çayı boyunca və cənub-şərqdə
Kaspianadan (Kaspiana da daxil olmaqla) keçirmiş. Cənub sərhədi
haqqında Strabon yazır: "... Albaniya sərhədindən
gedib Xəzər dənizinə tökülən Araz
çayının keçdiyi Araz düzənliyi".
Plini yazır: "Kir çayından başlayaraq, bütün düzənlikdə albanlar, onlardan o yana isə iberlər yaşayırlar..." Deməli, albanlar Kürün həm sol, həm də sağ sahilində məskən salmışlar. Strabon göstərir ki, Kürün həm sağ, həm də sol sahili Albaniyaya məxsusdur. Strabon bundan sonra deyir: "Onların (alban və iber qəbilələri) bərəkətli torpaqları var və buna görə də yaxşı təsərrüfat yarada bilirlər". Və nəhayət, Kalankatlı və Xorenli Albaniyanın eramızın I əsrinə aid xəritəsindən danışırlar və onların bu məlumatları retrospektiv surətdə e. ə. III əsrə aid ola bilər: "...Yerasx (Araz) çayından Xunarakert qalasına qədər Albaniya çöllərinə və dağlarına varis olan Aran (eponim)..." Şimal-qərbdə Albaniyanın sərhədi Alazan və İori çaylarının yuxarı axarından keçib, qərbdə, cənub-qərbdə Kür və Xramçayın arasına, daha sonra Debed çayı boyunca Ağstafaçayın yuxarı axarına tərəf və daha sonra cənuba doğru gedir.
Eramızdan əvvəl II-I əsrlərdə Albaniyanın sərhədləri şimalda əvvəlki kimi qalır. Qərbdə sərhədlər demək olar ki, dəyişmir. Albaniyanın cənub-qərb hissəsində isə Kürlə Xramçayın arasındakı sahə, yəni Komisena (Kambisenanın cənub-qərb hissəsi) Albaniyadan ayrılır.
Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçir, başqa sözlə desək, əvvəlki dövrlərə nisbətən sərhədlər yalnız cənub-qərbdə dəyişir. I əsrdə yenidən Albaniyaya keçir, daha sonralar (eramızın II əsrində) isə Atropatenaya məxsus olur.
Plutarxın və Appianın məlumatlarına görə, Roma imperiyası Albaniyanı və İberiyanı özünə tabe edə bilməmişdi. Bütün yuxarıda deyilənlər Kürün sağ sahilindəki vilayətlərin Albaniyanın tərkibində qaldığını və bu ölkənin cənub sərhədinin Araz çayı boyunca keçdiyini təsdiq edir.
F.Məmmədova yazır ki, eramızın I-II əsrlərində İberiya Romanın ən az itaətkar müttəfiqi olduğu bir vaxtda, əvvəlcə dediyimi kimi, Albaniya Qafqazda Romanın yox, Parfiyanın təsiri altında qalan yeganə dövlət olduğu dövrdə Albaniyanın şimal-qərb ərazisinin bir hissəsinin İberiyaya qatılması ehtimalı inandırıcı deyil.
Yuxarıda deyilənlərə əsaslanaraq, D.L.Musxelişvilinin "şərq sərhədləri (Albaniya ilə) şərqə doğru çəkilib, Alazan çayının aşağı axarı boyunca keçir" məlumatını təsdiq etməsini doğru saymırıq. Plini belə məlumat verir: "Kir çayından başlayaraq bütün düzənlik alban tayfalarının məskənidir, Qafqaz dağlarından axıb Kirə tökülən Okazan çayından o tərəfdə isə iberlər yaşayır." Burada Okazan (Alazan) çayının öz axarının hansı hissəsində albanlarla iberlər arasında sərhəd olduğu göstərilmir. Bizcə, sərhədlərin dinamikası səbəblərini az qala sinxron olan antik müəlliflərin (Strabon və Plini) uyğun gəlməyən məlumatları əsasında təyin etmək düzgün deyil, axı onların hər ikisi eyni mənbədən istifadə etmişdir. Belədə onların məlumatlarındakı fərqlərin səbəblərini öyrənmək lazımdır.
Kambisenanın İberiyaya daxil olduğunu təsdiq edən D.L.Musxelişvili Plinidən belə bir səhv sitat gətirir: "Kür bu vilayətin cənub hüdudlarında İberiya ilə Albaniya arasında sərhəd olmuşdur". Plinidə isə oxuyuruq: "Qafqaz dağlarında məskən salan bu tayfa (albanlar) Kir çayına qədər gəlib çatmışdır". Plini burada albanların Albaniyanın cənub hüdudlarında deyil, qərb rayonlarında yerləşdiyini nəzərdə tutur. Beləliklə, eramızın I-II əsrlərində Albaniyanın şimal və şimal-qərb sərhədləri də cənub sərhədləri kimi dəyişilməz qalmışdır.
Cənub sərhədləri haqqında bunu deyə bilərik: I-II əsrlərdə alban və erməni gerçəklikləri sübut edir ki, Albaniyanın daxili və xarici siyasi vəziyyəti yaxşı idi. Albaniya arabir Roma və Parfiyaya yaxınlaşmağa məcbur olsa da, öz müstəqilliyini itirməmişdi.
III əsrə aid tarixi-coğrafi mənbələr, demək olar ki, yoxdur. IV əsr Musa Kalankatlının, Favstos Buzandın məlumatlarında, eləcə də, "VII əsr Ermənistan coğrafiyası" əsərində işıqlandırılıb. Qərb sərhədləri də şimal sərhədləri kimi dəyişməz qalmışdı.
D.L.Musxelişviliyə görə, V əsrdə İberiyanın şərq sərhədi dəyişmişdir (yəni Albaniyanın qərb sərhədi) "...Ereti əyaləti İberiyanın hərbi-inzibati sərhədi idi və İberiya çarının təyin etdiyi vali (eristavi) tərəfindən idarə olunurdu". "Eretinin - D.L.Musxelişvili davam edir, - İberiyaya məxsus olduğunu "Müqəddəs Şuşanikin iztirabları" abidəsi təsdiq edir".
Bizə belə gəlir ki, V əsrdə Ereti əyalətini indiki Balakən-Zaqatala-Qax, yəni Yexni və Bex ("Aşxaratsuyts") zonasında qətiyyətlə məhdudlaşdırmaq üçün əsas yoxdur. Vaxuştiyə görə, Ereti İori və Alazan çayları arasındakı ərazini tuturdu.
D.L.Musxelişvilinin belə bir iddiası da etiraz doğurur ki, guya "Movses Kalankatvatsinin yazdığına görə, V əsrin 80-ci illərində ...Kambisena əyaləti Albaniya çarına məxsus olur, ancaq 90-cı illərdə Vaxtanq Qorqasalın yepiskop kafedrasının əsasını qoyduğu Xornabuci şəhərində şahzadənin mərkəzi mülkü kimi yenidən İberiyaya keçir".
Musa Kalankatlının məlumatına görə, alban çarı III Vaçaqan "xristianlığı qəbul etmiş bir çoxlarına ilahiyyat öyrədir, nəsihət verir və müxtəlif yerlərə yepiskop, iyerey və müşahidəçi təyin edirdi. Bu ciddi işləri o, Kambeçenadada bərpa etdi". Buradan belə çıxır ki, Kambisena 488 və 506-cı illərdə Albaniyanın tərkibinə daxil idi. Bəs onda D.L.Musxelişvili hansı yolla təyin edə bilir ki, 90-cı illərdə İberiyaya qatılan məhz Kambisena olmuşdur? O, "Kartlis Tsxovreba"ya istinad edir. Bu əsərdə isə deyilir ki, "Vaxtanq Qorqasal ... bir nəfəri Xornabuciyə yepiskop təyin etdi". Axı Vaxtanq Qorqasal demək olar ki, III Vaçaqanın müasiri idi. Bəs bu 10 ildə nələr baş vermişdir?
III Vaçaqanın hakimiyyəti illəri ölkənin siyasi-mədəni baxımdan çiçəklənməsi və qüdrətli dövrü olmuşdur. "Vaçaqan öz çarlığındakı bütün ölkələri idarə edirdi". Kalankatlı ilə sinxron olan "VII əsr Ermənistan coğrafiyası" da Kambisenanı bu dövrdə Albaniyaya aid edir.
"Kartlis Tsxovreba"dan götürülə biləcək məlumat budur ki, V əsrdə Kambisena-Eretinin bir hissəsi, yəni İori və Alazan çaylarının arası, daha dəqiq desək, İori və Alazan çaylarının orta axarı, görünür, İberiyaya daxil olmuşdur.
Beləliklə, Albaniyanın şimal sərhədi dəyişmir, cənub sərhədi isə, Musa Kalankatlının dediyinə və "VII əsr Ermənistan coğrafiyası"nın məlumatına görə, Araz çayı boyunca qalmaqda davam edir. Paytakaran V əsrin birinci yarısında daxili muxtariyyət alır, lakin V əsrin sonunda alban çarı III Vaçaqanın hakimiyyəti illərində tərtəmiz alban əyalətinə çevrilir (VI əsrin əvvəllərində alban yepiskopluqları sırasında Balasakan yepiskopluğunun da adı var. Bir hissəsi Gürcüstanın tərkibinə daxil olmuş Kambisena vilayətindən başqa qərb sərhədləri də əvvəlki kimi dəyişməz qalmışdı.
D.L.Musxelişvili belə hesab edir ki, VI əsrdə də tarixi-coğrafi şərait V əsrdə olduğu kimi qalır, yəni İberiyanın şərqə doğru siyasi və etnik ekspansiyası, o yerlərdə Şərqi Gürcüstan mədəniyyətinin yayılması davam edir. Bizcə, bu, əsassız fikirdir. D.L.Musxelişvili belə hesab edir ki, dediklərini sübut eləyən dəlilləri var: "VI əsrdə "suriyalı atalar" adlanan din xadimlərinin Şərqi Gürcüstanda zahidliyi dövründə onların bəziləri, məhz Kambisena ərazisində fəaliyyət göstərirdilər". Öz kitabında isə o, həmin yeri dəqiqləşdirib "məhz Ereti ərazisində" - deyə təqdim edir. Onun fikrincə, "suriyalı atalar"dan biri Stefan Xirseli olmuşdur. O ki qaldı "Kartlis Tsxovreba"ya əsaslanmaq, məlum olur ki, həmin abzas XVIII əsrin əlyazmalarından götürülüb. Onun öz kitabına əsaslanmağına gəlincə isə, 76-cı səhifədəki 105-ci qeyddə D.L.Musxelişvili deyir ki, "mətndə bu rahiblərin zahidlik yeri Ereti yox, Kaxeti kimi göstərilir. Bu, onunla izah olunur ki, "Qissələr"in mətni yazılanda... (X-XII əsrlər) bu ərazi artıq Kaxeti adlanırdı - deyə D.L.Musxelişvili aydınlaşdırır. Beləliklə, gördüyümüz kimi, D.L.Musxelişvilinin qeyd etdiyi "suriyalı ataların" "məhz Ereti", "məhz Kambisena" ərazisində fəaliyyət göstərməsi fikri uydurmadır.
Əgər "suriyalı atalar" Kambisenada, Eretidə doğrudan da fəaliyyət göstərirdilərsə, bu, xristianlığın yalnız surofil dövründən - bütün Zaqafqaziya xalqları üçün ümumi olan dövrdən xəbər verir.
Belə bir xəbər diqqəti cəlb edir ki, guya iki qardaş "Kambisenanı ələ keçirir və Xornabucidə yaşamağa başlayırlar". Bu iki qardaşın Kambisenanı nə qədər öz əllərində saxladığı məlum deyil. D.L.Musxelişvili iddia edir ki, belə vəziyyət VII əsrin 30-40-cı illərində mövcud idi və bu fikrində Kalankatlıya əsaslanır. Halbuki bu mətn onun fikirlərini əsla təsdiq etmir.
Beləliklə, VII əsrdə Kalankatlı və "VII əsr Ermənistan coğrafiyası", eləcə də, ərəb müəlliflərinin sinxron mənbələrinə əsaslanıb, belə hesab etmək olar ki, VI-VII əsrlərdə Albaniyanın sərhədlərində dəyişiklik olmamışdır. Kalankatlı yazır: "Beləliklə, o (Cavanşir - 642-681-ci illər) İberiya hüdudlarından tutmuş hun darvazalarına və Araz çayınadək bir ərazidə təkbaşına və müvəffəqiyyətlə hökmranlıq etmişdir.
Albaniyanın siyasi sərhədlərinə dair erməni tarixçilərinin də yersiz iddialarını alt-üst edən F.Məmmədova yazır: Albaniyanı Şərqi Ermənistan (halbuki Ermənistan özü Qərbi Azərbaycan ərazisidir - V.Ö.) kimi qəbul edən tədqiqatlar konsepsiyası haqda dediklərimizi yekunlaşdıraraq, qeyd etmək lazımdır ki, bu konsepsiya mənbələrin ziddiyyətli, mübahisəli məlumatlarına əsəslanır (bu haqda II fəsildə məlumat veriləcək). Onlar həmin məlumatları yerli sinxron mənbələrlə tutuşdurmadan Ermənistanın real tarixindən uzaqlaşıb mücərrədliyə getməklə, əslində, daha uzaq nəticələrə aparıb çıxaran bir nəzəriyyə yaratmışlar. Şübhəsiz, bu konsepsiyanın tərəfdarları öz iddialarının zəifliyini, səbatsızlığını anlayırlar. Buna görə də dediklərini sübut etməkdənsə, təkrar-təkrar hökm verməyə cəhd göstərirlər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 31 avqust.- S.14.