Gəncədə
Nizami Gəncəvinin 870 illiyinə
hazırlığın vəziyyəti şəhər
ictimaiyyəti tərəfindən müzakirə edilib
"Dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamından
irəli gələn vəzifələrin yerinə yetirilməsi
ilə bağlı şəhər ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə geniş müzakirə edilib.
Tədbiri Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, yubileyə hazırlıqla bağlı görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırdıqdan sonra dahi şairin 870 illik yubileyinin keçirilməsi ilə əlaqədar yaradılmış komissiyanın sədri, professor Fuad Əliyevin görülən işlərə dair hesabatı dinlənilib. Hesabatda bildirilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamından sonra şairin vətənində bir sıra işlər həyata keçirilib. Yubileyin tədbirlər planına uyğun olaraq nizamişünas alim, professor Xəlil Yusifli tərəfindən "Leyli və Məcnun" poeması əruz vəznində tərcümə edilmiş, Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Samir Pişnamazzadənin "Nizami Gəncəvi yaradıcılığında əxilik ideologiyasının təsiri" adlı monoqrafiyası, Peterburq şərqşünaslığının tanınmış alimi Əfrasiyab Vəkilovun "Blokadada olan Leninqradda Nizami yubileyi" kitabı rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, professor Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" və Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 31 alimin iştirakı ilə "Gəncə şəhərinin tarixi" adlı kitabları çap edilib. Bundan başqa, Avstriya milli kitabxanasında, Böyük Britaniya kitabxanasında, Saltıkov-Şedrin adına Rusiya milli kitabxanasında qorunan "Xəmsə" əlyazmalarının nüsxələri kitab şəklində nəşrə hazırlanıb. "Dahi Azərbaycan şairi və mütəfəkkiri-Nizami Gəncəvi" adlı kitabın və şairin sözlərinə bəstələnmiş musiqilərdən ibarət kompakt diskin hazırlanması başa çatdırılıb. Şairin adını daşıyan prospektdə Nizami guşəsi bərpa edilmiş, həmin prospektdə yerləşən yeraltı keçidə əsaslı təmirdən sonra dahi şairin adı verilib.
Sonda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, yubiley tədbirləri çərçivəsində bir sıra işlərin həyata keçirildiyini də diqqətə çatdırıb. Bildirib ki, yaxın vaxtlarda Nizami Gəncəvi beynəlxalq mərkəzi təşkil edilməklə mərkəzin nəzdində nizamişünaslığın əlaqələndirilməsi məqsədi ilə dünyanın böyük dövlət və elm xadimlərinin təmsil olunacaqları himayədarlar şurası yaradılacaq. Hər il Gəncədə həmin şuranın toplantısının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, dünyada mövcud olan "Xəmsə" əlyazmalarının, o cümlədən, Azərbaycanın bütün klassik şairlərinin əlyazmalarının, eləcə də, Gəncə tarixi ilə bağlı bütün qədim əlyazmaların, xüsusilə, Metropolit Muzeyində qorunan qədim kitabların və Gəncənin qədim xəritəsinin Azərbaycana gətirilməsi istiqamətində işlər həyata keçiriləcək.
Sentyabrın axırında keçiriləcək yubiley tədbirlərinə dəvət olunacaq xarici qonaqların adları açıqlandıqdan sonra yubileyə hazırlıqla bağlı tapşırıqlar verilmiş ayrı-ayrı idarə və təşkilat rəhbərlərinin hesabatları dinlənilmişdir. Görülən işlərin qənaətbəxş olduğu diqqətə çatdırılıb və yubileyə hazırlıqla əlaqədar əlavə tapşırıqlar verilib.
ZÜMRÜD
Səs.- 2012.- 29 avqust.- S.12.