Qədim Azərbaycan
Atropatena dövləti: adının mənşəyi
Atropatenanın mənşəyinə aid müxtəlif
fikirlər mövcuddur. Azərbaycanın cənubu müvafiq
surətdə Atropatena, Aturpatakan, Adorbiqan, Adirbican və s.
adlandırılırdı. Azərbaycan adının ilkin
forması Azərbayqan kimi bərpa edilir. Tarix dərsliklərində ad müxtəlifliyini aradan
qaldırmaq üçün Cənubi Azərbaycan müvafiq
dövr üçün Adərbayqan
adlandırılmışdır.
Y.Yusifovun fikrincə, Azərbaycan
adının qədim formaları türk
və fars ləhcəli etnoslar
arasında müvafiq fonetik
fərqlərlə işlədilirmiş. Qeyd
olunduğu kimi, e. ə.VIII-VII əsr mixi
yazılarında Andirpatianu//Andarpatian məskən adı çəkilmişdir.
Bu yaşayış məskəni Midiya ilə Manna (indiki Cənubi Azərbaycan) arasında
Qızıl Üzən çayının cənub-qərb
başlanğıc axarında yerləşirmiş. Onu Atropatena adı ilə
oxşadırdılar. Lakin buna etiraz olaraq,
addakı "andar/andir"
komponentinin "atro/atur" (Atro-patena//Atur-patakan) sözünə bənzəmədiyini
qeyd etmişlər. Andarpatianu//Andarpatian və Atropatena//Aturpatakan müxtəlif dillər əsasında
meydana gəlmiş formalar
olmaqla müxtəlif ənənələr
əsasında yaranmışlar. Kitabın girişində deyildiyi kimi, Andirpatianu/Andarpatian
adlarında "d" səsinin əvvəlində
peyda olan "n" fonemini
çıxmaqla "adır//adər" (mixi
yazılarda nə "ı", nə də "ə" səsini
bildirən işarələr olmadığından alınma
sözlərdəki müvafiq səslər
"n" və "a"
kimi yazılırdı) sözlərini
ayırmaq olar. Müasir
türk coğrafi
terminologiyasında "adır" sözü
təpəli yer, dağlı məskən,
dağ qolu, qollara ayrılan dağ
silsiləsi, axar suların dağıtdığı,
yuduğu təpəli dağətəyi,
erroziyalı təpələr və s. mənalarda
işlədilir. Şübhəsiz ki, qədim
İranın türk etnoslarının
dilində adır//adir//adər coğrafi termini kimi tətbiq olunurmuş. Müasir türk dillərində həmin söz azir//azer//adar fonetik
formalarını saxlamışdır. Addakı ikinci söz "pati", sonraki "-anu//-an" isə məkan,
yaxud cəm şəkilçisidir. Qədim
türk dilində "batıq" (bat//pat "batmaq, yenmək" felindən) "düzən",
"aşağı","alt" mənasını
daşıyırmış. Yəqin ki, qədim zamanlar bat//pat isim kimi də
işlənirmiş. Adir//adər (andir//andar) sözünə əlavə olunmuş
"pati" eyni kökdən olmaqla yiyəlik hal şəkilçisini (i/ı)
qəbul etmişdir ki, bu da
türk dillərinin söz birləşməsinə
uyğundur. Beləliklə,
Andnrpatianu//Andarpatian adındakı andir//andar hissəsini adır//adər türk sözünün əksi kimi qəbul etmək olar. Yer adı
"dağlı-təpəli düzən yer", "dağ silsiləsi düzəni", yaxud
"dağ altı yer" mənasını
daşıyırmış. Tədricən bu ad Midiyadan şimalda yerləşən əraziyə
tətbiq olunmuş və müəyyən fonetik dəyişmələrə
məruz qalmışdır.
Ölkə adına çevrilmiş bu türk mənşəli yer adının erkən orta əsr formalarına (Suriya-Bizans qaynaqlarında Adorbiqan//Adarbiqan, ərəb qaynaqlarında
və şifahi danışıqda Adirbican//Azirbican, Adərbaycan//Azərbaycan) uyğun olaraq, erkən tələffüzünü aşağıdakı
kimi bərpa etmək olar: Adirpatyan//Adarpatyan, Adirpatqan//Adərpatqan, Adirbayqan//Adərbayqan, Adirbican//Azirbican//Adərbaycan// Azərbaycan.
Ölkə adının
bu formaları əsasən, türkdilli ənənə əsasında
yaranmışdı. Azərbaycan
adının Atropatena//Aturpatakan formaları türk mənşəln xoronimin orta fars dili ləhcələrində
əksidir. Türk mənşəli ölkə
adı hələ I minilliyin əvvəlində
farsdilli ənənəyə
uyğun yozum əsasında Midiya canişini Atropatın adı ilə bağlanmış və bu da Strabonun
məlumatına düşmüşdür.
Bu yozum erkən orta əsr qaynaqlarına
da yol açmışdı.
Qədim və erkən orta əsrlərdə Cənubi
Azərbaycan ərazisindən
danışarkən Adərbayqan
anlayışının işlədilməsi
daha məqsədəuyğundur.
Antik müəlliflərdən
Polibi (e. ə. II əsr)
qeyd etmişdi ki, Midiya qərbdən
satrapeylərin (yəni
Adərbayqanın) ərazisinə
söykənir, şimaldan
isə onu elimey, aniariak, kadusi və matian tayfaları əhatə etmişdir. Polibinin dövründə
Adərbayqanın adı
hələ işlək
olmadığından, o bu
tayfalar yaşayan ərazini, sonrakı Adərbayqanı (Atropatenanı)
"Artabazanın vilayəti"
adlandırmışdı.
Bu ölkəni cənubda Midiyadan sıra dağlar ayırırdı.
Deməli, e. ə. II əsrdə
Midiya və Adərbayqan ("Artabazanın
vilayəti") bir-birindən
fərqlənirdi və
bu ərazi hələ Midiya coğrafi anlayışına
daxil deyildi. Yəqin ki, e. ə. II əsrdən sonra Parfiya dövlətinin yüksəlişi dövründə
Midiyanın irandilli sakinləri satrapey adını Atropatın adı ilə bağlamışlar. "Artabazanın
vilayəti" anlayışı
"Atropatın ölkəsi"
anlayışı ilə
əvəz olunmuşdur.
Strabon
(e. ə. I-e. I əsri) eramızın
əvvəlində irandilli
etnosların rəvayətinə
əsaslanan məlumatlardan
istifadə edərək,
ölkəni Atropatın
adı ilə Atropatena adlandırmışdı.
Strabon qeyd edir: "Midiya iki hissəyə bölünür. Bir hissəsini Böyük Midiya adlandırırlar. Bunun paytaxt şəhəri
Ekbatanadır. İkinci
hissəsi Midiya Atropatenasıdır. Bu öz
adını hərbi sərkərdə Atropatdan
almışdır. O istəməmişdir
ki, bu ölkə də Midiyanın hissəsi kimi,
makedoniyalıların hakimiyyəti altında olsun. Həqiqətən,
hökmdar elan edildikdən sonra Atropat bu ölkəni, öz
bildiyi kimi, müstəqil etmişdi və indi də (hakimiyyətə)
vərəsəlik onun ailəsində qalır". Strabona
görə, Adorbayqan hələ İskəndərin
dövründə müstəqilliyini saxlayırmış və
Midiya kimi İskəndərə tabe olmamışdı. Bunu
Polibinin də məlumatı təsdiq edir. O,
"Artabazanın vilayəti" (Adərbayqan) barədə
yazırdı ki, "bu padşahlıq farsların (Əhəmənilərin-Y.Y.)
vaxtından qalmışdır, lakin İskəndərin
dövründə onu nəzərdən
qaçırmışdılar". Deməli, Adərbayqan hələ Əhəmənilər
dövründə öz müstəqilliyini
saxlayırdı.
Hələ
I əsrdə ölkənin adı tam işlək
olmamışdı. Atropatena adı təzə-təzə
formalaşırdı. I əsr müəllifi İosif Flavi Adərbayqanı
nəzərdə tutaraq "Yuxarı Midiya"
anlayışını işlətmişdi. Bir neçə əsr
sonra Ammian Marsellin (e. IV əsri) yazırdı ki, "Sol tərəfdən
Hirkan (Xəzər) dənizinəcən Midiya uzanır. Necə
ki, kitablarda rast gəlinir, bu ölkə Kirin hakimiyyətidən
və Parsın (Əhəmənilərin) yüksəlişindən
əvvəl assurları tabe etdikdən sonra bütün
Asiyanın ağasına çevrilmişdi. Onların
(assurların) silah gücünə ələ
keçirilmiş vilayətlərinin bir çoxu Atropatena
ümumi adını almışdı". Ammian Marsellin də
Adərbayqanın Midiyadan təcrid olunduğunu təsdiq edir.
Beləliklə, Adərbayqan torpaqlarına Atropatın
adından Atropatena adının verilməsi və Midiya
coğrafi anlayışının bəzən buraya şamil
edilməsi eramızın I əsrlərinə təsadüf
edir. Daha qədim mənbələrdə Adərbayqan ərazisi
ilə əlaqədar Atropat adı çəkilmir və
Midiya coğrafi anlayışı bu ölkəyə şamil
edilmir.
Abdulla
Fazilinin fikrincə, Atropatena ərazisi bəşər mədəniyyətinin
ilk mərkəzlərindən biri olmaqla bərabər, həm
də cəmiyyət tarixinin bütün mərhələlərini
özündə əks etdirişdir. Atropatena ərazisində
aparılmış arxeoloji tədqiqatların nəticəsi
sübut edir ki, əsrlər boyu atropatenalılar özünəməxsus
zəngin maddi və mənəvi mədəniyyətə
malik olmuşdur. Həsənlu, Təxt-e Süleyman
qazıntıları dünya mədəniyyəti xəzinəsinə
olduqca nəfis incilər bəxş etmişdir.
Həsənludan
tapılmış "qızıl cam",
"gümüş güldan", habelə, digər zərgərlik
məmulatları dünya tədqiqatçılarını
heyrətdə qoymuşdur. Ərdəbil, Maku, eləcə də,
Baruc və Zöhhak qalasından təsadüfi hallarda
tapılmış silah və zinət şeyləri, məişətdə
istifadə edilən digər əşyalar olduqca
maraqlıdır.
Atropatena ərazisində külli
miqdarda payızlıq və yazlıq taxıl məhsulunun
yetişdirilməsi, dünyada misli olmayan "Nisa" cins
atlarının bəslənilməsi, bir dəfə əkilmiş
taxıl zəmilərindən iki dəfə məhsul əldə
edilməsi, bu ərazidə külli-miqdarda mal-qara və
xırdabuynuzlu heyvanların yaylaq-qışlaq şəraitində
bəslənilməsi ölkəyə dünya şöhrəti
qazandırmışdı. Məhz buna görə də,
Atropatena dünya ticarətinə cəlb edilmiş ilk ölkələrdən
biri olmuşdur. Atropatena ərazisində Təbriz, Ərdəbil,
Urmu, Marağa, Miyana, Zəncan, Naxçıvan, Maku, Sarab, Mərənd
və digər şəhərlərin yaranıb inkişaf etməsi
ölkənin daxilində böyük iqtisadi və ictimai təbəddülat yaratmış,
onlar mühüm sənətkarlıq və ticarət mərkəzinə
çevrilmişdir. Atropatena şəhərləri quru, həm
də su (dəniz) ticarət yolları vasitəsi ilə
dünyanın müxtəlif ölkələri ilə ticarət
və mədəni əlaqə saxlayırdı. Atropatena
şəhərləri şimalda Qafqaz Albaniyası, İberiya,
Ermənistan, şərqdə məşhur "İpək
Yolu" vasitəsi ilə İran, Orta Asiya, Hindistan və
Çin, qərbdə Kiçik Asiya ölkələri ilə
iqtisadi əlaqəyə girirdi.
Şəhərlərdə
hazırlanmış qiymətli sənət nümunələri,
o cümlədən, xalça, bəzək şeyləri, yun
məmulatları dünya şöhrəti
qazanmışdı. Texniki cəhətdən mürəkkəb,
estetik cəhətdən zövq ilə hazırlanmış bəzək
əşyaları, xüsusən, zərgərlik nümunələri
qonşu ölkələrdə də məşhur idi. Əkinçilik,
maldarlıq, toxuculuq, metalişləmə, dulusçuluq və
s. Atropatenanın təsərrüfat həyatının əsasını
təşkil edirdi. Atropatenalılar Əhəməni
imperiyasına, parfiyalılara, xüsusilə, Roma
işğalçılarına qarşı amansız
mübarizə aparmışdır.
III
Daranın məğlubiyyətindən sonra Atropatın
başçılığı ilə bu ərazidə
Atropatena dövləti yaranmış və 350 il müstəqil
dövlət kimi öz varlığını qoruyub
saxlamışdır. Atropatena Sasanilərin dövründə
imperiyanın dini və ideoloji mərkəzinə
çevrilmişdi. "Avesta" məhz Atropatena möbədləri
tərəfindən toplanıb kodifikasiya edilmişdir. Sasani şahları tac
qoyduqda Ktessifondan (Mədaindən) Qazakaya piyada gəlib müqəddəs
odu ziyarət etdikdən sonra şahlığa çatırdılar.
Atropatena
tarixinin qismən olsa da təhlili bizə imkan verir ki,
aşağıdakı nəticələrə gələk:
Atropatena ərazisi
dünyanın ən közəl və əlverişli təbii-coğrafi şəraitə malik
olan bir ərazi
olmuşdur. Burada olan təbii, yeraltı və
yerüstü sərvətlər ölkə
iqtisadiyyatını inkişaf etdirməyə şərait
yaradırdı. Bu ərazidə əkinçilik,
maldarlıq, sənətkarlıq, ticarət və şəhər
həyatı inkişaf etmişdi. Burada bəslənilən
atlar dünya şöhrəti qazanmışdı.
Yadelli
işğalçılara qarşı atropatenalılar
amansız mübarizə aparmışlar. Antoninin 100 min nəfərlik
ordusu məhz Qazaka şəhəri ətrafında məğlub edilmişdir.
Atropatın
başçılığı ilə bu ərazidə
Atropatena dövləti yaradılmış və onun varisləri
burada 350 il müstəqil hakimiyyət surmüşlər.
"Avesta"
Atropatena möbədləri tərəfindən
tonlanmış, Sasainlər imperiyası dövründə
siyasi müstəqilliyini itirsə də, Atropatena yenə də
ideoloji və dini mərkəz kimi bu böyük
imperiyanın həyatında mühüm rol
oynamışdır.
Atropatena
haqqında mənbələrdə ətraflı məlumata təsadüf
edilir. Antik müəlliflərdən Strabon öz əsərində bu diyarın bir sıra məsələlərinə
toxunmuşdur. Bundan başqa Polibi, Diodor, Plini, Dion Kassi, habelə,
Antoninin dostu Delliyə istinad edən Plutarx bu ölkə
haqqında məlumat vermişlər.
Tarixçilərdən
Aqafangel, Favst Buzand, Movses Kalankatvatsi, Movses Xorenatsi və
başqaları da Atropatenanın təbii-fiziki
coğrafiyası haqqında məlumat vermişlər. Bir
sıra müəlliflər istər İran, Gürcüstan və
habelə, Albaniyanın təbii coğrafiyası məsələlərinə
toxunduqda, istər-istəməz Atropatenanın da təbii-coğrafi
şəraitinə toxunmuşlar. Zəngin təbii-coğrafi
şəraitə malik olan bu ölkənin təbii zənginləşən
qədim yunan, Roma, pəhləvi, ərəb və farsdilli mənbələrdə
öz əksini tapmışdır. Əldə olunan məlumatlar,
arxeolojn tapıntıların nəticələri təsdiq
edir ki, dağlıq ölkə olan Atropaten ərazisini zirvələri
qarla örtülmüş Savalan, Səhənd,
Büzgüş, Qaflantı, Bağro (Amard) və Zaqros
dağları əhatə edir.
Z.Bünyadov və Y.Yusifov göstərirlər
ki, Adərbayqan dövlətini idarə edən sülalə
nümayəndələri barədə qəti mülahizə
yürütmək mümkün deyil. Adərbayqan müstəqilliyini
saxlamağı hərbi münaqişələrə
qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə
qonşuların köməyinə gəlirdi. Eyni zamanda,
şimalda Arazın o tayına qədər (Naxçıvan,
Paytakaran, Kaspiana) uzanan torpaqlarını qorumaq, Armeniya
hökmdarlarının təcavüzkar
işğallarının qarşısını almaq məqsədini
güdən Adərbayqan dövləti öz
varlığını və hüdudlarını saxlamaqda
Midiya hökmdarlarının qüdrətinə də
arxalanırdı. Böyük hərbi münaqişələrdə
iştirak edən Midiya və Parfiya da Adərbayqanın siyasi
mənafeyini müdafiə edirdi. Buna görə Adərbayqanın
öz siyasi fəaliyyəti bəzən kölgədə
qalırdı. Çox-çox sonra Strabon Adərbayqanda
hakimiyyətin yaranmasını Atropatın, keçmişdə
Midiya satrapının adına çıxmışdı.
Strabon yazırdı: "Əslən hökmdar elan edilmiş
Atropat bu ölkəni öz bildiyi kimi müstəqil etdi və
indi də (yəni e. ə. I əsrin sonu, e. I əsrinin əvvəli)
vərəsəlik onun ailəsində qalır, çünki
onun sələfləri Armeniya və Suriya, sonralar isə
Parfiya hökmdarları ilə nigah bağlayırlar". Adərbayqan
hökmdarları bəzən Armeniyanı da idarə edirdilər,
yaxud orada hakimiyyətə sahib olurdular. Nə vaxtsa Midiya
satrapı Atropat Adərbayqan taxt-tacına sahib olmuş, onun sələfləri
isə hakimiyyəti əldə saxlamaq naminə qonşular ilə
qohumluq əlaqəsi yaratmışlar. Atropat və onun sələfləri,
Ariobarzan fars mənşəli adlar daşıyırdılar. Əhəmənilərin,
sonra da parfların hakimiyyəti dövründə irandilli etnoslar
hakimiyyətdə üstünlük təşkil edirdilər.
Buna uyğun olaraq, hökmdarlar müvafiq fars mənşəli
ad qəbul edirlərmiş. Bu qayda parfların yüksəlişi
dövründə də qalırdı. Ola bilsin ki, Parfiyaya
tabe olan hökmdarları müəyyən siyasi şəraitdə
Adərbayqanda da ağalıq edirmişlər.
Belə
güman etməyə imkan vardır ki, əvvəlki Mada
çarlığı, Cənubi Azərbaycan vilayətlərindən
(Asaqarta - I Daranın dövründə) başqa, habelə, parikanilərin və ortokoribantların (skiflərin-sakesinlərin)
torpaqları daxil olduğu X
(Mada) satraplığın başçısı olan
Atropat Haxamanişlər xanədanının ən
ağır mərhələsində çox müstəqil
siyasət yeritmiş, XI və XIV satraplıqlara daxil olan əraziləri
ələ keçirmiş, adı çəkilmiş
satraplıqların sakinləri ilə müttəfiq
münasibətləri yarada bilmişdi. Məhz buna görə
də, farslara tabe olmamış kadusilər Qavqamel
döyüşü fars dövlətinin təbəələri
kimi deyil, madalıların müttəfiqi kimi
çıxış edirdilər.
E. ə.
VI əsrin əvvəlində qədim Azərbaycanın Manna
dövləti süquta
uğradı. Bu zaman
İranda Midiya dövlətinin qüdrəti
artmışdı. Midiya dövləti süquta
uğradıqdan sonra İranda Əhəməni sülaləsinin hakimiyyəti (e. ə.
550-330-cu illər) bərqərar
oldu. Azərbaycan torpaqları, bütövlükdə, Əhəməni
canişinlik (satraplıq) sistemində- ayrıca yer
tutmamışdı. Lakin onun ərazisində təmsil olunmuş
ayrı-ayrı
tayfalar Əhəmənilərə
vergi verir və Əhəməni
ordusunu silahlı qüvvələrlə təchiz
edirdilər. Çox güman
ki, Araz
çayından şimalda və
cənubda yerləşən Azərbaycan torpaqları
müstəqil hakimiyyət idarəsini saxlamaqla nominal
(yalnız adda,
yazılı sənəd üzərində) surətdə Əhəmənilərdən asılı olmuşdur. Bu dövrlərdə yerli
hökmdarlar tərəfindən idarə edilən Azərbaycanda
Makedoniyalı İskəndərin işğallarından sonra
yerli sülalələrin hakmiyyəti məhdudlaşdırılmışdı.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 30 avqust.- S.14.