Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə müdafiə edir

 

          Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır

 

- Mübariz müəllim, bu gün ölkəmiz beynəlxalq müstəvidə öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu prosesdə Azərbaycanın xarici siyasətinin əhatə dairəsinin genişlənməsi nə dərəcədə rol oynayıb?

- Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və may ayında ölkəmiz bu quruma uğurla sədrlik edib. Bu gün dünya miqyasında çox böyük dəyişikliklər baş verməkdədir və ona görə də, dünya miqyasında gedən proseslərə uyğun siyasət qurulması vacibdir. Azərbaycanın dostlarının sayı durmadan artmaqdadır və bu artımın ən bariz göstəricisi BMT Baş Assambleyasında 155 ölkənin Azərbaycanın namizədliyinə dəstək verməsi idi.

Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlədən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşa olunması, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaq, eyni zamanda bəzi ölkələrin Ermənistana münasibətində bizim maraqlarımıza zidd addımlar atmasına mane olmaqdır. Yəni biz çalışmalıyıq ki, hansısa üçüncü ölkə Ermənistanla münasibətlərini həyata keçirərkən bu münasibətlər Azərbaycanın maraqlarına ziyan vurmasın. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, Azərbaycan XİN dövlət başçısının tapşırığı ilə Avropa ilə yanaşı Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir.

Hədəflərə nəzər salsaq, Latın Amerikası ölkələrinin rəsmi şəxslərinin Azərbaycana səfərləri, o cümlədən nümayəndə heyətlərimizin bu ölkələrə səfərləri qanunauyğunluqdur. Xüsusilə, son vaxtlar Latın Amerikası ölkələrində, Kolumbiya və Meksikanın parlamentlərində Xocalı soyqırımı ilə əlaqədar qərarlar qəbul olunub. Eləcə də, Argentina, Braziliya ilə əlaqələrin gücləndirilməsi yönündə işlər gedir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizn xarici siyasətindəki bu çeviklik böyük dvidentlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur.

- Azərbaycanın qarşısında dayanan ən əsas vəzifə Dağlıq Qarabağ probleminin həll olunmasıdır. Amma işğalçı Ermənistan daim təxribatçı hərəkətləri ilə danışıqlar prosesini pozmağa çalışır. Suriya ermənilərinin işğal olunmuş ərazilərimizə köçürülməsi niyyəti də bu hərəkətlərin tərkib hissəsidir. Bu təxribatın qarşısını almaq üçün diplomatiyamızın atdığı addımları necə qiymətləndirirsiniz?

- Təcavüzkar Ermənistan nəyin bahasına olursa olsun işğal etdiyi ərazilərdə yaratdığı qondarma Dağlıq Qarabağ rejimini beynəlxalq miqyasda tanıtmağa çalışır. Lakin nə qədər cəhd etsə də, buna nail ola bilmir və bilməyəcək. Bütün beynəlxalq sənədlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması təsbit edilib. Ermənistan işğal olunmuş ərazilərimizə həm öz vətəndaşlarını, həm də xaricdən olan erməniləri müxtəlif vasitələrlə cəlb etməyə çalışır. Dağlıq Qarabağda erməni millətindən olan insanların sayı təxminən 40 min nəfərə qədərdir. O da bəllidir ki, işğalçı rejim xarici erməni lobbi təşkilatlarının vəsaiti hesabına Azərbaycanın işğal olunmuş torpaqlarında yeni yaşayış məntəqələri salmağa çalışır. Amma buna da nail ola bilmirlər. Çünki nə Ermənistan vətəndaşları, nə də xaricdəki ermənilər işğal olunmuş torpaqlarda məskunlaşmağa həvəs göstərmirlər.

Bu da təbiidir. Çünki hər bir erməni anlayır ki, bu torpaqlar işğal olunub və Azərbaycan tərəfi öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər. Ona görə də, Ermənistan hakimiyyətinin müxtəlif vaxtlarda xarici ölkələrdə baş verən hadisələr zamanı erməni millətindən olan insanları bu əraziyə köçürmək cəhdləri iflasa uğrayıb. Hətta bəzən buya digər ölkələrdən şirnikləndirici təkliflərlə erməni ailələrini bu ərazilərə gətirə biliblər. Məsələn, Şuşaya, Laçına, Kəlbəcərə gətiriblər. Amma həmin ermənilər qısa müddətdən sonra bu əraziləri tərk ediblər. Əslində, bu gün Ermənistanın özündə mühacirət kütləvi hal alıb. Minlərlə erməni xaricə gedir, amma geri qayıtmır. Dağlıq Qarabağdakı ermənilər də buradakı hərbi-diktatura rejiminin yaratdığı şəraitdən beziblər, həm də hər an müharibə təhlükəsinin olduğunu duyaraq bu ərazidə məskunlaşmağa cəhd göstərmirlər.

Ermənistan hakimiyyəti və lobbi təşkilatları məskunlaşdırma siyasətini nəyin bahasına olursa olsun həyata keçirmək istəyirlər. Son vaxtlar erməni təbliğat maşını Suriyadakı hadisələrdən yararlanmağa çalışır. Belə ki, Suriyada vətəndaş müharibəsini əsas gətirərək buradakı ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsinə cəhdlər göstərilir. Suriyadan ermənilər müxtəlif ölkələrə, o cümlədən Ermənistana gəlir, amma bu ölkənin hakimiyyəti onları şirnikləndirici təkliflərlə Dağlıq Qarabağa yönəltmək istəyir.

Bununla belə, məlumatlar var ki, Suriyanı tərk edən erməni ailələrinin heç biri Dağlıq Qarabağda məskunlaşmaq istəmir. Çünki başa düşürlər ki, Suriyadakı hadisələr gec-tez çözüləcək və onlar geri dönmək imkanı əldə edəcəklər. Digər tərəfdən, erməni ailələri anlayır ki, Dağlıq Qarabağda məskunlaşma növbəti müharibə ocağında təhlükə ilə üz-üzə qalmaq deməkdir. Yəni bu insanlar «yağışdan çıxıb yağmura düşmək» istəmirlər. Çünki bu ərazilər işğal altındadır, Ermənistan tərəfindən bu ərazilər işğal olunub. Azərbaycanın isə hərbi-iqtisadi potensialının artdığı hamıya bəllidir. Azərbaycan BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazisini qanuni və ədalətli olaraq müharibə yolu ilə azad edə bilər. Bu səbəbdən, Suriya ermənilərini burada da yaxşı heç nə gözləmir. Yəni, Ermənistanın bu köçürmə siyasəti də beşiyindəcə iflasa uğrayır.

Azərbaycan diplomatiyası bu təxribatların qarşısını almaq üçün səylərini davam etdirir. Belə ki, ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin məsələni gündəmə gətirməsi, qurumun Təhlükəsizlik Şurasına müraciət etməsi həm Ermənistan, həm də Suriya erməniləri üçün bir xəbərdarlıq rolunu oynamaqdadır.

Azərbaycan diplomatiyasının atdığı addımlar önləyici, qabaqlayıcı addımlardır. Və bütün bunlar da Ermənistanın məkrli niyyətlərini alt-üst etmək üçün çox lazımi nəticə verən, vaxtında atılmış addımlardır. Erməni KİV-lərində vaxtaşırı olaraq bizim ərazilərimizdə erməni ailələrinin məskunlaşdırılması haqda məlumatlar yayılıb. Bu informasiyalar bir çox hallarda özünü doğrultmur və təbliğat xarakteri daşıyır.Hesab edirəm ki, erməni hiyləsi və təbliğatı bu dəfə də iflasa uğrayacaq.

- Mübariz müəllim, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bəzi siyasi partiyalar artıq indidən bu seçkilərlə bağlı proqnozlar verməkdədir. Bununla əlaqədar nə deyə bilərsiniz?

- Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə müdafiə edir. Təbii ki, Azərbaycan azaddemokratik ölkədir, siyasi plüralizm mövcuddur. Bu mənada, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar indidən müəyyən müzakirələrin aparılması normal prosesdir. Yeni Azərbaycan Partiyası seçki ilə əlaqədar mövqeyini dəfələrlə açıqlayıb. 2013-üc il seçkilərində YAP-ın namizədi partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin seçkilərdə qələbəsi üçün partiyamız lazımi səviyyədə fəaliyyət göstərir və bundan sonra da göstərəcək. Biz növbəti seçkilərdə xalqın bir daha cənab İlham Əliyevə böyük dəstək verəcəyini tam əminliklə söyləyə bilərik.

Ancaq söhbət ondan gedir ki, hələ seçkilərə xeyli qalmış müxalifət düşərgəsində çoxlu «proqnozlar» verilir. Hətta orada YAP-ın əvəzindən də düşünənlər tapılıb. Elə bil ki, müxalifətin bəzi nümayəndələri siyasətçidən daha çox öncəgörənlik etmək istəyirlər. Buyursunlar, fikirlərini söyləsinlər. Amma başqasının əvəzinə düşünmək, yumşaq desək, o qədər də düzgün deyil. Müxalifətin gələcək seçkilərdə hansı namizədlə, hansı platforma ilə çıxış edəcəyi bizi narahat etmir. Bütün hallarda onlar bizim rəqibimizdir və rəqiblərimizlə də siyasi etikaqanun çərçivəsində mübarizə aparacağıq. Onları da bu cür mübarizə aparmağa dəvət edirik. YAP güclü partiyadır və partiyamızın lideri xalqın sevdiyi, inandığı liderdir. Eyni zamanda partiyamızın Sədri ölkəmizi irəliyə aparmağa qadir və qətiyyətli liderdir. Bu amillər də partiyamızın növbəti seçkilərdəki uğuruna çox ciddi və müsbət təsir göstərəcək.

Təəssüf doğuran məsələ odur ki, müxalifətin radikal qanadı və onların himayəsində olan mətbuat orqanları ölkədə baş verən hadisələrlə əlaqədar həmişə çalışırlar ki, bədbin fikirlər ortaya qoysunlar. Bilirsiniz, rəqiblər bir birilərinə qarşı mübarizədə hansısa üsullardan istifadə edə bilər. Lakin bu rəqabət milli maraqlara ziyan vurmamalıdır. Radikal müxalifət üçün isə milli maraqmilli mənafe anlayışı arxa plandadır. XXX London Yay Olimpiya Oyunlarının ilk günlərində idmançılarımızın yaxşı nəticələr göstərməməsi ilə əlaqədar bu düşərgənin apardığı kampaniya, dövlətimizin idmanın inkişafı üçün etdilərinə kölgə salmaq cəhdləri buna sübutdur. Bundan əvvəl isə «Eurovision 2012» mahnı müsabiqəsində radikal müxalifətin tutduğu mövqeni xatırlaya bilərik. Bəziləri bu mövqe ilə özlərinə bəraət qazanmaq istəyir, bəzi müxalifətçilər isə açıq aşkar Azərbaycanın indiki hakimiyyətinin idarəçiliyi dövründə müəyyən xoşagəlməz hadisələrə sevindiyini bəyan edir. Sanki onlar ölkəmizin ziyanına olan hansısa hadisəyə sevinməkdən həzz alırlar. Bütün bunlar milli mənafeyə, azərbaycançılığa uyğun deyil. Müxaliyət siyasi müstəvidə açıq mübarizə aparmağa qadir olmadığını dəfələrlə göstərib və bu gün də göstərməkdədir.

- Bəzi siyasi partiyalar yenidən seçki qanunvericiliyinin dəyişdirilməsini təklif edirlər. Bəs Yeni Azərbaycan Partiyasının bu məsələdə mövqeyi necədir?

- Yeni Azərbaycan Partiyası dəfələrlə bəyan edib ki, mövcud seçki qanunvericiliyi Azərbaycanda ədalətli, şəffaf və hüquqa söykənən seçkilər keçirmək üçün əlverişlidir və bu qanunvericilik bazası indiyə qədər keçirilmiş seçkilərdə özünü doğruldub.

Mövcud Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq qurumların, ATƏT-in və Avropa Şurasının müvafiq tövsiyələri nəzərə alınıb. Bu məcəllə əslində, bütün siyasi partiyaların maraqlarını ifadə edən sənəddir. Məcəlləyə uyğun olaraq bütün siyasi partiyalar qanun çərçivəsində seçki prosesində iştirak edə bilər. Namizədlər üçün bütün prosedur qaydaları, o cümlədən təbliğat-təşviqat kampaniyası bərabər əsaslarla müəyyənləşdirilib. Bu Seçki Məcəlləsinə görə, seçki komissiyaları elə formalaşdırılıb ki, seçkilərdə iştirak edən tərəflərin maraqları tam şəkildə ifadə olunur. Yəni seçki komissiyaları tam müstəqildir və onlar heç bir siyasi qüvvədən asılı vəziyyətdə deyil. Komissiyalar paritet əsaslarla parlamentdə çoxluq və azlığı təmsil edən partiyaların, eləcə də bitərəflərin nümayəndələrindən təşkil olunur. Eləcə də, dövlət normal seçkilərin keçirilməsi üçün bütün şəraiti yaradıb.

Əlbəttə ki, vaxtaşırı olaraq seçki qanunvericiliyinə müvafiq dəyişiklər edilir və gələcəkdə də bu qanunvericiliyin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atıla bilər. Amma bütövlükdə Seçki Məcəlləsi beynəlxalq standartlara uyğundur və sənədi köklü surətdə dəyişməyə ehtiyac yoxdur. Bu qanunvericilik əsasında biz gələn ilazad, ədalətli və demokratik seçkilər keçirməyə nail ola biləcəyik. Odur ki, müxalifəti təmsil edən siyasi partiyaların, təşkilatların seçki qanunvericiliyi ilə əlaqədar iradları və iddiaları əslində həmin təşkilatların növbəti seçkilərdə uğursuqlarını indidən sığortalamaq məqsədi daşıyan təbliğat xarakterli addımlardır. Biz hesab edirik ki, mövcud seçki qanunvericiliyi tam normaldır və beynəlxalq standartlara uyğundur.

 

 

Səs.-2012.-24 avqust.-S.4