Azərbaycan SSR 50-ci illərin ortaları və
60-cı illərin əvvəllərində
50-ci illərin ortalarından Azərbaycan SSR-də ciddi sosial-siyasi dəyişikliklər baş verdi. Q.Qaffarovun "Azərbaycan tarixi" əsərində göstərilir ki, 1959-cu ildə millətçilik üstə İman Mustafayev vəzifəsindən azad edildi. Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi. Tezliklə Azərbaycan SSR-in təhsil haqqında 1959-cu il qanununa respublikada təhsilin rus dilində aparılmasına geniş imkanlar açan əlavələr edildi. Yüksək vəzifələrdə rusların və ermənilərin sayı yenidən artdı. Xalqı qorxutmaq və müti saxlamaq üçün mərkəz A.Mikoyan və M.Sultanovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya atdı. Ermənistan SSR və Azərbaycan SSR-in DQMV erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə başladılar.
Ermənistanda antitürk əhval-ruhiyyəsi yenidən qızışdırıldı. 1955-ci ildə Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi bağlandı. Yerevan Azərbaycan Pedaqoji Texnikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Ermənistanda əsası hələ 40-gı illərdə qoyulmuş "Qarabağ hərəkatı" xeyli leqallaşdı. "Daşnaksütyun" partiyasının qərarına əsasən "böyük Ermənistan" imperiyası qurmaq, bütün türkdilli xalqları kölə vəziyyətinə salmaq, tədricən məhv etmək məqsədi ilə "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" ASALA-terrorçu siyasi silahlı təşkilat yarandı. NATO üzvü olan Türkiyəyə qarşı mübarizə silahı kimi bu quldur dəstəsi SSRİ-nin yardımı ilə fəaliyyət göstərən təlim düşərgələrində hazırlıq keçirdilər. Ermənilərin Moskvada güclü arxası olduğunu bilən, özünün isə təkləndiyini hiss edən azərbaycanlılar həyəcan içində idilər. Məsələ 1960-cı ilin sonlarında "kiçik qardaşda" ədalətli "böyük qardaşa" ümid və inamı möhkəmləndirmək üçün, habelə, sərhəd dəyişkənliklərinin qəsdən mübahisəli ərazilər yaradılmış başqa respublikalarda da arzuedilməz reaksiyalar doğuracağından çəkinib, Azərbaycanın hüquqlarını müdafiə etdi. 1964-cü ildə də A.Mikonyanın SSRİ Ali Sovetinin sədri kimi Naxçıvanı və Dağlıq Qarabağı Ermənistana vermək üçün Xruşşova təsir göstərmək cəhdi baş tutmadı. Bu zaman Azərbaycan ziyalılarının, xüsusən, Abbas Zamanovun apardığı fəal işin böyük əhəmiyyəti oldu. Lakin Ermənistanda antitürk psixozunun qızışdırılmasına rəvac verildi. 60-illərdə Ermənistanda "Qarabağ hərəkatı", "Qarabağ Komitəsi" açıq fəaliyyətə başladı. S.Kaputikyanın rəhbərliyi ilə bir qrup Dağlıq Qarabağdakı alban abidələrinin ermənilərə mənsub olduğunu iddia edərək, onların öyrənilməsi və qorunmasının Ermənistana tapşırılması məsələsini qaldırdı.
1965-ci il aprelin 23-də uydurma "erməni genosidi"nin 50 illiyi Ermənistanda geniş qeyd edildi və burada ata-baba torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına yeni, güclü təkan oldu. Azərbaycanlılar rəhbər vəzifələrdən qovuldular, Azərbaycan dilində çıxan rayon qəzetləri qapandı.
Bununla yanaşı, mərkəzin bilavasitə köməyi ilə 60-cı illərdə Azərbaycanda güclü erməni lobbisi yaradıldı. Bu, Moskvadakı havadarları və rüşvət vasitələri ilə respublikanın siyasi dairələrinə təsir göstərə bilən qabil qüvvə idi. DQMV-də erməni millətçiliyi açıqca dərinləşdi. Azərbaycanlılar burada - öz torpaqlarında sıxışdırıldı. Vilayətin azərbaycanlılar yaşayan məntəqələrinə kömək etmək məqsədilə 1967-ci ildə ayrılan vəsaitin Bakıda DQMV-nin rayonları üzrə konkret tələblərə bölünüb təsdiq olunması cəhdinə erməni lobiisi müqavimət göstərdi. Həmin il Stepanakertdə azərbaycanlılara divan tutmuş bir neçə nəfər qətlə yetirilmişdi. Hətta mərkəzin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il 7 may tarixli qərarı ilə sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin az sonra Azərbaycanda hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermədi.
Uğursuz islahatlar, Sov.İKP XXII (1961 oktyabr) elan etdiyi yaxın gələcəkdə SSRİ-də kommunizm qurulacağı haqqında utopik ideyalar N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında ona qarşı müxalifət formalaşırdı. 1961-ci ildə qəbul olunmuş nizamnaməyə görə partiyanın seçkili orqanlarına bir nəfərin dalbadal iki dəfədən çox seçilməsini qadağan edən maddə daxil edilməsi də rəhbər partiya vəzifələrində çoxdan işləyənlərin ona qarşı birləşməsinə səbəb olmuşdu. Hakimiyyəti əldə saxlamaq üçün Xruşşov partiyanı parçalamaq, siyasi məsələlərin həllində təşkilatların birgə fəaliyyətini məhdudlaşdırmaq, onların diqqətini təsərrüfat məsələlərinə, islahatlara operativ rəhbərliyə yönəltmək istədi. Sov.İKP-nın 1962-ci il noyabr plenumu rəhbər partiya orqanlarının istehsalat prinsipi üzrə yenidən təşkil edilməsini qərara aldı. Mərkəzi komitələrdə iki büro - sənaye, tikinti və kənd təsərrüfatına rəhbərlik üzrə bürolar yarandı. Azərbaycanda da AKP MK-ya bilavasitə tabe olan sənaye-istehsal, kolxoz-sovxoz istehsalat idarələri, şəhər, dağlıq rayon partiya komitələri təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip üzrə yenidən quruldu. Xurşşov partiya və dövlət nəzarətini birləşdirməklə partiyanın nəzarət funksiyasını da xeyli zəiflətmək cəhdlərindən narazı qalan ali partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.İKP MK-nın 1964-cü il 14 oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. İ.Brejnev Sov.İKP MK-nın birinci (1966-cı ildən Baş katibi) seçildi. Partiya amirliyi yenidən güclənməyə başladı.
Partiya amirliyinin yenidən gücləndirilməsinin mühüm amillərdən biri 60-cı illərin ortalarında partiya, onunla birlikdə sovet, həmkarlar ittifaqları və komsomol orqanlarının təşkilatca yenidən ərazi prinsipi üzrə qurulması oldu. Dərhal Sov.İKP və respublikada KP Mərkəzi Komitələrində bürolar birləşdirildi, kənd, rayon partiya komitələri bərpa olundu. İqtisadiyyata partiya rəhbərliyini gücləndirməklə tərəqqiyə nail olmaq cəhdləri göstərildi.
Partiya amirliyinin yenidən güclənməsi, xüsusən, respublikalara, o cümlədən, Azərbaycan SSR-ə əvvəllər verilmiş bəzi iqtisadi müstəqilliklərin yenidən geri alınması Azərbaycan rəhbərliyinin mərkəzə münasibətində müəyyən dəyişikliklərə səbəb oldu. Vəli Axundov 1965-ci ildə vahid partiya-dövlət nəzarəti sistemini yenidən xalq və partiya nəzarəti dairələrinə bölməyə etiraz edən qüvvələr tərəfində L.İ.Brejnevə qarşı durdu. O, Azərbaycan SSR-in istehsalında az qala qul əməyi kimi zəhmət tələb olunan, əhalinin sağlamlığına və təbiətə böyük ziyan vuran pambıqçılığın ixtisaslaşdırılması əleyhinə çıxırdı. Onun rəhbərlik etdiyi illərdə respublikada texniki bitkilərin əkin sahəsi xeyli azaldılmış, tərəvəz, say, bağ və üzümçülük sahələri isə genişləndirilmişdi. Əvvəlki illərdə olduğu kimi, bu illərdə də, bütün cəhdlərə baxmayaraq, imperiya Azərbaycan xalqının azadlıq idealarını məhv edə bilməmişdi. Bu ideallar vətənpərvər şairlərin, yazıçıların, alimlərin əsərlərində yaşayır və təlqin olunurdu.
Azadlıq ideyalarının yayılmasında Azərbaycanın xaricdəki siyasi mühasirləri də az iş görmürdülər. 50-ci illərin əvvəllərində vahid antibolşevik cəbhə - "Amerikan komitəsi" yaradılmışdı. Lakin bu komitə mühacir rusların şovnist ideallarını müdafiə edirdi. Müsavat partiyası bu meyili ciddi tənqid etdi. C.Hacıbəyov, Ə.Şeyxülislamov, İ.Əkbər və başqaları təmsil olunduqları "Milli Birlik Cəbhəsi" isə orta mövqe tuturdu. 50-60-cı illərdə Azərbaycan SSR-də sənaye və kənd təsərrüfatı, səhiyyə, elm inkişaf etdi. T.Qafarov yazır ki, əhaliyə səhiyyə xidmətində də, müəyyən irəliləyişlər əldə olunmuşdu. Xəstəxanaların, ambulatoriyaların, tibb işçilərinin sayı artmışdı. 60-cı illərin axırlarında respublikada xəstəxanaların sayı 779-a, ambulatoriya-poliklinika xidməti göstərən müəssisələrin sayı 1075-ə çatmışdı. Əhaliyə 13 mindən çox həkim, 40 minə qgədər orta tibb işçisi xidmət göstərirdi. Kütləvi yolxucu xəstəliklərə qarşı mübarizənin nəticəsində onların qarşısı alınmışdı. 1966-cı ildə keçmişdə Azərbaycanda, xüsusən, Abşeronda və Bakıda geniş yayılmış göz xəstəliyi-traxoma tamamilə ləğv edilmişdi.
Lakin tibbi xidmətlərin keyfiyyəti qabaqcıl ölkələrlə, hətta SSRi-nin bir çox başqa regionları ilə müqaisədə çox aşağı idi. Kənd yerlərində səhiyyə xidməti pis təşkil olunmuşdu.
Ekoloji vəziyyətin də gündən-günə pisləşməsi əhalinin sağlamlığına mənfi təsir göstərirdi. Sənaye müəssisələri tikilərkən, torpaqlar meliorasiya olunarkən, istehsalda kimyəvi və bioloji vasitələrdən istifadə edilərən ətraf mühiti mühzafizə tədbirləri lazımı səviyyədə həyata keçirilmirdi. Mərkəz tikintiləri planlaşdırarkən respublikanın ekoloji çətinliklər qarşısında qoyub asılı saxlamaq üçün təbiətin özünübərpa etmək imkanlarını da qəsdən daraldırdı. Sumqayıt buna parlaq misal idi. Kimya sənayesi məhsulları istehsalının 90 faizdən çoxu bu şəhərdə cəmləşdirilmişdi. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və başqa iri şəhərlərdə havaya, suya, torpağa hər gün tonlarla zəhərli maddələr atılırdı.
T.Svyatoçvski bu dövrdə Azərbaycandakı proseslərdən bəhs edərək yazırdı: "Sovet dövründə bir onillik o birini əvəz etdikcə Bakı neftinin qızıl əsri bir xatirəyə dönürdü. Bu da neft mədənlərinin durmadan güclü istismarı və neft axtarışı işlərinə kifayət qədər sərmayə qoyulmamasının nəticəsi idi. II Dünya müharibəsindən sonra sovet neftçıxarılma mərkəzi Xəzər sahilindən Volqa hövzəsinə və Ural dağlarına keçdi. Sonralar, 1960-cı illərdə, Sibir neft mədənləri, xüsusilə, Tümen regionunda yerləşən mədənlər inkişaf etməyə başladı ki, bununla da Movet neft sənayesində SSRİ-ni dünya neft istehsalçıları arasında birinci yerə çıxaran yeni dövr açıldı. Neftçıxarılma mərkəzinin dəyişməsi Azərbaycan üçün çox sarsıdıcı zərbə oldu və baş verən dəyişikliklərin təsiri göz qabağında idi. 1980-ci illərin sonunda Bakı neft istehsalı azalaraq ümumsovet neft istehsalının cəmi-sümlətanı 3 faizini təşkil edəcəkdi. Buna baxmayaraq, Azərbaycan Respublikası hələ ki, SSRİ neftinin və qaz istehsalı avadanlığının əsas hissəsini (70 faiz) təmin edirdi.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.14.