Dostluq, qardaşlıq və məhəbbət
duyğuları sarsılmazdır
Tarix boyu başı bəlalar çəkən, zülmlərə sinə gərən, yunanlara qarşı uzun illər mübarizələrə mətinliklə dözən Kıbrıs türkləri 15 noyabr 1983-cü ildə Quzey Kıbrıs Türk Cümhuriyyətini (QKTC) elan etdilər. İllər gəlib keçir, hələ də Kibrıs türklərinin haqlı tələblərinə məhəl qoyulmur. Buna baxmayaraq QKTC müstəqilliyini, azadlığını və suverenliyini qoruyub möhkəmləndirir. QKTC-nin Azərbaycan Respublikası ilə əlaqələri zaman keçdikcə genişlənir. 1997-ci ildə QKTC Bakı təmsilçiliyi açılandan ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yaranmış və bir sıra layihələr həyata keçirilmişdir. QKTC-nin Bakı təmsilçisi M.Sadettin Topuqçu ilə söhbəti təqdim edirik.
- Sadettin bəy, öncə istərdim ki, söhbətimizə belə bir sualla başlayaq: Azərbaycan Respublikası ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında əlaqələrin tarixi haqqında nə deyə bilərsiniz?
- Quzey Kıbrıs Türk Cümhuriyyətnin və Azərbaycan Respublikasının xalqları uzun illərdən bəri bir-birilə əlaqə, yaxınlıq duyurdu. Azərbaycan müstəqilliyini qazanmadan öncə burada baş verən hadisələri kıbrıslılar böyük maraqla izləyirdilər. Ona görə ki, bu bölgə təzyiq altında idi. O zamanlar biz də Kıbrısa kömək edilmədən əvvəlki dövrdə çox çətinliklər gördük, mübarizələr apardıq. Bilirsiniz ki, rumlar Kıbrısın Yunanıstana birləşdirilməsi üçün bir Enozis kampaniyasına başlamışdılar. O çərçivədə 1963-cü ilin dekabr ayında yunanlar Kıbrıs türklərinə qarşı qırğın və böyük qətliamlar törətmişdilər. Kıbrıs türkləri özlərini müdafiə edərək illər boyu mübarizə apardılar və nəhayət, Türkiyənin yardımı ilə müstəqilliklərini qazandılar. 15 noyabr 1983-cü ildə QKTC yaradıldı. Kıbrıslılar bu çətinliklərdən keçdiyi üçün xaricdə yaşayan qardaşlarının da, başda Azərbaycan xalqı olmaqla, azad yaşamaq uğrunda mübarizədə hansı mərhələdə olduqları ilə maraqlanır və xəbərləri izləyirdilər.
1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra əlaqələr yaranmağa başladı. Öncə qarşlıqlı səfərlər aşağı səviyyədə idi, getdikcə bu əlaqələr genişləndi, 5-6 il ərzində münasibətlər yüksək səviyyəyə çatdı. Qısa müddətdə Quzey Kıbrısda olan universitetlərimiz azərbaycanlı tələbələr üçün bir cazibə mərkəzinə çevrildi. İndi Quzey Kıbrıs universitetlərində 1300-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bununla bərabər, Azərbaycan vətəndaşlarının QKTC-nə səfərləri davam edir. Son illər turizm baxımından da bir hərəkat başlamışdır. Bu da gözəl hadisədir. Biz bir müddətdir ki, bu iki sahə üzrə fəaliyyətimizi daha da genişləndiririk. İldən-ilə daha çox azərbaycanlı tələbənin Kıbrısdakı universitetlərə gedib təhsil alması üçün çalışırıq. Bununla yanaşı, azərbaycanlı qardaşlarımızın Kıbrısa gedib istirahət etmələri, görməli yerləri gəzib oradakı insanlarla tanış olmalarını, iki dost və qardaş xalqın yaxınlığını, bir-birinə məhəbbətinin artmasını istəyirik. Artıq xalqlarımız arasında dostluq, qardaşlıq və məhəbbət duyğuları sarsılmazdır, qırılmaz tellərlə bir-birinə bağlıdır.
- Qarşılıqlı münasibətlərimizdə təhsil əlaqələri çox möhkəmdir. Bununla yanaşı, iqtisadi, mədəni, elmi, turizm, ticarət, idman və digər sahələr üzrə əlaqələrin qarşılıqlı fəaliyyəti də vardır. Bu barədə nə demək olar?
- Hazırda Azərbaycanla QKTC-i bağlayan iki əsas damar var: təhsil və turizm ən çox inkişaf edən sahələrdir. Bu sahələrdəki yüksəlişdən məmnunuq. Ticarətlə bağlı hansı məhsulları ixrac və idxal edə biləcəyimiz sahəsində araşdırmalarımız davam edir. Lakin aramızdakı coğrafi məsafə bəzi məhsulların qarşılıqlı gediş-gəlişində bir az çətinlik yaradır. Amma bu sahədə səylərimiz davam edir, danışıqlar aparılır. Bizdə portağal, narıngi, kartof, üzüm məhsulları boldur. Bu məhsullardan sizdə də var. Xüsusilə, bizdə üzüm məhsulları çoxdur. Buraya həmin məhsulların ixrac edilməsi üçün səy göstəririk. Bunlarla yanaşı, məqsədimiz digər sahələrin inkişafına nail olmaq, bir-birimizi daha yaxşı tanımaq üçün qarşılıqlı səfərlərin artmasını təmin etməkdir.
- Yeni təmsilçi olaraq qarşınıza hansı vəzifələr qoyulub? Sizə verilən tapşırıqlar əsasında hansı sahələrə daha çox diqqət yetirəcəksiniz?
- Buraya gələrkən Azərbaycan xalqının Kıbrıs türklərinə olan yaxınlığını bilirdim. Daha doğrusu, Bakıya öz istəyimlə gəldim. Məqsəd ölkədəki vəziyyəti öz gözlərimlə görüb hansı sahələrdə inkişafa nail ola biləcəyimizi müəyyən etməkdir. Bu gözəl ölkəyə gəlməzdən öncə beynimdə olan əsas məsələ bu idi ki, əlaqələrimizi, insanlar arasında münasibətləri necə yüksək səviyyələrə qaldıra bilərik. Əlaqələrin sıxlaşmasının ən gözəl yolu insanlar arasında bir-biri ilə təmasları artırmaqdır. Bu da necə ola bilər: qarşılıqlı səfərlərlə, yəni azərbaycanlı qardaşlarımızın Kıbrısa getmələri, QKTC-dən qardaşlarımızın da buraya gəlmələri ilə. İndi Azərbaycandan QKTC-ə gediş daha çoxdur. Azərbaycandan tələbələr, turistlər, iş adamları Kıbrısa getməyə başladılar və bu say gerdikcə artır. QKTC-dən də Azərbaycana gələnlər vardır. Amma bu sahədə azərbaycanlı qardaşlarımız üstünlük təşkil edirlər. İnşallah, qarşıdakı dövrdə QKTC-dən gələnlərin sayı artacaqdır. Amma insani əlaqələr son 5-6 ildə daim yüksəlir. Biz dostluq və qardaşlıq münasibətlərinin daha da artırılması naminə fəaliyyət göstərməkdəyik. Görürəm ki, Azərbaycandan xaricə təhsil almağa gedən azərbaycanlı tələbələrin axını getdikcə çoxalır. Ukraynaya, Rusiyaya və başqa yaxın ölkələrə gedirlər. İndi QKTC təhsil sahəsində çox ideal ölkədir. Bir də ki, bizim ölkənin əhalisi çox olmadığı üçün ən səssiz, sakit yerdir, həyat şərtləri də o qədər bahalı deyil, məqsədəuyğundur. Daha doğrusu, Avropada xərclənəcək pulun üçdə biri ilə QKTC-də rahatlıqla yüksək təhsil almaq olar. Bizim universitetlərdə təhsil ingilis dilindədir. Təhsil almağa gedəcək azərbaycanlı qardaşlarımız, tələbələrimiz Kıbrısda türk dili ilə yanaşı, ikinci bir dil də öyrənmək şansına sahib olacaqlar. Beləliklə, həmin gənclərin dünyaya açıla bilmək şansları bu şəkildə daha da artacaq. Beynəlxalq aləmdə ingilis dilini bilməyin bir üstün cəhəti də vardır. Daha doğrusu, universitetlərimizdən məzun olan azərbaycanlı tələbələr istədikləri yerdə, Azərbaycanda, beynəlxalq şirkətlərdə, Azərbaycanın xarici səfirliklərində, təmsilçiliklərində rahatlıqla iş tapa bilirlər. Bildiyimə görə, Azərbaycan Xarici İşlər Nazirliyində işə qəbul olunanda bir xarici dili bilmək tələb olunur. Xarici ölkələrdə hər hansı vəzifəni yerinə yetirməkdə təmas üçün bir xarici dili bilmək şərti var. Daha doğrusu, nazirliklərə də işə qəbulda dil bilmək üstünlüyünə malik omaq üçün bizim universitetlərdə təhsil almaq lazımdır.
- Siz Azərbaycana
birinci dəfə gəlirsiniz. İki ay olar ki, vəzifənizin icrasına
başlamısınız. Ölkəmizin həyat şəraiti
sizə necə təsir bağışlayır?
- Azərbaycanı uzaqdan izləyirdim. Amma ölkəni yaxından
gəlib görmək
başqa bir şeydir. Bakı həqiqətən çox inkişaf etmiş bir şəhərdir. Düşündüyümdən də daha çox inkişaf gördüm. Öncə Bakının
gözəl bir şəhər olduğunu
duyurdum. Lakin gəlib
gördüm ki, paytaxtınız mənim təxmin etdiyimdən də yüksək bir vəziyyətdədir.
Azərbaycanlı dostlarımızla
tanış olub söhbət edərkən, məlum oldu ki, bu
inkişaf son 5-6 il içərisində yaranıb.
Bakının yüksəlişi Azərbaycanın digər
yerlərinə də
təsir göstərir,
regionlar da inkişaf edir, bu sürətli inkişaf və tərəqqi Azərbaycanı
dünyanın ən inkişaf edən ölkələrindən birinə
çevirir.
- Zaman keçdikcə inkişaf edən əlaqələrimiz haqqında
perspektivdə nələr
düşünürsünüz?
- Gələcəyə baxdıqda əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm. İnsanlar səviyyəsində olan hər şey zaman içərisində özünü göstərir. Siyasi-iqtisadi yeniliklər də. Ən vacib olan insanları bir araya gətirməkdir. İnsanlar bir araya gəlincə nələri qəbul edəcəklərini, birlikdə nələri bacara biləcəklərini görürlər. Beləliklə, iş birliyi yaratmaq yoluna gəlirlər. Daha doğrusu, insanların qarşılıqlı münasibətlərini fəallaşdırmaq gərəkdir. Bunun iki yolu var: Kıbrısa tələbə axınını gücləndirmək və qarşılıqlı səfərləri turizm yolu ilə artırmaqdır. Bunu da söyləmək gərəkdir ki, universitetlərimizdə təhsil alan azərbaycanlı tələbələr Kıbrısda ən azı 5 il qalırlar. Bu illər ərzində təhsil ilə yanaşı, insanlar bir-biri ilə tanış olur, Kıbrısın siyasi-iqtisadi vəziyyətini, problemlərini hərtərəfli öyrənirlər. Həmin tələbələr məzun olub öz ölkələrinə qayıtdıqdan sonra bizim QKTC-nin təmsilçisi, elçisi olurlar. Bizi bəlkə də bizdən daha da çox tanıdacaqlar. Bunu da bir üstün cəhət olaraq görürəm.
- Sağ olun!
- Sizə təşəkkür edirəm!
Söhbəti
yazdı:
Afət
Sadıqoğlu
Səs.- 2012.- 1 dekabr.- S.10.