Azərbaycanın sürətli inkişafı yeni-yeni nailiyyətlərlə müşayiət olunur

 

 

 

Müsahibimiz Milli Məclisin deputatı Azər Badamovdur

- Azər müəllim, müstəqil Azərbaycan dövləti bu gün keçdiyi siyasi-iqtisadi inkişaf yolu ilə regionun ən güclü dövlətinə çevrilib. Sizcə, dövlətimizin uğurlarla müşayiət olunan inkişaf xəttinin qısa zaman kəsiyində bütün sahələrdə böyük nailiyyətlər qazanmasının əsas səbəbləri nədir?

- Müasir, müstəqil Azərbaycan dövləti, bu dövlətin əsasları, ümumilikdə prinsipləri və ən əsası yaşaması, inkişafı fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüş Ümummilli liderimiz Heydər Əliyevin adı ilə və Onun əsasını qoyduğu siyasi kursla bağlıdır. Bu siyasi kursu uğurla davaminkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə demokratik ənənələrin formalaşması, Azərbaycanın dünyaya inteqrasiyası, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində mühüm siyasi addımlar atmaqla, bu istiqamətdə fəaliyyəti daha da genişləndirməklə, o cümlədən, siyasi-iqtisadisosial mədəni həyatın bütün sahələrində müasir dövrün tələblərinə uyğun dəyişikliklərə zəmin yaratmaqla Azərbaycanın böyük bir coğrafiyada aparıcı bir dövlətə çevrilməsinə nail olub. Azərbaycanda qısa zaman kəsiyində dövlət büdcəsi on dəfələrlə artırıldı və bu gün Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait düşmən Ermənistanın dövlət büdcəsindən çoxdur. Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilər artmaqdadır. Bunun ən bariz nümunəsi ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsidir. Analoji uğurlar iqtsadi sahədə də nəzərə çarpmaqdadır. Sosial sahələrdə aparılan islahatlar nəticəsində Azərbaycan nəinki bölgədə, dünyada pensiya islahatlarının ən yüksək səviyyədə təmin olunmasını həyata keçirən ölkələrdən sayılır. İş yerlərinin artması, orta aylıq əmək haqqlarının qaldırılması xalqın sosial güzəranının yüksək səviyyəyə çatmasına və ölkədə yoxslluğun aradan qalxmasına kömək edir. Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Qəbul olunan dövlət proqramları Azərbaycanın ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını həyata keçirir. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzaqın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir. «Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramının uğurla icrası regionların sənayeləşməsilə yanaşı aqrar sahənin inkişafı baxımından yüksək dəyərə malikdir. 2009-2013-cu illəri əhatə edən «Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsinə və bununla da regionların daha da gözəlləşməsinə yol açır. Bundan başqa, regionlarımızın inkişaf dinamikası olduqca yüksək səviyyədədir. Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının yaradılması və ən əsası kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması bu sahənin inkişafına yeni töhvələr verməklə yanaşı bölgələrində inkişafını sürətləndirir. Yəni, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı rayonların ümumi inkişaf tempini artırır. Birmənalı şəkildə «Regionların sosial-iqtisadi inkişafı» Dövlət proqramları bölgələrdə bütün sahələrin paralel inkişafını təmin edib. Bununla yanaşı, rayonlarımızda turizmin inkişafı üçün yaradılan infrostruktur da olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regionun əsas turizm mərkəzinə çevrilir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafı ölkəmizin ümumi inkişaf tempinə olduqca müsbət təsir göstərir. Bu, son illərdə aparılan islahatların, görülən işlərin məntiqi nəticəsi sayılmalıdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Bu gün ölkəmizdə bütün sahələr paralel olaraq inkişaf etdirilir. Azərbaycan artıq tək zəngin neft ölkəsi kimi deyil, həm də turizmin, o cümlədən, başqa sahələrin yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır.

- Bir neçə gün öncə Milli Məclis 2013-cü ilin dövlət büdcəsinin layihəsi müzakirə etdi. Büdcə layihəsində qeyd olunan rəqəmlər, o cümlədən, prioritet sahələrə ayrılan vəsaitlər ölkəmizdəki ümumi inkişaf tendensiyasını özündə əks etdirirmi?

- Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artması, bütün sahələrə ayrılan vəsaitlərin həcminin artırılmasının ən əsas hədəfi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsinə xidmətdir. Bu mənada 2013-cü ilin büdcə layihəsi də qənaətbəxş sayıla bilər. Nəzərə alsaq ki, 2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19,8 milyard manat proqnozlaşdırılır və bu da ötən illə müqayisədə 12,1 faiz çoxdur, qlobal maliyyə böhranı dövründə Azərbaycanın inkişafının eyni sürətlə davamının şahidi olarıq. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Bu isə bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşlarımızın sosial problemlərinin həllinə olduqca diqqətlə yanaşır. Bundan başqa, 2013-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri də artırılıb. Ən əsası, müdafiə xərcləri üçün ayrılan vəsait də ötən illə müqayisədə çoxdur. Burada məqsəd Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsidir. Bir məsələnin də üzərində dayanmaq istəyirəm ki, sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün 2013-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin artırılması olduqca müsbət bir addımdır. Bu, Azərbaycanda ən əsas problemlərdən olan gənclərin mənzil təminatının yaxlışadırılmasına yaxından kömək göstərəcək. Bundan başqa, büdcə müzakirələri zamanı parlamentdə təmsil etdiyim Qusar rayonu ilə bağlı da təkliflərlə çıxış etmişəm, bir sıra təkliflər vermişəm. Təbii ki, bu gün ölkəmizdə infrastrukturların daha da genişləndirilməsi, insanların sosial rifahının yüksəldilməsi yönündə davamlı işlər görülür. Bu sevindirici haldır ki, bölgələrimizin də inkişafı davamlı xarakter alıb. Ümumiyyətlə, ölkəmizin əldə etdiyi inkişaf olduqca yüksək səviyyəlidir. Növbəti il üçün ölkəmizdə nəzərdə tutulan 5,3 faizlik iqtisadi artım istər dünya iqtisadiyyatındakı ümumi artımdan, istərsə də MDB ölkələri üzrə göstəricidən çox olacaq. Bu isə əksər ölkələrdə iqtisadi artım imkanlarının məhdudlaşması halı ilə müqayisədə daha böyük əhəmiyyət kəsb edir. Növbəti ildə iqtisadiyyata qoyulacaq ümumi investisiyanın tərkibində həm daxili, həm də xarici investisiyanın artmasının proqnozlaşdırılması və əvvəlki illərdə olduğu kimi ölkənin investisiya imkanlarının daha da genişlənməsi, bunun hesabına digər sahələrin də inkişafına müvafiq təminatın yaradılması baxımından aparılan tədbirlər müsbət haldır. Növbəti ildə sosial göstəricilər üzrə də müsbət artımların əldə olunmasının gözlənilməsi, o cümlədən növbəti ildə əhalinin gəlirləri və xərcləri üzrə artımın nəzərdə tutulması, əhalinin gəlirləri üzrə artımın inflyasiya səviyyəsini üstələməsi sosial sahədə vəziyyətin davamlı olaraq daha da yaxşılaşdırılmasına imkan verən müsbət hallardandır. Qeyd etmək lazımdır ki, ölkəmizdə son illərdə qorunub saxlanılan əlverişli makroiqtisadi mühit və maliyyə sabitliyi dövlət büdcəsinin həcmini artırmağa və uzunmüddətli strateji hədəflərə nail olunmanı təmin edəcək maliyyə təminatını formalaşdırmağa zəmin yaradıb. Belə ki, cari ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə dövlət büdcəsinin gəlirlərinin 12,4 faiz, xərclərinin isə 12,1 faiz artırılması nəzərdə tutulub ki, bu da fiskal siyasətin ümumi iqtisadiyyata dəstəyi kimi dəyərləndirilə bilər.

- Milli Məclisin Regional məsələlər komitəsinin üzvü kimi sizin bölgələrimizin inkişafı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Regionların inkişafı məsələsi hər zaman dövlətimizin prioritet saydığı məsələlərdəndir. Bu sahədə ən böyük addımlar bu məsələ üzrə qəbul edilən dövlət proqramlarının uğurlu icrası ilə təmin edilir. Bu gün yüksək səviyyəli inkişaf hər bir bölgədə, hər bir rayonda nəzərə çarpmaqdadır. Bütün rayonlarda inkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası prosesi gedir. Regionlarda yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır. Bölgələrdə işsizliyin aradan qaldırılması, kənd təsərrüfatının inkişafına göstərilən dəstək, dövlət tərəfindən subsidiyaların ödənilməsi, özəl sektora dəstək bölgələrin paralel və sürətli inkişafını özündə ehtiva edir. Ölkəmizdə sahibkarlara yüksək səviyyədə dəstək verilir, hər il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara vəsaitlər, kreditlər verilir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Bu kreditlər isə regionlarda ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı yeni sahələrin də yaradılmasına imkan verir. Bundan başqa, bölgələrdə sosialyönümlü layihələrin həyata keçirilməsi olduqca uğurla davam etdirilir. Son illərdə regionlarda məktəb, səhiyyə obyektlərinin tikilişi uğurla davam etdirilir. Azərbaycan dövləti qarşısına qoyduğu inkişaf xəttində bütün sahələr üzrə paralel inkişafı hədəf götürür. Bu mənada regionların daha da inkişaf etdirilməsi üçün qanunvericiliyin də mükəmməl şəkildə təkmilləşdirilməsi olduqca vacib şərtlərdəndir. Bu gün ölkəmizdə regionların inkişafı, idarəetmə və başqa məsələlərlə bağlı mükəmməl qanunvericilik mövcuddur. Nəzərə almaq lazımdır ki, mütəmadi şəkildə müasir dünyanın tələblərinə uyğun olaraq bu qanunverciliyin təkmilləşdirilməsi məhz, biz millət vəkillərinin öhdəsinə düşür. Bu qanunvericiliklərdə vətəndaşların maraqlarının təminatı, o cümlədən, dövlət-vətəndaş münasibətlərində məsuliyyətlərin müəyyənləşdirilməsi əsas şərtlərdir. Bu gün dövlətimizin əsas qayəsi vətəndaşların rifahının yüksəldilməsidir. Bu mənada verilən qərarlar, müzakirə olunan məsələlər vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir. Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Xarici investisiyalarla yanaşı, daxili investisiyalar da regionların inkişafında mühüm rol oynayır. Bu isə hər şeydən öncə qeyri-neft sektorunun inkişafını özündə ehtiva edir.

- Azər müəllim, ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 20 illik yubiley təntənəsini yaşayır. YAP-ın ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə dəstəyini necə dəyərləndirirsiniz?

- 20 illik fəaliyyəti dövründə YAP ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə də ciddi və davamlı dəstəyini ifadə edib. Daha doğrusu, siyasi subyekt kimi YAP dövlətin sosial-iqtisadi siyasətinin fəal təbliğatçısı qismində çıxış edib. Başqa sözlə, YAP-ın ideoloji prinsiplərində sosial məsələlər xüsusi yer tutur.

Hüquqi dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanunimkanlar qarşısındakı bərabərlikdən məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik olan dövlətlərdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir. Bu mənada YAP-ın da əsas prinsiplərindən biri sosial ədalətin təmin olunması istiqamətindəki fəaliyyətidir.

Bir sözlə, partiyanın daxili siyasət strategiyasında da sosialiqtisadi məsələlər önəmli yer tutur. Belə ki, YAP hər zaman ölkəmizin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa üstünlük verib. Təbii ki, YAP-ın sosial siyasət sahəsində strateji inkişaf proqramının əsasında insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması dayanır. Partiya belə hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı vardır. Məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət də hər bir vətəndaşın zəngin, firəvan, yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP fəaliyyətində bu yöndə dövlət siyasətinə ciddi dəstək verməkdədir. Partiya fəalları tərəfindən hökumətin bu istiqamətdə reallaşdırdığı tədbirlər, icra olunan proqramlar əhali arasında geniş şəkildə təbliğ edilir.

yap.org.az

 

Səs.- 2012.- 1 dekabr.- S.7.