Uğurlu İctimai Diplomatiya

 

Cənab Prezident İlham Əliyev: Təbii-coğrafi körpü olmaqla bərabər, biz humanitar sahədə də körpü rolunu oynamağa çalışırıq...”

 

 

Beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələrdən başqa “ictimai diplomatiyaya” istinad edən əlaqələr silsiləsi günbəgün əhəmiyyət qazanır. Qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: “sərt güc”(hard power) və “yumşaq güc”(soft power). Politoloq-alim Josef Nye “sərt güc” və “yumşaq gücü” bir-birindən belə fərqləndirir: “yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir”

Ənənəvi olaraq, beynəlxalq münasibətlərdə sərt güc dominant mövqeyə malik olmuşdur. Lakin soyuq müharibənin bitməsi, Sovet İttifaqının dağılması və dünyadakı kommunist rejimlərinin çökməsindən sonra, yumşaq güc yanaşması tədricən öz mövqelərini möhkəmləndirir. Xüsusən də, Avropa Birliyi və digər Avropa təşkilatları yumşaq gücün təbliğatçıları kimi çıxış edirlər. Belə bir şəraitdə yumşaq gücün bir forması kimi ictimai diplomatiya beynəlxalq münasibətlərdə önəmli rola malik vasitəyə çevrilir. Burada da məqsəd həm milli maraqların təbliği, münasibətlərin qurulması və həm də anlaşmaya nail olmaqdır. Ümumiyyətlə, ictimai diplomatiya müxtəlif vasitələrlə və müxtəlif səbəblərlə istifadə olunur. Dövlət və hökumət təşkilatları, vətəndaş cəmiyyətini təmsil edən qurumlar və özəl şirkətlər ictimai diplomatiyanı həyata keçirə bilərlər. Belə ki, dövlət və hökumətlər ondan milli maraqların təbliği, xalqın mədəniyyət və dəyərlərini yaymaq üçün, qeyri-hökümət təşkilatları ondan qarşılıqlı mədəni mübadiləni və mədəniyyətlərarası anlaşmanı həvəsləndirmək və inkişaf etdirmək üçün istifadə edirlər.

Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin 2002-ci ildə hazırladığı bir hesabata görə “ictimai diplomatiya Avropada bütün məsələlərin yanında ən ilkin mövzu” olaraq qiymətləndirilməkdədir. Məhz təsirli bir yumuşaq güc olaraq özünü göstərməyə çalışan Avropa Birliyi həm Avropa ictimaiyyətinə, həm də Balkan, Orta Şərq, Qafqaz və Afrika kimi regionlarda ictimai diplomatiya fəaliyyətlərini ciddi şəkildə həyata keçirməkdədir.

İngiltərənin ictimai diplomatiya fəaliyyətləri isə əsas üç qurum tərəfindən həyata keçirilməkdədir: İngiltərə Xarici İşlər Nazirliyi, British Council və BBC xidməti. Bu qurumlar arasında təsirli bir iş bölünməsi vardır: Xarici İşlər Nazirliyi diplomatik münasibətləri, British Council mədəni əlaqəni, BBC media münasibətlərini nizamlamaqdadır.

ABŞ-a gəldikdə isə bu ölkə, ictimai diplomatiya sahəsində dünyanın ən geniş imkanlara malik ölkəsidir. Digər ölkələrə nisbətən ABŞ-ın ictimai diplomatiyasının uzun tarixi vardır. Təsadüfi deyildir ki, birbaşa ictimai diplomatiya fəaliyyətlərinə 2008-ci il ABŞ büdcəsindən təxminən 1,6 milyard dollar ayrılmışdır.

 

İctimai diplomatiyamızın strateji dərinliyi

 

Məlum olduğu kimi, Azərbaycanın bugünkü coğrafi, geosiyasi və mədəni mövqeyi, Şərqlə Qərb arasında bütün istiqamətlərdə həyata keçirilən uğurlu əlaqələrin müvəffəqiyyətli sintezlərlə nəticələndiyini göstərməkdədir. Bu mənada, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Azərbaycan, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və NATO-dan ATƏT-ə qədər regional və qlobal bir çox platformada aktiv iştirak edir. Bütün bu siyasi fəaliyyətlər, eyni zamanda, ictimai diplomatiya aspektindən də anlaşılmalı və təhlil olunmalıdır. Mövzu ilə bağlı olması baxımından Leyla xanım Əliyevanın  sentyabrın 25-də “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində ictimai diplomatiyanın mahiyyəti ilə əlaqədar söylədiyi fikirlər də bizə görə aktuallıq kəsb etməkdədir: “Əgər əvvəllər ictimai diplomatiya xarici siyasətə əlavə kimi qəbul edilirdisə, indi biz xarici siyasətin hər birimizin işinə çevrildiyi qlobal dünyada yaşayırıq. Məhz ictimai diplomatiya müasir dünyada daşıyıcı konstruksiyalardan biridir”.

Ümumiyyətlə, Azərbaycanın ictimai diplomatiya sahəsində həyata keçirdiyi layihələr və proqramlar iki cəhətdən anlaşılmalıdır. Birincisi, Azərbaycan dövlətinin himayə etdiyi və dəstəklədiyi humanitar və mədəni-elmi fəaliyyətlər. İkincisi isə, Heydər Əliyev Fondunun ictimai diplomatiya, xüsusilə, ictimai diplomatiyanın əhəmiyyətli bir qolu olan mədəniyyət diplomatiyası sahəsində göstərdiyi fəaliyyətləri göstərmək mümkündür. Aktuallıq kəsb etməsi baxımından mən bu məqalə çərçivəsində ictimai diplomatiyamızın son iki uğurunu obyektiv olaraq qiymətləndirməyə səy edəcəm. Bunlardan ilki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın də himayə etməsi ilə oktyabrın 5 və 6-da keçirilən İkinci Bakı Beynəlxalq Forumunu nümunə olaraq qeyd edə bilərik. Məhz Prezident İlham Əliyevin Forumdakı nitqində vurğuladığı “təbii-coğrafi körpü olmaqla bərabər, biz humanitar sahədə də körpü rolunu oynamağa çalışırıq” fikri və müxtəlif çıxışlarında Prezidentin “qara qızılı” insan kapitalına çevirmə siyasi strategiyasından bəhs etməsi Azərbaycanın dövlətinin ictimai diplomatiya sahəsində də məqsədyönlü addımlarından xəbər verməkdədir. İkincisi isə Heydər Əliyev Fondunun, xüsusilə Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələri göstərmək mümkündür. İfadə etdiklərimizə arqument olaraq son günlərdə Parisdə Mehriban xanım Əliyevanın himayəsi altında Fransa -Azərbaycan əlaqələrinin 20 illiyi münasibəti ilə keçirilən silsilə tədbirləri qeyd etmək olar. Mehriban xanım Əliyevanın haqlı olaraq qeyd etdiyi kimi, bu il Bakıda ``Fransa İnciləri`` adlı sərgi açılmış, Livr və Orse muzeylərini, Pompidu Mərkəzini, Versal Sarayını, Fransa Dövlət Kitabxanasını və digər mədəniyyət ocaqlarını bəzəyən 400-dən çox eksponatı ölkəmizdə təbliğ olunmuş və maraqla qarşılanmışdır. Məhz Fransanın müxtəlif 10 şəhərində Azərbaycan mədəniyyətini tanıdan Azərbaycan günlərinin keçirilməsi də ictimai diplomatiya, xüsusilə, mədəniyyət diplomatiyamızın uğuru baxımından son dərəcə əlamətdar hadisədir. Belə bir layihənin və tədbirlərın  Ermənilərin daha çox məskunlaşdığı və söz sahibi olduğu Fransada keçirilməsi real siyasi cəhətdən də aktuallıq kəsb etməkdədir. Digər tərəfdən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə Berlində Bakı jurnalının təşkil etdiyi ``Bakıya Uçuş`` adlı sərginin təntənəli açılışını, eyni zamanda, Azərbaycan mədəniyyətinin Avropaya inteqrasiyası və metaforik ifadə ilə ``Azərbaycan Mədəniyyətinin Avropaya Uşuşu`` olaraq da qəbul etmək lazımdır.

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

 

Səs.- 2012.- 4 dekabr.- S.2.