Cənubi Azərbaycan islam inqilabı şəraitində

 

 

      1978-ci ildə İranda islam inqilabı baş verdi. T.Svyatoçovski bu dövrü səciyyələndirərək göstərir ki, Qərbin pozucu təsirinin güclü olduğu Pəhləvi dövrünün ruhani müxalifəti tərəfindən də pislənilən rəmzlər şərab dükanları, kinoteatrlar, beynəlxalq banklar və qadın bərbərxanaları kütləvi zorakılığın hədəfi kimi seçildi. Azərbaycanda da ruhanilərin bəzi tərəfdarları Pəhləvinin yaydığı milliyyətçilik, islami xarakter daşımayan farslaşdırma təcrübəsinə etirazlarını bildirmək imkanı qazandılar.

        Yaz və yay müddətində şah əleyhinə tətillər, iğtişaşlar və kütləvi nümayişlər dalğası İranın başlıca şəhərlərini bürüdü. Ruhanilər zümrəsinin uzun müddət şaha qarşı tutduğu əks-mövqedən qeyri-mütənasib şəkildə varlılar bəhrələnirdilər. Bu amilin doğurduğu təsir xalqın narazılığını artırdı. Müxalifətin əhvali-ruhiyyəsi əvvəl orta siniflərə, sonra isə fəhlələrə sirayət etdi. Korrupsiya, iqtisadi hərc-mərclik inflyasiya, doğma yurdlarını tərk edərək şəhərlərə mühacirət edən kəndli kütlələri arasında yoxsulluq və təcridolunma - bunların hamısı artmaqda olan siyasi narazılığı gücləndirdi. Neft mədənlərində baş verən tətillər vəziyyəti çox ağırlaşdırdı, iqtisadiyyatın bir sıra bölmələrinin iflicinə səbəb oldu. Sentyabrda Tehranda hərbi vəziyyət elan olundu və bu qərar sürətlə İranın bütün əsas şəhərlərinə də tətbiq olundu. Lakin göstərilən cəhd əbəs idi. İlin sonunda Pəhləvi monarxiyası süqut etdi və I979-cu il yanvarın əvvəlində Məhəmməd Rza şah "uzun müddətli məzuniyyət" adı altında İranı tərk etdi. Bununla da o özünün qəddar düşməni ayətəllah Ruhulla Xomeyninin fevralın 1-də sürgündən təntənəli şəkildə qayıtmasına yol açdı. İki aydan sonra İran İslam Respublikasının yaradılması rəsmən elan edildi.

        İran inqilabı nə hərbi çevriliş, nə də ölçülüb-biçilmiş gizli fəaliyyətin nəticəsi idi. Bu, xalq qəzəbinin ümidsizlikdən doğan partlayışı da deyildi. Əksinə, bu, aylarla davam edən və əhalinin bütün təbəqələri arasında yayıldıqca daha da güclənən müstəqil bir proses idi. Artıq bu və ya digər narazılıqların üzərində durmaq mərhələsini keçərək, daha çox ümumi sistemi əhatə edən böhrana çevrildi. Bu, hər cür ikili mənadan uzaq, açıq-aydın bir razılaşma idi. Müqavimət göstərmək məqsədilə, rejim gah repressiyalara, gah da əfv etməyə əl atırdı. Bununla da hər dəfə kəskin dönüş yaratmaqla öz mövqeyini sarsıdır, gücünü zəiflədir, imkanlarını azaldırdı. Beləliklə, manevr etmək fursəti də əldən çıxdı və axırda duruş gətirə bilmədi.

        Müstəbid rejimin daha zülmə dözmək istəməyən əhali tərəfindən devriləcəyi sübut olundu və bu, dünyada geniş vüsət alan uzun müddətli deyişmə və döngələrin olacağını xəbər verdi. Bütün bunlar həmçinin tarixi köklərin dərinliyini və mədəni eyniliklərin vacibliyini bir daha təsdiq etdi. Qəribə odur ki, mahiyyət etibarilə, inqilabi böhranın oxşar mexaniznıi tezliklə İranla heç bir əlaqəsi olmayan çox uzaq Polşada "Solidarnost" (həmrəylik) dövründə yenidən işə düşəcəkdi. Burada "Polşanı rahat buraxın" şüarı da tanış səslənirdi. Polşa nümunəsi Şərqi Avropanın başqa yerlərində də təkrar olunacaq və, uzun müddət nəzərə alındıqda heç bir dövlət Sovet İttifaqı qədər güclü dəyişikliklər axınının təsirinə məruz qalmayacaqdı. Bununla belə, Moskva düşdüyü vəziyyəti vecinə almamağı, ona soyuqqanlı yanaşmağı qərara aldı və Qərbmeyilli elitaya qarşı yönəlmiş İran inqilabında ancaq islam fundamentalizminin yüksəlişini gördü.

        İran Azərbaycanının şan-şöhrətin zirvəsinə çox yaxın olan tanınmış ruhanisi ayətullah Qasım Şəriətmədari sovet sərhədi tərəfdə eşidilən radio müraciətində təbliğat xarakterli söhbətlər aparsa da, diqqəti İran inqilabının çoxcəhətli əhəmiyyətinə yönəldirdi: "İranın müsəlman əhalisinin qalibiyyət mübarizəsi dünya mübarizə tarixinin dönüş nöqtəsidir və zülmə məruz qalan müsəlman xalqları üçün ən yaxşı modeldir".

     İran inqilabının sovet Azərbaycanına birinci və ən aşkar təsiri inqilabi ideyaların Arazın dəmir pərdəsindən keçərək yayılmasından ibarət idi. SSRİ-də yaşayan bütün müsəlman xalqları içərisində şiələrin ən böyük qrupunu təmsil edən azərbaycanlılar indi öz ana dillərində Təbriz radiostansiyasında səslənən xomeynizm müraciətini potensialı olaraq ən çox qəbul edənlərdən idilər. Nəticə islam oyanmasının, dirçəlişinin həvəsləndirilməsi oldu. Həmin bu proses 1970-ci illərin sonlarında başlanmışdı. Belə ki, sovet mənbələrinə görə, həmin vaxt minə yaxın gizli fəaliyyət göstərən ibadət evləri var idi və ziyarətçilərin təşrif aparması üçün 300-ə qədər müqəddəs ziyarətgah müəyyənləşdirilmişdi. Bütün bunlar, qarşıdakı onillikdə ölkədə yüzlərlə yeni məscidin açılması üçün bir zəmin yetişdiyini göstərə bilərdi. Ayrı-ayrı müşahidəçilər bu dirçəlişin dərinliyinə və geniş əhatə dairəsinə inansalar da, aparılan sovet araşdırmaları göstərirdi ki, statistik nöqteyi-nəzərdən, cənub rayonlarında və Bakı ətrafında, daha doğrusu, ölkənin əsasən şiələrin yaşadığı hissələrində dindarlıq daha çox idi. Azərbaycan DTK-sının sədri general Yusifzadə, xarici casusların sərhədlərimizi gizli keçməsini, həmçinin, gizli təriqətlərin və mürtəce müsəlman ruhanilərinin antisosial fəaliyyətini "Bakinski raboçi"də pisləməyi münasib hesab etdi.

      Həmin dirçəlişin emosional təsiri daha sonra Əfqanıstanın sovetlər tərəfindən işğalının doğurduğu dəhşət dalğaları nəticəsində gücləndi. Bu zaman islamın dini şüarları altında uğurla müqavimət göstərildi. İslam dirçəlişinin səciyyəvi əlamətlərindən biri dünyəvi düşüncə sahibi olan ziyalı təbəqəsinin sıxışdırılması oldu. Ziyalılar bu fenomeni təsdiq etmək istəmirdilər, onun təhlili ilə məşğul olurdular.  

        Monarxiyanın devrilməsi ilə yeni rejim Azərbaycanda yerli dilin işlədilməsi üzərindəki qadağanı ortadan götürdü. Bu, İran xalqlarının öz yerli və daxili işlərini idarə etmək hüququndan istifadə edəcəklərinə dair verilən xeyli təminatdan biri idi. İnqilabi islam rejimi prinsip etibarilə etnik və milli parçalanmanı təşviq etməyə meyilli deyildi və Pəhləvi dövrünün "vahid İran milləti" anlayışından uzaq olan vahid müsəlman icması ideyasına tərəfdar çıxırdı. Bununla belə, yenə "vahid"lik vurğulanırdı.

        Şah devrildikdən sonrakı dövrdə də Azərbaycana çoxdan göstərilən təzyiqin aradan çıxması birbaşa göründü. Yerli dildə qəzet və jurnalların geniş yayılması, kitabların nəşri, Təbrizdə, həmçinin, Tehranda mədəni və ədəbi birliklərin meydana çıxması mümkün oldu. Siyasi təşkilatlar "Mücahiddin", "Fidayin" və İranın hakim Xalq Partiyası kimi İran partiyalarının Azərbaycan şöbələri şəklini qəbul etdilər. İranın Müsəlman Xalqlarının Respublikaçı (qısaca olaraq, Xalq) partiyası adda olmasa da, xarakter etibarilə, əsasən, azəri idi. Bu partiyanın yerli şöbəsi Azərbaycan Müsəlmanlarının Mübarizə Qrupu adını daşıyırdı. Bu partiyanın müraciətnamələri Azərbaycan xalqı üçün suveren İran çərçivəsində muxtar hüquqların qazanılmasına səsləyirdi və ayətullah Şəriətmədarinin xeyir-duasından bəhrələnirdi. Qum şəhərinin tanınmış ilahiyyətçisi olan ayətullah Şəriətmədari azərbaycanlı ruhanilərin qeyri-rəsmi nümayəndəsi idi və monarxiya dövründə ruhani müxalifətinin mülayim qanadını təmsil edirdi. Ayətullah Şəriətmədari və Xomeyni arasındakı dövlət - məscid münasibətləri ilə bağlı fikir ayrılığı hamıya bəlli idi. Xomeyniyə görə ruhanilər dövlətin ali rəhbəri və hakimi ola bilərmi, yoxsa gerçək hakimiyyətin yalnız gözəgörünməz imama məxsus olması ideyası ruhundakı şiə doktrinasının təbirincə, ruhanilər şəriəti dəstəkləməklə öz qüvvələrini bir yerə cəm etməlidirlər? İnqilabın qələbəsindən sonra Şəriətmədari heç bir hökumət vəzifəsi almadı, lakin bunun əvəzində o, Azərbaycan əhalisi arasında geniş və getdikcə güclənməkdə olan nüfuz qazandı.

        Tarix boyu İranın üsyana ən çox meyil göstərən regionu olan Azərbaycan inqilabın qələbəsindən keçən bir ildən də az müddət içərisində Pəhləvi rejimindən sonra gələn hakimiyyətə birinci olaraq meydan oxuyanda, tutduğu mövqeyi bir daha işdə təsdiq etdi. İranın yeni Konstitusiyası məsələsi ilə bağlı mərkəzi hökumətlə Azərbaycan arasında güclənməkdə olan qarşıdurma ön plana keçdi. Həmin bu Konstitusiya Xomeyninin islam hökumətində ali hakimiyyətin üləma tərəfindən idarə olunması haqqındakı görüşlərinin ifadəsi idi. Nəzərdə tutulan layihə ölkənin liberal və dünyəvi fikirli ünsürləri tərəfındən, eləcə də, Tehranda hakimiyyətin güclü mərkəzləşməsindən ehtiyat edən qeyri-fars azlıqlar tərəfindən narazılıqla qarşılandı. 1979-cu ilin iyulunda kürdlər, azərbaycanlılar, türkmənlər və ərəblərin nümayəndələrindən ibarət Iran xalqlarının həmrəylik konfransı başlandı. Milli Cəbhənin himayədarlığı altında, Xomeyni rejiminə qarşı təşkil olunmuş müxalif bir qrup kimi konfrans yeni Konstitusiyaya azlıqda qalan xalqların muxtar hüquqlarının təminatı şərtlərinin daxil edilməsi tələbi ilə çıxış etdi. Dövlətin federal-milli əsaslarla yenidən qurulması məsələsi açıq şəkildə irəli sürüldü və bu, Xomeyni rejimi tərəfindən xarici təsirlər nəticəsində formalaşmış separatizm kimi pislənildi.

        1979-cu ilin payızında bir-birinin ardınca müxalif qruplar təzyiqə məruz qalırdılar. Bəzən bu işdə əli dəyənəkli huzbullahların gücündən istifadə edilirdi. Şəriətmədari isə açıq şəkildə Konstitusiya layihəsini tənqid etməkdə davam edirdi. O göstərirdi ki, Xomeyninin Ruhani vitse-naibliyi-(Vilayəti- fəqih) qeyri-məhdud hakimiyyətə malik olmaq ideyası xalqların suverenliyinə, həmçinin, şiə doktrinasına ziddir. Şəriətmədari nəinki təkcə ruhanilərin siyasi həyatda birbaşa iştirakına qarşı çıxır, o, həm də, inqilabın ölüm cəzası və ya camaatın gözü qarşısında çubuqla döyülmə, universitet müəllimləri arasında siyasi təmizləmələr və Amerika Birləşmiş Ştatları səfirliyində girovların götürülməsi kimi müxtəlif ifrat qayda-qanunları rədd edirdi.

     Qədar olaraq, Şəriətmədari özünü gündəlik hadisələrdən uzaqlaşdırdı. 1980-ci il yanvarın əvvəllərində Xomeyni tərəfdarları ilə yeni qanlı toqquşmalardan sonra Şəriətmədari hər cür zorakılığa son qoymaq çağırışı ilə öz ardıcıllarına müraciət etdi. O, hökumət böhranı ilə bağlı məsələlərə heç qarışmadığından, yardımçı qüvvənin yoxluğu açıq-aşkar hiss olunurdu. Xalq partiyası sovetpərəst, separatist, sionist və Amerika ruhlu meyilləri gizli şəkildə özündə daşıdığına görə təqsirkar bilindiyindən onun fəaliyyəti qadağan edildi. Yanvarın ortalarında digər səbəblərlə yanaşı, respublika muxtariyyəti üçün çalışdıqlarına görə təqsirkar bilinən doqquz üsyançının edam olunması haqqında əmr Təbrizə göndərildi.

        Əgər Təbriz islamın qalibiyyət rəmzi hesab edilirdisə, Bakı milli dərketmənin rəmzi olaraq qalmaq istəyirdi. ABŞ tədqiqatçısı T.Svyatoçovski bu illərdə Ulu Öndər Heydər Əliyevin tükənməz fəaliyyətini yüksək dəyərləndirərək yazır ki, ümumittifaq siyasətdə parlaq bir ulduz olan Heydər Əliyev indi öz nitqlərində sovet rejiminin özünün ilk günlərindən müsəlman xalqlarının milli məsələ ilə bağlı istək və arzularını dəstəklədiyini vurğulamağa başladı. 1981-ci ildə çağrılan Azərbaycan yazıçılarının VII qurultayında Heydər Əliyev bir addım da irəli gedərək, "cənublu dostlarımıza topladığımız zəngin bədii-estetik təcrübəni çatdırmaq məqsədilə mədəni və ədəbi fikir yaradıcılığının bütün sahələrində geniş əlaqələri inkişaf etdirməklə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirməyə çağırdı".

        Digər hallarda Heydər Əliyev Şimal ilə Cənub arasındakı dostluq əlaqələrinin bərpası çağırışını təkrar edirdi və London "Tayms"ın verdiyi xəbərə görə, Heydər Əliyev xarici diplomatlara söyləmişdi ki, o, gələcəkdə hər iki Azərbaycanın birləşməsinə ümid bəsləyir. Çox keçməmiş, 1982-ci ilin payızında Siyasi Büronun ən nüfuzlu adamlanndan biri kimi yüksək vəzifə tutmaq üçün, Heydər Əliyev Bakını tərk edərək, Moskvaya yola düşdü. SSRİ-də heç bir azərbaycanlı belə yüksək mövqe tutmamışdı,

     Həmin vaxt Bakıda hər iki Azərbaycana bölünməz vətən kimi baxılırdı. Vəziyyət elə gətirdi ki, bir xalqı ikiyə bölən sərhəd yarası qaysaq bağlamamış yara aradan qalxdı (buna hansı yollarla nail olunduğu heç vaxt açıqlanmadığına baxmayaraq). "Türkmənçay" sazişi tarixi ədalətsizliyin eybəcər yadigarı mahiyyəti kəsb etdi.

    

 Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2012.- 5 dekabr.- S.14.