Gürcüstan hakimiyyəti
Azərbaycanla münasibətlərin inkişafında
maraqlıdır
Eduard Şevardnadzenin
dövründən dostluq, qardaşlıq
münasibətləri necə yaranmışdısa, hər iki qüvvə bu əlaqələrin
daha da gücləndirilməsi
istiqamətində çalışır
Zahid Qaralov: "Biz də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin xarici siyasət kursunu təbliğ və təqdir etməli, eləcə də, Onun dövlətlərarası əlaqələrin inkişaf etdirilməsində rolunun artırılmasına çalışmalıyıq"
Müsahibimiz Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üvzü, Səbail rayon təşkilatının sədri Zahid Qaralovdur
- Zahid müəllim, Siz Gücüstanda doğulub, boya-başa çatıb və təhsil almısınız. Bu baxımdan, Gürcüstan-Azərbaycan münasibətlərini Gürcüstanda baş verən yeni hakimiyyət dəyişikliyiyindən sonra necə xarakterizə edərdiniz?
- Təşəkkür edirəm ki, bizim doğma qəzetimiz olan "Səs" qəzeti Gürcüstan-Azərbaycan münasibətlərinin hansı mərhələdə olması ilə bağlı maraqlanıb və bununla bağlı mənə müraciət edib. Hər iki dövlət müstəqillik qazandıqdan sonra xeyli inkişaf edib və bu inkişaf bu gün də davam edir. Gürcüstanda oktyabr ayının 1-də parlamentə seçkilər keçirildi. Bu seçkilər demək olar ki, ölkənin siyasi həyatında xeyli dəyişikliklər yaratdı. Sualda qoyduğunuz kimi, bəli, mən Gürcüstanda doğulmuşam, böyümüşəm. Ali məktəbi bitirdikdən sonra orada 3 il işləmişəm. Neçə illərdir məzuniyyət dövrümü ailəmlə birlikdə Gürcüstanda keçirirəm. Bu il də 2 ay Gürcüstanda oldum. 1 ay doğulduğum kəndimizdə və azərbaycanlıların sıx yaşadığı bölgələrdə olmuşam. 1 ay isə seçki ərəfəsində Tbilisidə olmuşam və geniş müşahidələr aparmışam. Xatırladım ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olaraq 1995-2005-ci illər arasında Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna rəhbərlik etmişəm. Eduard Şevardnadze, keçmiş baş nazir Zurab Jvaniya, keçmiş parlament sədri Nino Burcanadze və digər şəxslərlə dostluq əlaqələri saxlamışam. Eyni zamanda, Gürcüstan dövlətinin fəxri vətəndaşıyam. Ona görə də mən Azərbaycanla yanaşı, dost Gücüstanda gedən quruculuq işləri ilə də hər zaman maraqlanmışam.
Faktik olaraq Gürcüstan aqrar ölkə səviyyəsindədir. Yəni əhalinin 47 faizi şəhərdə, 53 fazini isə kənddə yaşayır. Belə ölkələr aqrar ölkələr adlandırılır.Yəni əhalinin əksəriyyətinin məşğuliyyəti kənd təsərrüfatıdır. Amma sovet dövründə burada böyük sənaye var idi. Yüngül sənaye çox inkişaf etmişdi. Gürcüstan müstəqillik qazandıqdan sonra vəziyyət dəyişdi. Bütün bunlara baxmayaraq, 1995-ci ildən sonrakı göstəricilər xeyli fərqlidir. Keçmiş prezident Eduard Şevardnadze təcrübəli prezident idi. Onun Ulu Öndərimiz Heydər Əliyevlə möhkəm dostluq əlaqələri var idi. Bu dostluq əlaqələri hər iki ölkənin inkişafında geniş imkanlar yaratmışdır.
- Dövlətin həyata keçirdiyi iqtisadi və siyasi islahatlardan əhali necə yararlanır?
- Hazırda Gürcüstanda, Azərbaycanda olduğu kimi, həyatın bütün sahələrində tikinti-quruculuq və abadlıq işləri həyata kecirilir. Ölkə iqtisadiyyatına böyük məbləğdə xarici investisiyalar qoyulur. Yeni iş yerləri açılır, işsizliyin və yoxsulluğun azaldılması ilə bağlı xeyli irəliləyişlərə nail olunur. Təhsildə nailiyyətləri var. Bürokratiyaya, rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Kəndlilərə verilən torpaqlardan heç bir vergi növü alınmır. Əkinçiliyin və heyvandarlığın daha da inkişaf etdirilməsi üçün müraciət edənlərə dövlət xüsusi vəsait ayırır. Elə insanlar var ki, onlar xeyli iri və kiçik buynuzlu heyvanlar saxlayır. Yəni heyvandarlıqla və əkinçiliklə məşğul olmaq istəyənlərə heç bir qadağa qoyulmur, əksinə, onlara dövlət köməklik edir. Bunun üçün də satılan torpaqlar münasib qiymətə verilir ki, bu işlə məşğul olmaq istəyənlərin sayı artsın.
- Əhalinin məşğulluğu, enerji təminatı və təhsildəki vəziyyəti necə qiymətləndirmək olar?
- Təhsil Avropa standartlarına uyğunlaşdırılıb. Orada repititorluq institutu demək olar ki, yox səviyyəsindədir. Universitetlər orta məktəbləri bitirənlər üçün bir illik kurs yaradırlar, bu kurslarda, eyni zamanda, gürcü dilini öyrədirlər. Universitetdə qəbul imtahanlarının sualları da çox sadə tərtib edilir. Bununla belə, Gürcüstanda əldə olunan inkişaflarla yanaşı bir çox problemlər var. Vaxtilə kəndlərdə torpaqdan uzaqlaşma prosesi gedirdi. Uzaqlaşan insanları yenidən cəlb etmək çox çətin idi. Bu istiqamətdə işlər aparılır. Amma hələ ki, insanların kənd təsərrüfatı əməyinə cəlb olunması problem olaraq qalır. Gürcüstanda işsizlik var. Çünki zavodlar bağlanıb. Məsələn, bir vaxtlar Rustavi zavodunda 100 minə qədər adam işləyirdi. Hazırda o zavodun böyük hissəsi fəaliyyətini dayandırıb. Gənclərin də işsizlik problemi var. Enerji daşıyıcıları - qaz, elektrik, neft məhsulları xeyli bahadır. Əhaliyə xidmət sahələrində problemlər hələ də qalmaqdadır. Kənd yerlərində su təminatı, qazlaşdırma, elektrik xətlərinin kabel sisteminə keçməsi də problem kimi qalır. Bunun da ciddi səbəbləri var. Yəni, təbii sərvətlərin, xüsusilə, enerji daşıyıcılarının olmaması bu sahədə bahalaşmaya yol açıb.
- Zahid müəllim, oktyabrın 1-də Gürcüstanda parlamentə növbəti seçkilər keçirildi. Seckiləri yaxından izləmiş şəxs kimi seçki prosesini necə qiymətləndirirsiniz?
- Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçirildi və Konstitusiyada ciddi dəyişiklik olundu. Bu dəyişiklik prezidentin səlahiyyətlərinin parmanetdə yenidən bölüşdürülməsi məsələsi idi. Başqa sözlə, ölkə idarəetmə sistemində parlamentli respublikaya cevrildi. Əhalinin böyük əksəriyyəti bunu dəstəklədi. Bu onunla izah oluna bilər ki, artıq siyasi sistemdə dəyişiklik aparılır. Parlament faktik olaraq, öz səlahiyyətlərini genişləndirir. Qeyd edim ki, Gürcüstan parlamentində 150 deputat yeri var. Seçkidə həm mojaritar, həm də proposional sistem tərbiq olunur. Parlamentdə 85 yer hazırkı baş nazir İvanişvilinin yaratdığı birliyə, 65 yer isə Saakaşvilinin partiyasına məxsusdur. Bir neçə ay öncə Gürcüstanda Saakaşvili əleyhinə aksiyalar başladı. Saakaşvili bildi ki, uduzur. Ona görə də məğlub olduğunu özü etiraf etdi. Bildirdi ki, biz keçirik müxalifətə. Bu zaman Gürcüstanın din xadimi II İlya hər iki şəxsi dəvət etdi. O Saakaşviliyə müraciət edərək bildirdi ki, sənin nə mənəvi nə də siyasi haqqın yoxdur ki, müxalifətə keçəsən. Saakaşvili və İvanişvili birlikdə Gürcüstanın daha da inkişafına çalışmalıdır. Əlbəttə ki, bu bir din xadiminin arzu və istəyi idi. Amma xalq bu müraciəti çox bəyəndi.
- Necə oldu ki, Saakaşvili siyasətdə təsadüfi şəxs hesab olunan İvanişviliyə məğlub oldu?
- 1 il öncə İvanişvili Rusiyada "Gürcüstanın arzuları" adlı hərakat yaratdı. İvanişvili Rusiyanın, eyni zamanda da, Fransanın vətəndaşı idi. 2005-ci ildə Gürcüstanın vətəndaşlığından çıxıb Rusiyanın vətəndaşı olmuşdu. İvanişvili bu birliyi yaradandan sonra yenidən Gürcüstana qayıtdı. Gürcüstanın vətəndaşı olmaq üçün yenidən müraciət etdi. Lakin onun müraciətinə baxılmadı. Buna baxmayaraq, o seckilərdə iştirak etdi. Gürcüstan Konstitusiyasına görə, bir şəxs gürcü millətinə mənsubdursa, o, dünyanın istənilən yerində yaşamasına baxmayaraq, seçkilərdə iştirak edə bilər. Seçkidə qalib gələndən sonra İvanişvilinin ərizəsinə baxıldı. Lakin bir şərt qoyuldu ki, o, Fransa vətəndaşlığından çıxmalıdır. Belə də olub.
Müşahidələrimə əsasən, deyə bilərəm ki, seçkilər demokratik şəkildə kecirildi. Nəticələri Konstutusiya Məhkəməsi də təsdiqlədi. Parlamentin ilk iclasında Gürcüstan parlamentinin sədri secildi. O İvanişvilinin blokunda təmsil olunan şəxs idi. Eyni zamanda, bu blokda təmsil olunan partiyaların hər birindən 1 nəfər olmaqla, ümumilikdə, 6 nəfər parlament sədrinin müavini seçildi. 7-ci isə Saakaşvilinin partiyasından 1 nəfər əlavə parlament sədrinin müavini vəzifəsinə namizədliyinin irəli sürülməsi təklif olunsa da, onun özü bundan imtina etdi. Bildirdi ki, balaca parmanetdə 7-ci müavinə ehtiyac yoxdur. Nazir yerlərinin əksəriyyətini İvanişvilinin bloku tutub. Yeni hökümət Eduard Şevardnadzenin dövründə nazir olan 2 nəfəri də geri qaytardı. Hansı ki, Saakaşvili onları nazir vəzifəsindən uzaqlaşdırmışdı. Mən orada şahidi oldum ki, Saakaşvili prezident kimi parlamentə gələndə 85 nəfər qalxıb onu salamlamır və ya əksinə, İvanişvili gələndə digər 65 nəfər isə onu salamlamır. Ümumən Gürcüstanda nazirlərin bir hissəsi gəncdir. Amma çox təcrübəli nazirlər də təyin olunub.
İvanişvilinin seçkilərdə qələbə qazanmasının bir neçə səbəbi var. Yuxarıda qeyd etdiyim problemlər var idi ki, İvanişvili həmin problemlərin həllinə çalışacağına dair xalqa vədlər vermişdi. O cümlədən, enerji daşıyıcılarının qiymətini, vergiləri azaldacağını, işsizliyi və yoxsulluğu aradan qaldıracağını, gənclərə xüsusi qayğı göstərəcəyini, və bazarları genişləndirəcəyini vəd etmişdi. Xüsusilə, "SOCAR" və "Lukoyl"dan alınan benzinin və qazın qiymətini azaldacaq. Faktiki olaraq İvanişvili verdiyi sözə əməl etmək istəyir, əhalinin vəziyyətini yaxşılaşdırmaq istəyir. Hesab edirəm ki, yeni yaradılan hökumət proseləri dərindən öyrənməklə əhaliyə verdiyi vədlər istiqamətində daha optimal qərarlar qəbul edəcək, ciddi iş aparacaq. Ona görə də buna tez-tələsik bir rəng vermək heç kimin xeyrinə deyil. Biz Gürcüstan xalqının seçiminə hörmətlə yanaşmalıyıq.
- Sizcə Saakaşvili bundan sonra məğlubiyyəti ilə barışıb, müxalifətə kecəcək?
- Saakaşvili Gürcüstan dövləti ücün çox işlər görmüşdü. O, üçüncü dəfə prezident seçilmək istəmirdi. Bəlkə də istəyərdi ki, baş nazir kimi hakimiyyətdə olsun. Bunu söyləmək çətindir. Amma birdən-birə situasiya dəyişdi. Gürcüstanın türmələrində məhbuslara böyük işgəncələr verilib və bu işgəncələrdə videolentə alınıb. Seçkiyə bir həftə qalmış həmin videoları efirdə yaydılar. Təsəvvür edin ki, seçkiyə bir həftə qalmış şəhərin bütün küçələri etirazçılarla dolu idi. Etirazçılar arasında tələbələr, hətta məktəblilər də var idi. Saakaşviliyə qarşı etiraz şüarları qaldırılmışdı, xoşagəlməyən ifadələr səsləndirilirdi. Bundan başqa Saakaşvilinin adına xeyli ittihamlar yazdılar. Guya ayrı-ayrı adamları qətlə yetirib, qanunsuz həbs etdirib. Belə hallar etirazlara səbəb oldu. Mən insanlar tanıyırdım ki, Saakaşvilini yenidən prezident seçmək üçün çalışırdılar, amma onların bu mövqeyi yayılan videomateriallardan sonra tamam dəyişdi. İri şəhərlərdə, o cümlədən, Tbilisidə İvanişvilinin bloku, regionlarda isə Saakaşvilinin partiyası qalib gəldi. Ən çox azərbaycanlıların kompakt yaşadıqları Dmanisi, Marneuli, Qarayazı, Bolnisi və Kaxetiyanın bir sıra iri kəndlərində Saakaşvilinin partiyasına üstünlük verildi. Onu deyim ki, nə İvanişvilinin bloku, nə də Saakaşvilinin partiyası Azərbaycanla münasibətlərə yenidən nəzərdən keçirməyə çalışmırlar. Eduard Şevardnadzenin dövründən dostluq, qardaşlıq münasibətləri necə yaranmışdısa, hər iki qüvvə bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində çalışırlar. Biz də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin xarici siyasət kursunu təbliğ və təqdim etməli, eləcə də, onun dövlətlərarası əlaqələrin inkişaf etdirilməsində rolunun artırılmasına çalışmalıyıq.
Babək Hacıyev
Səs.- 2012.- 5 dekabr.- S.7.