Azərbaycan YUNESKO əlaqələri ildən-ilə genişlənir

 

Azərbaycan tar ifaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mədəniyyətimizin daha bir qələbəsidir

 

Dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq və bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərmək məqsədini həyata keçirən YUNESKO bu ali ideyasını bir xətt olaraq davam etdirir. Xalqların dil, din və irqindən asılı olmayaraq əməkdaşlığın genişləndirilməsində, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rola malik olan bir təşkilat kimi 1945-ci ildən fəaliyyət göstərən təşkilat ilk illərdə 20 dövlətlə əməkdaşlıq edirdisə, sonralar bu münasibət daha geniş coğrafi məkanı əhatə edib. Müasir dövrümüzdə artıq dünya ölkələrini özündə birləşdirmək gücündə olduğundan 200-ə yaxın dövlətlə əməkdaşlıq edir. Bu dövlətlər sırasında Azərbaycanın da yeri var. YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu qeyd etmək vacibdir. Belə ki, Ümummilli Lider 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun o vaxtıkı baş direktoru Federiko Mayorla görüşü bu əlaqələrin yaranmasında addım olub. Bu görüşün nəticəsi olaraq YUNESKO-ya üzv dövlət kimi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılıb. Bu Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf perspektivlərini nəzərə alaraq hər zaman bu sahəyə diqqət ayırıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulur. Belə ki, silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il tarixli Konvensiya, AsiyaSakit okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 1983-cü il tarixli regional konvensiya, mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 1970-ci il tarixli konvensiyası Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından yalnız bir neçəsidir. Bu konvensiyalara qoşulmaq əhəmiyyət kəsb edən məsələlərdir.

YUNESKO Azərbaycan mədəniyyətinin dünyaya çatdırılmasında mühüm vasitəyə çevrilib

Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyət müasir dünyamızda birmənalı olaraq qarşılanmır. Ermənilərin maddi-mənəvi dəyələrimizə bu şəkildə yanaşması heç də cavabsız qalmır. Belə ki, YUNESKO hər bir xalqın özünəməxsus mədəniyyətini dünyaya çatdırılması üçün mühüm vasitəyə çevrilib. Bu mühüm vasitə Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rola malikdir. Məlumdur ki, aparılan təbliğatın nəticəsi olaraq YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti 6-cı sessiyasında Ermənistan tərəfindən təqdim olunan "Erməni Aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı Vardavar" adlı fayllar Dağlıq Qarabağla bağlı təxribat xarakterli olduğundan qəbul edilməmişdir. Bu, YUNESKO-nun Azərbaycana olan obyektiv münasibətinin təzahürüdür.

Azərbaycan bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. Müasir dövrümüzdə Azərbaycan YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etməliyik. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi də bu işlərin məntiqidir. YUNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilib. YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanda səfərdə olarkən bəşəriyyətin maddiqeyri-maddi mədəni irsinin təbliği, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyevaya "Qızıl Motsart" medalını təqdim etməsi də təsadüfü deyil.

 "Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür"

 Azərbaycan YUNESKO əlaqələri ildən ilə daha da genişlənir. Bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin möhkəm şəkildə qurulmasını özündə ehtiva edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan YUNESKO münasibətləri yüksək inkişaf səviyyəsinə yüksəlib. Bu gün Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub, Qobustan Dövlət tarixi-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçəri Şəhər Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO-nun "Dünya mədəni irs siyahısındadır. Aşıq sənəti, Azərbaycan xalçası və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alıb. Bu günlərdə daha bir sənət nümunəmizin belə möhtəşəm siyahıda yer alması milli alətlərimizə YUNESKO tərfindən veriliən növbəti qiymətdir. Belə ki, dekabrın 3-7-də YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib. Qeyd edək ki, çoxəsrlik tarixə malik olan tar Azərbaycan simli musiqi alətləri arasında ən mükəmməl və təkmil çalğı alətidir. Bu alətin Mirzə Sadıq, Hacı Məmmədov, Əhsən Dadaşov, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov kimi ifaçıları olmuş, bu günRamiz Quliyev, Möhlət Müslümov, Səbuhi Cəfərov kimi sənətkarlar onların yolunu layiqli şəkildə davam etdirirlər.

Hələ ötən əsrin əvvəllərində dahi bəstəkar Üzeyir Hacıbəyli tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazırdı: "Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür".

Müasir tar ifaçılığı iyirmi birinci yüzillikdə yeni bir mərhələdədir. Tarımıza verilən bu qiymət onun nadir musiqi alətlərindən biri olduğunu təsdiqləyir. Bütün bunların müqabilində deyə bilərik ki, Azərbaycan milli sənəti, milli maddi dəyərlərimiz hələ bundan sonrakı mərhələlərdə də dünya miqyasında layiqli qiymətini və dəyərini alacaq. Qeyri-adi, zəngin sənətə məhz belə meyar onun tarixi köklərini özündə ehtiva edir.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

SES.-2012.- 8 dekabr.- S.- 4.