Sovet dövründə müstəqil milli dövlət quruculuğu üçün Ulu Öndər Heydər Əliyev tərəfindən bazanın yaradılması

 

 

 

XX əsrin sonlarında Azərbaycanın müstəqilliyinin bərpası təsadüfi deyil, tarixi zərurət idi. Professor M.Qasımlı yazır ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi göydəndüşmə bir hadisə olmadı. Tarixə obyektiv yanaşma belə nəticəyə gəlməyə imkan verir ki, müstəqilliyin daxili maddi-mənəvi və digər amilləri əvvəlki dövrlərdə, xüsusən, 60-ci illərin sonu, 80-ci illərin ortalarında sovet sistemi şəraitində tədricən, ehtiyatla, düşünülmüş şəkildə formalaşdırılmışdı. Deməli, istiqlala gedən yolun dərin elmi araşdırılması həmişə aktual olaraq qalır. Qeyd edildiyi kimi, dünya xalqlarının dövlət quruculuğu təcrübəsi göstərir ki, müstəqil dövlətin yaradılması üçün əhali, ərazi olmalı və nəhayət, hökumət qurulmalıdır. Məlumdur ki, 1918-ci ilə qədər Azərbaycanın ərazisi, əhalisi var idi, daxili və beynəlxalq amillərin təsiri altında hökuməti də quruldu. Sovet dövründə SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycan formal olaraq müstəqil, əslində, sovet respublikalarından biri idi və müttəfiq respublika adlanırdı.

Bununla belə, Azərbaycanın dövlət müstəqilliyindən söhbət gedə bilməzdi. Çünki hətta daxili idarəçilik üçün göstərişlər Moskvadan verilirdi. Xarici siyasət fəaliyyəti də mərkəzin əlində cəmlənmişdi. Əslində, Azərbaycan müstəqil xarici siyasət yeritməkdən məhrum edilmişdi. Azərbaycan SSRİ-nin bir ərazisi idi. Sovet rejiminin şərtləri altında yaşamalarına baxmayaraq, Azərbaycanın istiqlalı məsələsi azərbaycanlıların qabaqcıl xadimlərini, elm, mədəniyyət və incəsənət adamlarını daim düşündürürdü.

Tarixi təcrübədən məlumdur ki, istiqlalının beynəlxalq aləmdə tanınmasına iddia edən hər bir xalq, əsasən, aşağıdakı tələblərə cavab verməlidir: xarakterindəki müəyyən intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; öz taleyini müəyyən etməyə qadir olduğunu sübut etməlidir; öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; özünü xarici təcavüzdən qoruya bilməlidir. Bu şərtlər olmadan dövlət müstəqilliyinin tanıdılmasına ümid etmək yalnız xoş arzu olaraq qalır. Çünki xaricdən başqa bir xalqya dövlət gəlib digər xalq üçün hökumət qurmur.

C.Xəlilov müstəqilliyin gələcəkdə bərpası prosesində bilavasitə Ulu Öndərin müstəsna rol oynadığını xüsusi vurğulayır. Milli şüurun gücü sayəsində yeni əsarət mərhələsində xalqımız formal suverenliyinin minimum imkanlarından maksimum istifadə etdi. Nəticədə, Azərbaycan sovet dönəmində müstəqil milli dövlət quruculuğu üçün ən ümumi zəmin, baza hazırlamaq işində müəyyən uğurlar qazandı. Bu uğurların da böyük əksəriyyətinin XX əsrin ikinci yarısına, xüsusən də, Ulu Öndər Heydər Əliyevin milli təhlükəsizlik strukturlarında işlədiyi, respublikaya birinci şəxs kimi rəhbərlik etdiyi dövrə təsadüf edir.

Unutmaq olmaz ki, Heydər Əliyevin aktiv, geniş ictimai-siyasi fəaliyyətə başladığı dövr sovet rejiminin ən amansız dövrünə təsadüf edir. Təbii ki, belə olan halda milli təhlükəsizlik məsələsində həmin dövrdə bütöv sistemdən, kompleks proqramdanya ardıcıl gerçəkləşdirilən konseptual fəaliyyətdən danışmaq qeyri-ciddi olardı. Həmin dövrdə Heydər Əliyev mövcud şansdan ən optimal və səmərəli şəkildə istifadə etməklə milli təhlükəsizlik doktrinasının əhəmiyyətli ünsürlərini yaratmağa üstünlük verirdi (təbii ki, bu zaman yaradılan milli təhlükəsizlik ünsürlərinin bəziləri, eyni zamanda, dövlət təhlükəsizliyinin ünsürlərini də ehtiva edirdi). Bunun üçün Heydər Əliyev, ilk növbədə, milli-tarixi ənənəyə və mentalitetə, sonra dünya təcrübəsinə, daha sonra isə bu sahədəki mövcud elmi-nəzəri axtarışların nəticələrinə incəliklə istinad edirdi. Belə prinsipi isə taleyüklü məsələlərin uğurlu həllinə zəmin hazırlayırdı.

Ən başlıca cəhət, bu dövrdə Azərbaycanın, xalqın varlığını, mövcudluğunu, özünəməxsusluqlarını qoruyub saxlamaq idi. Bir tərəfdən, sovet rejiminin "sivilizasiyalı yolla" ölkəmizi məhv etmək planı, digər tərəfdən, bu plana uyğun hərəkət edən qəsbkar və xəyanətkar Ermənistanın işğalçı niyyəti, eləcə də, dünyanın bir sıra dövlətlərinin Azərbaycanla bağlı strateji mənafeləri respublikamız üçün real və həddindən artıq ciddi təhlükə mənbəyi idi. Qeyd edilənlər aysberqin görünən tərəflərinin bir qismi idi, onun görünməyən hissəsi mənəviyyat sahəsi ilə bağlı idi.

Əslində, bu məsələləri şərti olaraq iki qrupa ayırmaq mümkündür: 1. Siyasi, iqtisadi, diplomatik, hərbi və s. 2. Mədəniyyət, incəsənət, ədəbiyyat, elm, mənəviyyat, milli mənlik şüurus. Hər iki qrup eyni dərəcədə önəm daşısa da, birinci qrup imperiya məmurları tərəfindən daha çoxxüsusi nəzarət altında saxlanılırdı. Heydər Əliyev fenomeninin qüdrətini belə bir fakt da təsdiq edir ki, o, ciddi nəzarət altında saxlanılan sahələrdə ölkənin və xalqın gələcəyi üçün maksimum istifadə edə bilmişdir. Milli kadr potensialının görünməmiş artımı, milli kadrların mühüm dövlət postlarına yerləşdirilməsi, Naxçıvanski adına hərbi məktəb, elm, təhsil sahəsində böyük uğurlar, ədəbiyyat və incəsənətin əsaslı inkişafına şərait yaradılması deyilənlərin və görülən möhtəşəm işlərin əyani təsdiqidir.

Ən böyük uğur isə ikinci qrupa aid sahədə - genefondun, onun tarixlə, yaddaşla yaşamaq bacarığının, milli özünəməxsusluqlarının, azad, müstəqil xalqa və dövlətə çevrilmək əzminin, qətiyyətinin qorunub saxlanılması və daha da gücləndirilməsi sahəsində qazanılmışdır. Ulu Öndər Heydər Əliyev bunun üçün ədəbiyyatın, mədəniyyətin, incəsənətin, elmin inkişafına, xalq həyatı, arzu-istəkləri, idealları ilə birbaşa əlaqələrinə, milli mənlik şüurunun, milli ideyanın formalaşmasına əlverişli şərait yaratmışdı.

Məhz bu dövrdə milli ruh qeyri-adi dərəcədə güclənmişdi və bu ruhu gücləndirməyə xidmət edən şəxsiyyətlərə xüsusi qayğı ilə yanaşılırdı. Adicə bir faktı qeyd etmək yerinə düşər ki, aşkarlıq və yenidənqurma deyilən mərhələdə keçmiş Sovetlər Birliyinə daxil olan respublikaların əksəriyyətində ayrı-ayrı yazıçıların arxivlərində çap olunmamış əsərlər üzə çıxdığı halda, Azərbaycanda belə faktlar nəzərə çarpmadı. İlk növbədə, ona görə ki, aktual, ictimai-milli məzmunlarına və bədii dəyərinə görə diqqətəlayiq əsərlərin hamısının mənəvi sərvət kimi çapına münbit şərait var idi. "...Keçmiş SSRİ-nin digər regionları ilə müqayisədə Azərbaycan xalqının həmin dövrdəki siyasi fəallığı və yetkinliyi Heydər Əliyevin burada on dörd il ərzində gördüyü işlərin nəticəsi kimi meydana çıxmışdır. Daha dəqiq desək, Azərbaycanda 80-ci illərin axırında baş vermiş milli oyanış, milli-azadlıq hərəkatının mənəvi, ideya-siyasimaddi əsasları 70-80-ci illərdə düşünülmüş şəkildə və böyük müdrikliklə qoyulmuşdur. Məhz ona görə ki, görkəmli dövlət xadimi Heydər Əliyev təkcə müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi indiki dövrdə deyil, 70-ci illərdə bütün xalq tərəfindən qəbul olunan Ümummilli Lider idi. İmperiya siyasətinin hökm sürdüyü bir şəraitdə yalnız böyük dövlət xadimlərinə və mahir siyasətçilərə məxsus bir uzaqgörənliklə Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsi üçün əlindən gələni edir, qüdrətli iqtisadi zəmin yaradır, bir sözlə, fəhləsindən tutmuş məmuruna qədər bütün xalqı güclü və müstəqil Azərbaycan uğrunda gələcək mübarizəyə hazırlayırdı" (Ramiz Mehdiyev).

Paralel şəkildə aparılan bu istiqamətlər ayrı-ayrılıqda da, bütövlükdə də, milli təhlükəsizliyin formalaşmasına, milli şüurunruhun gücləndirilməsinə xidmət edirdi. "Dahi Öndər Heydər Əliyevin Azərbaycan xalqının ləyaqət və şərəfinin qorunması üzrə dövlətçilik, siyasi, praktiki, nəzəri və ideya-tərbiyəvi fəaliyyəti yalnız bizdə deyil, eyni zamanda, bütün dünyada dərk olunur. Şübhə yoxdur ki, gələcək nəsillər hökmən deyəcəklər: "O, bizi öz milli ləyaqətimizi qorumağa hazırladı" (Ə.İsmayılov, Q.Əliyev). Həqiqətən də, azadlıq ideyasının milli əqidəyə, inama çevrilməsi həmin illərin misilsiz nailiyyəti idi. Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsi kimi həmin dövrdə bu nailiyyət qazanılmasaydı, 90-cı illərdə Azərbaycan xalqı yekdilliklə öz azadlığı uğrunda mübarizəyə qalxmazdı.

M.Qasımlı yazır ki, sovet dövründə Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan cəmiyyətinin başlıca problemlərindən biri xalqla hakimiyyət arasında uçurumun mövcudluğu, siyasi hakimiyyət daxilində yekdilliyin olmaması idi. Hakimiyyətdə müxtəlif yüksək vəzifələr tutan şəxslər arasında hökm sürən intriqalar nəticəsində irəliləyiş dayanmışdı milləti düşündürən başlıca problemlər həll edilmirdi, nəticədə, ziyalılar hakimiyyətlə əməkdaşlıqdan uzaq qaçırdılar. Yaranmış vəziyyət xalqın bir sıra köklü məsələlərinin həllinə nəinki mane olur, hətta onu daha da dərinləşdirir, xalq və rəhbərlik haqqında Moskvada mənfi fikrin formalaşmasına təsir edirdi.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu problemin həllinə qətiyyətlə girişdi. O özünün gərgin fəaliyyəti ilə azərbaycanlılar arasında milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə, xalqla hakimiyyət arasında uçurumun aradan qaldırılmasına uğurla nail oldu. Azərbaycanlıları yüksək dövlət, partiya və təsərrüfat strukturlarında vəzifələrə gətirmək üçün onların Kommunist Partiyası sıralarına daha çox daxil olmasına çalışırdı. Heydər Əliyev xüsusi xidmət orqanlarına azərbaycanlı kadrları yerləşdirməklə, onlara rütbələr verdirməklə, siyasi hakimiyyəti möhkəmləndirməklə, azərbaycanlı qadınları müxtəlif vəzifələrdə irəli çəkməklə bu məqsədlərinə uğurla çatır, milli ruhu qaldırır, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşları vahid amal ətrafında birləşdirir, sovet hakimiyyətinin əvvəlki illərində azərbaycanlıların qırılmış inamını bərpa edərək, onların vətənpərvərlik və ana torpaq sevgisini gücləndirirdi. Onun hakimiyyəti illərində azərbaycanlıların böyük əksəriyyəti vətən deyərkən Azərbaycanı, paytaxt deyərkən Bakını, rəhbər deyərkən Heydər Əliyevi nəzərdə tuturdu.

Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri Azərbaycan xalqının birliyinə, siyasi hakimiyyət daxilində yekdilliyə, hakimiyyətlə xalq arasında vəhdətə nail olması idi.  Məlumdur ki, 1920-ci ilin aprelində Azərbaycan bir dövlət və xalq kimi bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra yeridilən sovet siyasəti onu xalqdan kütləyə, manqurta çevirməyə çalışır, bəzən buna nailolurdu. Lakin bütün təzyiqlərə baxmayaraq, azərbaycanlılar SSRİ dağılanda bütöv bir xalq, millət olaraq imperiyadan ayrıldılar. Heydər Əliyev xalqa münasibətdə yaxın, isti, xeyirxah, məmurlara, məsul partiyasovet işçilərinə münasibətdə isə qayğıkeş olmaqla bərabər, mürəkkəb, sərt, soyuq və tələbkar idi. Bu isə digər sahələrdə onun millət naminə çalışmalarında uğur qazanmasına kömək edirdi. Bütün əvvəlki rəhbərlərin bacarmadığı işin öhdəsindən məharətlə gələn Heydər Əliyev Azərbaycan xalqını sıx birləşdirən qeyri-adi istedadlı siyasi, dövlət və partiya xadimi idi. Əslində, xalqı birləşdirməklə o, azərbaycanlılar içərisində kommunist rəhbərdən daha çox milli lider olaraq qəbul edilirdi.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2012.- 13 dekabr.- S.14.