Azərbaycan SSR-də mədəni və
milli-mənəvi dəyərlər
XX əsrin II yarısından Azərbaycan SSR-də mədəni və milli-mənəvi dəyərlər inkişaf etdi. T.Qaffarov yazır ki, sovet imperiyası Azərbaycanda siyasi və iqtisadi ağalığının mənəvi dayaqlarını daim möhkəmləndirməyə çalışırdı. Məqsəd bu idi ki, adamlar ölkədə ən ədalətli cəmiyyət qurulduğuna, kommunist partiyasına və onun liderlərinə inansın, sovet həyat tərzini səadət kimi qəbul etsin, vacib əmək vərdişlərinə, politexniki təhsilə yiyələnsin və daha məhsuldar işləyə bilsin. Hakim bolşevik ideologiyası uydurma ehkamlarının ictimai şüurun bütün formaları - elm, əxlaq, din, hüquq, ədəbiyyat, incəsənət və s. üzərində rəsmi inhisarını təmin etmək bu işdə ən mühüm vasitə idi.Məktəb məhsuldar işləmək üçün vacib bilik və bacarıqlara, müəyyən əmək vərdişlərinə malik, mövcud rejimə sadiq icraçı işçilər, kadrlar hazırlanmasında mühüm pillə idi. İşçilərin ümumtexniki təhsil səviyyəsinə tələblər istehsal, texnologiya mürəkkəbləşdikcə, daha da artırdı. Bu illərdə təhsilin ruslaşdırılması istiqamətində ciddi addımlar atıldı. Dövlət idarələrində işlərin rus dilində aparılması, bu dili mükəmməl bilməyənlərin vəzifə nərdivanı ilə yüksəlmək imkanının olmaması adamlarda təhsili rus dilində almağa meyili artırmışdı.
Rus məktəblərinin sayı, xüsusən şəhərlərdə, xeyli artmışdı. Bu məktəblərdə Azərbaycan dilinə az saat ayrılır, çox yerdə onun tədrisi formal xarakter daşıyırdı. Onlarda tədris elə təşkil olunurdu ki, gənc nəsil milli dəyərlərə yadlaşsın. Azərbaycan məktəblərində rus dilinin tədrisinə ayrılan saatlar xeyli artırılmışdı. 1958-59-cu dərs ilində məktəblərdə "Azərbaycan tarixi" (orta məktəblərdə "SSRİ tarixi" tərkibində) tədrisinə cəmi 40 saat vaxt ayrıldı. Bu, xalqın öz tarixini dərindən öyrənməyə imkan vermirdi.
Orta təhsil 1966-cı ildən ümumtəhsil elan olunmuşdu. Yuxarı siniflərdə istehsalat təlimi dayandırıldı. Texniki-peşə məktəbləri şəbəkəsi genişləndirildi. Əməyə özgələşmənin başlıca səbəbini mövcud istehsal üsulunda deyil, təlim-tərbiyədəki qüsurlarda görən dövlət 1984-cü ilin aprelində "Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri" haqqında qanun qəbul edərək, hamılıqla orta təhsili peşə təhsili ilə tamamlamaq, bu işdə məktəbin rolunu fəallaşdırmaq üçün yeni cəhdlər göstərdi. Lakin iqtisadi tənəzzül bu sahəyə kifayət qədər vəsait ayırmağa, maddi bazanı inkişaf etdirməyə imkan vermirdi.
Məktəblərdə sovet cəmiyyəti antoqonist ziddiyyətsiz, qüsurlardan xali bir ictimai quruluş kimi təqdim və təqdir edilirdi. "Azərbaycan tarixi"nə barmaqarası baxılır, bu fənn ciddi şəkiidə saxtalaşdırılmış dərsliklər və proqramlar üzrə tədris olunurdu. Əvvəllər olduğu kimi, yenə də "SSRİ tarixi", əsasən, Rusiyanın tarixi kimi təqdim edilirdi.
Bütün bu qüsurlara baxmayaraq, Azərbaycanda geniş, çoxşaxəli, çoxpilləli təhsil şəbəkəsi mövcud idi. Onun mühüm nailiyyətləri vardı. 1990-cı ildə respublikada artıq 4534 ümumtəhsil məktəbi, 182 texniki-peşə məktəbi vardı. Bütün texniki-peşə məktəblərində 1984-cü ildən peşə ilə yanaşı, orta təhsil də verilirdi. Ümumtəhsil məktəblərində 1 milyon 409 min, texniki-peşə məktəblərində isə 96 min şagird təhsil alırdı. Müxtəlif bilik sahələri üzrə təmayüllü internat məktəblər fəaliyyət göstərirdi. Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini və SSRİ ali hərbi məktəblərə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək məqsədilə 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına orta respublika ixtisaslaşdırılmış internat məktəbi (1991-1997-ci illərdə Bakı ibtidai hərbi məktəbi adlanıb) təşkil olunmuşdu. Hökumət 1976, 1978, 1981-ci illərdə onun fəaliyyətini yaxşılaşdırmaq, maddi bazasını möhkəmləndirmək üçün xüsusi qərarlar qəbul edib həyata keçirmişdi.
Xalq təsərrüfatının müxtəlif sahələri üçün orta ixtisaslı kadrlar hazırlayan məktəblərin sayı 1990-cı ildə 77-ə çatmışdı. Onlarda 60 min nəfər tələbə təhsil alırdı. 90-cı illərin əvvəllərində Azərbaycan SSR-də artıq 17 ali məktəb vardı.
1945-1990-cı illərdə respublikada muzeylərin sayı 9 dəfə çoxalıb 125-ə çatmışdı. 1945-ci ildə Bakıda Nizami muzeyi (sonralar Azərbaycan ədəbiyyatı muzeyi), 1955-cı ildə Moskvadakı Mərkəzi Lenin muzeyinin Bakı filialı, 1959-cu ildə Xızıda C.Cabbarlının, Şuşada Üzeyir Hacıbəyovun ev muzeyləri, 1964-cü ildə Bakıda "Qız qalası" muzeyi, 1972-ci ildə "Azərbaycan xalçası və tətbiqi sənət muzeyi", Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə Bakıda Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, onlarla yeni tarix-diyarşünaslıq muzeyləri təşkil olunmuşdu. Azərbaycan tarixi muzeyinin fondları getdikcə zənginləşir, ekspozisiyası daim təzələnirdi. 1945-ci ildə Bakıda zoologiya parkı elm-maarif müəssisəsi, 70-ci illərdə Zoologiya və Arxeologiya muzeyləri (müvafiq institutların yanında) yaradılmışdı. 1974-cü ildə Bakıda İçərişəhər məhəllələrinin regenerasiyası - bərpası üçün metodik göstəriş qəbul edildi. 1977-ci ildə İçərişəhər Dövlət Memarlıq Qoruğu elan olundu. Bərpaçı İstehsalat Birliyi yaradıldı.
İdeoloji işdə milli formalardan, tarixi hadisələrin təhrif olunmuş təbliğindən, ədəbiyyatdan, incəsənətdən geniş istifadə edilirdi. Rəhbərlərin yubileyləri, "Oktyabr", "1 May" bayramları təntənə ilə qeyd olunurdu. 1964-cü ilin mayında Azərbaycanın Rusiya tərəfındən işğalının 150 illiyi xalqın tarixində ən parlaq hadisə kimi qeyd edildi. İşğalçı XI rus ordusunun köməyi ilə Azərbaycanda dövlət çevrilişi edildiyi gün - 28 aprel inqilab günü kimi bayram olundu.
Kommunist partiyası şüurları iflic etmək üçün ehkamçı, cəfəng şüarlardan geniş istifadə edirdi. Sov.İKP XXI qurultayı (1959-cu il) SSRİ-də sosializmin tam və qəti qələbə çaldığını, 1970-ci ilədək ölkədə adambaşına məhsul istehsalının inkişaf etmiş kapitalist ölkələrindəki səviyyəyə çatdırılacağını və onların arxada qoyacağını, Sov.İKP XXII qurultayı (1961-ci il) sovet adamlarının indiki nəslinin kommunizmdə yaşayacağını elan etmişdi. 60-cı illərdə "geniş kommunizm quruculuğu", 70-ci illərdə "inkişaf etmiş sosializm cəmiyyəti" haqqında uydurmalar da ideoloji təzyiqin əsas ehkamları idi. Adamlarda mövcud sistemin "qələbələrə aparan üstünlükləri" haqqında yəqinlik yaratmaq üçün irəliləyişlər şişirdilir, qüsurlar kiçildilirdi.
Rəşid Behbudov, Zeynəb Xanlarova, Elmira Rəhimova, Müslüm Maqomayev (nəvə) və başqalarının tez-tez xarici ölkələrdə qastrolları Azərbaycan musiqisinin və ifaçılıq sənəti nailiyyətlərinin geniş təbliğinə kömək edirdi.
Elmin köməyi ilə iqtisadi imkanlarını, hərbi gücünü, beynəlxalq nüfuzunu artırmaq üçün sovet imperiyası milli respublikalarda intellektual potensialdan daha səmərəli istifadə etməyə çalışırdı. Müharibədən sonra Azərbaycan SSR-də 66 elmi müəssisə, 1200 elmi işçi, 150 elmlər doktoru, professor, 380 elmlər namizədi, dosent vardı. Elmi potensialı səfərbər etmək üçün SSRİ XKS-nin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı əsasında Azərbaycan SSR-də Elmlər Akademiyası təşkil olunmuşdu. Buraya respublikanın görkəmli elm xadimləri, ziyalılar - Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov, Heydər Hüseynov, Mirəli Qaşqay, Mirzə İbrahimov və başqaları - cəmi 16 nəfər həqiqi üzv - akademik seçildilər. Respublika akademiyasının ilk prezidenti akademik Mirəsədulla Mirqasımov oldu. Sonralar bu elm ocağına görkəmli alimlər Yusif Məmmədəliyev başçılıq etdi.
Bakı "Neft Akademiyası" adlanırdı. Neft geologiyasının əsası Azərbaycanda qoyulmuşdu. Faydalı yataqların aşkar edilməsi və istismar olunmasının mühüm elmi-texniki problemləri öyrənilmişdi. Azərbaycanda 300-dən çox neft, qaz, faydalı qazıntı, tikinti materialları yataqları, çoxlu mineral su mənbələri aşkar edilmişdi. Bu sahədə görkəmli alimlər Mirəli Qaşqay, Şəfaət Mehdiyev və başqaları mühüm rol oynamışdılar. Xəzər dənizinin Azərbaycan sektorunda 120-dək perspektivli yataq tapılmışdı. Respublikanın bütün ərazisinin geoloji şəkli çıxarılmış, 7 cildlik "Azərbaycan SSR-nin geologiyası" adlı fundamental əsər yaradılmışdı. Geoloji, geotektonik, dərinlik yataqları, coğrafi və başqa xəritələr, atlaslar, o cümlədən, "Azərbaycan SSR atlası" tərtib edilmişdi. Azərbaycan geofizikləri Xəzər dənizinin İrana məxsus şelfində qonşu dövlətin xahişinə əsasən 44 perspektivli neftli-qazlı struktur aşkar etmişdilər.
Geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirin neft və qaz yataqları kəşf olunmuşdu. Təkcə Tümen vilayətində F.Salmanov 20-dən çox neft yatağı kəşf etmişdi. Görkəmli neftçi-geoloq, alim Mirkazım Məmmədov Neft Daşları, Bahar, Qaradağ, Gürovdağ, Qarabağlı və b. neft və qaz kondensat yataqlarının açılması və mənimsənilməsi işlərinin rəhbəri və iştirakçısı olmuşdu.
Akademik Budaq Budaqovun Böyük Qafqazın dağ sisteminə həsr etdiyi əsərləri Azərbaycanda geomorfologiya elminin əsasının qoyulması üçün əlverişli zəmin yaratdı.
Görkəmli alimlər Xudu Məmmədovun kristalloqrafiyanın, Zahid Xəlilovun, Fərəməz Maqsudovun riyaziyyatın, Tofiq İsmayılovun kosmik cihazqayırmanın, Həsən Abdullayevin, Çingiz Cuvarlının fizikanın, Umnisə Musabəyovanın, Sona Vəlixanlının, Zərifə Əliyevanın oftalmologiyanın, Mirəsədulla Mirqasımovun, Mirməmməd Cavadzadənin urologiyanın, Həsən Əliyevin torpaqşünaslığın, Cəlal Əliyevin bitgi fiziologiyasının inkişafında, Validə Tutayuqun Qafqaz florasının öyrənilməsində böyük xidmətləri olmuşdur.
Görkəmli mühəndis İslam İslamzadə Mingeçevir, Krasnoyarsk (Rusiya), Asuan (Misir), habelə İranda, Vyetnamda, Həbəşistanda, Mərakeşdə və b. ölkələrdə hidroelektrik stansiyaların yaradılmasında yaxından iştirak etmişdi.
Respublikada Əliş Ləmbəranski, Bəxtiyar Məmmədov, Neftçi Qurban kimi onlarla peşəkar, yüksək təşkilatçılıq qabiliyyəti olan mühəndislər vardı.
Humanitar elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi. Üzeyir Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları", Heydər Hüseynovun "XIX əsr Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən", Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin oçerkləri", Əbdüləzəl Dəmirçizadənin "Kitabi-Dədə Qorqud dastanının dili", Həmid Araslının XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi, "Nəsimi" əsərləri, İsmayıl Hüseynovun, Əlövsət Quliyevin, Əbdülkərim Əlizadənin, Ziya Bünyadovun, Cəmil Quliyevin, Tofiq Köçərlinin, İqrar Əliyevin, Sara Aşurbəylinin, Teymur Bünyadovun, Qaraş Mədətovun, Mahmud İsmayılovun, Dilarə Seyidzadənin, Yaqub Mahmudovun, Oqtay Əfəndiyevin və b. Azərbaycan tarixinə, Məmmədağa Şirəliyevin, Zərifə Budaqovanın, Əlövsət Abdullayevin, Yusif Seyidovun Azərbaycan dilinə, Məmməd Arifin, Cəfər Xəndanın, Əziz Şərifin, Kamal Talıbzadənin, Mir Cəlalın, Həmid Araslının, Məmməd Cəfərin tədqiqat əsərləri xalqın mənəvi sərvətlərinə çevrildi.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 14 dekabr.- S.14.