Qanunların
təkmilləşdirilməsi zamanın tələbidir
Müsahibimiz Milli Məclisin deputatı Rafael Cəbrayılovdur
- Azərbaycan bu gün beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanıb. Sizcə, bu uğuru şərtləndirən əsas amillər hansılardır?
- Düzgün müəyyənləşdirilən siyasət ölkənin inkişafında əsasdır. Bu gün Azərbaycan regionun aparıcı, əsas söz sahibi olan ölkəsidir. Bununla paralel olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzu günbəgün artır. Bunu 1-2 səbəblə bağlamaq istəməzdim. Bu, kompleks tədbirlərə söykənir. Yəni ölkənin hərtərəfli inkişafı üçün bütün sahələrdə uğurlu addımların atılması mütləqdir. Ölkəmizin hazırkı inkişaf səviyyəsini dəyərləndirmək üçün müqayisəli təhlil aparmağa zərurət duyulur. Belə ki, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadığı durumu xatırlatmaq istərdim. Azərbaycan iqtisadi böhran içərisində idi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Xaos. anarxiya hökm sürürdü. Təbii ki, bugünkü Azərbaycanla o dövrkü Azərbaycanı müqayisə etdikdə nə yerləşdiyi coğrafi məkan, nə də malik olduğu təbii resurslar dəyişib. Sadəcə idarəçilik başqa idi. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı bu kimi təhlükələrlə üz-üzə qoymuşdur. Lakin 1993-cu ildən bu yana, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni mərhələ başladı. Bu mərhələdə ölkəmizin malik olduğu bütün imkanlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyi üçün səfərbər edildi. Bu, idarəçiliyin yüksək səviyyədə olmasının təsdiqi idi. Ona görə də bu reallıq hər zaman önə çəklir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmələri əvəzsizdir. Bu xidmətlər arasında ən öndə Azərbaycan adlı dövlətin yenidən qurulması dayanır. Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq çox çətin məsələ idi. Biz bunu tarixdə ikinci dəfə yaşayırdıq. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmışdır. O cəmi 23 ay yaşadı. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşanan vəziyyət bu fikrin təsdiqi idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan adlı dövləti məhv olmaq təhlükəsindən xilas etdi. O, düşünülmüş və uzaqgörən siyasəti ilə Azərbaycanının dövlət müstəqlliyinin əbədiliyini, sarsılmazlığını təmin etdi. Bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Sabitliyi bu inkişafın əsası kimi dəyərləndirirdi. Azərbaycanın qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrilməsi uğurlu siyasətin nəticəsi idi. İqtisadiyyatın inkşafında neft amilini önə çəkən ümummilli lider Heydər Əliyev bəyan edirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ilin 20 sentyabrında imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi qüdrətini artırdı, dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi. Eyni zamanda bu saziş ölkəmizin dövlət müstəqlliyinin möhkmləndirilməsində əhəmiyyətli rol oynadı. Göründüyü kimi, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəyə yeni bir idarəçilik fəlsəfəsi gətirdi. İdarəçiliyin yüksək səviyyədə olması yuxarıda qeyd etdiyim kompleks səbəblərin önündə dayanan əsas amildir. Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüsçüsü olması, onların gerçəkləşməsində önəmli rol oynaması artan nüfuzunun göstəricisidir. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə inamı daha da artırır. Bu gün Azərbaycanın müxətlif mövzularda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də uğurlu siyasətin nəticəsində qazandığı imicə söykənir. Doğru qeyd etdiniz ki, Azərbaycan bu gün dünyada iqtisadi möcüzələr ölkəsi kimi tanınır. İqtisadi islahatların zamanın tələbinə uyğunlaşdırılması uğurların davamlılığını təmin edir. İqtisadi qüdrətini artıran Azərbaycan eyni zamanda özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkədə həyata keçirilən uğurlu sosial siyasət əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün stimuldur. Bu fikir beynəlxalq tədbirlərdə də qeyd olunur ki, hazırkı dövrün əsas çağırışı yoxsulluqla mübarizədir ki, Azərbaycan bu istiqamətdə gördüyü işlərlə nümunədir. Ölkəmizdə yoxsulluq səviyyəsnin 49 faizdən 7,6 faizə enməsi deyilənlərin təsdiqidir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz təsdiqini tapmalıdır. Bugünkü reallıqlar hər bir vədin konkret əməli işdə öz əksini tapmasının göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadi inkişafı davamlıdır, qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir.
Yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın bugünkü iqtisadi uğurları, beynəlxalq aləmdə artan nüfuzu, bir sözlə, uğurlu siyasəti bu problemin də tezliklə öz müsbət həllini tapacağına inamı artırır.
- Rafael müəllim, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi, Komitənin gördüyü işlər barədə fikirlərinizi bilmək istərdik.
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi demək olar ki, parlamentin aparıcı komitəsidir. Plenar iclasa tövsiyə olunan qanun layihələrinin böyük əksəriyyəti hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçir. Çox mühüm işlər görülüb.
Azərbaycan Respublikasının demək olar ki, bütün qanunlarına əlavə və dəyişikliklər edilmiş, plenar iclasa yeni qanun layihələri tövsiyə edilmişdir. Şəxsən mənim tərəfimdən sərbəst toplaşmaq azadlığı ilə bağlı 3 qanun layihəsi hazırlanaraq komitənin müzakirəsindən sonra plenar iclasa təqdim edilmişdir. Həmin layihələr plenar iclasda qəbul edilmiş və bu günlərdə cənab Prezident tərəfindən icraya yönəldilmişdir. Bundan başqa avtoxuliqanlığın Cinayət Məcəlləsinə gətirilməsi və nəqliyyət vasitələrinin sərxoş vəziyyətdə idarə olunmasına görə tətbiq edilən sanksiyaların sərtləşdirilməsi ilə əlaqədar 2 layihə də hazırlanmışdır. Çox unikal layihələrdir. Bunlar sosial sifarişdir.
- Qanunsuz toplantılarla bağlı qanun layihəsi haqqında ətraflı məlumat verməyinizi istərdik.
- Qanun layihəsinin plenar iclasda müzakirəsinə qədər ATƏT-in Bakı Ofisinin, ABŞ səfirliyinin nümayəndələri ilə görüşdük. Görüşlərdə də bildirdim ki, təqdim olunan qanun layihələrinin heç birində hüquqi müstəvidə problem yoxdur. Siyasi müstəvidə bir şou yaratmaq olar. Amma nəzərə alsaq ki, bu qanun layihəsidir, ondan şou yaratmaq hüquqa ziddir. Söhbət İnzibati Xətalar Məcəlləsinin 298-cu maddəsindən gedir. Bu, bir hissədən ibarətdir. Yalnız qanunsuz mitinqlərin keçirilməsindən söhbət gedir. Burda məsuliyyət ancaq təşkilatçılar üçündür. Düşündüm ki, yalnız təşkilatçılar üçün yox, dünya parktikasına uyğun olaraq qanunsuz toplantı iştirakçılar üçün də məsuliyyət nəzərdə tutmaq lazımdır. Bu toplantıların iştirakçıları üçün tənbeh xəbərdarlıqdan və 7 manatdan 13 manata qədər cərimədən ibarət idi. Görüşlərdə bildirdim ki, dünya praktikasında elə qanun göstərmək mümkündür ki, 7 manatdan 13 manata qədər cərimə nəzərdə tutulsun? Təbii ki, yox. Görüş iştirakçıları da bunun mümkünsüzlüyünü qeyd etdilər. Amma sual etdilər ki, nə üçün bu dəyişiklikləri indii həyata keçirirsiniz. Bunun uzun bir prosesin tərkib hissəsi olduğunu diqqətə çatdırdım. Məlumdur ki, son 7 ildə İnzibati Xətalar Məcəlləsinin maddələrinin böyük əksəriyyətinə dəyişikliklər edilib. Bu dəyişikliklər də onun tərkib hissəsidir. Sanksiyanın sərtləşdirilməsi ilə bağlı söylənilən irada cavab olaraq bildiridim ki, sanksiyaların sərtləşdirilməsində bir kritieriya var- Bu da əməlin ictimai təhlükə dərəcəsidir. Bizim İnzibati Xətalar Məcəlləsində 126-cı maddə var. Bu, it və pişik saxlama qaydalarının pozulması ilə əlaqədardır. Bu hal baş verərsə, 20 manata qədər cərimə nəzərdə tutulur. Amma qanunsuz toplantıların keçirilməsinə görə 7 manatdan 13 manata qədər cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsində bazarda ticarət qaydarlarını pozmağa görə 35 manatdan 40 manata qədər cərimə nəzərdə tutulur. Qanunsuz toplantılarda ictimai asayişin kütləvi şəkildə pozulması təhlükəsi var. Bunun ictimai təhlükəlilik dərəcəsi daha artıqdır. Bu baxımdan təklif etdik ki, qanunsuz toplantıların iştirakçılarına 300 manatdan 600 manata qədər cərimə tətbiq edilsin. Bu təklif qədul olundu. Təşkilatçılar üçün cərimə 1500 manatdan 3000 manata qədər, vəzifəli şəxslər üçün 3000 manatdan 6 min manata qədər, hüquqi şəxslər üçün 15 min manatdan 30 min manata qədərdir. Məsələnin digər tərəfi də var. Bildirirlər ki, cərimə orta aylıq əmək haqqı ilə uyğunluq təşkil etmir. Bu uyğun da olmamlıdır. Cərimənin fəlsəfəsi qanunu pozan insanın maliyyə durumuna zərbə vurulmasıdır. İkinci tərəfdən qanunda, İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsində tənbeh tədbirlərinin məqsədləri açıqlanır. Cərimənin iki məqsədi var. Cinayət Məcəlləsində isə 3 məqsəd qeyd edilir. Hər ikisində məqsədlərin biri şəxsi gələcək qanun pozuntusundan çəkindirməkdir. Sual olunur- 7 manat şəxsi gələcək qanun pozuntusundan çəkindirə bilərmi? Hər dəfə keçirilən qanunsuz toplantıya görə 7 manat cərimə olunaraq sonsuzluğa qədər getmək olardı. Amma Qazaxıstanın, Rusiyanın, Moldovanın İnzibati Xətalar Məcəlləsində belə bir maddə var ki, il ərzində iki dəfə qanun pozuntusunda iştirak edən şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bizdə bu da yox idi. Onda belə çıxır ki, bu əməllər sonsuzluğa qədər davam edə bilərdi. Amma bu siyasi şou yaratmaq üçün bir material idi. Bizdə İnzibati Xətalar Məcəlləsində 7 tənbeh tədbiri var. Onlardan üçü əsasdır. Üçündən biri xəbərdarlıqdır. Qalan ikisi inzibati həbs və inzibati cərimədir. Bu halda məhkəmələr inzibati xəta törətmiş şəxsə tənbeh tədbiri tətbiq edən zaman primitiv dilemma qarşısında qalırdı. Pulla azadlığın üz-üzə dayanması primitiv bir dilemma idi. Cinayət Məcələsində bir cəza növü var - İctimai işlər. Onun İnzibati Xətalar Məcəlləsinə gətirilməsini təklif etdim. Çox maraqlı cəza tədbiridir. Qanun pozuntusu törədən şəxsin öz işindən və təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə gördüyü işlərdən ibarətdir. Həmin cəzanın əlavə olunmasını təklif etdim. Qanunsuz toplantılarda iştirak edən şəxsə 300 manatdan 600 manata qədər cərimə və yaxud 160 saatdan 200 saata qədər ictimai işlər ya da 15 günə qədər həbs nəzərdə tutulur. Yəni burda məqsəd məhkəmənin tənbeh növünü seçməsidir. Amma bəzi insanlar cərimələrin artıq olması ilə bağlı səs-küy qoparanda elə fikir yaradırlar ki, orda cərimədən başqa inzibati tənbeh tədbiri yoxdur. Axı cərimədən başqa iki tənbeh tədbiri var. Həmçinin Cinayət Məcəlləsinin 44.2 maddəsi mövcuddur. Həmin maddəyə görə məhkəmə cəza tətbiq edərkən şəxsin əmlak vəziyyətini nəzərə almalıdır. Əgər bu şəxsin cərimə ödəmək imkanı yoxdursa, ona cərimə təyin edilməsi mümkünsüzdür. Ona görə də ictimai işlərin də bura əlavə olunmasını təklif etdim. Bu səbəbdən ki, burda primitiv dilemma olmasını, pulla azadlıq üz-üzə dayansın. Bu da parlamentdə qəbul olundu. Cənab Prezident bu qanunu təsdiqlədi.
Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 49-cu maddəsində qanunsuz keçirilən toplantıların keçirilməsinə mane olunmasından söhbət gedir. Bu vəzifəli şəxs də ola bilər, məmur da, hər hansı özündən razı şəxs də, hüquqi şəxs də ola bilər. Burda qanunsuz toplantı təşkil edən şəxs üçün hansı cərimə nəzərdə tutulmuşdursa, qanuni toplantıya mane olan şəxs üçün də həmin məbləğdə cərimə təklif etdim. Cinayət Məcəlləsinə nəzər yetirək. Cinayət Məcəlləsində Azərbaycanda nəzərdə tutulan cərimələr dünyada ən aşağı cərimələrdir. Cinayət Məcəlləsinin 169-cu maddəsinin birinci hissəsində nəzərdə tutulur ki, həmin inzibati xətada olan əməl bir halda cinayətə keçir ki, vətəndaşların hüquq və qanunla qorunan mənafeləri əhəmiyyətli dərəcədə pozulur. Onda nə baş verir? 300 manat cərimə. Dünyada 300 manat cərimə nəzərdə tutulan analoji cinayət əməli göstərmək mümkün deyil. Bu cəriməni 5 mindən 8 minə qədər təklif etdim. Həmin maddəninin ikinci hissəsində isə həmin əməllər baş verən zaman iştirakçıların üzərində soyuq silah, odlu silah, partlayıcı maddə və digər xəsarət yetirmək üçün qurğular olarsa, yenə də 3 ilə qədər həbs, iki ilə qədər islah işləri nəzərdə tutulur.
Diqqət yetirin, dünyaya demokratiya dərsi keçməyə cəhd göstərən Fransanın qanunvericiliyində necədir? Toplantı zamanı polis iki dəfə hamının eşidəcəyi tərzdə «dağılış» əmrini verir. Göstərişə əməl etmədikdə polis bütün fəalları tutur. Belə halda əgər hansı bir şəxs tanınmaması üçün üzünü bağlayırsa, cərimə 15 min avrodan 45 min avroya keçir. Demək üzü bağlamaq ağırlaşdırıcı hal hesab edilir. Hansı ki, bu məsələ bizim qanunda yoxdur. Amma yuxarıda qeyd etdiyimiz kimi, əgər iştirakçının üzərində odlu silah, partlayıcı qurğu olarsa, qanunda 3 ilə qədər həbs, iki ilə qədər islah işləri, 5 mindən 8 minə qədər cərimə nəzərdə tutulur. Amma Fransada 431-9, 431-10, 431-11 maddələr bununla bağlıdır. Bu zaman 5 ilə qədər həbs, yaxud 75 min avro cərimə tətbiq edilir. Elə ölkələr var ki, onlarda cərimə azdır. Məsələn, İngiltərədə. Bu ölkədə cərimə 1000 funta qədərdir. Amma həbs bir ilə qədərdir. Bizdə isə həbs 15 gündür. 15 gün həbs dünyanın heç bir ölkəsində yoxdur. Biz də istəyirik ki, qanunsuz toplantılara çıxanların həbslə bağlı cəzaları olmasın. Burda artıq məhkəmələrin seçim imkanları vardır. Əvvəldə də qeyd etdim ki, bəziləri cərimələrin əmək haqlarına uyğun olmadığını bildirirlər. Bu belə olmalıdır. Məgər cərimə vergidir ki, əmək haqqına uyğun olsun? Cərimənin məqsədlərindən biri qeyd etdiyim kimi, cinayətdən çəkindirmə və yenidən tərbiyədir. 7 manat cərimə nə şəxsi tərbiyələndirə, nə də çəkindirə bilər.
- Rafael müəllim, avtoxlüqanlıqla bağlı qanun layihəsini də təqdim etdiyinizi bildirdiniz. Bunu zərurətə çevirən səbəblər hansılardır?
- 2007-ci ildə ölkə Prezidenti İlham Əliyevin təklifi ilə İnzibati Xətalar Məcəlləsinə 296-1-cı maddəsi əlavə olundu. Bu da avtoxlüqanlıqla bağlı idi. Həmin vaxtdan Cinayyət Məcəlləsində bir boşluq əmələ gəlmişdir. Həmin boşluğu doldurmaq üçün belə bir qanun layihəsinin hazırlanması zərurəti yarandı. Təklif etdim ki, bu adda Cinayət Məcəllsəsinə maddə əlavə olunmalıdır. Misal üçün, bir intizamlı sürücü işə çatmaq üçün tələsir. Bu halda maşının sürətini artırması kimisə vurub öldürməsi ilə nəticəlnir. İkinci hala diqqət yetirək. Bir avtoxlüqan vurub kimisə öldürür. Hər ikisinə 263-cü maddə tətbiq olunur. Bu düzgün deyil. Subyekt arasında fərqin qoyulması mütləqdir. Yaxın zamanlarda təklif olunan layihə müzakirəyə çıxarılacaq. Burda söhbət gedir ki, cəza həm sərtləşdirilsin, həm də subyektə görə yeni maddə daxil olunsun.
- Düşünürük ki, burda vətəndaşların da məsuliyyəti önəmlidir…
- Qanunda belədir ki, yol hərəkət qaydalarının pozulmasına kim səbəb olur. Piyadalar çox zaman keçidlərdən istifadə etmək istəmir. Bu kimi hallar qəzaya, ən əsası ölüm hadisəsinə səbəb olur. Bu halda piyada günahkar olduğu üçün vuran məsuliyyətdən azad olur. Təqdim olunan layihələrdən biri də sərxoşluqla bağlıdır. Dünyanın hər yerində sərxoş vəziyyətdə avtomobili idarə edən şəxsi birmənalı şəkildə sürücülük hüququndan məhrum edirlər. Hətta Ukraynada şəxsiyyəti nəzərə alınmaqla, yəni bu hal birinci dəfə, yoxsa dəfələrlə baş verdiyi müəyyənləşdirildikdə avtomobil satılır, pulu maşın sahibinə verilə də bilər, verilməyib müsadirə də edilə bilər. Görün nə qədər sərt cəzadır. Bu gün biz cəmiyyətin inkişafının elə bir həddinə gəlib çatmışıq ki, avtomobili idarə etmək heç kimin şəxsi işi deyil. Çünki insanların, maşınların sıxlığı, yolun hərəkətinin intensivliyi elədir ki, insanların sağlamlığı ən aktual məsələdir. Yeganə respublikadır ki, Azərbaycanda yalnız cərimə tətbiq edilir. Bu yaxınlarda cəriməni artırıb 200 manata gətirib çıxardıq. 200 manat cərimə nə deməkdir. Təbii ki, sərxoş sürücü bu cəriməni ödəmək imkanındadır. Onu sürücülük hüququndan məhrum etmək gərəkdir. Avstriya kimi ölkədə ölumun faizi 2,7 faizdir. 100 avtoqəzaya 2,7 faiz ölüm düşür. Azərbaycanda isə bu rəqəm 36 faizdir. Bunun da böyük əksəriyyəti sərxoş vəziyyətdə maşını idarə edən zaman baş verib. Getdikcə bu rəqəm artır. Belə ki, bir neçə il bundan əvvəl ölümün faizi 33 faiz idi. Ona görə də cəzanın sərtləşdirilməsi vacibdir.
yap.org.az
Səs.- 2012.- 14 dekabr.- S.7.