Sosial rifaha aparan yol
Yaxud xarizmatik liderin
yaratdığı gerçəklik
Son 10 il ərzində qazanılan uğurlar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Heydər
Əliyev məktəbinin layiqli davamçısı
olduğunu təsdiqləyib. Bu uğurlar son nəticədə
əhalinin sosial rifahının yüksəlməsinə yol
açıb. Nəzərə almaq
lazımdır ki, bu gün bütün sivil ölkələrin
əsas məqsədi insanların rifah halının yüksəldilməsi
olduğundan sosial dövlət çoxcəhətli xarakter
daşıyır. Dünyada mövcud olan
sosial siyasət modelləri vətəndaşların sosial
müdafiəsinin və ümumi rifahının təmin
olunması, işsizliyin aradan qaldırılması,
yoxsulluğun azaldılması istiqamətində özünəməxsus
kurs kimi müəyyənləşdirilib. Artıq
bu modellərin sırasına daxil olmaq imkanı
qazanmış sosial siyasətin Azərbaycan modeli də var.
Modernləşən
Azərbaycan modeli
Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin
ilk illərində respublikada səmərəli dövlət
idarəçiliyinin olmaması bütün sahələrdə
böhranın dərinləşməsini labüdləşdirmişdi. İqtisadi sahədə
yaranmış çətinliklər, maliyyə
çatışmazlığı sosial-iqtisadi vəziyyətin
sabitləşdirilməsi üçün real
addımların atılmasını tamamilə məhdudlaşdırmış,
sosial müdafiəni təmin edən proqramlar həyata
keçirilməmiş, beləliklə cəmiyyətdə təbəqələr
arasındakı uçurum getdikcə
böyümüşdü. Bu isə
sağlam, demokratik və inkişaf edən dövlətlərin
təməl prinsipi olan orta təbəqəni
dağıtmışdı. Ona görə
də, həmin ərəfədə siyasi səriştəsizliyini
pərdələmək məqsədilə o zamankı hakimiyyət
populist “sosial müdafiə siyasəti” həyata keçirməyə
başlamışdı. Əlbəttə
ki, məntiqi olaraq bu fəaliyyət öz səmərəsini
vermədi. Azərbaycanda bütün sahələrdə
olduğu kimi, sosial sferada da Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə gəlməsindən sonra
köklü dəyişikliklər baş verdi.
Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının
sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə
Ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında” Fərman, Fərmandan irəli gələn
vəzifələrin daha səmərəli yerinə yetirilməsi
üçün “Əhalinin sosial müdafiəsi sahəsində
əlavə tədbirlər haqqında” növbəti sənəd
imzaladı. İnsanların sosial müdafiəsinin
mükəmməl və etibarlı şəkildə təmin
olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi
istiqamətində 1995-ci ildə Ümummilli liderin birbaşa
müəllifliyi ilə hazırlanmış Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində
deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər
bir vətəndaşın rifahının yüksəldilməsinin,
onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
qayğısına qalır. Beləliklə
də, ölkədə bu istiqamətdə hüquqi
bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi
məqsədilə ardıcıl addımlar atıldı.
Əsasını Ümummilli lider Heydər Əliyevin
qoyduğu yeni sosial siyasət konsepsiyası 2003-cü ildən
başlayaraq, Ulu öndərimizin siyasi varisi Prezident İlham
Əliyev tərəfindən şaxələndirilmiş
şəkildə davam etdirildi. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev dövlət rəhbəri seçildikdən
dərhal sonra imzaladığı “Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında” və «Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi
haqqında fərmanlar ölkəmizdə iqtisadi və sosial
sferalarda yeni inkişaf dövrünün başlanğıcına
yeni bir təkan verdi. Təkcə 2004-cü ildə
Prezident İlham Əliyev ümumilikdə ölkə vətəndaşlarının
sosial müdafiəsini daha da gücləndirmək məqsədilə
10-dan çox fərman və sərəncam imzaladı. Qəbul edilən rasional qərarlar sayəsində əhalinin
əmək haqları, müavinətləri və
pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərinin
artırılması sahəsində ciddi müsbət dəyişikliklər
oldu.
Baş məqsədi
xalqın rifahının yüksəldilməsi
2001-ci ilin əvvəllərində sosial təminat
sisteminin əhatə etdiyi çox geniş əhali qrupunun bir
çox güzəşt və imtiyazlarının ləğv
edilərək, konkret ünvanlı pul kompensasiyası ilə əvəzlənməsi
ünvanlı sosial yardıma keçiddə çox
mühüm və cəsarətli bir addım oldu. Bu məqsədlə,
dövlət başçısı əhalinin aztəminatlı
təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi
təmin edilməsi məqsədilə 21 oktyabr 2005-ci ildə
“Ünvanlı dövlət sosial yardım haqqında” qanunu
imzaladı. Belə yardımların verilməsi
aztəminatlı ailələrin maddi rifah halının
yüksəldilməsində bu gün də çox
mühüm rol oynayır. Dövlət
başçısı İlham Əliyevin sosial sahədə
diqqətçəkən addımlarından biri də
2006-cı ilin aprel ayının 17-də “Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı” haqqında Sərəncam
imzalaması oldu. Bununla ahıl vətəndaşların
hüquqları artırıldı, onların ölkənin
sosial-iqtisadi həyatında iştirakı təmin edildi, bu
kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin
ödənilməsi, sağlamlıqlarının qorunması
və sosial müdafiəsinin təmin edilməsi, həmçinin,
bu işdə ictimai bölmənin fəaliyyətinin
artırılması istiqamətində ciddi addımlar
atıldı. Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “2009-2015-ci illərdə Azərbaycan
Respublikamızda sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı” vətəndaşların pensiya
təminatında yeni sistem formalaşdırdı. Bununla da, Ümumilli lider Heydər Əliyevin əsasını
qoyduğu islahatlar istiqamətlərinə uyğun olaraq,
ölkəmizdə sığorta-pensiya sistemi və dövlət
sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq
standartlar əsasında fəaliyyət göstərmələri
müəyyənləşdirildi. 2006-cı ilin 1
yanvarından 3 qanun - "Əmək pensiyaları
haqqında", "Dövlət sosial müavinətləri
haqqında" və "Ünvanlı dövlət sosial
yardımı haqqında" qanunlar qüvvəyə mindi. Beləliklə, hər iki sistemin sığorta və
müavinət qurumlarının fəaliyyətini təmin edəcək
güclü qanunvericilik bazası yaradıldı.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində
sığortaolunanların fərdi uçotu sisteminə
keçid real yığıma əsaslanmaqla baş verir. Lakin məsələyə
birbaşa belə yanaşma xüsusilə, əvvəlki
sistemlə əhatə olunan insanların sosial müdafiəsində,
öz mənfi təsirlərini göstərir. Bu halda ölkə Prezidentinin bilavasitə dəstəyi
və qayğısı nəticəsində dövlət
büdcəsindən transfertin edilməsi çox böyük
rol oynadı. "Əmək pensiyaları
haqqında" qanuna dəyişikliklər və əlavələr
edilməsi haqqında" 27 oktyabr 2009-cu il
tarixli qanun isə pensiya sisteminə yeni yanaşmanın əsasını
qoydu. “2009-2015-ci illərdə Azərbaycan
Respublikasının sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində
2011-ci ildə “Əmək pensiyaları haqqında” qanuna əlavə
və dəyişikliklər edildi. Beləliklə
də, ötən ilin iyul ayının 1-dən etibarən
pensiya təminatında vahid prinsipin tətbiqinə
başlanıldı və təqribən 845 min nəfərin
pensiyası 40 faiz artırıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni
dövrün tələblərinə uyğun olan "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyası
(2006-2015-ci illər)" işlənib hazırlandı və
təsdiq edildi. Bu strategiyanın əsas məqsədi dövlət məşğulluq
siyasətinin səmərəliliyinin artırılmasına,
sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali
qrupları üçün iş yerlərinin
yaradılmasını, məşğulluğun
inkişafını, yeni iş yerlərinin
açılmasını stimullaşdıran maliyyə-iqtisadi
mühitinin formalaşmasına yönəldilən siyasi
prioritetlərin müəyyən edilməsindən ibarətdir.
Görülmüş tədbirlərin yekunu olaraq, 2003-2011-ci
illər ərzində respublikamızda 1 milyondan artıq yeni
iş yerləri açıldı, işsizliyin səviyyəsi
isə 5.4 faizə düşdü.
Azərbaycanın sosial siyasətinin mühüm istiqamətlərindən
birini də qaçqın və məcburi köçkünlərin
sosial müdafiəsinin gücləndirilməsi təşkil
edir ki, bu istiqamətdə də Prezident İlham Əliyevin səmərəli
fəaliyyəti nəticəsində əhəmiyyətli
nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin 1 iyul
2004-cü il tarixli Sərəncamı ilə
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə” Dövlət Proqramı təsdiqləndi.
Həyata keçirilmiş məqsədyönlü
fəaliyyət nəticəsində Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində məcburən ölkənin
müxtəlif bölgələrində salınmış
bütün çadır şəhərcikləri 2007-ci ildə
ləğv edildi, onların əvəzinə yeni şəhərciklər
salındı, çox mərtəbəli binalar tikildi. Qaçqın və məcburi köçkünlərin
işlə təminatında cəmiyyətə tam
inteqrasiyasında da önəmli ciddi addımlar atıldı.
Təhsil
və səhiyyədə yeni infrastruktur qurulub
Sosial siyasətdən danışarkən təhsil və
səhiyyə infrastrukturunun yenidən qurulmasını da
xüsusi qeyd etmək lazımdır. Çünki məktəb
və xəstəxana binalarının tam əksəriyyəti
köhnəlmiş, fiziki baxımdan aşınmış, bəziləri
isə tam yararsız vəziyyətdə idi. 2003-cü ildən bu ilin birinci yarısınadək
Azərbaycanda 3000-dən çox yeni məktəb
binasının tikilməsi, əsaslı təmiri və
müasir avadanlıqlarla, o cümlədən kimya və fizika
laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə
kompyuter siniflərinin yaradılması təhsil tariximizdə ən
əlamətdar hadisələrdəndir. Prezidentin "Qəza
vəziyyətində olan ümumtəhsil məktəbləri
üçün yeni binaların tikilməsi və bir sıra
məktəblərdə əsaslı təmir işlərinin
aparılması haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı
ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14
milyon, məktəblərin və ali təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə
25 milyon, bu işlərin davam etdirilməsi barədə"
23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, 4
dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait
ayrılıb. Eyni zamanda Azərbaycan Prezidentinin
2003-2011-ci illərdə bir çox məktəblərin
açılış mərasimində iştirakı, hər
yeni dərs ilinin ilk günündə müəllimlərlə,
şagirdlərlə, valideynlərlə görüşü
təhsilə yüksək diqqət və qayğının
bariz təcəssümüdür.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri
də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü
ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilib, əsaslı təmir və
bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
2010-2011-ci tədris ili ərəfəsində
ölkədə 9380 yerlik daha 26 məktəb istifadəyə
verilib. 2011-2012-ci tədris ili ərəfəsində
isə Bakı şəhərində 70-ə yaxın məktəb
əsaslı təmir edilmiş, yeni korpuslar tikilib. Bölgələrdə 60-a yaxın məktəb təmir
edilib.
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli sərəncamı
ilə "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"na əsasən
paytaxtda 157 məktəbin tikintisi, əsaslı təmiri, yeni
korpusların, kitabxana, idman və akt zallarının
inşası, uşaq bağçalarının yenidən
qurulması və s. işlərin görülməsi nəzərdə
tutulub. Təkcə son 3 il ərzində
700-dən çox məktəbin tikilməsi bu sahədə
görülən işlərin miqyasını təsəvvür
etmək üçün kifayətdir.
Onu da qeyd etmək lazımdır ki, Zaqatala-Baləkən
bölgəsində baş verən zəlzələdən
sonra dövlət başçısı yararsız vəziyyətə
düşən məktəblərin yerində müasir tələblərə
cavab verən yeni məktəb binalarının tikintisini
xüsusi diqqət mərkəzində saxlayıb.
Son illərdə respublikamızda 400-dək səhiyyə
müəssisəsi inşa olunub və ya əsaslı təmir
edilib. Ölkəmizdə dövlət tibb obyekti əhaliyə
xidmət pulsuzdur. Dövlət
başçısı tibb sahəsində təhsilin səviyyəsinin
yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq
səviyyədə ixtisasartırmasına xüsusi diqqət
yetirir. Prezident İlham Əliyev
insanların sağlamlığının qorunmasına
xüsusi həssaslıqla yanaşır. Dövlət
başçısının Ağdaş rayon Mərkəzi Xəstəxanasının
açılışındakı
çıxışında da bu, aydın görünür:
“Hər bir sahəyə diqqət göstərilir, məktəblər
tikilir, yollar çəkilir, yeni müəssisələr
işə salınır. Ancaq insanların
sağlamlığı birinci dərəcəli məsələdir.
Mən çox şadam ki, son illər Azərbaycanda
bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar,
tibb məntəqələri açılır. İnsanların sağlamlığı
üçün lazımi tədbirlər görülür.
Növbəti mərhələlərdə biz
diaqnostika məsələlərinə daha çox diqqət
verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul
olmalıyıq və beynəlxalq təcrübəni maksimum dərəcədə
tətbiq etməliyik.
O ki
qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm
ki, biz indi ən inkişaf etmiş ölkələrdən
geri qalmırıq. Bizdə yaradılan gözəl
şərait inkişaf etmiş ölkələrdəki şəraitə
uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə
də böyük diqqət göstərilir. Ən müasir avadanlıq – diaqnostika cihazları gətirilir.
Ümid edirəm ki, biz növbəti illərdə
daha çox həkimlərin peşəkarlığına
diqqət göstərməliyik. Bu məqsədlə
həkimlər daim öz təcrübəsini genişləndirməlidirlər”.
Modern
dövlət quruculuğu
Bir sözlə, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və Prezident İlham
Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi
siyasət son nəticədə təhsil və səhiyyə
də daxil olmaqla, ümumən sosial sahədə geniş
miqyaslı işlərin görülməsinə zəmin yaradıb. Prezident
İlham Əliyevin sosial siyasətinin əsasını səbəb
və nəticə amili, ölçülü-biçili,
hesablanmış proqramlarla maliyyələşmə, regional
idarəetmə, mükəmməl iqtisadi siyasəti və
infrastrukturun modernləşdirilməsi faktorları təşkil
edir. Sosial siyasətin Azərbaycan modelində sosial xidmətlərin
əsas istehsalçısı kimi dövlət, xərclərin
bölüşdürülməsində isə dövlət
büdcəsi mühüm rol oynayır, səbəblər
aradan qaldırılır, nəticədə problemlər
azalır, deinstitutlaşma siyasəti qanunvericilik səviyyəsində
ardıcıl həyata keçirilir, ölkədə əlil
və şəhid ailələrinin, qaçqın və məcburi
köçkünlərin, veteranların, ahılların
sosial şəraitinin yaxşılaşdırılması
üçün onlara sistemli yardımlar, mənzillər,
minik maşınları verilir, işsizliyin aradan
qaldırılması üçün kiçik və orta
sahibkarlıq inkişaf etdirilir, yoxsulluğun sıfıra
endirilməsi istiqamətində daim iş aparılır,
proqramlarla və regional idarəetməyə
üstünlük verilir, messenatlıq və xeyriyyəçilik
fəaliyyətinin genişləndirilməsi üçün
müvafiq şərait yaradılır.
Daha geniş prizmadan yanaşılsa, Prezident İlham
Əliyev iqtisadiyyatın modernləşdirilməsini prioritet
elan edib və bu sahədə məqsədyönlü işlər
görülür. Məsələn, neft-qaz sektorunda əldə
edilən vəsaitlərin əhəmiyyətli qismi qeyri-neft
sektorunun inkişafı üçün vacib infrastrukturun
yaradılmasına yönəldilib. Son illər
qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji
resurslarının diversifikasiyası ilə bağlı siyasətin
nəticəsidir. 2012-ci ilin ötən 9
ayı ərzində neftdən kənar sahələrin
dayanıqlı inkişafı və xüsusilə də,
qeyri-neft sənayesinin pozitivliyi uğurlu iqtisadi siyasətin əlamətləri
kimi qiymətləndirilə bilər. Son səkkiz il ərzində
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,2 dəfə artıb. Bu illər ərzində
Azərbaycanda qeyri-neft sektorunun aparıcı bölmələrindən
olan sənaye istehsalı 2,7 dəfə, kənd
təsərrüfatı məhsullarının istehsalı 1,3
dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat
xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və
informasiya sektorunda xidmətlər isə 6,4 dəfə
artıb. Qarşıdakı 3 il, yəni 2013-2015-ci illər ərzində
büdcədə neft sektorunun payı 52,4
faizdən 22,4 faizə düşəcək, qeyri-neft sektorunun
payı müvafiq olaraq 47,6 faizdən 77,6 faizə qədər
artacaq. Qarşıdakı 10 ildə isə
qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin 2 dəfədən
çox artması proqnozlaşdırılır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son
illərdə inkişaf dinamikasına və artım meyllərinə
görə fərqlənməklə bərabər, həm də
iqtisadi və sosial idarəetmədə yeni modernizasiya elementlərinin
tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin
bütün təzahürlərinin meydana
çıxmasına səbəb olub. Yəni
ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə
daxil olub və onun müasir siması formalaşıb. Prezident İlham Əliyevin müəyyən etdiyi
uzunmüddətli strategiyanın əsas istiqamətləri
qeyri-neft sektorunun ölkə iqtisadiyyatının
inkişafında əsas aparıcı bölmə kimi
dominatlığını möhkəmləndirməkdən
ibarətdir.
Dövlət başçısı paralel olaraq
müasir tələblərə cavab verən kadr
potensialının formalaşdırılmasını da diqqət
mərkəzində saxlayır. “2007–2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”-ı ilə gənclərimiz
xarici ölkələrin nüfuzlu ali məktbələrində
dövlət hesabına təhsil alırlar. Məqsəd
insan kapitalının xüsusi yer tutduğu modern dövlət
quruculuğunda dünyadakı ən son nailiyyətdən
istifadəni təmin etməkdir.
Uğurlu
xarici siyasət
Ölkə daxilində insanların sosial rifah
halının yüksəldilməsi, regional və qlobal əhəmiyyətli
layihələrin həyata keçirilməsi uğurlu xarici
siyasət olmadan mümkünsüzdür. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən xarici siyasətin uğurları isə
göz önündədir. Azərbaycan yüksək rəqabət
şəraitində keçən 17 turdan sonra beynəlxalq
ictimaiyyətin etimadını qazanaraq 2011-ci il
oktyabrın 21-də BMT üzvü olan ölkələrin 155
səsini toplayıb və 2012-2013-cü illər üzrə
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilib. Azərbaycan bu il
yanvarın 1-dən Təhlükəsizlik Şurasının
üzvü səlahiyyətlərinin icrasına
başlayıb. May ayında isə müddətinə
bu mötəbər quruma sədrlik edib. Müstəqilliyimizin
20 illiyinə təsadüf edən bu qələbə ölkəmizin
qısa müddət ərzində
balanslaşdırılmış, çoxşaxəli və
məqsədyönlü xarici siyasətinin həyata
keçirilməsi nəticəsində əldə etdiyi
yüksək nailiyyətlərinin əsl göstəricisidir.
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi onun həm regionda, həm
də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan
edən beynəlxalq proseslərdə yaxından
iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın
bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Evrovizion mahnı festivalının Bakıda keçirilməsi
dövlətimizin əmin-amanlıq, rifah ölkəsi
olduğuna bir daha sübut oldu. Sevindirici haldır ki, Azərbaycan
demək olar ki, hər gün bu və ya digər beynəlxalq
tədbirin keçirilməsinə ev
sahibliyi edir!
Beynəlxalq aləmdə nüfuzu sürətlə
artan Azərbaycan artıq müxtəlif sahələrdə gələcəkdə
də keçirilən yüzlərlə beynəlxalq əhəmiyyətli
tədbirlərin keçiriləcəyi ölkələrdən
birinə çevrilib. Ən mötəbər tədbirlərin
keçiriləcəyi ölkələrin namizədliyi
müzakirəyə çıxarılarkən Azərbaycanın
adı ilk onluqlar sırasında yer alır. Az əvvəl,
dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş
Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə birinci
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
haqqında qərar qəbul edib. Yarışın
Azərbaycanda keçirilməsi qərarının lehinə
38, əleyhinə 8 səs verilib, iki nəfər bitərəf
qalıb. Olimpiya oyunlarında 15 idman
növü üzrə qaliblər müəyyənləşəcək.
Bunun 12-si olimpiya idman növüdür. Avropa Olimpiya Oyunlarından ölkəmiz ən
azı 100 milyon avro qazanacaq. Oyunların
bütün yayım hüquqları Azərbaycandadır, bu
hüquqları Avropa Yayım Şurasına satacağıq.
Sponsorluqdan gələn gəlirlər ölkəmizə
qalacaq. Eyni zamanda, brendlər və bilet
satışı hüququ da Azərbaycana verilib.
Ümumiyyətlə, ilk Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsi böyük tarixi hadisədir,
ölkəmizin böyük uğurudur. Bu, torpaqlarının 20
faizinin işğal altında olması, 1 milyon insanının
qaçqın və məcburi köçkün olmasına rəğmən,
iqtisadiyyatını sürətlə inkişaf etdirən, əhalisinin
sosial rifahını yüksəldən, uğurlu xarici siyasət
aparan Azərbaycanın dünyada qazandığı
böyük hörmət və etimadın növbəti təzahürüdür.
Azərbaycanın bu uğurlarının
memarı isə Prezident İlham Əliyevdir. Fövqəl güclərin maraqlarının toqquşduğu
Cənubi Qafqaz kimi həssas regionda yerləşən Azərbaycana
isə bu uğurları yalnız və yalnız xarizmatik bir
lider qazandıra bilərdi. İlham
Əliyev xarizması artıq formalaşıb və dünyada
da qəbul edilir. Güclü Azərbaycanın
qarşısında isə təcrid olunmuş vəziyyətə
düşən, iqtisadiyyatı inkişaf perspektvindən mərhum,
əhalisi ölkəni sürətlə tərk edən
işğalçı Ermənistan uzun müddət dayana bilməz.
İşğal altındakı
torpaqlarımız, Qarabağımız işğaldan azad
ediləcəkdir.
Azərbaycanın
gələcəyi
Azərbaycanın
sabahı barədə artıq aydın təsəvvür var.
Prezident İlham Əliyev 2011-ci il
noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, hazırda Azərbaycan yeni
inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas
hədəfi çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. İnkişaf
Konsepsiyasının hazırlanması zamanı sosial sahənin
inkişaf etdirilməsi üçün yoxsulluq səviyyəsinin
mümkün minimuma endirilməsi istiqamətində
yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı
ailələrin etibarlı sosial müdafiəsinin təşkili,
əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi
və onun cəmiyyətin həyatında rolunun
artırılmasına nail olunması hədəfləri əsas
götürülüb. Azərbaycan
dövlətinin sosial siyasətinin əsas hədəfləri
əhalinin bütün təbəqələrinin sosial
müdafiəsinin gücləndirilməsi işində birləşib.
Beləliklə,
“Azərbaycan-2020:gələcəyə
baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə Azərbaycanda
adambaşına düşən qeyri-neft sektoru üzrə
ixrac həcminin 1000 dollara çatdırılması
planlaşdırılır. Konsepsiyada ölkənin
regionun ticarət mərkəzinə çevrilməsi də əsas
hədəflərdən biri kimi nəzərdə tutulub.
Konsepsiyaya görə bazar iqtisadiyyatı şəraitində
sağlam rəqabəti təmin edən məqsədyönlü
dövlət tənzimlənməsi, enerjidən səmərəli
istifadə edən və yüksək əlavə dəyər
yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və
sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma
prinsipləri rəhbər tutulacaq.
Təbii
ki, gələcək 10 il ərzində, Azərbaycan əhalisinin
artımını, iqtisadi və maliyyə imkanlarının
yüksəlməsini, infrastruktur quruculuğu və sənayeləşmə
prosesinin gücləndirilməsini, eləcə də, Azərbaycanın
postsənaye erasına daxil olmasını, iqtisadiyyatın
özəl bəlməsində sıçrayışlı
tərəqqi tendensiyasını və digər amilləri nəzərə
alaraq deyə bilərik ki, 2020-ci ilə qədər qeyri-neft
sektoru hesabına daha çox yeni müəssisələrin və
iş yerlərinin açılması, əmək haqqı və
pensiyaların artırılması, yoxsulluğun və
işsizliyin minimal həddə çatdırılması,
insanların layiqli həyat şəraiti ilə təmin
olunması, sosial risklərin aşağı salınması
ilə ünvanlılığın daha da təkmilləşdirilməsi,
sosial xidmətlərin səviyyəsinin həm dövlət,
həm də ictimai sektorda kamilləşdirilməsi və
başqa işlər həyata keçiriləcək.
Bütün bunların yekunu olaraq, cəmiyyətin təbəqələşməsinin
rombvari (həndəsi fiqur olaraq, rombun yuxarı
bucağında azca varlı, aşağı bucağında
kiçicik kasıb təbəqə yer alır. Rombun mərkəzində
isə çoxluq təşkil edən orta təbəqə
yerləşir. Burada proseslər bu cür gedir: yuxarı
hissədə varlı təbəqədən orta təbəqəyə
və əksinə, aşağıda isə kasıb təbəqədən
orta təbəqəyə və əksinə hərəkət
müşahidə olunur.) inkişafının
təmin edilməsi ilə, orta təbəqənin
sosial-iqtisadi və ictimai-siyasi proseslərdə iştirak payının
daha da yüksəldilməsi həyata keçiriləcək və
Azərbaycan sosial rifah baxımından inkişaf etmiş
ölkələrin sırasında yer alacaq. Gözəl
ailə başçısı olan Prezident İlham Əliyevin
sosial sahədə atdığı addımlar bir
qayğıkeş insan kimi onun xalqın sevimli liderinə
çevirib və xalqımız məhz bu xarizmatik şəxsin
rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın daha
qüdrətli bir dövlətə çevriləcəyinə
əmindir.
Prezidentimizi
ad günü münasibəti ilə təbrik edirik! Ona xalqın lideri və sevimlisi kimi qarşıya
qoyulan uzunmüddətli proqramların həllində prezident
kimi yeni-yeni uğurlar diləyirik.
Hadi Rəcəbli
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri
yap.org.az
SES QEZETI
Səs.- 2012.-22
dekabr.- S.11.