Azərbaycan milli
dövlətçilik quruculuğunda Ulu Öndər Heydər Əliyev zirvəsi
Azərbaycan milli dövlətçilik tarixində möhtəşəm yer tutan üçüncü respublikanın – Azərbaycan Respublikasının fərqli cəhəti onun milli dövlət olmasıdır. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov "Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi" məqaləsində yazır: "Çağdaş insanların dövlətçilik duyğusu daha çox dərəcədə ən yaxın dövlətçilik ənənələrindən qaynaqlanır. Əvvəla, insanların siyasi təfəkkürü və dövlətçilik şüuru ancaq sonuncu kəsilməz tarix mərhələsinin məhsulu kimi ortaya çıxır. Nə vaxtsa mövcud olmasına baxmayaraq, indiki nəsillə sosial-genetik əlaqələri qırılmış olan və ancaq tarixdə qalan dövlətlər çağdaş dövlətçilik ənənələrinin formalaşmasında iştirak etmir. İkincisi, əvvəlki dövlətlərdən heç biri milli dövlət olmayıb".
S.Xəlilov müasir milli dövlət quruculuğunun inkişafında Ulu Öndərin rolu haqqında göstərilir ki, milli dövlətin qurulması, əsil milli istiqlal ancaq siyasi təcrübə ilə milli şüurun üzvi surətdə birləşməsi, milli dövlətçilik məfkurəsinin daşıyıcısı olan siyasi liderin hakimiyyətə gəlməsi sayəsində mümkün oldu. Məhz buna görə də, belə hesab etmək olar ki, müasir milli dövlət quruculuğumuz 1993-cü ilin iyunundan - Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmışdır.
Həlledici məqamda dövlətin sükanı arxasında böyük siyasi təcrübəyə və milli dövlətçilik təfəkkürünə malik olan şəxsin dayanması, əlbəttə, çox önəmlidir. Lakin xalqın milli dövlətçilik yaddaşı silinmiş olsaydı, sosializm dövrü kəsilməz inkişafın qarşısını həqiqətən almış olsaydı, biz hər şeyi sıfırdan başlamaq məcburiyyətində qalsaydıq, qısa bir müddətdə milli dövlət quruculuğu sahəsində belə böyük uğurlar əldə etmək mümkün olardımı?
Azərbaycan dövlətçilik ənənəsinə toxunan müəllif qeyd edir ki, Azərbaycanda dövlətçilik ənənələrinin qədim tarixi vardır. Lakin bu tarix dəfələrlə qırılmış və yenidən bərpa olunmuşdur. Bu gün onun vahid, bütöv proses kimi təsəvvür olunması çox çətindir. Lakin Azərbaycan ərazisindəki qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da və nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti və hətta Azərbaycan Sovet Sosialist Respublikası da milli dövlətçiliyin ayrı-ayrı müstəqil məqamları və təzahürləri olmaqla yanaşı, həm də vahid, böyük bir tarixi prosesin hissələridir. Əlbəttə, təəssüf ki, bu böyük tarixi proses heç də bütöv, kəsilməz bir hadisə_deyildir. Lakin ayrı-ayrı tarixi hadisələrin sadəcə toplusu da deyildir. Bu tarixi hadisələr, tarixin müxtəlif dövrlərində yaranmış və müəyyən müddət ərzində fəaliyyət göstərmiş müstəqil dövlət qurumları arasında bilavasitə tarixi varislik olmasa da, mədəni-mənəvi varislik mövcuddur ki, bunlar da dövlətçiliyin nisbi kəsilməz mənzərəsini yaratmağa və dövlətçilik ənənələrinin nə vaxtsa güclənən və nə vaxtsa arxa plana keçən, lakin həmişə real və ya virtual formada yaşamaqda davam edən bütöv proses kimi dəyərləndirilməsinə imkan verir.
Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi uğurla davam etdirildiyi bir şəraitdə qarşıda həm də tarixin bərpa olunması, onun bütövlüyünün təmin olunması kimi məsul bir vəzifə də durur. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması, dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb, həm də tarixi şüurumuzun bərpa olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tariximizə qatılması sahəsində də məqsədyönlü iş aparırdı. Onun tərəfindən dəfələrlə nümayiş etdirilən tariximizə xüsusi diqqət və həssas münasibət sadəcə olaraq tarixin bir milli-mənəvi sərvət kimi qorunması təşəbbüsü deyildir. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürü idi.
Çox vaxt Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətinin sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratmasında, müstəqilliyimizin, daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparatı qurmasında görürlər. Bəli, 1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət yaradıcılığına başlandı. Dövlət quruculuğu və onun hüquqi təminatı prosesi bu gün də davam edir. Bu, həqiqətən də, böyük nailiyyətdir. Lakin Heydər Əliyevin bu sahədəki daha böyük xidməti dərin qatda olduğundan, çox vaxt diqqətdən kənarda qalır. Bu, Azərbaycanda dövlət quruculuğu ilə yanaşı dövlətçiliyin inkişafı sahəsindəki xidmətlərdir.
Əlbəttə, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun ərazisində dövlət qurumlarının və siyasi liderlərin, böyük sərkərdələrin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır. Ulu Öndər Heydər Əliyev deyirdi: "Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, vətənin bütövlüyü xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir".
1993-cü ildən sonra bu istiqamətdə hadisələrin axarına diqqət yetirəndə, onun məqsədyönlü surətdə başqa bir məcraya yönəldildiyinin şahidi oluruq. Əsas kurs insanlarda etnik-milli duyğularla yanaşı, ictimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalaşdırılmasına yönəldilib. "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" (Heydər Əliyev), - ideyası bu sahədəki fəaliyyətin istiqamətini müəyyən edirdi.
Dövlət işini duyğular, hisslər səviyyəsində, ictimai-şüur səviyyəsində ümumxalq işinə çevirmək, bununla da bizə xaricdən ancaq hüquqi-siyasi akt kimi təklif olunan demokratikləşdirmə prosesinə və bu aspektdəki hüquqi islahatlara real milli-mənəvi və idraki-psixoloji zəmin yaratmaq istiqamətində böyük işlər görülür. Dövlət işi ümumxalq işinə çevrilidi. "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də, vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz" (Heydər Əliyev).
Azərbaycanın öz maraqlarına uyğun işlənib-hazırlanmış müstəqil siyasi kursu vardır. İstər böyük və ya kiçik, uzaq və ya qonşu dövlətlərlə, istərsə də iqtisadi və mədəni-mənəvi sahələrdəki tərəf-müqabillərlə münasibətdə Azərbaycan, ilk növbədə, öz milli maraqlarından çıxış edir. Həm də bu maraqların rəhbər tutulması elə incə siyasətlə həyata keçirilməlidir ki, böyük dövlətlərin və qonşuların maraqları ilə birbaşa ziddiyyət yaranmasın.
Heydər Əliyev siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması xarici siyasət kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verirdi.
Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir.
Lakin dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Dövlətin möhkəmləndirilməsi ona görə bir nömrəli vəzifədir ki, o, bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın təminatçısı ola bilsin. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz" (Heydər Əliyev). İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxləlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq". Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də, öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir. İqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülür. Siyasi və mədəni-mənəvi aspektdəki nailiyyətlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurğulanırdı. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."
Bəli, iqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi kimi olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi ola bilməz. Əgər xalq dövlət qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri möhkəmləndirirsə və bu sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu, hələ müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalq azad xalq sayıla bilməz.
Heydər Əliyevi dinləyərkən, Onun əsərlərini oxuyub dərindən təhlil edərkən, bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. Heydər Əliyev nədən başlayıb nəyə doğru getmək lazım olduğunu çox gözəl bilir. Onun yolu təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi və mədəni-mənəvi müstəvidə istiqlal yoludur.
Çağdaş həyat ancaq öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin öz makro-strukturu, yalnız böyük miqyaslarda üzə çıxan qanunauyğunluğu vardır ki, bunlar heç vaxt nəzərdən qaçırılmamalıdır. Vaxtilə baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayaraq, müasir həyatın strukturuna bir rüşeym və bir fon kimi daxil olur və onu istiqamətləndirir. "Tarix heç nəyi silmir", "tariximiz bizim üçün dərs olmalıdır", - deyir Heydər Əliyev. Lakin O, bununla heç də yalnız tarixi öyrənməyi və hafizələrdə yaşatmağı nəzərdə tutmur. O, tarixin həm də məhz çağdaş proseslərin iştrakçısı kimi nəzərə alınmasını tövsiyə edir, yeni dövrün tarixini yaradarkən də, onu həmişə böyük tarixin kontekstinə uyğunlaşdırmağa çalışırdı.
Q.Əliyev özünün "Müstəqil Azərbaycan dövlətçiliyinin banisi-qurucu və xilaskarı Heydər Əliyev" məqaləsində Heydər Əliyevçiliyin mahiyyətini açaraq göstərir ki, tarixçilər və politoloqlar Heydər Əliyevi bir siyasətçi, dövlət xadimi kimi xarakterizə edirkən onun gördüyü işlərdən, qurub-yaratmaq bacarığından çox bəhs etsələr də, lakin Heydər Əliyevə məxsus olan bu xüsusiyyətlərdən, onun özünəməxsus nəzəriyyəsindən, ideologiyasından, dövlətçilik və idarəetmə konsepsiyasından, təcrübəsindən, elmi-nəzəri, fəlsəfi baxışlarından olduqca az bəhs edirlər. Görünür, hələ Azərbaycan tarixçiləri, filosofları, politoloqları Heydər Əliyev ideologiyasının əsas müddəalarını, prinsip və xüsusiyyətlərini tam aşkara çıxarıb, izah etməyə cürət etmirlər. İndi Heydər Əliyev siyasi-idarəetmə məktəbinin, iqtisadi-idarəetmə məktəbinin, elmi-fəlsəfi məktəbinin mövcud olduğundan çox bəhs edirlər. Lakin "Heydər Əliyevçilik" nəzəriyyəsinin konkret nədən ibarət olduğunu dürüst şəkildə, elmi sistem halında yazıb ortaya qoyan bir müəllif hələ ki, yoxdur. Bəziləri "Heydər Əliyevçilik" adlanan mükəmməl bir baxışlar sisteminin olduğunu etiraf etsələr də, sadəcə ad məsələsində, yəni bu nəzəriyyəni necə adlandırmağın daha düzgün olması məsələsinin etirafında baş sındırıb bir qərara gələ bilmirlər. Mən yuxarıda qeyd etdim ki, tarixi şəxsiyyətlər tarix yaradırlar. Həmin tarixi isə tarixçilər, politoloqlar yazırlar. Tarix yazanların əsas vəzifəsi tarixi gerçəkliyi obyektiv şəkildə, hər şeyi öz adı ilə olduğu kimi, vicdanla yazmaqdan ibarətdir. Əgər Heydər Əliyev ömrünün 50 ildən çox bir dövrünü məhz Heydər Əliyev adı ilə Azərbaycanı qurub-yaratmağa sərf edibsə, bu adla tanınıbsa, bəs biz nədən Heydər Əliyevin fikirlərinə, Onun ideyalarına, nəzəri-ideoloji baxışlarına özümüzdən yeni ad uydurmalıyıq? Zənnimcə, Heydər Əliyevin adı - Heydər Əliyev kimi, Onun ideyaları "Heydər Əliyevçilik" kimi tariximizə əbədi olaraq həkk olunmalıdır. Nədir "Heyder Əliyevçilik"? Bu ideologiyanın əsas prinsip və xüsusiyyətləri nədən ibarətdir? Bir dövlət xadimi kimi Heyder Əliyevin Azərbaycan dövlətinə istər sovet dövründə, istərsə də müstəqillik dövründə rəhbərlik etdiyi zaman söylədiyi fikirlər, müxtəlif yığıncaqqlarda etdiyi nitqlər və məruzələr, verdiyi bəyanatlar bu nəzəriyyənin əsas prinsip və xüsusiyyətlərini özündə əks etdirir. Bizim vəzifəmiz onları ardıcıl şəkildə oxumaqdan, sistemləşdirib vahid nəzəri sistem halında gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Tarix yaradanın vaxtı yoxdursa, bunu biz etməliyik. Ona görə etməliyik ki, müstəqil Azərbaycanın qurulmasının və inkişaf etdirilməsinin elmi-nəzəri bazasının hansı prinsiplərə söykəndiyini gələcək nəsillər asanlıqla dərk edə bilsinlər. Heydər Əliyevçilik - Azərbaycan xalqının milli-mənəvi potensialından, onun tarixi təcrübəsindən qaynaqlanan, milli dövlətçilik ənənələrini real şəkildə dirçəldən və gerçəkləşdirən, ona əbədiyyət qazandıran, müasir və qabaqcıl sivilizasiyalardan istifadə edərək islahatlar və təkamül yolu ilə Azərbaycan xalqını və dövlətini daim müasirləşdirən və yeniləşdirən, bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirə bilən, sosial-ədalət və humanizm prinsiplərinə söykənərək dövlət daxilində ümummilli - mənəvi birliyə və sosial-iqtisadi rifaha doğru istiqamət götürən, dünyanın bütün xalq və millətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa önəm verən mükəmməl fəlsəfi siyasi baxışlar sistemidir. Bu ideologiyanın əsas prinsip və xüsusiyyətləri ən azı aşağıdakılardan ibarətdir: I. Milli dövlətçilik və qanunçuluq; 2. İslahatçılıq; 3. Azərbaycançılıq və milli-mənəvi dəyərlərə bağlılıq; 4. Sosial ədalət və humanizm; 5. Beynəlmiləlçilik və bəşərilik; 1. Milli dövlətçilik və qanunçuluq. Birinci prinsip haqqında danışarkən, ilk öncə, Azərbaycan Prezidenti Heydər Əliyevin belə bir fikrini xatırlatmaq istəyirəm: "Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır". Bu fikri analoji olaraq XX əsr Azərbaycanın dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o deyil ki, Azərbaycanı müstəqil və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, onu hansı vasitələrlə etməyi bacarır. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, həm Azərbaycan xalq hərəkatının, həm də Azərbaycan milli azadlıq hərəkatının həqiqi lideridir. O, 70-80-ci illərdə Azərbaycanı qurub- yaratmaqla QURUCU LİDER, müstəqillik dövründə isə Azərbaycanı parçalanmaqdan və məhv olmaqdan xilas edən XİLASKAR LİDER kimi tarixə düşmüşdür. XX yüzillikdə Azərbaycana rəhbərlik etmiş şəxsiyyətləri bir-bir gözümüz önündən keçirsək, görərik ki, onlardan heç biri Heydər Əliyev qədər Azərbaycan xalqına və dövlətçiliyinə xidmət etməyə nail olmayıb.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 25 dekabr.- S.14.