Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır

 

Müsahibimiz "Aztelekom" İstehsalat Birliyinin baş direktoru, YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədovdur

- Məhəmməd müəllim, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ili tamam oldu və bu tarixi hadisə ölkənin bütün bölgələrində ruh yüksəkliyi ilə qeyd olundu. Ümumiyyətlə, Ulu öndərin rəhbərliyi ilə hakimiyyətə gəlmiş YAP dövlətçiliyimiz və xalqımız üçün hansı yenilikləri verə bildi?

- Öncədən onu qeyd edim ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış və Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən, Azərbaycanımızın tərəqqisi naminə fədakarlıq nümayiş etdirən YAP nəinki regionda, hətta, dünyada sayılıb seçilən siyasi təşkilatlardan birinə çevrilib. 600 minlik üzvü ilə Azərbaycan siyasətində flaqmana çevrilmiş Yeni Azərbaycan Partiyası ölkəmizin iqtisadi, siyasi, sosial və digər sferalarında əldə etdiyi uğurların əsas müəllifidir. Lakin hər bir azərbaycanlı bilir ki, YAP Azərbaycanın çiçəklənməsinə heç də asan yollarla nail olmayıb.

O zaman ziyalılar, əhalinin ən müxtəlif təbəqələrindən olan insanlar Azərbaycanın düşdüyü ağır böhran vəziyyətindən yeganə çıxış yolu kimi Naxçıvan Ali Sovetinin Sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görürdülər. Bu məqsədlə onlar Ulu öndər Heydər Əliyevə müraciətlər edir, Onun yenidən hakimiyyətə qayıdışını təkidlə tələb edirdilər. Azərbaycanın çətin vəziyyətində Ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının mütləq zəruri olduğunu əsaslandıraraq, Naxçıvana üz tutanların sayı günü-gündən artırdı. Həm məktublar, həm müraciətlər ünvanlayırdılar, həm də ayrı-ayrı ziyalılar Naxçıvana gəlirdilər. Nəhayət, 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi.

Ümummilli lider Heydər Əliyevin o zaman Azərbaycanın gələcəyi ilə bağlı proqnozlar verməsi, Kommunist partiyası rəhbərliyinin yarıtmaz siyasətini tənqid etməsi, SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətinə qarşı çıxması, o vaxtki rəhbərliyin Dağlıq Qarabağ məsələsində xəyanətkar siyasətini və erməniləri dəstəkləmələrini ifşa etməsi və bunlardan irəli gələn təzyiqlər həmin dövrün daxili proseslərinin ümumi xüsusiyyətini müəyyən edirdi.

Məhz belə şəraitdə ümumazərbaycan hərəkatı formalaşmağa başlamışdı və faktiki olaraq, Yeni Azərbaycan Partiyasının yaranması prosesi ümumazərbaycan prosesinə çevrilmişdi. Ona görə də, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilib.

Bu mənada bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başladı və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizənin sivil ənənələrini, normalarını gətirdi. Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi…

- Sevindirici haldır ki, Ümummilli liderin əsasını qoyduğu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP-ın III qurultayında partiyanın Sədri seçilməsi, eyni zamanda, ölkə rəhbərliyinə gəlməsi, xüsusilə də, gənclərin ictimai-siyasi həyatda aktivliyinin yüksəlməsi baxımından hansı dəyişiklikləri şərtləndirdi?

- Ümumiyyətlə, həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə gənclərin roluna xüsusi diqqət ayrılıb. Məhz Azərbaycan dövlətini qurmaq, daxili və xarici siyasəti formalaşdırmaq üçün həyata keçirilməsi vacib olan prinsiplərdən biri də Azərbaycan gəncliyinin sağlam, vətənpərvər, intellektual və kreativ yetişməsini təmin etmək, onların potensialını reallaşdıraraq, dövlətimizin inkişafına yönləndirməkdən ibarət olub. Ona görə də, əminliklə demək olar ki, gənclər siyasəti hələ Ulu öndər Heydər Əliyevin partiya quruculuğu dövründə diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa, proseslərin ağırlığını öz çiyinlərinə götürmürsə, o zaman, o millətin, dövlətin gələcəyi olmaz. Ulu öndər Heydər Əliyevin bu aforizmlə gənclərə yanaşmasını ortaya qoyması və bu məsələni ümummilli problemlərin əsas ağırlıq mərkəzinə gətirməsinin nəticəsi idi ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində demək olar ki, Azərbaycanın bütün gənclərini dövlət və dövlətçilik ətrafında birləşdirdi. Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsindən sonra isə YAP-a gənclərin axını daha da gücləndi. Bu gün demək olar ki, YAP-da Azərbaycanın ən intellektual və kreativ gəncləri toplaşıb. Onların fəaliyyəti, özlərini təsdiq etmələri üçün bütün şərait yaradılıb. Düşünürəm ki, Prezident İlham Əliyev kimi dünya miqyaslı tanınmış gənc siyasətçinin dövlətə rəhbərlik etməsi və YAP-a Sədrliyi hər bir gəncdə qürur hissi yaradır. Gənclər Prezident İlham Əliyevi ideal şəxsiyyət görərək, Onun Sədrlik etdiyi partiyaya üzv olurlar və perspektiv fəaliyyətlərini qurmağa çalışırlar.

Təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyasının prinsipləri, amalları milli mənafelərə əsaslanır. Ona görə də, YAP bundan sonrakı onilliklər, yüzilliklər ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin köklü problemlərinin həllində partiyanın öz dəsti-xətti görünəcək.

- Elə bu kontekstdə söhbəti Azərbaycanın bu günkü inkişaf istiqamətinə yönəltməyinizi xahiş edirik. Ölkəmizin müasir dünyanın mürəkkəb tendensiyaları kontekstində tərəqqisini necə qiymətləndirirsiniz?

- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Müstəqilliyin ilk illərində Ümummilli lider Heydər Əliyev digər sahələrlə yanaşı informasiya-kommunikasiya texnologiyalarının inkişafına da xüsusi diqqət yetirdi və bu sahədə əsaslı dönüşə nail olmaq üçün daim səy göstərirdi. 1993-cü ilin avqustunda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sistemi istifadəyə verildi. Onun bu diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkilindəki uğurlar da məhz müstəqillik illərinə təsadüf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Azərbaycanın uğurları nüfuzlu Beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Təsadüfi deyil ki, 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilib.

Azərbaycan 2013-cü ildə iqtisadiyyatın çoxşaxəli inkişafını sürətləndirməyi və milli məhsulun tərkibində qeyri-neft sektorunun payını artırmağı, əsas hədəflərdən sayır. 2013-2015-ci illərdə iqtisadiyyatda modernləşmə xəttinin dərinləşməsi fonunda iqtisadi artımın keyfiyyətinin prioritetliyi məsələsi öz həllini tapmış olacaq. Bu dövrdə iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi və innovativ proqramların regional inkişaf proqramlarını əvəz etməsi müşayiət olunacaq. Uzunmüddətli inkişaf proqramlarının əsas epiqrafı da neftdən sonrakı iqtisadiyyatın strukturunu formalaşdırmaq, aqrar sektorun inkişafında intensiv üsulların formatlarını hazırlamaq, iqtisadiyyatın klasterlər üzrə inkişafına baza yaratmaqdır. Bu illər ərzində biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığın və regionların innovasiyalı inkişafının sürətləndirilməsi postneft dövründə başlıca liberal tədbirlər planının tərkib hissəsini təşkil edəcək.

Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsində qurulması prezident İlham Əliyevin prioritetləri sırasındadır. Təsadüfi deyil ki, cənab İlham Əliyevin prezident seçildikdən sonra ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu.

Məhz, qeyri-neft sahələrindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru ən inkişaf meyilli və maliyyə tutumlu sahə sayılır. Azərbaycan hökuməti İKT sektorundan əldə olunacaq gəlirləri ölkə iqtisadiyyatının inkişafının əsas maliyyə mənbələrindən biri hesab edir. Hazırda bu sahədən əldə olunan gəlirlərin həcmi illik 15 faiz təşkil edir və bu göstərici ümumdünya orta göstəricisindən təxminən iki dəfə çoxdur. Respublikamızda rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan və bölgələrdə geniş yayılmasını təmin edən dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə informasiya təhlükəsizliyini təmin edib, regionlarda rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafını sürətləndirib.

İKT sosial-iqtisadi inkişafa, innovativ iqtisadiyyata təkan verməklə yanaşı, ölkənin ümumi inkişafını, demokratik islahatları əhatə etməkdədir. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilib. Yaxın illər ərzində İKT neftdən sonra ən gəlirli sahə kimi iqtisadiyyatın maliyyə sütunlarından birinə çevriləcək, 2020-2025-ci illərdə ölkəmizin valyuta rezervlərinin möhkəmlənməsi üçün etibarlı zəmin yaradacaq.

- Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası yeni dövrün sosial-iqtisadi və makroinkişaf çağırışlarının reallaşması üçün fundamental baza sənədi hesab olunur...

- Azərbaycan hökuməti iqtisadi inkişafın yeni mərhələsində yeni meyarlara, innovativ iqtisadiyyatın tələblərinə cavab verən texnokrat cəmiyyət quruculuğunu təmin etməyi əsas hədəf seçib. Bu meyarların əsas komponentləri keyfiyyətli iqtisadiyyat, layiqli həyat tərzi, sosial bərabərlik və digər proqressiv elementlərdən ibarətdir. Prezident İlham Əliyev bu meyarlara çatmaq üçün respublikamızın uzunmüddətli yeni inkişaf strategiyasının hazırlanmasını əsas hədəflərdən hesab edir.

Müasir Azərbaycan dövlətinin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan milli inkişaf konsepsiyasının əsas məzmunu ölkəni irəliyə aparmaq, cəmiyyəti inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur.

Azərbaycan Respublikası ötən 20 ildə siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. Respublikamız, eyni zamanda, bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb. Hazırda Azərbaycan qarşıdakı onilliyin inkişaf ssenarilərini hazırlayır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası da buna əyani sübutdur. Bununla Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq. İqtisadi inkişafın innovativ xarakterli rəqabətədavamlılığını yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaq.

Ümumiyyətlə, İnkişaf Konsepsiyası əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin iki dəfədən çox artaraq 13 min dollara çatdırılmasına imkan yaradacaq.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası yeni dövrün sosial-iqtisadi və makroinkişaf çağırışlarının reallaşması üçün fundamental baza sənədi hesab oluna bilər. İnkişaf Konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni, humanitar sektorlarında həyata keçirilməsi hədəf seçilən tədbirlərin müəyyən edilməsini nəzərdə tutur. Qarşıdakı dövrün ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimulvericidir. Azərbaycanın bir çox parametrlər üzrə öz mütərəqqi idarəetmə formullarının tətbiqinə hazırlaşır. Dünyada orta gəlirli ölkə statusuna malik olmaqla Azərbaycan iqtisadi sıçrayışları, maliyyə zənginliyi, yüksək sosial inkişaf indikatorları ilə yeni milli modelin tətbiqinə hazırlaşır.

- Əlbəttə ki, son illər Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf bütün sahələri əhatə edir. Bu inkişaf fonunda "Aztelekom" İB-nin fəaliyyətini necə qiymətləndirmək olar. Rəhbərlik etdiyiniz qurum başa vurmaqda olduğumuz 2012-ci ili necə yekunlaşdır?

- Əvvəlcə onu qeyd edim ki, son bir neçə il ərzində “Aztelekom” İstehsalat Birliyi də iqtisadiyyatımızın digər sahələri üçün də xarakterik olan inkişaf yolu keçib. “Aztelekom” İstehsalat Birliyi 1992-ci ildə təsis edilsə də, birlik öz tabeliyində Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), Kabel Magistrallarının Texniki qovşağı (KMTQ) və 57 yerli Telekommunukasiya müəssisəsini (Gəncə Telekommunukasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan və Naftalan şəhər, həmçinin 52 rayon Telekommunukasiya Qovşağı) birləşdirir.

“Aztelekom” İstehsalat Birliyi Beynəlxalq və şəhərlərarası telefon rabitəsi, Bakı şəhəri və Naxçıvan MR istisna omaqla, bütün ölkə ərazisində lokal telefon rabitəsi və İnternet xidmətləri göstərir.

“Aztelekom” İstehsalat Birliyi şəbəkəsində rəqəmsal uçurumun aradan qaldırılması istiqamətində aparılan islahatların ilki – “Elektron Azərbaycan” layihəsinin kiçik modeli kimi “Elektron Şamaxı” pilot layihəsi uğurla həyata keçirilib. MDB olkələri arasında birinci olaraq 2008-ci ildə Azərbaycanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılması, 2010-cu ildə isə, respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlıqlarının yeni elektron avadanlıqlarla əvəz olunması başa çatdırılıb. Kommutasiya şəbəkəsi tam elektronlaşıb. Ölkənin istənilən yerindən internetə qoşulma imkanlığı yaradılıb, bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet xidmətləri təşkil edilib. Məhz regionlarda sürətli informasiya mübadiləsinin genişləndirilməsi məqsədi ilə, kommersiya marağı güdülmədən yaradılmış "Aztelekom.net" internet provayderi Azərbaycanda fəaliyyət göstərən internet provayderlər arasında liderlər sırasında yer tutur. Regionlarda ADSL və digər müasir texnologiyalardan istifadə etməklə ayrılmış və kommutasiya olunan kanal vasitəsilə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanın təmin edilməsi üçün davamlı tədbirlər görülür. “Aztelekom.net” internet provayder şəbəkəsinin mərkəzi avadanlıqlarının sürətinin 200 GB-yə çatdırılması planlaşdırılır.

İnternetin regionlarda genişləndirilməsi istiqamətində aparılan işlərə 2007-ci ildə Şamaxı TKQ-nin kənd EATS-ləri də daxil olmaqla bütün rabitə şəbəkəsinin rekonstruksiyası ilə başlanıldı. Analoq birləşdirici xətlər optik kabellə əvəz edildi, mərkəzi və bütün kənd stansiyaları NGN texnologiyaları əsasında rekonstruksiya olundu. Şamaxı mərkəzi Softswitch avadanlığı marşrutlayıcı vasitəsi ilə Baki TOLL stansiyasında quraşdırılmış Softswitch-ə Router üzərindən 1 GB Ethernet portla qoşuldu və nəticədə rayonun telefon abunəçiləri səs xidmətləri ilə yanaşı DATA, video xidmətləri ilə təmin edildi. 2008-ci ildə Abşeron TKQ-nin xidmət ərazilərində olan kənd və qəsəbələrin rabitə şəbəkəsi optikləşdirildi, NGN texnologiyası əsasında yenidən quruldu və sakinlərə Tripli Play xidmətllərinin göstərilməsinə başlandı.

Regionlarda optikləşdirmə işləri davam etdirildi. 2010-cu ildə Sumqayıt və Gəncə şəhərlərinin, Salyan və Kürdəmir rayon mərkəzlərinin, Göyçay rayonunun telefon şəbəkələrinin yenidən qurulmasına başlanildı və həmin il bu şəbəkərlərdə NGN texnologiyasının tətbiqi yekunlaşdı. Rekonstruksiya imkan verdi ki, bu şəhərlərin telefon abunəçiləri sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadə etsinlər.

2011-ci ildə 20 rayon mərkəzini və 147 kəndi əhatə edən DATA, transmissiya və DSLAM avadanlıqları üzrə tender keçirildi, yeni avadanlıqların alınaraq quraşdırılmasından sonra genişzolaqlı internet xidmətlərinin ən ucqar kəndlərdə belə göstərilməsi mümkün oldu.

2012-ci ildə kənd EATS-lərinin birləşdirici optik kabellərinin tikintisi davam etdirildi, ilin əvvəlindən 2000 km müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verildi. Genişzolaqlı internet xidmətləri üçün infrastrukturun yaranması özəl operatorların da regionlara axınını təmin etdi. Belə ki, hal-hazırda regionlarda 19 internet provayder bu xidmətləri göstərir və bu provayderlərin sayı artmaqdadır. Abşeron rayonunda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun Masazır qəsəbəsində yeni salınmış “Qurtuluş-93” yaşayış massivində GPON (evə qədər fiber optik kabel) pilot layihəsi çərçivəsində 12 beşmərtəbəli binada kabelləşmə (fiber optik kabellərlə) işləri aparılıb.

Beləliklə də, əminliklə deyə bilərəm ki, biz 2012-ci ildə qarşımıza qoyduğumuz bütün məqsəd və hədəflərə çata bildik. İlin sonunadək hazırlanacaq hesabatdan da aydın olacaq ki, üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişik.

- "Aztelekom" İB-nin fəaliyyət dairəsinin böyük bir qismi də regionları əhatə edir. Yerlərdə internetdən istifadənin vəziyyəti necədir?

- Mənəvi cəhətdən köhnəlmiş analoq ATS-lərin yeni elektron stansiyalar ilə əvəz olunması və optik şəbəkənin genişləndirilməsi ilə genişzolaqlı internet xidmətləri üçün infrastrukturun yarandı. Bununla da genişzolaqlı internetin regionlarda inkişafında yeni mərhələ başlandı.

“Aztelekom” İstehsalat Birliyinin fəaliyyəti ümumrespublika xarakteri daşıyır və biz daha çox regionlarda İKT sahəsinin inkişafını təmin etməyə çalışırıq. Hətta, biz bölgələrdə iş qurmaq və fəaliyyət göstərmək istəyən sahibkarlara da şərait yaradırıq ki, produktiv iş şəraiti formalaşdıra bilsinlər. Bu gün 7 şirkət var ki, bölgələr də fəaliyyət göstərir və hazırda onların balansında 500 km-dək optik kabel mövcuddur. Bir sözlə, biz çalışırıq ki, qərabətli bir işgüzar atmosfer formalaşdıraq və inkişafa nail olaq. Düşünürəm ki, rəqabət olmayan yerdə inkişaf da olmaz.

Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 2 dəfədən çox artaraq 110 mini keçib. Genişzolaqlı xidmətlərin aylıq həcmi ilin əvvəli ilə müqayisədə 75% artıb. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 20 %-ə çatmaq üzrədir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə bu göstərici cəmi 8,7% olub.

Bölgələrdə internetin inkişafı komsepsiyasına uyğun olaraq həyata keçirilən böyük layihələrin nəticəsi onu deməyə əsasa verir ki, yaxın vaxtlarda bütün abunəçilərin qlobal şəbəkəyə çıxış imkanlığı təmin olunacaq.

Bir sözlə, ölkəmizdə keyfiyyətli internetdən istifadə yüksələn xətlə davam edir. Bu, eyni zamanda, Azərbaycanda yaradılmış demokratik mühitdən də asılıdır ki, eyni sahəyə dair inkişafa mane olan heç bir qadağa yoxdur.

- Məhəmməd müəllim, gələcək planlar nədən ibarətdir?

- Əminliklə deyə bilərəm ki, 2013-cü il böyük dəyişikliklər ili olacaq. Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında bu sahəyə əlavə yatırımların edilməsi üçün maliyyə mənbələri araşdırılır. Hazırda isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 291 milyon manatlıq layihə təqdim etmişik. Əlbəttə ki, bu layihənin reallaşdırılması üçün razılıq əldə olunsa, o zaman 2013-cü il də əvvəlkilər kimi böyük dəyişikliklər ili kimi tarixə düşəcək. Bu layihə ilə biz xüsusilə də, regionlarda multi-media xidmətlərinin və genişzolaqlı internetin hər bir ailəyə çatdırılmasını təmin etməyi qarşımıza məqsəd qoymuşuq.

Bu layihədə mövcud stansiyaların tədricən NGN stansiyaları ilə əvəz edilməsi, alternativ magistral optik kabellərin tikintisi, DWDM üzərindən yüksək sürətli İP-MPLS şəbəkəsinin qurulması planlaşdırılır. Transmissiya şəbəkəsində özəl provayderlərə də yüksək sürətli internetin daşınması üçün şərait yaradılacaq. Optik kabelin abunəçiyə yaxınlaşdırılması, iri şəhərlərdə GPON xidmətlərinin göstərilməsi də layihədə öz əksini tapıb. CDMA 1xEV-DO və WİMAX texnologiyasının tətbiqi ilə simsiz genişzolaqlı internet xidmətlərinin çətin relyefdə yerləşən (dağ rayonları) əhaliyə çatdırılması təmin olunacaq.

Təbii ki, planlarımız çoxdur və düşünürəm ki, cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında reallaşdırılacaq layihələr nəticəsində bu sahədə yeni uğurlar əldə olunacaq.

 

Səs.- 2012.- 25 dekabr.- S.10-11.