Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir

 

 

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan  dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. AMEA-nın müxbir üzvü Y.Mahmudov özünün "Heydər Əliyev  Ümumdünya tarixinin Azərbaycanlı dahisi" məqaləsində yazır ki, tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir.

Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, de Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək, Yer kürəsinin altıdan bir hissəsini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə, həm də, Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil olmuşdur.

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunların hamısı bir keyfiyyət altında birləşir: Heydər Əliyev Böyük Azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, XX yüzilliyin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətçiliyimizin - Azərbaycan Respublikasının xilaskarıdır. Bu gün hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzilliyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini xalqımızın xeyrinə həll etməsəydi, - Heydər Əliyev kimi qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi bu dəfə də qoruyub saxlaya bilməyəcəkdik!

Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, YENİ AZƏRBAYCANIN QURUCUSUDUR. Heydər Əliyev, bu quruculuğa hələ XX yüzilliyin 50-ci illərindən başlamışdır. O öz xalqının bağından qopub gələn BÖYÜK AZƏRBAYCANLIDIR, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir.

Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə, ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət səciyyələndirir - Vətən mücadiləsi və hər zaman, hər yerdə, bütün vəzifələrdə ana Vətənin, doğma xalqın tərəqqisi üçün can qoymaq!

1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni - həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bununla, Heydər Əliyevin Vətən naminə mücadiləsində altıncı dövr başlandı.

1993-cü ilin iyununda başlanmış və hazırda davam etməkdə olan bu dövr - mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və Yeni, Müstəqil Azərbaycanın qurulması dövrüdür.

Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini - siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı tarixi missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi.

Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı!

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətəni üçün nələr etdi? Və ya 1993-cü ilin 15 iyun günüüçün xalqımızın tarixinə Qurtuluş Günü kimi daxil oldu?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini, ən böyüklərini sıraya düzək!

Ən başlıcası: azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik bu yolda... Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim "olum, ya ölüm" məsələmizdir. Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlanmıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, Qurtuluş deməkdir! Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə həlak olmağa hazır olan Prezident olduğunu nümayiş etdirdi. Əvvəlki "rəhbərlər"dən fərqli olaraq, dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı!

Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlama sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!..

S.Bayramova "Şəxsiyyət və zaman" məqaləsində Ulu Öndərin milli dövlətçilik tariximizdəki rolunu xüsusi qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə nəzər salsaq, görərik ki, iqtisadi-siyasi yüksəlişi şərtləndirən nüvə funksiyasını, bir qayda olaraq, xalqa rəhbərlik edən  tarixi şəxsiyyətlər öz üzərilərinə götürmüşlər. Bu səbəbdən də xalqımızın qan yaddaşına həkk olunan liderlər - hökmdarlar, eyni zamanda, el ağsaqqalı kimi qəbul edilmişlər. Xalqımız daxili strukturuna görə, zəngin, yüksək dərəcədə dözümlü, yeni ideya və dəyişikliklərdən bəhrələnən olduğundan, yetişdirdiyi qüdrətli şəxsiyyətlər də özlərində bu keyfiyyətləri yaşatmışlar. Qüdrətli şəxsiyyətlərin sırasında siyasət xadimləri ictimai fikir uğrunda mübarizə aparmaqları ilə seçilmişlər. Siyasət ətaləti sevmədiyindən, siyasi liderlər çevik, fəal mövqelərinə görə fərqlənən, maneəleri dəf etməyi bacaran insanlar olurlar.

Azərbaycan dövlətinin tarixində Ümummilli Lider kimi bütün xalq tərəfindən qəbul edilən ölkə rəhbərinə rast gəlmək nadir hadisədir. Bəlkə bu səbəbdən də Azərbaycan dövlətinin taleyi dəfələrlə təhlükə qarşısında qalmış, tarixin müxtəlif mərhələlərində torpağımızda qardaş qırğınları baş vermişdir. Azərbaycan xalqının bütün ictimaı-siysi, sosial-iqtisadi, maddi-mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, bir çox uğurlar əldə etmiş, müstəqil dövlət kimi bərqərar olmuşdur. Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinə çevirə bilən siyasi liderlər öz ölkələrinin tərəqqisini təmin etməklə bərabər, həm də beynəlxalq nüfuzetibar qazanırlar. Tarixi şəxsiyyətlərin həyatının tədqiq edilməsi hər bir xalqın keçdiyi inkişaf yolunu öyrənmək baxımından çox təqdirəlayiqdir. Böyük şəxsiyyətlərin öz yaşadıqları dövrdə onlar haqqında çoxlu məqalələr, elmi-tədqiqat əsərlərinin yazılmasında bir qanunauyğunluq vardır.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəttah Heydərov "Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir" məqaləsində yazır ki, Heydər Əliyev gəncliyində memar olmaq istəyirdi. İstəyirdi ki, yaratdığı sənət nümunələri əbədiyaşarlıq nümunəsi olsun. Amma insanın yaşamına, taleyinə rövnəq verən illər onu siyasət meydanında sınamaq istədi. Haqlı olaraq bu gün Heydər Əliyevi qurub-yaradan siyasətçi kimi qəbul edirlər. Çünki O, sözün əsil mənasında, təptəzə bir Azərbaycanın qurucusudur. Müstəqil Azərbaycan dövlətinin memarıdır. Dürüst desək, Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Onun xarakterindəki bütövlük, qətiyyət, cəsarət, sədaqət və səmimiyyət fitrətdən gəlir. Əsrlər boyu başı bəlalar çəkmiş bir xalqa Heydər Əliyevi xilaskar kimi göndərib. Belə bir deyim var: "Hər dövrün tənəzzüldən öz qurtuluş yolu var. Hər xalqın yad millətin ağalığından öz qurtuluş yolu var. 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidi, tələb və xahişindən sonra Heydər Əliyevin yenidən rəhbərliyə qayıdışı müstəqilliyimizin real təhlükədən xilas olması üçün zəruri şəraiti təmin etdi, onun dönməzliyini, əbədiliyini şərtləndirdi. İlk günlərdən etibarən müdrik rəhbərimizin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir, iqtisadiyyatımızı, siyasatimizi özümüz layiqincə idarə etməyi bacarırıq. Azərbaycan kimi qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu bir məmləkətdə çox qısa bir vaxtda sabitliyin yaradılması Heydər Əliyev şəxsiyyətinin, şücaətinin, böyüklüyünün ən bariz nümunəsidir. O xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatının dağılmasından xilas etdi. O illərdə baş verən proseslər barəsində möhtərəm Prezidentin imzaladığı 2001-ci ilin 20 mart tarixli Fərmanında deyilir: "XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensialı amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi, ictimai-siyasi həyatda iqtisadiyvatda hərc-mərclik, bir qarışıqlıq, "dövlət reketi" hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində nüfuzunun itirilməsinə gətirib çıxardı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı." Heydər Əliyevin düzgün seçilmiş siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycanda hakimiyyətin formalaşdırılmasında güc və zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyillərə birdəfəlik son qoyuldu. Dövlət quruculuğu sahəsində qanunçuluq, dövlət intizamın möhkəmləndirilməsi, rəhbərlik və idarəçilik mexanizmlərinin, ənənələrinin bərpası, Azərbaycan dövlətciliyinin təməl prinsiplərinin təsbit olunduğu qanunvericilik bazasının yaradılması və s. ılə nəticələndi.

Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, sözün əsil mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyə öz xalqına sahib çıxması böyük fədakarlıq idi. O, müstəqil Azərbaycanda ölkənin öz xüsusiyyətlərinə uyğun milli-demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirir. İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması Prezidentin daim diqqət mərkəzində olmuşdur: "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın rifahının yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."

Ölkənin və millətin ən ağır vaxtında hakimiyyətə gələn və ilk gündən etibarən xalqına nicat verəcəyini söyləyən dahi siyasətçi tarixi bir missiyanı - Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxilixarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, uzaqgörənliyi, yuxusuz gecələri ilə qurtara bildi. Konkret olaraq göstərdi ki, əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacaqdır. "Azərbaycan dövlətçiliyinin, müstəqilliyyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimidurmuşam, duracağambu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram." Budur milli- vətənpərvərlik, vətənə bağlılıq. Təsadüfi deyil ki, bu gün dünyada Heydər Əliyev modeli formalaşıb.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2012.- 26 dekabr.- S.14.