MİLLİ
HƏMRƏYLİK VƏ BİRLİK GÜNÜ
"Səs"
qəzeti bu mövzuda
növbəti dəyirmi masa keçirdi
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli Liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən və s. ali məqsəddən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması əsas məsələyə çevrildi.
Hələ 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
Belə bir tarixi günlə bağlı dünən "Səs" qəzetində dəyirmi masa təşkil olundu. Tədbirdə millət vəkilləri Asəf Hacıyev, Musa Qasımlı, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redatoru Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə doktoru İbadulla Məmmədov, Diasporlar İş üzrə Dövlət Komitəsinin təbliğat-informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm, siyasi elmlər doktoru, ETM "Təfəkkür" Universitetinin professoru Cümşüd Nuriyev, Güney Azərbaycan Türklərinin Müdafiə Hərəkatının sədri Hüseyn Türkelli iştirak edirdilər.
Tədbiri giriş sözü ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq artıq neçə illərdir ki, redaksiyamızda reallaşan və ənənəvi xarakter alan dəyirmi masanın növbəti mövzusunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunduğunu bildirdi. Biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsindəyik. Ümummilli Lider Heydər Əliyevin 21 il bundan əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın ən əziz bir bayramıdır. Xalqımızın birlik və mütəşəkkiliyini, milli təəssübkeşlik və vətənə sədaqət rəmzini ifadə edən bu bayrama hər kəsin münasibətini bilmək maraqlı olardı. Bugünkü dəyirmi masada iştirak edən tarixçilər, politoloqlar, siyasətçilər tərəfindən məhz bu günə gedən yolun dəyərli məqamlarına nəzər salaraq, Azərbaycanın tarixindəki roluna diqqəti yönəltmək istərdik. Həmin dövrün tələbi nə idi və xalqımız hansı tarixi yolu keçdi? Elə bu sual ətrafında müzakirəyə başlamaq daha münasibdir. İbadulla müəllim, bildiyimiz kimi, siz tarixçi alim olduğunuzdan, elə ilk olaraq, sizdən başalayaq.
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ - BU BAYRAM DÜNYA ÖLKƏLƏRİNDƏ YAŞAYAN SOYDAŞLARIMIZIN VAHİD HALDA BİRLƏŞMƏSİNİN VƏ HƏMRƏYLİYƏ NAİL OLMASININ TƏMƏLİNİ QOYDU
İBADULLA MƏMMƏDOV:
- Mən deyərdim ki, dünya azərbaycanlılarının Həmrəylik hərəkatı SSRİ-nin dağıldığı zamanda 1989-cu ildə Naxçıvandan başlayıb. Bu proses Ümummilli Lider Heydər Əliyevin Naxçıvana qayıtmasından sonra daha da dərinləşdi. Həmin dövrdə Dünya Azərbaycanlılarında sanki oyanma baş verdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi. Azərbaycanda hökm sürən ictimai-siyasi hadisələrin cəmində mövcud olan böhran vəziyyətdən xilas olmaq üçün ümumi həmrəyliyə nail olmaq əsas məsələlərdən biri idi. Belə bir bayramın elan olunması o dövr üçün zəruri məsələ idi. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, eləcə də, müstəqillik tariximizə ən böyük töhfələrindən biri idi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - bu bayram dünya ölkələrində yaşayan soydaşlarımızın vahid halda birləşməsinin və həmrəyliyə nail olmasının təməlini qoydu. Həmin zamanda, dünya ölkələrində diaspora təşkilatları yaradılmağa başladı. Ulu Öndər Heydər Əliyev böyük siyasətçi kimi, bilirdi ki, müstəqilliyimizin müdafiəsini möhkəmləndirmək üçün mütləq dayaqlar lazımdır. Əlli milyonluq azərbaycanlılarını birləşdirən diaspor təşkilatlarının yaradılması prosesi başladı.
"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Asəf müəllim, yaxşı olardı ki, həmin dövrə bir siyasətçi mövqedən yanaşaq. Ümummilli Lider Heydər Əliyevin 21 il bundan əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın ən əziz bir bayramıdır. Xalqımızın birlik və mütəşəkkiliyini, milli təəssübkeşlik və vətənə sədaqət rəmzini ifadə edən bu bayram təsis olunduğu dövrdə Azərbaycandakı durum necə idi?
AZƏRBAYCANIN GÜCLÜ DÖVLƏTƏ ÇEVRİLMƏSİ, MÜSTƏQİLLİYİN QORUNUB-SAXLANILMASI MƏNTİQİ OLARAQ, HƏMRƏYLİK ANLAYIŞINI ORTAYA ÇIXARDI
ASƏF HACIYEV:
- İlk olaraq, həmrəylik anlayışına diqqətlə yanaşaq. Bu həmrəyliyin başlanğıcı haradan və necə başlanır? Bu həmrəylik ya bir siyasi qurumun, yaxud da güclü bir şəxsiyyətin ətrafında olmalıdır. Təbii ki, şəxsiyyətdən də güclü dövlətdir. Sözsüz ki, həmrəylik dövlətin ətrafında olmalıdır. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradılsa da, onun ömrü 23 ay olmuşdur. Sonrakı mərhələdə sovetlər dövründə həmrəyliyin yaradılması mümkün olmamışdır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu müstəqilliyi qoruyub saxlaya biləcək, təməlini möhkəmləndirə biləcək liderə ehtiyac duyulurdu. Həmin illərdə Azərbaycanda çox gərgin bir vəziyyət yaşanırdı. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyi qazanmaq çətindir, onu qoruyub-saxlamaq ondan da çətindir. Azərbaycan kiçik bir dövlətdir, geosiyasi baxımdan, zənginlik baxımından çox cəlbedici ölkə olduğundan, xarici dövlətlərin ölkəmizə marağı var idi. Mövcud situasiyada müstəqil dövlətin təməlinin möhkəmlənməsi çətin məsələdir. Belə bir dövlətin güclü dövlətə çevrilməsi, müstəqilliyin qorunub-saxlanılması artıq məntiqi olaraq, həmrəylik anlayışını ortaya çıxardı. Artıq güclü və stabil dövlətin ətrafında həmrəylik prosesləri başlandı. Bu gün də əldə etdiyimiz nailiyyətlər Azərbaycanı iqtisadi-siyasi stabillik baxımından güclü bir dövlətə çevirib. İstərdim ki, belə bir dövlətə kənardan xarici məkandan yanaşaq. Müasir dövrümüzdə Azərbaycan dünya dövlətlərinə inteqrasiya olunub. Yeni Azərbaycan Partiyası həm Avropa, həm də Asiya strukturlarına inteqrasiya olunub. Bu yaxınlarda Bakıda Asiya ölkələrinin siyasi partiyaların VII assambleyasi keçirildi. Bildiyimiz kimi, bu quruma 340 siyasi partiya daxildir. Bu, qurumda 18 partiyadan ibarət daimi komissiya var. Yeni Azərbaycan Partiyası da həmin daimi komissiyanın üzvüdür. Bu, göstəricilər artıq onu deyir ki, Azərbaycanda həyata keçirilən siyasət dünya dövlətləri tərəfindən birmənalı olaraq qəbul edilir. Belə bir dövlətin ətrafında həmrəy olub birləşmək qabarıq şəkildə ortaya çıxır. Dünyada deyirlər ki, gücə hörmət olunur. Sözsüz ki, bu güc fiziki olaraq nəzərdə tutulmur. Söhbət iqtisadi, siyasi gücdən gedir. Müstəqillik elə anlayışdır ki, dövlət bu xalqın nəyə ehtiyacı olduğunu daha dərindən başa düşür və orada qlobal məsələlər həll olunur. Kiçik dövlətlərin, regionların maraqları nəzərə alınmır. Ona görə də, insan üçün dünyanın ən gözəl neməti müstəqillikdir. Bu baxımdan, müstəqilliyimiz böyük mahiyyət və əhəmiyyət daşıyır. Bu gün müstəqil Azərbaycanın ətrafında milyonlarla insanın həmrəy olması, məntiqi-mənəvi baxımından əhəmiyyətlidir.
"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Hikmət müəllim, bir politoloq olaraq, 21 illik tarixi politoloji təhlili maraq doğurur. O dövrdən bu günə qədər bu tarixi bayram Dünya Azərbaycanlıları tərəfindən qeyd olunur. İstərdim ki, bu tarixi zamanı həmrəylik, diasporanın təşkilatlanması baxımından xarakterizə edəsiniz.
HƏMRƏYLİK İCTİMAİ AHƏNGDARLIĞI TƏBLİĞ EDƏN VASİTƏDİR, HƏMRƏYLİK MİLLİ-ETNİK PLATFORMADA MİLLİ YADDAŞI BƏRPA EDƏN VASİTƏDİR, HƏMRƏYLİK MİLLİ ÖZÜNÜDƏRKİ TƏMİN EDƏN VASİTƏDİR, HƏMRƏYLİK MİLLİ BİRLİYİ SƏFƏRBƏR EDƏN VASİTƏDİR.
Hikmət Babaoğlu:
- Həmrəylik, günü nədir, bu məsələ niyə ortalığa çıxdı və Azərbaycana həmrəylik nə verdi? Bu məsələnin geniş politoloji təhlilinə ehtiyac var. İkinci tərəfdən isə, bu məsələnin sosial-psixoloji təhlilinə, təbliğinə ehtiyac duyulur. Çünki həmrəylik sözü tematik baxımdan birləşdirici məzmun daşıyır. Necə oldu ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi ifadəsi meydana çıxdı? Bu, Ulu Öndərin dəqiq düşünülmüş siyasəti idi. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir. Bu, cəmiyyətin daha geniş mənada isə, bütün Azərbaycan xalqının ictimai təlabatı idi. Eləcə də, siyasi təlabatı idi, sosial təlabatı idi. Çünki güc həmrəylikdən keçir. O dövrü xarakterizə edərkən, Ulu Öndərin bir fikrinə istinad etmək istəyirəm. Çünki Ulu Öndərin zaman-zaman Azərbaycanda baş verən prosesləri həm böyük düha və zəka baxımından olduqca açıq şəkildə ifadə edən, həm də politoloji aspektdən çox dərin məzmun kəsb edən fikirləri var. O fikirlərdən biri belə idi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Azərbaycan xalqının milli sərvətidir". Bu tezis niyə ortaya çıxdı? Bu tezisin özündə daşıdığı məzmun nədər ibarətdir? Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda dövlətə münasibət fərqli idi. Müxtəlif sosial, etnik, dini quruplar tərəfindən fərqli şəkildə mənimsənilirdi. Əslində, bu, Ulu Öndərin Azərbaycan xalqına göndərilmiş siyasi tezis idi. Bu dövlət sizin hamınızın milli sərvətinizdir. Azərbaycanda yaşayan bütün etnik qurupların, sosial qurupların və s. Təbii ki, bu tezisdən sonra belə bir günün təsis olunması məntiqi ardıcıllıqdan irəli gəlirdi. Ulu Öndər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü elan etməklə, əslində, bir çox məsələlərə nail oldu. Həmrəylik ictimai ahəngdarlığı təbliğ edən vasitədir, həmrəylik milli-etnik platformada milli yaddaşı bərpa edən vasitədir, həmrəylik milli özünüdərki təmin edən vasitədir, həmrəylik milli birliyi səfərbər edən vasitədir. Bütün bu nüansların hamısını kompleks şəkildə qiymətləndirərkən, görürük ki, həmrəylik Dünya Azərbaycanlılarının var olmasında və vahid dövlət uğrunda həqiqi müstəqilliyi uğrunda mübarizəsini tənzimləyən bir vasitədir. Sonrakı illərdə bu vasitə institutlaşdırılaraq, vasitədən real mexanizmə çevrildi. Ona görə də, Azərbaycan xalqının inkişaf tarixində həmrəylik gününün təyin olunması Azərbaycan dövlətçiliyinə böyük xidmətlər göstərdi. Təsadüfi deyildir ki, sonrakı illərdə qeyd etdiyimiz məsələlər təmin olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev belə bir fikir söylədi: "Mən dünyada yaşayan bütün azərbaycanlıların Prezidentiyəm". Bu, artıq Ulu Öndər tərəfindən qoyulan yolun davamı idi. Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların vətənidir və ən nəhayət, prezident seçkiləri zamanı 2008-ci ildə İlham Əliyev belə bir şüar səsləndirdi ki, "Mən hər bir Azərbaycanlının Prezidentiyəm". Göründüyü kimi, bu, ifadədə hər bir azərbaycanlı vətəndaşı sözü yoxdur, hər bir azərbaycanlı ifadəsi var. Çünki vətəndaş olan hər bir insan hüquqi baxımından dövlətə bağlıdır. Qeyd etdiyimiz kimi, Prezidentin fikrində Dünya Azərbaycanlılarının Həmrəyliyi fəlsəfəsi dayanırdı. Ona görə, bu gün Azərbaycan qüdrətlidir, güclüdür, milli iradəni özündə əks etdirir.
(Ardı var)
Zümrüd
BAYRAMOVA,
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2012.- 27 dekabr.- S.8-9.