Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində indi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır

 

 

 

Musahibimiz Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədovdur  

- Əli müəllim, 2012-ci ildə Azərbaycanda bütün sahələrdə nailiyyətlər qazanıldı. Bu baxımdan, xarici siyasət sahəsi də istisna deyil. Səmərəli xarici siyasətin fonunda əldə edilmiş ən böyük nailiyyətlərdən biri ölkəmizin 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT-nin Təhlükəsizlik Şurasında yeni qeyri-daimi üzv kimi təmsil etməsidir. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq müstəvidəki nailiyyətlərini və cari ilin xarici siyasət göstəricilərini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, 2012-ci il Azərbaycan üçün çox uğurlu bir il olub. Bu il Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətində bir sıra yaddaqalan hadisələrlə müasir tariximizə daxil olmuşdur. Məlum olduğu kimi, 155 dövlətin dəstəyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Şərqi Avropa bölgəsini təmsil etmək hüququ qazanıb və 2012-ci ilin may ayında Azərbaycan TŞ-yə rəhbərlik də edib. Hesab edirəm ki, gənc Azərbaycan dövlətinin BMT kimi çox əhəmiyyətli bir beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası kimi vacib qurumuna sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bilavasitə göstəricisidir. Digər bir tərəfdən, belə bir məsuliyyətli vəzifənin Azərbaycan tərəfindən icra olunması həm də respublikamızın bütün dünyada özünü təqdim etməsi və tanıtması baxımından böyük əhəmiyyət kəsb edir.

Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan bu tribunadan özünün üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müəyyən imkanlardan istifadə edə bilər. Doğrudur, BMT Nizamnaməsinin tələblərinə görə, TŞ-yə üzvlüyün yaratdığı şəraitdən Azərbaycan birbaşa hər hansı bir problemini həll etmək üçün faydalana bilməz. Lakin Azərbaycanın BMT TŞ-yə sədrlik etdiyi dövrdə dünyada sülh, ədalət, sabitlik və əmin-amanlıq ideyası uğrunda fəaliyyət göstərməsi, bu ideyaların təbliğ edilməsi, hesab edirəm ki, bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün dolayısı ilə köməklik göstərir. Bu mənada, BMT TŞ-də fəaliyyət göstərdiyi müddətdə Azərbaycan ümumbəşəri ideyalara, sülh, təhlükəsizlik prinsiplərinə sədaqətlə xidmət göstərdiyini nümayiş etdirərək, eyni zamanda, ölkəmizə qarşı törədilmiş haqsızlığın və ədalətsizliyin aradan qaldırılması məsələsini beynəlxalq icma qarşısında daha qətiyyətlə səsləndirmək haqqını qazanmış olur. Hesab edirəm ki, BMT TŞ-yə üzvlük və sədrlik etmək fürsəti bu kontekstdən, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması probleminin aktuallaşması və beynəlxalq aləmin gündəliyinə gətirilməsinə müəyyən köməklik göstərir.

- Məlum olduğu kimi, ölkəmiz 2012-ci ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Yüksək səviyyəli təşkilatçılığın fonunda baş tutmuş tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzuna təsiri barədə nə deyə bilərdiniz?

- Azərbaycanın dünyada nüfuzunun artmasında 2012-ci il ərzində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərinin mühüm rolu vardır. Mahiyyətcə, siyasi olmayan, lakin beynəlxalq əhəmiyyət kəsb edən hadisələrdən biri Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision”ın Azərbaycanda keçirilməsi xatırlana bilər. Bu müsabiqəni təşkil etməklə Azərbaycan özünü bütün dünyaya sürətlə inkişaf edən gənc ölkə kimi tanıtmaq fürsətini qazandı və güman edirəm ki, Azərbaycan bu imkandan bacarıqla faydalana bildi.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi Yeni Azərbaycan Partiyasının nüfuzunu göstərməklə yanaşı, Azərbaycanın artan beynəlxalq rolunun və əhəmiyyətinin təsdiqidir

Bütövlükdə, Azərbaycan dövləti kifayət qədər çoxşaxəli fəaliyyət göstərir. Bakı şəhərində və Azərbaycanın digər bölgələrində beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. 2012-ci ildə Bakıda, bölgələrdə, o cümlədən Qəbələdə beynəlxalq və regional əhəmiyyət kəsb edən layihələr həyata keçirilib, tədbirlər təşkil olunub. Bakı bir növ mədəni, siyasi, humanitar aspektli beynəlxalq forumların keçirildiyi bir məkan kimi özünü tanıtmağa başlayıb. Bunların içərisində bilavasitə siyasi kontekstdə yanaşıldıqda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasını qeyd etmək olar. Bu konfransda Asiyanın 33 ölkəsindən 200-dən artıq nümayəndə iştirak edib. BMT-nin baş katibi Ban Ki Mun həmin Assambleyanın üzvlərinə təbrik məktubu göndərmişdi. Beynəlxalq aləmdə digər çox hörmətli insanlar da öz təbriklərini ünvanlamışdılar. Güman edirəm edirəm ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi Asiya qitəsinin bütün ölkələrini əhatə edən siyasi partiyaların içərisində Yeni Azərbaycan Partiyasının nüfuzunu göstərməklə yanaşı, Azərbaycanın artan beynəlxalq rolunun və əhəmiyyətinin də bilavasitə təsdiqi kimi qiymətləndirilə bilər. Bundan başqa, VII Beynəlxalq İnternet Forumunun, ilk Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi, həmçinin, beynəlxalq musiqi festivalları Azərbaycanın artan nüfuzunun etiraf edilməsidir. Bakı gözlərimizin qarşısında dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, siyasi, humanitar forumların və yüksək səviyyəli tədbirlərin keçirildiyi bir məkan kimi qavranılır, getdikcə daha çox sayda beynəlxalq təşkilatlar öz tədbirlərini paytaxtımızda keçirmək qənaətinə gəlirlər. Bunların hamısı, eyni zamanda, Azərbaycana özünü dünyaya təqdim etmək, öz imici ilə tanınmaq fürsəti verir. Hesab edirəm ki, bu, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin çox mühüm uğurlarından biri sayıla bilər. İndi dünya kiçik Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır və bu, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik hisslərini və duyğularını qabardır.

- Əli müəllim, bildiyiniz kimi, cari il ərzində ölkəmizin dinamik iqtisadi inkişafı davam etdi. Azərbaycanın iqtisai inkişafında neft amili əsas rol oynasa da, qeyri-neft sektorunun fəal inkişafının şahidi oluruq. 21 illik müstəqillik tarixinə malik olan ölkəmizin iqtisai uğurlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan iqtisadiyyatının inkişafı, ümumiyyətlə, ölkəmizin son illərdəki yüksəlişinin əsasını təşkil edir. Həqiqətən də, respublikamız beynəlxalq icma, eləcə də, çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən dinamik inkişaf edən ölkə kimi etiraf olunur. Məlumdur ki, Azərbaycanın son illərdə iqtisadi inkişafının kökündə dayanan ən mühüm və həlledici faktor neft amilidir. Lakin son illərdə, xüsusən də, 2012-ci ildə müşahidə etdiyimiz dəyişikliklərdə inkişafın daxili strukturunda yeni meylin orta çıxdığı görünür. Bu da ölkənin iqtisadi potensialında qeyri-neft sektorunun rolunun artması ilə əlaqədardır. Əgər inkişaf templəri nöqteyi-nəzərindən müqayisə aparsaq, qeyri-neft sektorunun yüksəliş tempi neft sahəsində müşahidə olunan inkişaf tempindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu ondan xəbər verir ki, ildən-ilə Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında neft sektoru ilə yanaşı, qeyri-neft sektoru və bu sahədə əldə olunan gəlirlər daha çox rol oynamağa başlayacaq. Hesab edirəm ki, bu, Azərbaycanın inkişafının müvəqqəti deyil, uzunmüddətli xarakter daşıdığı haqqında da ciddi qənaət ortaya qoymağa əsas verir. Təbii ki, neft tükənən sərvətlər sırasına daxildir. Bu mənada, neft hasilatının yaratdığı imkanlardan iqtisadiyyatın digər sferalarının inkişaf etdirilməsi üçün faydalı şəkildə istifadə edilməsi sayəsində Azərbaycanın iqtisadi inkişafının daxili strukturunda çox ciddi müsbət dəyişikliklərin əsası qoyulub. Hesab edirəm ki, bu meyillərin genişlənməsi gələcəkdə Azərbaycanın iqtisadi inkişafının daha çox dərəcədə qeyri-neft sahələrinə, yəni tükənməyən sərvətlərə söykənəcəyinə inanmağa imkan verir. O cümlədən, təbii ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin, bütövlükdə, iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu kriteriyaya görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər. Digər tərəfdən, Azərbaycanın xarici borclarının ümumi daxili məhsulun həcminin cəmi 10 faizini təşkil etməsi də vacib məsələdir. Xüsusən də, qlobal iqtisadi böhranın nəticələrinin hələ də ayrı-ayrı ölkələrdə özünü ağır şəkildə göstərdiyini nəzərə alsaq, belə bir göstərici kifayət qədər əhəmiyyətlidir. Bu ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı yüksəlməkdə davam edir, dayanıqlı inkişaf templəri nümayiş etdirir, eyni zamanda, təbii ki, bütün bunlar ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin kifayət qədər elmi əsaslara istinad etdiyini və böyük perspektivlərə malik olduğunu sübuta yetirir.

- Qeyri-neft sektorunun inkişafından söz düşmüşkən, qeyd etmək olar ki, bu gün Azərbaycanda bu sektorun inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır. İKT sektoru neftdən sonra ən çox gəlir gətirən sahədir. Bundan başqa bu il Bakıda VII Beynəlxalq İnternet Forumu keçirildi. Forumun əhəmiyyəti və ümumiyyətlə, ölkədə İKT sahəsində görülən işlərin nəticələri barədə nə deyərdiniz?

- Ümumiyyətlə, hər bir ölkənin gələcək inkişafı bilavasitə müasir texnologiyaların inkişafından asılıdır. İnnovasiyalarsız, yeniliklərsiz və ən müasir texniki nailiyyətləri mənimsəyib onlardan istifadə etməkdən kənarda perspektivli iqtisadi inkişafı təsəvvür etmək mümkün deyil. Bu, Azərbaycanın iqtisadi modelinin dərk edilmiş bir məqamıdır. Azərbaycan hökuməti birmənalı şəkildə belə bir həqiqəti anlayır ki, inkişaf etmiş dövlətlər arasında layiqli yer tutmağın yeganə yolu elmin, texnikanın, müasir texnologiyaların, innovasiyaların mənimsənilərək tətbiq edilməsindən keçir. Bundan kənarda yüksək iqtisadi göstəricilərə nail olmaq mümkün deyil. Ölkə nə qədər böyük təbii sərvətlərə malik olsa belə, ən yeni texnologiyaları tətbiq etmədən və hətta həmin texnologiyaların milli zəmində inkişafına böyük səylər qoymadan dünya miqyasında qabaqcıl iqtisadi mövqelərə çıxmaq mümkün deyil. Bu həqiqətin və məntiqin dərk edilməsi Azərbaycanın iqtisadi inkişaf potensialında və perspektivlərində bir çox əhəmiyyətli başlanğıcların əsasını qoymuşdur. Bu mənada, informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi, inkişaf etdirilməsi, innovasiyaların mənimsənilməsi və iqtisadiyyatın bu sahələr əsasında inkişaf etdirilməsinə meyl göstərilməsi, bu sahələrin inkişafının təşviq edilməsi, fikrimcə, müasir iqtisadi siyasətimizin ən vacib cəhətlərini əhatə edir. Azərbaycanda geniş internet şəbəkəsi yaradılıb, internet istifadəçilərinin sayı kifayət qədər çoxdur və onların sayı sürətlə artmaqdadır. Azərbaycanda internet tam azaddır və bu, açıq cəmiyyətin vacib göstəricilərindəndir. Bu ilin noyabr ayında Azərbaycanda VII Beynəlxalq İnternet Forumu keçirilmişdir. Bunun özü də Azərbaycanın ən müasir texnologiyaların və innovasiyaların mənimsənilməsi və tətbiq edilməsinə hökumət səviyyəsində böyük önəm verildiyini təsdiq edir. Eyni zamanda, İKT-nin digər sferaları da inkişaf etməkdədir. Azərbaycan özünün süni peykini orbitə buraxmağa hazırlaşır. Azərbaycanın müasir texnologiyaları və innovasiyaları mənimsəmək sahəsindəki fəaliyyəti və hədəfləri yalnız bunlardan ibarət deyil. Azərbaycanda istehsalın bu istiqamətlərdə köklənməsi və ən müasir istehsal sahələrinin ölkəmizdə yaradılması, bunun əsasında Azərbaycan iqtisadiyyatının ən müasir texnologiyalara istinad etməsi xətti seçilib və uğurla həyata keçirilir. Azərbaycanın təbii sərvətlərinin yaratdığı imkanlardan ölkənin uzunmüddətli iqtisadi inkişafını təmin edə biləcək metodların, formaların, istehsal sahələrinin yaradılması üçün istifadə edilməkdədir və hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatının bundan sonra da inkişaf etdirilməsinin yeganə düzgün yoludur.

- Əli müəllim, dövlətin ümumi inkişafında regionların inkişafının rolu danılmazdır. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də regionlarda geniş infrastruktur layihələri reallaşdırılıb, yeni təhsil, səhiyyə obyektləri tikilib, zavodlar fəaliyyətə başlayıb. Bütün bunların fonunda regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, regionların inkişaf etdirilməsi siyasəti Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yüksək qiymətləndirilməyə layiq olan cəhətlərindən biridir. Bütövlükdə, ölkənin ümumi inkişafı respublikanın bütün regionlarının tarazlaşmış şəkildə inkişafı sayəsində təmin edilə bilər. Prezident İlham Əliyev 2003-cü ildə seçkilərdə böyük qələbə qazandıqdan sonra özünün seçki platformasında müəyyənləşdirdiyi konsepsiyalardan biri kimi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramını qəbul etdi və 2004-cü ildən etibarən Azərbaycanda Dövlət başçımızın təşəbbüsü ilə bu inkişaf konsepsiyası və konsepsiyadan irəli gələn layihələr həyata keçirilməkdədir. O vaxta qədər Azərbaycanda regional inkişaf səviyyəsində qeyri-tarazlıq müşahidə olunurdu. İqtisadiyyatın bütün ağırlıq mərkəzi paytaxtın üzərinə düşürdü və nəticə etibarilə, iqtisadi inkişaf baxımından Bakı kifayət qədər yüksək pilləyə qalxmışdı, regionlarda isə iqtisadiyyatın inkişafı üçün əlverişli infrastruktur mövcud deyildi. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi konsepsiyanın mahiyyətində dayanan əsas məqam regionların iqtisadi cəhətdən geriliyinin aradan qaldırılması üçün ilk növbədə, müvafiq infrastrukturun yaradılması və bu infrastruktur əsasında regionlarda iqtisadi inkişafın həvəsləndirilməsi ilə əlaqədardır.  

Azərbaycanın hər bir bölgəsində insanlar rahat yaşamaq və işləmək imkanı qazanırlar. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf konsepsiyasının çox vacib cəhətlərindən biridir

Hesab edirəm ki, 2004-cü ildən bu günədək həyata keçirilən bu konsepsiyanın sayəsində Azərbaycanın regionları ciddi şəkildə inkişaf etdi, infrastruktur müasirləşdi, regionların siması yeniləndi, ayrı-ayrı bölgələrdə çoxlu sayda yeni iş yerləri açıldı və beləliklə, regionlarda iqtisadi inkişaf meyilləri əhəmiyyətli dərəcədə canlandı. Bunun bir qabarıq nümunəsi odur ki, 2012-ci ildə ilk dəfə olaraq, Azərbaycanın üç regionu özünün bütün xərclərini özünün əldə etdiyi gəlirlər hesabına ödəyə bilib. Bu, Azərbaycanda ilk dəfə müşahidə olunan reallıqdır. Bundan əvvəlki ildə iki, ondan öncə isə yalnız bir rayon dotasiyasız yaşayırdı, yəni mərkəzi büdcədən hər hansı maliyyə yardımı almadan öz ehtiyaclarını ödəmək imkanına malik idi. 2012-ci il göstəricisi üzrə üç regionun öz xərclərini müstəqil şəkildə ödəməsi regionların sosial-iqtisadi inkişafı proqramının ortaya qoyduğu ən mühüm reallıq, eyni zamanda, qarşıda açılan perspektivlərin aydın görüntüləridir. İnanıram ki, növbəti ildə daha çox sayda regionlar, yaxud rayonlar öz xərclərini yerli gəlirlər hesabına ödəmək imkanı əldə edəcəklər. Beləliklə, regionlarda yaradılan sərvətlər artdıqca, bütövlükdə, ölkədə yaradılan milli gəlir artır. Bu isə həm mərkəzdə, həm də regionlarda yaradılan sərvətlər, dəyərlər hesabına artan milli gəlirin ümumi kütləsinin daha əhəmiyyətli olmasına gətirib çıxarır.

Digər tərəfdən, regionlarla mərkəz arasında iqtisadi və sosial baxımdan mövcud olan fərqlər də aradan qalxır. İndi regionların da siması Bakının siması kimi sürətlə dəyişir, insanların yaşayışı üçün daha əlverişli şərait yaradılır, daha rahat imkanlar təmin edilir. Beləliklə, Azərbaycanın hər bir bölgəsində insanlar rahat yaşamaq və işləmək imkanı qazanırlar. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf konsepsiyasının çox vacib cəhətlərindən biridir.

- Sirr deyil ki, bu gün ərzaq təhlükəsizliyi məsələləri dövlət təhlükəsizliyi konsepsiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Azərbaycan həm öz vətəndaşlarının ərzağa olan tələbatını ödəyir, həm də xarici bazarlara məhsul ixrac edir. Qlobal iqtisadi böhranın yaşandığı bir dövrdə Azərbaycanın bu sahədəki uğurlarının əhəmiyyəti barədə nə deyərdiniz?

- Dövlətin təhlükəsizliyinin təmin edilməsi onun həyata keçirdiyi funksiyalar içərisində həlledici yer tutur və milli təhlükəsizlik konsepsiyasının tərkibində ərzaq təhlükəsizliyi özünəməxsus rol oynayır. Xüsusilə də, təhlükəsizliyin bu aspekti müasir dövrümüzdə böyük əhəmiyyət daşıyır. İstər qlobal iqtisadi böhranla əlaqədar olaraq, istərsə də dünyanın ayrı-ayrı regionlarında ərzaq qıtlığının getdikcə daha ağır bir problemə çevrilməsi nəzərə alınarsa, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin nə dərəcədə strateji bir məsələ olduğunu anlamaq çətin deyil. Azərbaycanın bu sahədə konkret konsepsiyası mövcuddur və ona uyğun şəkildə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində vacib işlər görülür. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının genişlənməsi üçün hökumət tərəfindən uğurlu layihələr həyata keçirilir, torpaq sahələrinin kəndlilərin istifadəsində olması, kənddə azad bazar iqtisadi münasibətlərinin formalaşması, Azərbaycan kəndlisinə xas olan torpağa bağlılıq və torpaqdan fayda götürmək meylinin güclü olması kimi amillər respublikamızda aqrar sahənin sürətli inkişafı üçün etibarlı əsas yaradır. Bu gün Azərbaycanda aqrar sahənin ayrı-ayrı sferaları inkişaf edir, torpaqdan daha faydalı şəkildə istifadə olunur, müasir kənd təsərrüfatı müəssisələri yaradılır, bu müəssisələrdə istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları həm Azərbaycan vətəndaşlarının ehtiyaclarını ödəyir, həm də xarici bazara çıxarılır. Bunların hər ikisi əhəmiyyətlidir.

Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, daxili milli məhsulun artırılmasının vacib mənbələrindən birini təşkil edir. İnsanların ərzağa olan tələbatının ödənilməsi ilə yanaşı kənd təsərrüfatı istehsalı hər bir ailənin gəlirlərinin vacib mənbələrindən biridir. Azərbaycan vətəndaşları istər daxili, istərsə də xarici bazarda, məhsulların istehsalını və satışını reallaşdırmaqla öz ailə büdcələrini formalaşdırırlar. Bu da ölkənin daxili iqtisadi potensialının artması deməkdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi dövlətin diqqət mərkəzindədir, güman edirəm ki, Azərbaycan dünyada özünün ərzaq təhlükəsizliyini təmin edən ölkələr içərisində yüksək mövqedə dayanan dövlətlərdən biri hesab oluna bilər.

- Əli müəllim, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın yüksək iqtisadi inkişafı ölkəmizə olan marağı daha da artırıb. Ölkəmizdəki əlverişli və təhlükəsiz investisiya mühiti xarici investorları cəlb edir. Azərbaycan artıq özü investisiya yatıran ölkəyə çevrilib. Ölkəmizin investisiya siyasəti barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Əlbəttə ki, təqdirə layiq uğurlardan biri Azərbaycanın investisiyalara ehtiyacı olan ölkədən investisiya yatırmaq imkanlarına malik olan dövlətə çevrilməsidir. Ümumiyyətlə, iqtisadi inkişafın bir çox parametrləri içərisində ölkənin yatırım qoymaq imkanları əhəmiyyətli yer tutur. Bu gün Azərbaycanda qoyulan investisiyalar içərisində milli investisiyalar əhəmiyyətli yer tutur. Vaxtilə ölkəmizə yatırılan investisiyaların böyük hissəsi, yəni 80-85 faizi xarici mənbələrin payına düşürdü. İndi isə ölkəyə yatırılan investisiyaların 60 faizindən çoxu daxili investisiyalardır, milli kapitaldır. Bu, ölkəmizin inkişafının nə qədər böyük sürətlə getməsindən xəbər verir. Daxili investisiyalarla yanaşı, Azərbaycanın özünün ayrı-ayrı ölkələrdə investisiya yatırmaq imkanları da artıb. Bu o deməkdir ki, Azərbaycana məxsus olan iqtisadi potensial əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan şirkətləri müxtəlif ölkələrdə çoxlu sayda iqtisadi layihələr həyata keçirir. Artıq dünya bazarlarında, ayrı-ayrı ölkələrdə Azərbaycan kapitalı özünü tanıda bilib. Bütün bunlar Azərbaycanın iqtisadi cəhətdən cəlbedici ölkə olmasının nəticəsidir. Çünki Azərbaycan etibarlı tərəfdaşdır, respublikada əlverişli iqtisadi mühit yaradılıb, hüquqi baxımdan investisiyalar yatıran xarici şirkətlərin fəaliyyət göstərməsi üçün etibarlı zəmin yaradılıb. Bütövlükdə, son illərin ortaya qoyduğu çox vacib həqiqətlərdən biri odur ki, Azərbaycan bütün parametrlərə görə - istər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, istər ayrı-ayrı regional və beynəlxalq xarakterli layihələrin həyata keçirilməsində, ölkəyə investisiya cəlb edilməsində və digər məsələlər baxımından etibarlı tərəfdaşdır. Bu amillər ölkəmizin bugünkü müsbət beynəlxalq imicinin formalaşmasında vacib rol oynayır. Beləliklə, Azərbaycanın investisiya siyasəti həm ölkə iqtisadiyyatının müstəqil inkişafını möhkəmləndirir, həm də ölkəmizin beynəlxalq mövqelərini gücləndirir.

- Bildiyimiz kimi, 2012-ci ildə də cəmiyyətimizin dinamik təbəqəsi qismində çıxış edən gənclərin intellektual pitensialından səmərəli istifadə olunması istiqamətində mühüm işlər görüldü. Bu gün ölkədə yaradıcı, yüksək intellektli və bacarıqlı gənclər nəslinin formalaşması istiqamətində dövlət tərəfindən atılan addımları necə qiymətləndirirsiniz?

- Qeyd etmək lazımdır ki, Azərbaycanın çox müsbət demoqrafik strukturu var. Ölkənin əhalisi yüksək dinamika ilə artmaqdadır. Son 20 il ərzində Azərbaycan əhalisi təxminən 2 milyon nəfər artıb. Eyni zamanda, qarşıdakı bir neçə il ərzində ölkə əhalisinin sayının 10 milyon nəfərə çatacağı gözlənilir. Bu ondan xəbər verir ki, Azərbaycan əhalisinin strukturunda gənclər xüsusi yer tutur, Azərbaycan cəmiyyəti gənclərin çoxluq təşkil etdiyi bir toplumdur. Bunun bir çox üstünlükləri vardır. İlk növbədə, bu ondan ibarətdir ki, cəmiyyətimiz gəncdir və gənc cəmiyyətin böyük enerjisi olur, yenilik əhval-ruhiyyəsi belə cəmiyyətlərdə üstünlük təşkil edir. Eyni zamanda, gənclərin üstünlük təşkil etməsi bir çox əlavə vəzifələr də ortaya qoyur. Bu vəzifələr əsas etibarilə gənclərin təhsilinin, mənzil şəraitinin, məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Azərbaycan dövlətinin son illərdə, o cümlədən, 2012-ci ildə bu istiqamətlərdə gördüyü işlər ortadadır. Çox vacib məqamlardan biri də gənclərin böyük potensialından səmərəli şəkildə istifadə edilməsi ilə bağlıdır. Azərbaycan Prezidentinin bu məsələyə xüsusi diqqət və qayğı göstərməsi, hökumətin bir çox layihələri işləyib ortaya qoyması və onları uğurla həyata keçirməsi bu sahədə müsbət nəticələrini verməkdədir. Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə yaradılmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” mövcuddur və həmin proqramın həyata keçirilməsi üçün kifayət qədər vəsait ayrılıb. Hazırda, çoxlu sayda azərbaycanlı gənc ayrı-ayrı ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Onların təhsillərini başa vuraraq Azərbaycana qayıtması bir yandan ölkənin elmi və bütövlükdə ümumi potensialının yüksəlməsinə səbəb olacaq, digər tərəfdən, bu ən müasir elm, təhsil texnologiyalarının Azərbaycana gətirilməsi, ölkə iqtisadiyyatının yeniləşməsi ilə nəticələnəcəkdir. Azərbaycanda bu gün çox ağıllı gənclik mövcuddur. İctimai-siyasi həyatda, biznes sahəsində, elm, təhsil sferalarında bir çox yüksək intellekti ilə seçilən gənc oğlanlar və qızlar var. Onlar Azərbaycanın gələcəyidirlər. Güman edirəm ki, bu gün sürətlə inkişaf edən Azərbaycanda yaradılan bünövrə bir neçə ildən sonra elmi, təhsili, müasir dünyagörüşü ilə seçilən gənclər tərəfindən daha da möhkəmləndiriləcək. Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” prinsipi də məhz bunlara hesablanıb. İnsan potensialı, intellektual inkişaf Azərbaycan gənclərinin gələcəyə hazırlanması bu günlə gələcək arasında körpünün təmin edilməsi üçün çox əhəmiyyətli rol oynayır.

- Əli müəllim, 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunları dünyanın gündəmində uzun müddət qaldı. Azərbaycan idmançılarının Londonda qazandığı uğurlar əvvəlki olimpiadalarla müqayisədə daha parlaq oldu. Ümumiyyətlə, dövlətin idmana qayğısını və bu sahədəki uğurlarımızı necə qiymətləndirirsiniz?

- Azərbaycanın çoxsaylı uğurlar zəncirində idman sahəsində əldə olunan inkişaf və nailiyyətlər çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Dövlətimizin və Prezidentimizin idmana göstərdiyi qayğının nəticəsində Azərbaycanda idman, kütləvi bədən tərbiyəsi geniş inkişaf tapıb, paytaxtda və bölgələrdə çoxlu sayda idman və olimpiya kompleksləri inşa edilib. Bu, bir yandan Azərbaycan vətəndaşlarının, xüsusən, gənclərin sağlam həyat tərzinin təmin edilməsi, asudə vaxtının səmərəli keçirilməsi baxımından vacibdir, digər tərəfdən, idman hər bir dövlətin imicinin formalaşmasında, onun beynəlxalq aləmdə tanınmasında çox vacib rol oynayır. İdman sanki dövlətin tanıtma kartı funksiyasını yerinə yetirir. Bu nöqteyi-nəzərdən, Azərbaycanın idman sahəsindəki nailiyyətləri, idmançılarımızın beynəlxalq yarışlarda uğur əldə etməsi, müxtəlif ölkələrdə bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi Azərbaycanın ən yaxşı və səmərəli təbliğatıdır. Digər bir məqam odur ki, Azərbaycanın öz daxilində beynəlxalq əhəmiyyətli idman yarışlarının, turnirlərin keçirilməsi də ölkənin təbliğatı baxımdan çox böyük əhəmiyyət kəsb edir. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının, bir çox beynəlxalq əhəmiyyətli boks, güləş, gimnastika yarışlarının, avropa və dünya çempionatlarının Bakıda keçirilməsi Azərbaycanın dünyaya təbliğ edilməsi baxımından geniş imkanlar yaradıb. Bütün bunlar Azərbaycanın dünya standartları ilə ayaqlaşan, müasir dünyagörüşünə sahib olan dövlət olmasından xəbər verir. Azərbaycan özündən ərazicə və əhalisinin sayına görə dəfələrlə böyük olan bir sıra ölkələrdən daha çox idman uğurları əldə edib. 30-cu London Yay Olimpiyasında qazanılan uğur bunu bir daha təsdiq edir. Əlbəttə, 2012-ci ilin ölkədə “idman ili” elan olunması da, bu sahəyə verilən önəmi və işlərin bundan sonra da davam etdiriləcəyini göstərir. Bütün bunlar dövlətin imicinin, xalq haqqında təsəvvürlərin formalaşmasına birbaşa təsir edir. Bu mənada, idmana bir yandan gənc nəslin sağlam böyüməsi vasitəsi kimi baxırıqsa, digər tərəfdən, beynəlxalq arenaya çıxan milli idmana Azərbaycanın təqdim və təbliğ edilməsi fürsəti kimi yanaşırıq. Bu mənada, hökumətimizin və Prezidentimizin Azərbaycanda idman sahəsinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirəm.

- Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarını şərtləndirən amillər və qərarın idman sahəsi ilə yanaşı, siyasi iqtisadi müstəvidəki əhəmiyyəti barədə nə deyərdiniz?

- İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda – Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Bu, ilk növbədə, Avropa Olimpiya oyunları tarixinə düşəcək, çünki bu oyunlar ilk dəfə keçiriləcək və bu, yeni bir tarixin başlanğıcıdır. Belə bir qərarın qəbul olunması həm də Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər verir. Əgər Azərbaycanda ilk Avropa Olimpiya oyunlarının keçirilməsi üçün lazım olan idman infrastrukturu olmasa idi, ölkəmizin bu məsuliyyətli vəzifəni öz üzərinə götürmək imkanları yetərincə dəyərləndirilməsə idi, Avropa Olimpiya Komitəsi belə bir qərar qəbul etməzdi. Həmçinin, Azərbaycanın maliyyə imkanları da böyük və mötəbər tədbirlərin ən yüksək səviyyədə təşkilinə imkan verir. Bu qərarın qəbulu, həm də Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa Olimpiya Oyunları Azərbaycanın özünü dünyada bir daha tanıtması və təbliğ etməsi baxımından yeni bir şansdır. Bu oyunlar münasibətilə çoxlu sayda idmançılar, jurnalistlər, idman həvəskarları Bakıya gələcəklər, onlar Azərbaycanla daha yaxından tanış olacaqlar, paytaxtımızın gözəlliklərini görəcəklər, müasir cəmiyyətimizin şahidi olacaqlar, eyni zamanda, bütün dünya bu oyunları televiziya vasitəsilə yaymaqla, əslində, Azərbaycanı təbliğ etmiş olacaq. İnanıram ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları çox yüksək səviyyədə təşkil ediləcək və həmin dövrədək yəqin ki, paytaxtımızda çox böyük yeniliklərin şahidi olacağıq.

- Əli müəllim, 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi qeyd olundu. Azərbaycanda böyük uğurlara imza atan bu partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu, 2012-ci ildəki fəaliyyəti və gələcək perspektivləri, partiyanın hədəfləri haqqında nə deyə bilərdiniz?

- Bəli, 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü tamam oldu. Partiyamızın yubileyini həm yüksək göstəricilərlə, həm də kifayət qədər yüksək əhval-ruhiyyə ilə qeyd etdik. 20 il ərzində Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Bu günlərdə YAP-ın 600 000-ci vəsiqəsi sahibinə verildi. Partiyamızın gücü, nüfuzu, ictimai-siyasi həyatımızdakı yeri və rolu təkcə üzvlərinin böyük sayı ilə ifadə olunmur. Halbuki, partiyanın üzvlərinin sayının çox olmasının özü də vacib bir göstəricidir. Ümumiyyətlə, Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən siyasi partiya mövcud olmayıb.  

Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti 2013- cü ildə Prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uyğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür

Yeni Azərbaycan Partiyası ölkəmizdə yeganə siyasi təşkilatdır ki, öz sıralarında yarım milyondan artıq insanı birləşdirir. Hesab edirəm ki, 600 min nəfər üzvün YAP sıralarında cəmləşməsi tarixi bir nailiyyətdir. Bu, sadəcə statistika deyil. Bu, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyaya, partiyanın istinad etdiyi prinsip və dəyərlərə, partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə bu qədər sayda insanın nəinki dərindən inanmasını, eyni zamanda, özünün siyasi taleyini bu partiya ilə bağlamaq istəyini göstərir. Bu, Prezidentimizin və Onun həyata keçirdiyi siyasətin dəstəklənməsi və 600 min nəfərin bu yolda fədakarlıqlar nümayiş etdirməyə hazır olması deməkdir. Güman edirəm ki, 9 milyon nəfər əhalisi olan Azərbaycan üçün bu kifayət qədər yüksək göstəricidir. Əgər dünya üzrə müqayisə etsək, əhalinin sayına nisbət baxımından bu qədər böyük sayda insan potensialına malik olan siyasi partiyalar çox azdır.

Bütövlükdə, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən siyasətin uğurlar qazanmasına böyük töhfələr vermiş insanların birliyidir. Bu mənada, YAP müasir Azərbaycan tarixinin yaradılmasında özünün fəadakarlığı ilə yaxından iştirak edir və inanıram ki, uzun illər bu, belə olacaq. YAP cəmiyyətimizin siyasi cəhətdən ən fəal və yüksək potensiala, intellektə malik olan insanlarını birləşdirir. Azərbaycanın gələcəyi olan gənclər özlərinin siyasi gələcəyini Yeni Azərbaycan Partiyası ilə bağlayırlar. Partiyamızın sıralarında olan gənclər YAP üzvlərinin ümumi sayının təqribən 40 faizini təşkil edir. Digər bir maraqlı məqam odur ki, hər il YAP sıralarına daxil olan 25-30 min nəfərə yaxın olan insanın 50 faizdən çoxu gənclərdir. Bu o deməkdir ki, YAP-ın tərkibində gənclərin xüsusi çəkisi artmaqdadır. Siyasi fəallığa gəlincə, Yeni Azərbaycan Partiyası ölkəmizdəki siyasi proseslərin önündə gedir. YAP-ın bir çox məsələlərlə bağlı mövqeyi cəmiyyətimiz üçün əhəmiyyət daşıyır. Partiyamız gələcəyə ümidlərlə baxır. Hesab edirik ki, YAP-ın daxili monolitliyi, birliyi, böyük siyasi və intellektual potensialı gələcəkdə də partiyamızın böyük uğurlarını təmin edəcəkdir.

2013-cü illə bağlı Yeni Azərbaycan Partiyasının böyük planları və istəkləri var. Gələn il ölkədə prezident seçkiləri keçiriləcək və partiyamızın 2013-cü il üçün ən böyük layihəsi seçkilərin uğurla keçirilməsi olacaqdır. Dəfələrlə açıq şəkildə bildirmişik ki, Yeni Azərbaycan Partiyası hesab edir ki, Prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir, bütün xalqımız Onun namizədliyini dəstəkləyir və hesab edir ki, Onun növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsi 2013-cü ilədək həyata keçirilən uğurlu siyasətin davam etdirilməsi və vətəndaşlarımızın gələcək uğurlardan faydalanması deməkdir. Bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək. Seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq.

Fürsətdən istifadə edib, Azərbaycan xalqını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və yeni təqvim ili münasibəti ilə təbrik etmək istəyirəm, hər bir kəsə can sağlığı, uğurlu il arzulayıram.

yap.org.az

 

Səs.- 2012.-27 dekabr.- S.5-6.